Modern.az

Almaniyanı tərk edən vətəndaşların sayı rekord həddə çatıb

Almaniyanı tərk edən vətəndaşların sayı rekord həddə çatıb

Dünya

Bu gün, 17:28

2025-ci ildə 288 mindən çox Almaniya vətəndaşı ölkəni tərk edib. 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsinin məlumatında bildirilib.

Məlumata görə, ötən il ölkədən köçən Almaniya vətəndaşlarının sayı 288 579 nəfər olub. Bununla da 2016-cı ildə qeydə alınmış 281 min nəfərlik əvvəlki rekord yenilənib.

Mühacirətin artması və doğum səviyyəsinin aşağı düşməsi Almaniyanın demoqrafik vəziyyətinə də təsir göstərib. 2025-ci ildə ölkə əhalisi 110 min nəfər və ya 0,1 faiz azalaraq 2026-cı ilin əvvəlinə 83,5 milyon nəfərə düşüb.

Statistikaya əsasən, ötən il ölənlərin sayı doğulanların sayını 352 min nəfər üstələyib. Eyni zamanda, xalis miqrasiya axınının zəifləməsi əhalinin azalmasını sürətləndirib. 2026-cı ilin birinci rübünün sonunda əhalinin sayının 83,36 milyona düşdüyü ehtimal olunur.

Ekspertlərin proqnozuna görə, mövcud tendensiya davam edərsə, Almaniyanın əhalisi 2045-ci ilədək 81,8 milyona qədər azala bilər.

Mühacirətə meyl gənclər arasında da artır. “Jugend in Deutschland” tədqiqatının nəticələrinə görə,14-29 yaşlı almanların 21 faizi yaxın gələcəkdə xaricə köçməyi planlaşdırır. 18 - 24 yaş qrupunda olanların 54 faizi xaricdə yeni həyata başlamağı real perspektiv hesab edir.

Araşdırmada 33 - 54 yaşlı respondentlərin 56 - 58 faizinin də uzunmüddətli perspektivdə xaricdə yaşamağa müsbət yanaşdığı bildirilir.

Ölkəni tərk edənlərin əhəmiyyətli hissəsini əmək qabiliyyətli və ixtisaslı şəxslər təşkil edir. Məlumata görə, mühacirlərin təxminən üçdə ikisi 25 - 40 yaş arasındadır. Onların 75 faizə yaxını ali təhsilli və ya peşə ixtisasına malik şəxslərdir.

Beləliklə, Almaniya mühəndis, həkim, İT mütəxəssisi və digər ixtisaslı kadrların ölkədən getməsi ilə üzləşir. Bu proses əhalinin yaşlanması fonunda əmək bazarı və sosial təminat sistemi üçün əlavə çətinliklər yarada bilər.

Ekspertlər mühacirətin əsas səbəbləri sırasında uzunmüddətli iqtisadi durğunluğu, karyera imkanlarının məhdudlaşmasını və hökumətin siyasətindən narazılığı göstərirlər. Onların fikrincə, vətəndaşların gələcəyə inamının azalması da ölkədən köçmək qərarına təsir edən amillərdəndir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?