ABŞ ilə İran arasında uzun müddətdir davam edən gərgin münasibətlər fonunda növbəti danışıqlar mərhələsi yenidən diqqət mərkəzinə gəlib. Nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələlərini əhatə edən bu proses tərəflər arasında razılaşmanın əldə olunub-olunmayacağı ilə bağlı sualları yenidən aktuallaşdırır. İndi danışıqların necə nəticələnəcəyi olduqca diqqət çəkən nüansdır.
Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ABŞ-İran münaqişəsində hələlik inandırıcı, müsbət həll görmür:
“Danışıqlar hazırda gizli aparılır. Ona görə də bəyanatlara əsaslanaraq nəsə demək mümkündür. Həm ABŞ, həm də İran tərəfindən müxtəlif bəyanatlar səslənir. Maraqlı məqam ondan ibarətdir ki, İsrail bəyanatları dayandırıb və o, indi Livanla məşğul olmaq istəyir. İran xarici işlər naziri çox intensiv şəkildə səfərlər və telefon danışıqları həyata keçirir, Pakistanla, Səudiyyə Ərəbistanla, Omanla məsələri müzakirə edir. Lakin xarici işlər nazirinin məsələlərdə hər hansı irəliləyişə nail ola biləcəyinə mən inanmıram”.

E.Məmmədyarov Trampa qarşı sui-qəsd cəhdinin proseslərə təsiri ilə bağlı isə bunları deyib:
“Amerikalılar Əfqanıstanda, İraqda və başqa yerlərdə müharibələrə başlayanda cəmiyyət bunun əleyhinə çıxır. Bu da bir gün ərzində yox, yavaş-yavaş qar topu kimi üstünə gəlib. Bunun nəticəsidir ki, 4-5 həftədən sonra ABŞ hərbi əməliyyatları dayandırıb. Danışıqlarda hansı mövqenin qəbul olunacağından çox şey asılıdır. Maraqlısı odur ki, Tramp nümayəndələrini Pakistana göndərmək istəmədiyini bildirdi. Çünki 8 saatlıq yoldur, heç bir nəticə əldə olunmayacaq. Mənə elə gəlir ki, İranın mövqeyi ABŞ tərəfinə vasitəçilər tərəfindən də çatdırılır. Yəni yalnız rəsmi bəyanatlar səsləndirilmir, gizli məlumatların çatdırılmasında vasitəçilik edənlər var. İndiki məqamda prosesləri izləmək lazımdır. Görək, 1 həftə -10 gün ərzində hansı istiqamətdə danışıqlar gedəcək”.
Politoloq Elxan Şahinoğlu hazırda hər an toqquşma ehtimalının olduğunu vurğulayıb:
“ABŞ-İran müharibəsi dayandırılsa da, qeyri-müəyyənlik davam edir. Ortada nə danışıqlar, nə də müzakirələr var. Belə bir şəraitdə toqquşma ehtimalı gündəmdə qalır. Hörmüz boğazı ilə bağlı da qeyri-müəyyənlik davam edir. Hörmüz boğazını İran içəri, ABŞ isə çöl tərəfdən mühasirədə saxlayır. Bu məsəldə də razılığın əldə olunması çətindir. Pakistan vasitəçiliyinə də tərəflər kölgə salır. Halbuki Pakistan müsbət nəticənin əldə olunmasına çalışır. Lakin birinci görüşdə bir nəticə əldə olunmadığı kimi, indi ikinci görüşə də tərəflər maraq göstərmir. Hər iki tərəf İslamabadda görüşsə də, bu razılığın əldə olunmasına gətirib çıxarmayacaq”.

Politoloq qeyd edib ki, bu vəziyyət digər ölkələri, eləcə də Çini narahat edi:
“Çin İran rejimini dəstəkləyib, onun yıxılmasının qarşısını alsa da, ona enerji resursları lazımdır. Çin indi nə İrandan, nə də körfəz ölkələrindən neft ala bilir. Hörmüz boğazındakı qeyri müəyyənlik Çinin də iqtisadiyyatına mənfi təsir edir. Hələki danışıqlarla bağlı ümumi mənzərə bundan ibarətdir. Hər tərəfin də şərtləri var, lakin bunlar qəbul edilmir. Ancaq atəşkəsin uzaldılması ilə bağlı şifahi razılıq olacaq, amma hər an istənilən lokal toqquşma geniş müharibəyə də gətirib çıxara bilər”.