Modern.az

Türkiyə ilə Ermənistan tarixi sənəd imzaladı

Türkiyə ilə Ermənistan tarixi sənəd imzaladı

Dünya

Bu gün, 17:22

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII Sammiti çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüş keçirib.

Modern.az xəbər verir ki, bu barədə Cevdet Yılmaz görüşdən sonra sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğanı təmsil edərək iştirak etdiyi sammit çərçivəsində Paşinyanla geniş və məhsuldar müzakirələr aparıb.

“Paşinyanla görüşümüz zamanı ikitərəfli münasibətləri ətraflı şəkildə qiymətləndirdik. Eyni zamanda nəqliyyat, gömrük, enerji, rəqəmsal infrastruktur və əlaqəliliyin gücləndirilməsi istiqamətində atılacaq addımları müzakirə etmək imkanımız oldu”, – deyə Yılmaz qeyd edib.

Türkiyə vitse-prezidenti normallaşma prosesində qarşılıqlı konstruktiv addımların konkret nəticələr verməsindən məmnun olduqlarını vurğulayıb.

Onun sözlərinə görə, tərəflər iki ölkə sərhədindəki Ani körpüsünün birgə bərpasına dair memorandum imzalayıblar.

“İmzalanan memorandum çərçivəsində Ani körpüsünün ortaq şəkildə bərpası kimi simvolik və konkret əməkdaşlıq layihələrinin bölgədə davamlı sülh və etimad mühitinə töhfə verəcəyinə inanırıq. Türkiyə Cənubi Qafqazda sülh, dialoq və sabitlik əsasında normallaşma prosesinin irəlilədilməsi, iqtisadi əməkdaşlığın artırılması və xalqlar arasında təmasların gücləndirilməsi istiqamətində siyasətini davam etdirəcək".

Sonda o, Nikol Paşinyana göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və görüşün faydalı nəticələr verəcəyinə ümid etdiyini bildirib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV