Modern.az

O erməniyə iki kəlmə sözüm var...

O erməniyə iki kəlmə sözüm var...

Aktual

Bu gün, 15:56

Azı on beş-iyirmi ilin söhbətidir. İkinci növbədə təhsil alan şagirdlərlə eyni avtobusda evə qayıdırdım. Cəmi beş-altı nəfər olsalar da, səsləri avtobusu başına götürmüşdü. Öz aralarında sual-cavab edirdilər:

-⁠ ⁠Şuşa nə vaxt işğal olunub?

Hamısı bir ağızdan dilləndi:

⁠ - ⁠Mayın səkkizində.

Sonra Laçının işğalından danışdılar. Amma bu dəfə suala düzgün cavab verə bilmədilər...

Deyəsən, tarix dərsindən yeni çıxmışdılar. Çünki Laçından sonra Füzuli və Cəbrayıla keçdilər. Nə olsun ki, üstündən uzun illər keçib? Həmin mənzərə indiki kimi yadımdadır. Füzuli və Cəbrayılın işğal tarixini Ağdamın işğalı ilə qarışdırdılar. 23 avqust yerinə 23 iyul dedilər...

Sırada Qubadlı və Zəngilanın işğal tarixləri vardı. Bu barədə də danışdılar. Lakin yenə ayları, illəri qarışdırdılar...

İki ehtimalım vardı: ya mən zəif oxuyan şagirdlərlə eyni avtobusa minmişəm, ya da uşaqlar tarix fənnini sevmirlər.

Amma həmin vaxt məni başqa sual düşündürürdü: bir xalqın tarixində nə qədər isğal tarixi olar?! Uşaqlar niyə o məlun tarixləri əzbər bilməlidirlər?

Bircə çıxış yolu vardı: tariximizdəki o qaranlıq səhifələri cırıb atmaq! Yazdım axı, bu hadisə çoxdanıncı illərdə baş verib. O vaxt hələ üfüqdə parıltı görünmürdü...

Qəlbimi kədər hissi bürüdü. Mənzil başına çatmağıma hələ çox qalsa da, avtobusu tərk etdim. Yarıqaranlıq küçələrdə irəliləyəndə dayanmadan eyni sözləri təkrarlayırdım: "Bağışlayın, balalar", "Bağışlayın, balalar..."

On beş-iyirmi il əvvəl beynəlxalq tədbirlərdə gözümüz Köçəryanı, Sərkisyanı axtarırdı. Dünyanın beynəlxalq hüquqa tüpürdüyü o illərdə Ermənistan rəhbərliyindən işğala nə vaxt son qoyacaqlarını soruşmaq istəyirdik. Ağır idi, amma vətəndaşlıq borcu idi...

2020-ci ilin noyabrından sonra getdiyimiz beynəlxalq tədbirlərdə gözlərimiz yenə köçəryanları, sərkisyanları, başqa yanları axtarır. Şəxsən mənim o dılğırlara deməyə iki kəlmə sozüm var. Amma nə deyəcəyimi soruşmayın. Eldən ayıbdır...

Zaman ötdükcə 44 günlük müharibədə qazandığımız zəfərin mahiyyətini daha dərindən dərk edirəm. Otuz il əvvəl Türkiyədə təhsil alanda qaraqabaq, zəhlətökən müəllimim hər fürsətdə məni sancırdı: "Bir ovuc erməninin öhdəsindən gələ bilmədiniz..."

İndi Türkiyədə tələbə olan oğlumun müəllimləri tez-tez belə deyir: "Ermənilərin anasını yaxşı ağlatdinız. Halal olsun sizə!"

İgid əsgər, bu tərifdən ən çox sənə pay düşür.

Halal olsun!

Üzümüzü ağartdınız, üzünüz ağ olsun!

Seymur Verdizadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə