Cənubi Qafqaz son illərdə geosiyasi transformasiyaların və yeni əməkdaşlıq imkanlarının formalaşdığı məkan kimi diqqət çəkir. Regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün siyasi razılaşmalarla birlikdə, institusional mexanizmlərin yaradılması da vacib sayılır. Bu baxımdan, Cənubi Qafqaz Parlament Assambleyasının yaradılması ideyası dövlətlər arasında etimadın möhkəmləndirilməsi, qanunverici orqanlar səviyyəsində dialoqun genişləndirilməsi və ortaq regional gündəliyin formalaşdırılması baxımından aktuallıq qazanır. Mövcud reallıqlar və çağırışlar fonunda belə bir platformanın mümkünlüyü, potensial üstünlükləri və qarşısındakı maneələr ayrıca təhlil tələb edir.
Asiya Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri, deputat Rizvan Nəbiyev Modern.az-a açıqlamasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesi müəyyən mərhələdə parlamentlərarası əlaqələrin də ikitərəfli qaydada qurulması və institutlaşdırılması üçün mexanizmlərin yaradılmasını istisna etmədiyini vurğulayıb.

Ermənistan və Azərbaycan parlamentləri arasında təmaslar olur:
“Bununla belə, Cənubi Qafqaz dövlətlərinin parlament assambleyasının yaradılması daha spesifik məsələdir, zamana, siyasi şəraitin yetişməsi və siyasi iradəyə bağlıdır”.
Deputat vurğulayıb ki, dünyada bu cür təcrübələr mövcuddur, lakin bu prosesin başlanması üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalıdır:
“Bunun üçün isə Ermənistan öz konstitusiyasında dəyişiklik etməli, Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır. Bundan sonra sülh sazişi imzalanmalı və hər iki ölkənin parlamentində ratifikasiya olunmalıdır.Ratifikasiyadan sonra tərəflər daxili prosedurların başa çatdığını təsdiq edən sənədləri diplomatik kanallarla qarşılıqlı şəkildə mübadilə edəcək və yalnız bundan sonra saziş qüvvəyə minəcək”.

Rizvan Nəbiyev Cənubi Qafqaz Parlament Assambleyasının strukturu barədə nümunələr əsasında danışıb:
“Parlament assambleyası modelinə gəldikdə isə, buna nümunə kimi Asiya Parlament Assambleyasını göstərmək olar. Bu qurumda iştirakçı dövlətlər öz parlamentlərindən təşkilatın Nizamnaməsinə uyğun müəyyən edilmiş qaydalara uyğun və kvota çərçivəsində nümayəndələr göndərirlər. Nümayəndələrin sayı əsasən əhalinin sayına görə müəyyən olunur. Məsələn, Azərbaycan nümayəndə heyəti dörd nəfərdən ibarətdir, digər ölkələrdə əhali sayına görə bu rəqəm fərqli ola bilər, lakin minimum iki nümayəndə ilə təmsilçilik təmin olunur”.
Cənubi Qafqaz Parlament Assambleyasında say üstünlüyü Azərbaycanın olacaq:
“Asiya Parlament Assambleyası modeli nəzəri olaraq zaman yetişəndə Cənubi Qafqaz üçün də nəzərdən keçirilə bilər. Belə bir assambleya yaradılarsa, üzv dövlətlər əhalinin sayına uyğun olaraq öz deputatlarını həmin quruma göndərə bilərlər. Başqa sözlə, nəzəri olaraq Cənubi Qafqaz Parlament Assambleyasında saya görə təmsilçilik üstünlüyü ölkəmizə məxsusdur.
Bu cür assambleyalarda qəbul edilən qərarlar tövsiyə xarakteri daşıyır və əsas məqsəd siyasi dialoqun və əməkdaşlığın təşviqidir. Əgər gələcəkdə regional inteqrasiya dərinləşərsə, bu platformaların rolu da arta bilər”.
Cənubi Qafqaz Parlament Assambleyasının yaradılması perspektivində nəzərdən keçirilə biləcək məsələdir:
“Uzunmüddətli sülh və sabitliyin təmin olunması region ölkələrinin hər birinin marağındadır. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Gürcüstan da öz ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində fəaliyyətini davam etdirir” – R. Nəbiyev sonda bildirib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva Azərbaycan ilə Ermənistan arasında praktik əməkdaşlığın qurulmasının vacibliyinə toxunub:
“Cənubi Qafqazda yeni siyasi reallıq formalaşır və bu reallıqda əsas rolu artıq bəyanatlar deyil, real əməkdaşlıq addımları oynayır. İstər ikitərəfli, istərsə də çoxtərəfli formatlardan asılı olmayaraq, istənilən əməkdaşlığın effektivliyi bir əsas prinsipdən asılıdır. Bu da ondan ibarətdir ki, bu əməkdaşlıq formal deyil, məzmunlu və real olmalıdır”.
Deputat bildirib ki, Azərbaycan bu yanaşmanın effektivliyini illərdir sübut edir və bunun ən bariz nümunəsi Azərbaycan–Gürcüstan–Türkiyə üçtərəfli əməkdaşlıq modelidir.

Ermənistanla əvvəllər mümkün olmayan təmaslar formalaşır:
“Bu proses parlament müstəvisində də özünü göstərməyə başlayır. Son dövrlərdə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin beynəlxalq parlament təşkilatları və çoxtərəfli platformalar çərçivəsində görüşləri baş tutub. Bu təmaslar hələlik epizodik xarakter daşısa da, parlament diplomatiyasının formalaşması, kommunikasiya kanallarının açılması və qarşılıqlı etimadın tədricən gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
S. Fətəliyeva vurğulayıb ki, Cənubi Qafqaz Parlament Assambleyası kimi institusional mexanizmlərin yaradılması dayanıqlı siyasi baza, formalaşmış etimad və praktiki əməkdaşlıq təcrübəsi tələb edir. Bu şərtlər olmadan istənilən platforma formal xarakter daşımaq riski ilə üzləşə bilər:
“Bu proses zaman, ardıcıllıq və konkret öhdəliklərin yerinə yetirilməsini tələb edir. Sülh müqaviləsinin imzalanması üçün şərtlər məlumdur və onların icrası birbaşa Ermənistan tərəfinin siyasi iradəsindən asılıdır. Bu kontekstdə Ermənistanda daxili siyasi dinamika da xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı seçkilərin nəticələri və ümumi siyasi kurs göstərəcək ki, İrəvan qarşıdurma məntiqindən əməkdaşlıq məntiqinə keçidə nə dərəcədə hazırdır. Cənubi Qafqazda regional əməkdaşlığın potensialı danılmazdır. Lakin bu potensialın reallaşması yaradılan formatların sayından deyil, real qarşılıqlı fəaliyyətin dərinliyindən asılı olacaq. Məhz buna görə də, hazırkı mərhələdə əsas vəzifə, ilk növbədə Azərbaycan ilə Ermənistan arasında praktik əməkdaşlığın qurulmasıdır” – deputat deyib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Zaur Şükürov saytımıza açıqlmasında Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişaf mərhələsi keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və bir çox istiqamətlərdə, xüsusilə enerji və nəqliyyat sahələrində hər iki dövlətin maraqlarına cavab verən səmərəli əməkdaşlıq davam etdirildiyini bildirib.
Lakin o qeyd edib ki, Ermənistan tərəfindən torpaqlarımızın uzun müddət işğal altında saxlanması və bu işğal faktının regionda sülh və inkişafa əsas təhdid olması səbəbindən istər bu ölkə ilə ikitərəfli əsasda, istərsə də üç Cənubi Qafqaz dövləti arasında üçtərəfli formatda, o cümlədən parlamentlərarası əməkdaşlığın qurulması mümkün olmamışdır.
"İki ölkə arasında münasibətlərdə əsas maneə Ermənistan Konstitusiyasına edilməli olan dəyişiklikdir:
Deputat bildirib ki, sülh sazişi imzalanıb ratifikasiya edildikdən sonra diplomatik əlaqələr və əməkdaşlıq mümkün olacaq, bunun üçün isə Ermənistan maneələri aradan qaldırmalı və revanşist-separatçı qüvvələrin qarşısını almalıdır".

Zəngəzur dəhlizinin açılması fonunda inteqrasiya qaçılmazdır:
“Cənubi Qafqaz bu gün tarixi bir transformasiya dövrünü yaşayır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi nəticəsində regionda yeni geosiyasi, geoiqtisadi reallıqlar yaranması, kommunikasiya xətlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar iqtisadi inteqrasiyanı qaçılmaz edir”.
Deputat bildirib ki, Ermənistan cəmiyyəti inkişaf və əməkdaşlıq istəyirsə, etnik düşmənçilik, separatçılıq və revanşizm ideyalarından imtina etməlidir, yalnız bundan sonra, üç Cənubi Qafqaz dövlətlərinin iştirakı ilə üçtərəfli formatda, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın qurulması mümkün ola bilər.