Modern.az

Samuxda elmi-praktik konfrans - FOTO

Samuxda elmi-praktik konfrans - FOTO

Aktual

Bu gün, 14:56

Samux Rayon İcra Hakimiyyəti, YAP Samux rayon təşkilatı və Samux Mərkəzi Rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə rayonda “Akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi”nə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Modern.az xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Samux Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacıbədəlli, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, səhiyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş qısametrajlı sənədli filmə baxıblar.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev bildirib ki, akademik Zərifə xanım Əliyevanın elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. O qeyd edib ki, Zərifə xanım zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına dəyərli töhfələr verib.

Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanım elm üçün gözəl tədqiqatçı, ailəsi üçün isə qayğıkeş ana olub. O, Zərifə xanımın elmi-pedaqoji və ictimai fəaliyyətinin Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıb.

Samux rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacıbədəlli çıxışı zamanı Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edən fundamental əsərləri barədə geniş məlumat verib. O bildirib ki, məhz Zərifə xanım Əliyevanın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elmi və göz xəstəlikləri üzrə tədqiqatlar sürətlə inkişaf edən sahələrdən birinə çevrilib.

Çıxış edən həkim Səadət Əkbərova qeyd edib ki, akademik Zərifə xanım Əliyevanı yaxından görmək və onunla ünsiyyətdə olmaq ona nəsib olub. O bildirib ki, Zərifə xanım yüksək peşəkarlığı, sadəliyi və insanlara xüsusi qayğıkeş münasibəti ilə seçilən, hər kəsin dərin hörmətini qazanan nadir şəxsiyyət idi. Səadət Əkbərova onunla bağlı xatirələrini bölüşərək, Zərifə xanımın həm böyük alim, həm də nəcib insan kimi yaddaşlarda əbədi yaşayacağını vurğulayıb.

Tədbirin sonunda Samux rayonunda səhiyyə sahəsində fərqlənən səhiyyə işçiləri Samux Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif ediliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə