NATO-nun Avropadakı müttəfiqləri İran ətrafında mümkün qarşıdurma fonunda operativ şəkildə maddi-texniki və digər dəstək tədbirlərini gücləndirirlər.
Modern.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte Ermənistanda keçirilən VIII Avropa Siyasi Birliyi Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, əlavə edib ki, alyansın Avropadakı bir sıra üzvləri ABŞ-lə bağlanmış hərbi əməkdaşlıq razılaşmalarını aktiv şəkildə icra etməyə başlayıb.
Bununla yanaşı, İspaniya NATO üzvü olmasına baxmayaraq, öz ərazisində yerləşən hərbi bazaların İrana qarşı müharibə məqsədilə istifadəsinə icazə verməyəcəyini açıqlayıb.
Rütte qeyd edib ki, digər NATO ölkələri – Monteneqro, Xorvatiya, Rumıniya, Portuqaliya, Yunanıstan, İtaliya, Böyük Britaniya, Fransa və Almaniya hərbi bazalardan istifadə ilə bağlı müraciətləri həyata keçirir və əlavə logistik dəstək göstərirlər.
“Getdikcə daha çox Avropa ölkəsi minaaxtaran gəmilər də daxil olmaqla zəruri maddi-texniki vasitələri mümkün əməliyyat bölgəsinə yaxın ərazilərdə yerləşdirir ki, növbəti mərhələyə hazır olsunlar”, – deyə NATO baş katibi bildirib.
"ABŞ son dövrlərdə Avropadakı müttəfiqlərindən narazılığını açıq şəkildə ifadə edib. Avropa ölkələri artıq ABŞ Prezidenti Donald Trumpın mesajını anlayıb və Vaşinqtonla hərbi bazalarla bağlı ikitərəfli razılaşmaların yerinə yetirilməsi istiqamətində addımlar atırlar.
Hazırda onlar ABŞ-la hərbi bazaların yerləşdirilməsi barədə imzalanmış ikitərəfli sazişlərin icrasına nəzarət edirlər”, – deyə Rütte əlavə edib.
NATO baş katibi həmçinin Donald Trampın Almaniyadan 5 min amerikalı hərbçini çıxarmaq qərarının da ABŞ-ın Avropadakı tərəfdaşlarından narazılığı ilə bağlı olduğunu bildirib.