Azərbaycanın coğrafiyasında və xəritəsində yad, yabançı hay mənşəli toponimlərə əvvəllər olduğu kimi, indi də rast gəlinməkdədir.
Qədim Qarabağ xanlığının hüdudlarında Vərəndə (Ağdərə) məlikliyinin ərazisindəki Ağdərə nahiyəsinin adı dəyişdirilərək, 1939-cu ildək Cerabert, 1991-ci ilədək Mardakert rayonu kimi (tərkibində 60 yaşayış məntəqəsi olmaqla) ölkəmizin (ləğv edilmiş DQMV-nin subyekti kimi) inzibati-ərazi bölgüsünə daxil edilmişdi.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 nömrəli qərarı ilə Ağdərə rayonunun ərazisi və kəndləri müvafiq bölgü ilə Kəlbəcər, Ağdam və Tərtər rayonlarının tərkibinə verilməklə, bu rayon ləğv edilib.
Bu bölgü əsasında Kəlbəcər rayonuna aid edilən 23 yaşayış məntəsindən biri kimi Vəngli kəndi özündə həm də mühüm tarixi-maddi irsimizi qoruyub saxlamaqdadır.
Bu kənddə, Xaçınçay çayının sol sahilindəki yüksəklikdə yerləşən məşhur Gəncəsər-Alban məbədi yerləşir (göründüyü kimi, bu toponimlərin heç biri hay mənşəli olmadığı halda kəndin adını hayca “kilsəli” mənasını verən “Vəngli” adlandırıblar) və bu memarlıq-dini abidə xalqımızın Alban mədəniyyətinə-ruhaniliyinə aid dövrdə yaratdığı ünlü sakral-mənəvi irs nümunələrimizdən biri olmaqla Alban hakimlərinin Qarabağın dağlıq hissəsindəki nümayəndəsi Həsən Cəlal Dövlənin əmri ilə 1216-1238-ci illərdə inşa edilmişdir.
Hay kilsəsinin dini-təriqət ideologiyasının və tikinti-memarlıq üslubuna aid olmayan Gəncəsər məbədinin adının da hay etnogenezisi ilə bağlılığı olmadığından onlar həm yaşayış məntəqəsini (Vəngli), həm də çayın (Xaçınçay) adlarını (hidronimini) hayca mənalandıraraq xəritələrə və inzibati-ərazi bölgüsünə məqsədli şəkildə daxil etmişlər.
“Vəng” toponimi (“kilsə” mənasında) İsmayıllı rayonunun inzibati-ərazi bölgüsündə Ruşan inzibati-ərazi dairəsi tərkibində də (bu kənddə qədim Alban məbədinin əski yurdu qalmaqdadır) yer almışdır.
Fikrimizcə, özündə hay mənalarını qoruyub saxlayan toponimlərimizin milli tarixi-coğrafi düşüncə irsimizi və keçmişimizi özündə yaşadan milli-mədəni zənginliyimizi əks etdirən adlarla əvəz edilməsinin vaxtı və zamanı çoxdan çatmışdır.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)