Avropa Siyasi Birliyinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən 8-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin videobağlantı formatında çıxışı yalnız regional sülh gündəliyinin təqdimatı ilə məhdudlaşmadı, həm də Avropanın iki əsas institutuna – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasına ünvanlanan açıq və sərrast siyasi mesajlarla yadda qaldı. Bu çıxış əslində son illərdə bəzi Avropa strukturlarının rəsmi Bakıya qarşı artan qərəzinə ən tutarlı cavab sayılmalıdır. Ölkə başçısı bütün Avropa liderlərinin qarşısında AŞPA və Avropa Parlamentinə önəmli xatırlatmalar etdi, ölkəmizin bu strukturlarda fəaliyyətinin dayandırılmasına yol açan səbəbləri açıqladı.
Prezidentin arqumentlərinin mərkəzində Avropa İnstitutlarının ikili standartlar siyasəti dayanır. Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədən sonra öz ərazi bütövlüyünü təmin etməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun addım kimi təqdim olunsa da, Avropa institutlarının reaksiyası rəsmi Bakının və beynəlxalq hüququnun gözləntiləri ilə üst-üstə düşməyib. Xüsusilə Avropa Şurası çərçivəsində Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq edilən məhdudiyyətlər siyasi motivli qərarlardır və təzyiq vasitəsinə çevrilib. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, bu cür yanaşma təşkilatın əsas prinsipi olan bərabərlik və ədalət anlayışına zidd görünür.
Digər məqam isə Avropa Parlamenti ilə bağlı oldu. Son beş ildə qəbul etdiyi çoxsaylı obyektivlikdən uzaq qətnamələrlə qanunverici orqan rəsmi Bakının güvənini itirib və artıq bu platformada əməkdaşlıq real görünmür. Burada əsas problem yalnız Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi sənədlərin sayı deyil, həm də onların məzmunu ilə bağlıdır. Rəsmi Bakı hesab edir ki, bu qətnamələr regiondakı real vəziyyəti deyil, daha çox müəyyən siyasi dairələrin təsiri altında formalaşmış birtərəfli mövqeni əks etdirir. Bu isə öz növbəsində Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi dialoqun keyfiyyətinə ciddi zərbə vurur.
Maraqlı məqam ondan ibarətdir ki, Prezident çıxışında Avropa institutlarının ifşası ilə yanaşı, sülh gündəliyinə sadiqliyi də xüsusi vurğuladı. Ermənistanla münasibətlərdə yeni mərhələnin başladığını qeyd edən ölkə başçısı konkret addımları – tranzit məhdudiyyətlərinin aradan qaldırılması, enerji tədarükü və kommunikasiya xətlərinin açılması kimi təşəbbüsləri önə çəkdi. Bu isə onu göstərir ki, Bakı bir tərəfdən regionda əməkdaşlıq mühitini genişləndirməyə çalışır, digər tərəfdən isə bəzi Avropa institutlarının qərəzli mövqeyinə qarşı tutarlı ritorikaya üstünlük verir.
Bu ziddiyyətli dinamika əslində daha geniş geosiyasi kontekstdə baş verir. Cənubi Qafqaz artıq yalnız regional deyil, həm də qlobal güclərin maraq toqquşduğu məkan kimi çıxış edir. Belə bir şəraitdə Avropa İttifaqı daxilində vahid mövqenin olmaması da Bakıya fərqli mesajların ötürülməsinə yol açır. Prezidentin də qeyd etdiyi kimi, Avropa Komissiyası ilə münasibətlər daha konstruktiv fon üzərində inkişaf etdiyi halda, digər institutların sərt mövqeyi ümumi siyasətdə disbalans yaradır.
Nəticə etibarilə, bu çıxış sadəcə tənqid deyil, həm də mesajdır: Azərbaycan Avropa ilə əməkdaşlıqda maraqlıdır, lakin bunu yalnız qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında görür. Əks halda, Bakı alternativ siyasi və iqtisadi platformalara yönəlməkdə tərəddüd etməyəcəyini nümayiş etdirir. Bu isə Avropa institutları üçün ciddi seçim yaradır – ya regionda real prosesləri nəzərə alan praqmatik siyasət yürütmək, ya da təsir imkanlarını tədricən itirmək.
Modern Təhlil və Araşdırma Qrupu