Modern.az

Məzahir Pənahov yenidən MSK-ya sədr seçildi

Məzahir Pənahov yenidən MSK-ya sədr seçildi

Ölkə

Bu gün, 16:21

Milli Məclisin spikeri Sahibə Qafarovanın rəhbərliyi ilə Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilir.

Modern.az xəbər verir ki, iclas zamanı komissiyanın rəhbər heyəti, sədr, sədr müavini və katiblər seçilib.

İclasın qərarına əsasən, Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsinə Məzahir Pənahov, sədr müavini vəzifəsinə isə Rövzət Qasımov seçilib.

Katib vəzifələrinə Mikayıl Rəhimov və Arifə Muxtarova təyin olunublar.

MSK-nın yeni tərkibinin üzləri bu gün Milli Məclisin plenar iclasında təsdiqlənib. 

Belə ki, Sevinc Abdullayeva, Fuad Cavadov, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Elçin Xələfov, Ramiz İbrahimov, Rövzət Qasımov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Elmar Məmmədov, İlham Məmmədov, Arifə Muxtarova, Qabil Orucov, Hüseyn Paşayev, Məzahir Pənahov, Mikayıl Rəhimov və İlkin Şahbazov MSK üzvü təyin ediliblər.

Bununla yanaşı, Aysel Cəlilova, Züriyə Qarayeva və Elnarə Mustafayeva komissiyanın əvəzedici üzvləri kimi təsdiqlənib.

Qeyd edək ki, Məzahir Pənahov 1998–2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə MSK üzvü təyin olunub və həmin gün Komissiyaya sədr seçilib. Beləliklə M. Pənahov ümumilikdə bu vəzifəni 31 il icra etmiş olacaq.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası ölkədə seçkilərin və referendumların hazırlanmasını, keçirilməsini və nəticələrinin rəsmiləşdirilməsini təmin edən ali seçki orqanıdır. MSK seçki prosesinin qanunvericiliyə uyğun təşkili, seçki komissiyalarının fəaliyyətinə nəzarət, seçici siyahılarının dəqiqləşdirilməsi, həmçinin seçki hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə