Cari ilin yanvar–aprel aylarında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) hüquqi və fiziki şəxslər tərəfindən radio avadanlıqlarının mülki dövriyyəsinə xüsusi icazə alınması məqsədilə 350 müraciət daxil olub. Daxil olmuş müraciətlər üzrə ümumilikdə 16 237 ədəd müxtəlif marka və model avadanlığa dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Modern.az xəbər verir ki, baxılmış müraciətlər əsasında 8 539 ədəd radio avadanlığının mülki dövriyyəsinə xüsusi icazə verilib. Müraciətlərdə qeyd edilmiş 96 ədəd radio avadanlığına isə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi icazənin verilməsindən imtina edilib. Xüsusi icazə verilməsindən imtina barədə müraciət sahiblərinə ünvanlanmış məktublarda buna səbəb olan çatışmazlıqlar ətraflı şəkildə göstərilib.
Bununla yanaşı, 4 müraciət üzrə radio avadanlıqlarının mülki dövriyyəsinə xüsusi icazə verilməsi üçün aidiyyəti qurumların rəylərinin təqdim olunması gözlənilir.
Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, idxal olunmuş 7 553 ədəd avadanlığın mülki dövriyyəsi üçün xüsusi icazə tələb olunmur. Bu barədə müraciət müəllifləri və aidiyyəti orqanlar məlumatlandırılıb.
Eyni zamanda, üç hüquqi şəxs tərəfindən təqdim olunmuş müraciətlər əsasında aparılan hüquqi və texniki araşdırmalar nəticəsində müxtəlif marka və modellərə aid ümumilikdə 284 ədəd avadanlığa verilmiş xüsusi icazələrin ləğv edilməsi barədə qərar qəbul edilib. Qərarlar qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun qaydada rəsmiləşdirilib və icrası təmin olunub.
Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq inzibati tədbirlər davam etdirilir.
Xatırladaq ki, 2024-cü ilin mart ayından İKTA tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” elektron xidməti istifadəyə verilib. Bu xidmətin tətbiqi müraciətlərin daha operativ və səmərəli cavablandırılmasına imkan yaradır.
Həmçinin 2026-cı ilin yanvar – aprel aylarında “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sürətli poçt xidməti üçün 91 müraciət üzrə təqdim olunan ərizələrə əlavə edilən sənədlərdəki məlumatların uyğunluğu qiymətləndirilib.
Nəticədə 85 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət cavab verilib.
Digər 6 müraciətlə bağlı isə müsbət rəy verilməyib.
Telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.