Hər şey, heç də Ramiz Rövşənin məşhur misralarında olduğu kimi deyil: Bu dünyada şox şeyləri, Yağış yuyur, gün qurudur.
Elə münasibətlər var ki, nə yağışın suyu, nə də günəşin hərarəti onları “yumaq” və “qurutmaq” gücündən xaric olur. Haqqında söhbət açacağım xanım sənətkarla dostluq münaibətlərim də solmağa, unudulmağa, dəyişməyə tabe olmayan bir münasibətdir.
Bu gün onun doğum günüdür. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas, aktrisa, peşəkar bədii qiraətçi Zülfiyyə Eldarqızının. Əslində, onun titullarını saymaqda məqsədim yazıya xüsusi bir pafos qatmaq deyil. Biz, mən də, o da pafoslardan uzaq adamlarıq. Sadəcə bunu rəsmi təqdimat üçün qeyd etdim.
Dostu tanımaq azdır, dostu kəşf etmək lazımdır. Məncə bu kəşf, bir dünyanı kəşf etməyə bərabərdir. Və bu kəşfin dərinliklərinə getdikcə, onu ifadə etmək də çətinləşir. Bu özəl günündə Zülfüyyə xanım haqqında nə isə demək istəyəndə çəkdiyim çətinlik kimi. Amma bu çətinliyin də bir çıxış yolu var, daha böyük söz sahiblərinə istinad etmək yolu. Zülfiyyə xanıma münasitəmi bildirmək üçün Qabriel Qarsia Markesin bir kəlamı yerinə düşər: “Səni sən olduğun üçün deyil, səninlə birlikdə olduğumda mən olduğum üçün sevirəm”. Bəli, Zülfiyyə xanım özünü belə sevdirməyi bacarır.
Sözün sehrini anlamaq hər kəsə nəsib olan bir iş deyil. Varlığı sözdən yoğrulan Zülfiyyə xanım sözə qarşı o qədər həssasdır ki, bu həssaslığı körpə bir uşağın uzaqdan anasını necə hiss etməsinə bənzətmək olar. Söz öz sehrini, öz sirrini Zülfiyyə xanımdan gizlədə bilmir. Çünki ondan sevgi görür, qayğı görür, dəyər görür...
Deyirlər ki, xanımların yaşını dilə gətirmək etikadan uzaqdır. Amma məşhur mahnıda digər bir ifadə də var, “yaşın nə fərqi”. Bu gün Zülfiyyə Eldarqızının 48 yaşı tamam olur. Rəqəmlərdən bəhs edən numerologiya elmində 4 və 8 rəqəmlərindən yaranan 48-in daşıyıcıları haqqında bu fikirlər öz əksini tapır: “Bu yaşda olanlar zəhmətkeş, çalışqan olur, istədiklərinə öz zəhmətləri hesabına nail olurlar. Həmçinin onlar tükənməz enerjiyə malikdirlər”.
Elmin qarşısında mən deyə bilərəm ki? Həqiqətən də Zülfiyyə xanım zəhmətkeş, istədiyinə özü nail olan və enerjisi tükənməyən bir xanımdır.
Əziz DOST, sevimli Zülfiyyə xanım, ən səmimi arzularımla səni təbrik edirəm. Bu qarışıq, səliqəsiz dünyamıza xoş gəlmisən. Bu dünyada atdığın hər addım xoş niyyətlə olub. Sən həmişə doğmaların, dostların üçün əziz olmusan. Çünki başqa cür ola bilmirsən. Xislətində xəbislik, paxıllıq olmayan insanlar həmişə gözəl görünürlər. Bu gözəlliyi Allah səndən də əskik etməyib. Hikmət Cəmilzadənin haqqında yazdığı kitabın adı kimi “Bütün gözəlliyi Tanrım o sərvinazə verib”.
Məlum pandemiya dövründə tətbiq olunan karantin rejimində özümüzə çəkilsək də, görüşlərimiz səngisə də, bu özəl günündə özümü sənin və sənin doğmalarının yanında hiss edirəm. Bir daha təbriklər...
İlham Cəmiloğlu