“Evimizin pilləkənlərində oturdum, öz acizliyimi hiss elədim…”
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova yazır:
Onilliklər boyu Ağdam şəhəri özünün qaynar, işgüzar həyatı, insanlarının zirəkliyi, zəhmətkeşliyi və bu zəhmətkeşlik sayəsində rifah içində yaşaması ilə seçilib. Şəhərin bağ-bağatlı evləri, abadlığı göz oxşayıb, könül sevindirib. Ağdamlılar diribaş, işküzar, şux, ünsiyyətcil insanlar olması ilə tanınıb və onların bu xasiyyətləri həyat dolu doğma şəhərləri ilə bir harmoniya təşkil ediblər. Ağdamın gur həyatını yəqin ki, Q.Q.Markesin ədəbiyyata gətirdiyi məşhur şəhər Makondonun yüksəliş illəri ilə müqayisə etmək olar.
Bu gün isə bir vaxtlar həyatı qayır-qayır qaynayan Ağdam xarabalıqlarına, boş evlərinə, səssiz küçələrinə və başından əskik olmayan təhlükəyə görə, “Lonely planet”, Əl-Cəzirə, kimi dünya mətbu orqanları tərəfindən “Xəyalət şəhər” elan edilib. Onu “Qafqazın Xiroşiması” belə adlandırırlar. Həyatın tamamilə yoxa çıxdığı bu şəhər 23 iyul 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindənn işğal edilib.
Qarabağ savaşı yüz minlərlə insanın taleyini dönüşü mümkünsüz bir şəkildə dəyişdi. İnsanlar bir günün içində torpaqlarını, evlərini, ən əsası isə, rahatlıqlarını birdəfəlik itirdilər. Didərginlik, köçkünlük hər nəslin üzərinə öz izini bir cür qoydu. Qocalar doğma yurdlarında ölmək üçün tanrıdan ömür dilədilər, uşaqlar böyüdükcə, kəndləri, evləri barədə xatirələrində ilğım kimi qalmış illərin, günlərin gerçək olub-olmadığını qarışdırmağa başladılar. Amma yaşının orta çağında köçkün düşən nəslin nə ölüm barədə düşünmək, nə xatirələrə dalmaq imkanı vardı. Müharibənin, köçkünlüyün bütün yükü, əzabları bu nəslin çiyinlərinə düşmüşdü. Qoca ata-analarına təsəlli vermək, ailələrini, balalarını dolandırmaq, başlarını daldalamağa yer tapmaq, bir günün içində “sıfırlanmış” həyatlarını yenidən qurmaq…Necə də ağır oldu, məşəqqətli oldu bu nəslin ömür yolları. Təsəvvür edin, 30-40 yaşlarında, yəni hələ kifayət qədər cavan ikən qaçqın düşən adamların indi 60-70 yaşı var. Ömürlərinin ən gözəl, ən enerjili illəri çaxnaşma, kasıblıq, ağır zəhmət içində keçdi. Bir də gözlərini açdılar ki, qocalıblar. Yurd həsrəti, doğma evinə qayıtmadan dünyadan köçən valideynlərin dərdi, doğma yurddan kənarda böyüyən uşaqlarının qəribçiliyi qocaltdı onları…
Onlardan biri, Agdam sakini Teyyub Hüseynovun 70 yaşı var. Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Politexnik Hidrotexniki tikintilər üzrə mühəndisdir. 1973-77-ci illərdə Rusiyadakı Kuybışev vilayətində ixtisası üzrə fərqli vəzifələrdə çalışıb. 1977-93-cü illərdə Beylaqan-Ağdam rayonlarında Azərsu tikinti Birliyinin təşkilatlarında işləyib. 1988-93-cü illəridə Ağdam şəhərindəki 25 saylı mexanikləşdirilmiş səyyar dəstə rəhbəri vəzifəsində işləyib. Köçkünlər üçün ölkədə tikilən 20 qəsəbənin tikintisində baş texniki nəzarətçi işləyib. Mühəndis kimi nailiyyətlərinə, ölkədə apardığı abadlıq işlərinə görə ölkə Prezidentinin Fəxri Fərmanı və Tərəqqi medalı ilə təltif edilib. Hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda baş texniki nəzarətçi vəzifəsində işləyir. Teyyub müəllim 30 ilə yaxındır ki, Qarabağ savaşı nəticəsində itirdiyi doğma şəhəri Ağdama həsrətdir…
Teyyub müəllimin söhbəti müharibə və işğalın necə dəhşətli, dağıdıcı proses olduğunu göstərir. Müharibə, təkcə şəhərləri, kəndləri, evləri dağıtmır, təkcə abad yerləri viran qoymur. O, eyni zamanda, insanların, ailələrin, nəsillərin taleyini darmadağın edir. Savaşda təkcə maddi olanlar itmir, həm də mənəvi olanlar itir. Ailə ənənələrinin, yurdla, ocaqla bağlı dəyərlərin başqa nəsillərə ötürülməsi imkanı itir. Xatirələri canlandırmaq imkanı itir.
Teyyub müəllim bu gün nə qədər çalışsa da, öz xatirələrini, bağlı olduğu yerləri öz nəvələri üçün canlandıra bilməz. Çünki bu xatirələri canlandırmaq, Teyyub müəllimin ailəsinin ənənələrini nəvələrinə ötürə bilməsi üçün, onların bir ailə şəklində doğma evlərinə, yurdlarına dönməsi vacibdir. Ümid edirik ki, gün gələcək, Teyyub müəllim doğma yurduna sevgi aşılamaq istədiyi nəvələrinə öz xatirələrini doğma kəndində danışacaq, bir vaxtlar sevdiyi, gəzdiyi yerləri nəvələrinə canlı şəkildə göstərəcək.
Gün gələcək, Teyyub müəllimin nəvələri indiyə qədər görmədikləri vətənlərini görmək, o torpaqlara ayaq basmaq, o yerlərin doğma hərarətini hiss etmək imkanına sahib olacaqlar.
Hazırda isə, Teyyub əminin nəvəsi Xəzər, Ağdamın “Qarabağ” Futbol klubunun azarkeşidir. 2019-cu ildə, UEFA Avropa Liqası çərçivəsində baş tutan “Qarabağ” - “Sevilya” oyunu barədə məşhur İspaniya nəşri AS bunları yazmışdı: “Qarabağ, 26 ildir ki, ev oyunlarını təmsil etdiyi şəhərdən 250 km uzaqda keçirir. Ağdam – Qafqazın Xiroşiması, ruhlar şəhəridir…””.
Bu gün öz doğma Ağdamına futbol vasitəsilə sarılan Xəzər və Teyyub əminin başqa nəvələri, bir gün Ağdama qayıdacaq və onu “Xəyalət şəhər” olmaqdan çıxaracaq. Ağdam yenə öz gur, axar-baxarlı, qaynar, işgüzar həyatına qayıdacaq. Teyyub əmi isə o günləri mütləq görəcək. Onun Ağdamı daha Bakıdakı “Ağdam bağı”ndan ibarət olmayacaq…