Modern.az

Nazirlik küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

Nazirlik küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

Aktual

Bu gün, 15:43

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın bəzi ərazilərində gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

Bildiirlib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

"Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır", - müraciətdə qeyd olunub.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə