“Azərbaycan bizim ümumi Vətənimizdir, Turanın bir hissəsidir”
Həmişə olduğu kimi yenə internet üzərindən Azərbaycanın dostlarının kütləvi informasiya vasitələrində olan yazılarını izləməkdəyəm. Və təbii ki, Türk dünyasını və bu arealda olan ölkələri diqqətimdən yayındıra bilmərəm. Bu mənada 10 ilə yaxın jurnalist fəaliyyətində olduğum Mərkəzi Asaiya Respublikalarındakı dostlarımın münasibətlərini görmək də qürurvericidir.
2016-cı ilin aprel ayının ilk günlərində də belə idi. Dünyanın azərbaycansevərləri Aprel döyüşlərində qazandığımız qələbəyə sevinir, itkilərimizə görə üzülürdülər. Qəbul olunmuş bir həqiqət var: cəng meydanına girən ya udar, ya uduzar. Müharibənin qanunu qaydası budur. Bizim torpaqlarımıza uzanan qanlı əllərin və pis niyyətlilərin başladığı müharibə isə qaydasız müharibədir. Dünyanın heç bir diplomatik qanununda böyük “dədələrinin” köməyi ilə Qafqazın ortasında oturub , gücləri çatdı-çatmadı bütün xalqlarla dava edən ermənilərin apardıqları qaydalar və iddiaları yer almayıb. Beynəlxalq aləmin bütün diplomatik qanun –qaydalar onların ziddinədir. Lakin neyləyəsən ki, diplomatik etikadan kənar olsa da bir atalar məsəli yerinə düşür: İti yiyəsinə görə sayarlar. Bu gün Ermənistanı ancaq onların havadarlarına görə sayıb-hesaba alanlar da vardır.
Qanun qayda öz yerində... Bir də göylərin yazdığı qanun var. Türklərdə bir misal var: “İtin yiyəsi var, Qurdun Tanrısı.”. Tanrı məqamında da, Tanrı dərgahında da olan hər kəs bilir ki, savaşımız HAQQ savaşıdır. Vətən içində gedən savaşın mahiyyətini isə eldən uzaq, könülə yaxın olan dost ellərdəki elçilərimiz öz ətraflarına, diplomatik dairələrə çatdırırlar.
2016-cı ilin aprel ayında qardaş eldə, qardaş yurdda yurd quran Azərbaycan Respublikasının Qazaxıstan Respbulikasındakı səfirliyi Vətənimizdə gedən döyüşləri, qalibiyyəti və erməni məkrini Mərkəzi Asiya məkanından müxtəlif dillərdə dünyaya çatdırdı.
Azərbaycanın Qazaxıstandakı diplomatik korpusumuzun və səfriliyimizi şəxsi nüfuzu, ölkənin siyasi ekspertləri və jurnalistlərlə qurduğu münasibətlər, sıx əlaqələri bu ölkədə 12 iyuldan başalayaraq törədilən hadisələrin gedişatının qardaş ölkənin kütləvi informasiya çapında yayılmağında özünü müsbət şəkildə yenə göstərdi. Bu əslində qlobal informasiya məkanının qanunudur. Qardaş ölkədə yaşayan Azərbaycanın dostu olan ziyalılar, yazıçılar, jurnalistlər, ictimai xadimlər Ermənistanın Azərbaycanın sərhəd xəttinə təcavüz etməsini pisləyərək, məqalələri, sosial şəbəkələrdəki çıxışları ilə təcavüzkara öz yerini göstərirlər. Qardaş Qazaxıstanın Kütləvi İnformasiya Vasitələri gecə-gündüz Azərbaycanda baş verən hadisələrə qulaq kəsiliblər. Yaxın dostların sosial şəbəkə üzərindən məktubları, telefon zəngləri ara verməyir. Gecə--gündüz “xoş xəbər” istəyirlər. Və dayanmadan münaqişə başlanan zonadan və rəsmi Bakıdan aldıqları cavabları sərgiləyirlər. Nursultan şəhərində yerləşən Azərbaycan səfirliyi yenə də Tovuzda baş verən haduisələri işıqlandıran Mətbuat mərkəzinə çevrilib. Səfirliyimizdən alınan doğru-düzgün məlumatlar Qazaxıstan və Mərkəzi Asiya məkanının sosial şəbəkələrdəki səhifələrində, kütləvi informasiya vasitələrində dayanmadan yayımlanır. Dostumuz Nurqali Jusupbay, Ashat Kasenğali, Daniyar Kasımov, Amangeldi Kurmetolu, Rahim Madi, Erkinbek Serikbay, İsgəndər Sağımbekov -- Tovuzda baş verən düşmən hücumunu, şəhidlərimizin həlak olmasını, ordumuzun fəaliyyətini, Bakıda insanlarımızın Azadlıq meydanındakı dövlətə dəstək, Orduya dəstək, Ermənistana nifrət yürüşünü alqışladılar. Azadlıq meydanından çəkilən şəkilləri və videoları paylaşaraq “Qardaş, candaş, Azərbaycan xalqına, əsgərinə bu savaşda güc, birlik və qələbə arzulayırıq. Türk dünyası bu savaşdan uzaqda durmamalıdır!””- kimi şüarlar yazdılar.
Amangeldi Kurmetulı: “Ermənistan Qazaxıstanı zəif yerindən vurmaq istəyir - bu dəfəki təxribatın üzü və astarı fərqlidir...” məqaləsində məsələnin siyasi tərəfini belə şərh etdi: “Bu, münaqişənin texniki tərəfidir. Bunun bir siyasi tərəfi də var.
Tovuzdakı münaqişənin digər bir tərəfi, İrəvanın Dağlıq Qarabağdan kənar bir yerdə təxribat törətməsidir. Güman ki, Ermənistan bununla Qazaxıstanı zəif yerindən vurmaq istəyir. Yəni, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə "müttəfiq olaraq bizi dəstəkləməyiniz gərəkir" demək istəyir. Amma, İrəvan məsələni hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gündəliyinə gətirməyib.
Ancaq Tovuz rayonunda qarşıdurmanı başlatmaq bir hiylə kimi görünür. Yəqin ki, Türk ölkələri arasında fitnə salmaq istəyirlər. Ancaq düşünürəm ki, Qazaxıstan rəhbərliyi belə bir tələnin fərqindədir...”. Amangeldi Kurmetolu öz məqaləsini bu sözlərlə bitirir: “Tovuz bölgəsindəki qarşıdurmada şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyirəm! Onlar silahlı qarşıdurmada intiqam alaraq şəhid olanlardır.”- yazaraq öz mövqeyini sərgilədi.
İyul ayının 13-də isə ölkənin informasiya məkanında Qazaxıstan Xarici İşlər Nazirliyinin mövqeyi manşet xəbərlər sırasında dayandı. Bəyanatda deyilirdi: “Qardaş Azərbaycan Respublikasını və Ermənistanı münaqişəli məsələlərin həllində təmkinli olmağa və silahlı hücumlardan çəkinməyə çağırırıq. Covid-19 pandemiyası fonunda dünyada iqtisadi və sosial vəziyyətin ağırlaşdığı bir vaxtda konfliktin bu şəkildə davam etməsi görünməyən pis nəticələrə gətirib çıxara bilər.”.
Qazaxıstan özünü Türk dünyasının önündə gedən tərkib hissəsi kimi göstərdi. Türk Şurasının Qazaxıstanın da imzası ilə verdiyi Bəyənatında Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmamazlığı, bu konfliktin beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamələr çərçivəsində və Helsinki Yekun aktına uyğun olaraq tələblərinə olaraq həll edilməsini qeyd etməsi Azərbaycan üçün ən böyük dəstək oldu.
Politoloq Arman Süleymenov “Bizim türk qardaşlarımız yenə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinə qalxdılar…” adlı məqaləsini “ Azərbaycanın Tovuz rayonunda baş verən hadisələr məni və bir çox qazaxıstanlıları narahat edir”- fikri ilə başlayır. Daha sonra Azərbaycanın 30 il ərzində erməni təcavüzündən əziyyət çəkdiyini yazaraq, Dağlıq Qarabağı və ona bitişik olan 7 rayonu qəsb etdiklərini diqqətə çatdırır. Məqaləsinin sonunda isə haqlı olaraq :”Əlbəttə, yenidən münaqişə yaradaqraq, Ermənistan öz dövlətinin içərisində baş verən və həll edə bilmədiyi problemləri xalqın diqqətindən yayındırmaq istəyir. Onlar üçün isə xalqın qayğısına qalmaqdansa, öz ambisiyaları daha üstündür. Məgər ağıllı prezident də öz vətəndaşlarının və əsgərlərinin həyatını təhlükəyə ataraq, onları müharibəyə təhrik edərmi? Bir baxın, indi ermənilərin bu hərəktlərindən qeyzlənən Azərbaycan xalqı Bakının küçələrinə axışıb. Gənclər bir nəfər kimi səfərbərlik istəyir…”.
Tanınmış qazaxıstanlı yazıçı Madi Rəhimov Azərbaycan haqqında yazılan bir çox kitabların müəllifidir. “Biz Alp Arslanın və Cavad xanın nəvələriyik…” məqaləsini “Azərbaycan… Mənim balaca, lakin özünün vüqarını itirməyən ölkəm. Başına min bir bəlalar və fəlakətlər gəlsə də, heç zaman əyilməyən, başını daim dik tutan ölkəm. Mənim ölkəm onu daim didən, parçalayan düşmənlərin əhatəsində oldu. Lakin əsrlərdir ki, bu qədər ağrıların və dərdlərin içərisində əyilmədi, sınmadı, hamının gözünə inamla baxdı , özünün ruhunu öldürmədi. Bu regionun xalqı qorxmazdır, rəşadətlidir, bütün çətinliklərə və sınaqlara baxmayaraq, öz müstəqilliklərini çəkinmədən qoruyandırlar. Bu xalq üçün şərəf və ləyaqət hər zaman hər şeydən uca olub. Bu xalq hər zaman cəngavərliyi ilə ad çıxarıb, qorxaqlığı isə ölümdən betər sayıb” – bu fikirlərlə başlayır.
Xalqımızın şərəfli və kəşməkeşli tarixindən danışan, yazıçı qeyd edir ki: “…əlbəttə, bir gün ədalət zəfər çalacaq, və biz özümüzə məxsus olanı nəyin bahasına-olursa olsun, geri alacağıq. .. Biz şəhidlərin ruhu qarşısında baş əyirik, onları ailələrinə dərin hüznlə baş sağlığl veririrk”. Və Madi Rəhim öz məqaləsini Məmməd Əmin Rəsulzadənin sözləri ilə bitirir: "Bir kərə yüksələn bayraq, bir daha enməz!"
Türk Xalqları Arasında Ədəbi Əlaqələrin İnkişafı Fondunun direktoru Erkinbek Serikbay ea-news.kz saytına müsahibəsində qeyd edir ki, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması beynəlxalq təşkilatlar tərəfindən araşdırılmalı və Azərbaycana təzminat ödənməlidir. İki ölkə arasında atəşkəslə bağlı razılaşmanın olmasına baxmayaraq, onun kobud şəkildə pozulması beynəlxalq hüququn müddəalarının pozulması deməkdir. Ermənistanın bu davranışı tamamilə hüquqaziddir. Burada vurğulanacaq bir məsələ var. Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən Dağlıq Qarabağ problemi var. Dünya bu problemdən xəbərdardır.
Erkinbek Serikbay Ermənistan bu hücumu çoxdan planlaşdırdığını qeyd edir. İyulun 12-də başlayan münaqişədəki hücumu ilə Ermənistanın səhvə yol verdiyini deyir. Qeyd edir ki, bu hərəkətlə İrəvan beynəlxalq səviyyədə özünün Dağlıq Qarabağdakı cinayətlərini təmizləmək istədi. Dolayısı ilə, dünya mediasının və ictimaiyyətin diqqətini Tovuz bölgəsinə cəlb etməyini isə təxribat adlandırır.
Azərbaycanın digər dostu jurnalist-filoloq Nurqali Jusupbay //kazanalytics.kz/ saytında yayımlanan məqaləsininin elə ilk cümləsində erməni qəsbkarlarının yenidən başladıqları münaqişənin Dağlıq Qarabağdan 240 km uzaqlıqda yerləşən Azərbaycanın Tovuz , Ermənistanın isə Tavuş rayonu ilə həmsərhəd olan bir ərazidə olmasına diqqəti çəkməklə, beynəlxalq ictimaiyyətə ermənilərin təcavüzkar xislətlərini çatdırmış olur. Münaqişənin yaranma tarixinə nəzər salan yazar, Azərbaycan Respbulikasının prezidenti İlham Əliyevin söylədiyi “..xarici hərbi missiyaların nümayəndələrini münaqişə zonasına dəvət edəcəym”- fikrini diqqətə çatdırır. KTMT- nın Sammiti ərəfəsində başladıqları münaqişədə , təşkilatı məcburən onların mövqelərini dəstəkləməyə çağırdığını ciddiyyətlə təsdiq etmiş olur. Və haqlı olaraq məqaləsinin sonunda belə bir sual verir: “ Həqiqətən də görəsən bu münaqişə kimə sərf edir? Onun gizlinlərində hansı sirr vardır? Bu sualların cavabını zaman verəcək. Lakin biz inanırıq ki, hər bir halda tarixi ədalət öz yerini tapacaq!”.
Qazaxıstan mətbuatında ermənilərin Tovuzla sərhəddə başladıqları təxribati qazaxıstanın məşhur politoloqu Rəsul Cüməli davamlı hazırlanan təxribat planının tərkib hissəsi adlandırır. “Bu Azərbaycan tərəfi təxribata çəkmək üçün təxribatçı ölkənin planların bir hissəsidir. Onlar bildiyi halda ki, Qarabağ azərbaycanlıların ən yaralı yeridir, görünür Qarabağa daha bir hərbi hücum əməliyyatl başlatmaq üçün , Tovuzda bu təxribatı yaratdı. Azərbaycan isə öz tarixi torpaqlarını geri qaytarmaq üçün hərəkətə keçdikdə isə, bunu aqressiya kimi beynəlxalq ictimaiyyətinə çatdırmaq fikri güdürlər.”.
Politoloq rəsmi Qazaxıstanın Dağlıq Qrabağla bağlı mövqeyinin əlavə izaha ehtiyaçı olmadığını da bildirib. Bu mənada iki qardaş ölkənin türk birliyində olduğunu misal gətirərək, qeyd edib ki, hər bir mənada – istər siyasi, istər iqtisadi və mədəni bağlarla bir –birinə bağlı olan iki dost ölkə əlbəttə ki, ən ağır və xoş günlərdə bir-birinin yannda olmalıdırlar. Buna görə də Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinə Qarabağsız qəbulun mümkünsüzlüyünü qəti şəkildə qoydu. O ki qaldı Qazaxıstan xalqının Azərbaycana olan simpatiyasına, bizim kökənimiz Türkdür. Başqa cürə ola da bilməz. Ona görə də bu günlərdə yenə də bizim dünyanın hər yerində yaşayan vətəndaşlarımız və soydaşlarımız sosial şəbəkələrdə də Azərbaycanın yanında oldular.
AVESTA NEWS (//avesta-news.kz/) saytındakı məqaləsinn sonunda Şuxrat Barlas haqlı olaraq qeyd edir ki: “Dağlıq Qarabağ münaqişəsi əslində Transşərq xarakteri daşıyır. Eyni zamanda birmənalı şəkildə unutmaq olmaz ki, günü bu gün Mərkəzi Asiyada və Kiçik ön Asiyada tarix boyu və bu gün baş verən hadisələr onu deməyə əsas verir ki, böyük imperiyaların və regional maraqların “oyunçularının “ çoxşaxəli maraqları üzündən Dalıq Qarabağ problemi də çözülməmiş qalır.
Şuhrat Barlas eyni zamanda bu məqləsində baş verən sonuncu həyasız təcüvüzü törədənlərə görə beynəlxalq aləmə belə bir sual ünvanlayır:
“Ermənilərin Azərbaycana qarşı törətdikləri təxribatın , tanınmamış “DQR” tərəfindən deyil, Ermənistan Respublikası tərəfindən törədilməsi nə nə ad verək? Bu qanunsuz hərəkət indi beynəlxalq aləmdə necə qəbul olunacaq? Məlumdur ki Ermənistan yenə də özünün Azərbaycan Respublikasının daxili işlərinə qarışması və ərazi bütövlüyünü təhlükəyə atıb, dağıtması ittihamlarını həmişəki kimi rədd edir.”.
Qazaxıstanın məşur ictimai xadimi və dövlət nümayəndəsi , politoloq Aydos Sarım isə “Axı biz qardaş Azərbaycana ordunu necə göndərək? “ sualı ilə beynəlxalq təşkilatlardan, erməni kimi düşünənlərdən cavab istəyir. Və bildirir ki, Qazaxıstan Azərbaycanın ən yaxın dostu kimi , burada baş verən müharibəyə sevinə bilməz və onu müharibəyə sövq etmək fikrindən uzaqdır. Müharibə strategiyadan yuxarı bir qərardır, mitinqlərin və emosiyaların havası ilə onu başlatmaq olmaz. Qazaxıstan özünün rəsmi mövqeyini bildirib, bu dönəmlərdə hələ ki, mövqeyindən dönən deyil.
O eyni zamanda Ermənistana mesaj ötürərək deyir ki, indi başqa dövrdür. Dünya bu gün çox mürəkkəb bir dönəmə keçir. Pandemiya bizə yeni real imkanlar və tendensiyalar diqtə edir. Azərbaycan isə bu dövrə artıq hazırdır. Sən –Ermənistan yaxşı olar ki, bu haqda düşünəsən ki, bu trendə qoşula biləcəksənmi? Bəli bu trend yeni risklər yaradır, beynəlxalq hüququn rolunu müəyyən qədər azaldır, digər tərəfdən isə inteqrasiya edən yeni təşkilatların aktivləşməsi üçün qapılar açır. Bu qapılardan biri də Türk Birliyinə açılan qapıdır.
Aydos Sarım Məqaləsini bu fikirlərlə bitirir: “Biz bu gün mütərəqqi şəkildə Qarabağın necə bir xarabazara çevrilməsini görürük. Qarabağ Ermənistanın ayaqları altında – böyük mafiya dəliyidir, burada qara kriminal millitarist iqtisadiyyat boy verir, bu dəlik isə bütün dünya üçün təhlükə ola bilər”.
Azərbaycanın Türkdilli ölkəlrin baş taci olduğunu nəzərə aldığımızdan , Türkdilli Xalqların Dünya Assambleyasının prezidenti , akademik Ermentay Sultanmuradın Azərbaycan xalqına, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə , Silahlı Qüvvələrə və Azərbaycanı Vətən kimi qoruyan hər kəsə etdiyi MÜRACİƏTİ “Bütün türk dünyası Sizinlədir!” sözləri ilə başlayır. Onun müraciəti əsil ağsaqqal müdrikliyinin təzahürüdür.
Ermentay Sultanmurad ağa yenə pis niyyətli insanların yaramızın üstünə duz basdığığını, Azərbaycanın dərdinin bütün türk dünyasının ağrısı olduğunu bildirir. Ermənilərin tarix boyu tutduqları məkirli yolları və niyyətlərinin mahiyyətini açan türk ağsaqqlı qeyd edir ki, “…əgər onların himayədarları olmasaydı…onlar özlərini dövlət kimi necə təsdiq edə bilərdilər?”. Və öz təəccübünü gizlətməyərək əlavə edir: “ Mən məəttəl qalmışam ki, belə bir təcavüzkarı Kollektiv Təhlükəsizlik Şurasına necə qəbul ediblər? Bəlkə bu Təşkilat öz ətrafına təcavüzkarları toplayır? Yox əgər belə deyilsə, öz səhvlərini düzəltmək üçün Ermənistanı öz sıralarından xaric etməlidirlər.”.
Məktubunun sonunda Assambleyanın prezidenti ermənilərə dərindən düşünməyi təklif edir: “Artıq ermənilər bir qərara gəlməlidirlər. Gərək ki, Azərbaycan torpaqlarını geri qaytarıb, onlarla qonşuluq əlaqələrini qursunlar. Yalnız bundan sonra, ermənilərin kəndliləri, iş adamları yerli azərbaycanlılarla eyni hüquqa malik olaraq, qonşuluq münasibətlərində yaşaya bilərlər. Mən soruşmaq istəyirəm: Bu günə qədər əlinizdə saxladığınız Azərbaycan torpaqları ilə nə qazandınız? Yox əgər Sülh istəsəydiniz , daha çox qazanardınız.
Türkdilli ölkələrin bu məsələdə səbr və təmkin nümayiş etdirməsi o anlama gəlməməlidir ki, bu münaqişə əsrlərlə davam edəcək. Əsla! Biz türklər zamanı boşa vermirik. Məqam gözləyirik. Məqam yetişən kimi ədalətsizliyi aradan qaldıracağıq... Unutmayın ki, Türk ölkələri artıq gücləniblər, türkdilli təşkilatlar hərəkətdədirlər. İndi bizim könüllülərimiz ən böyük orduları yarada bilər. Biz hələ çox güclü olacağıq. Bizim Qarabağımız sizin kimi mənfur düşmən üzündən könlümüzdə “Qara dağa” dönübdür. Biz bu ağrını hər gün hiss edirik. Bu ağrıya öyrəşməyəcəyik!
Paşinyana isə demək istəyirəm ki, “Cənab Paşinyan! Demokratiya dalğaları üzərində hakimiyyətə gəldin, lakin öz xalqını yeni bir qan gölünə və qan çanağına çəkən səriştəsiz siyasətçi adını qazandın. Özünü qana batırdın.
Bu gün bütün dünya koronovirus adlı bir şeytani bəlanın cəncindən qurtaqrmaq üçün birləşməyə can atdığı bir zamanda, siz birlik istəyən dünya ilə deyil, şeytanla birləşməyə üstünlük verdiniz və öz xalqınızı sağalmaz bəlalara düçar etdiniz... Unutmayın ki, hər tərəfdən Türk torpaqlarının əhatəsindəsiniz. Gec-tez zəbt etdiyiniz əraziləri öz sahiblərinə qaytaracaqsınız. Unutmayın ki, zaman sizin xeyrinizə işləmir. Nə qədər ki, gec deyil,bu biabırçı yoldan çəkinin”.
Akademik Ermentay Sultanmurad öz ürək sözlərini belə bitirir: “Qardaş – azərbaycanlılar!
Biz hər zaman sizinlə olduq, biz bu gün də Sizinləyik! Azərbaycan – bizim ümumi Vətənimizdir, Turanın bir hissəsidir. Sizin dərdiniz, bizim ümumi dərdimizdir. Erməni təcavüzkarlarının başladıqları təxribatlar öz hədəfinə çatmayacaq. Haqq sizinlədir. Sizin cəbhəniz bütün Türandır! Biz güclüyük! Ədalət! Haqq qalib gələcək!”.
Oxucularımızın diqqətinə çatdırım ki, bu məqalələr və yazılar həm də Qazaxıstandakı diplomatik korpusumuzun ,dəyərli diplomatımızın iki qardaş və dost xalqın ziyalıları arasında qurduğu dostluğun bariz təzahürüdür. Xoş arzu, saf niyyətlə imzalanan bütün yazılar, sənədlər tarixdə öz yerini alır. Tarixdə və tarixin yaddaşında xeyirxahlıq və sülh üçün yazılan sənədlərin, məktubların, imzaların dəyəri daha çox yaşamaq hüququna malik olur.
Aida Eyvazlı
(Məqalə Qazaxıstan KİV-lərində gedən yazılar əsasında xülasə şəklində hazırlanıb)