Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin deputatlarını ölkəyə qarşı təzyiq və şantajda ittiham edib.
Modern.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, Avropa Parlamentində Gürcüstanla bağlı səsləndirilən bəzi çağırışlar ölkəyə qarşı təzyiq xarakteri daşıyır:
“Avropa Parlamentinin deputatları Gürcüstanda azad mediaya hücum edir, vizasız rejimin mümkün dayandırılması məsələsini gündəmə gətirirlər. Bu, gürcü xalqına qarşı şantaj və rüsvayçılıqdır. Avropa Parlamentində Gürcüstanla bağlı qəbul edilən hesabatda “İmedi”, “Rustavi 2” və “PosTV” telekanallarına sanksiya tətbiqi və Gürcüstan vətəndaşları üçün vizasız rejimin mümkün dayandırılması məsələsi də yer alıb. Avropa Parlamenti yaxın zamanda Gürcüstanla bağlı yeni qətnamə qəbul etməyə hazırlaşır".
Kobaxidze həmçinin Avropa bürokratiyasını ölkədə xaos yaratmaq cəhdində ittiham edib:
“Avropa bürokratları Gürcüstanda qarışıqlıq və xaos görmək istəyir, bunun üçün müxtəlif vasitələrdən, o cümlədən Avropa İttifaqına inteqrasiya prosesindən təzyiq aləti kimi istifadə edirlər. İrəvanda keçirilən Avropa liderlərinin sammitində iştirakıma gəldikdə, ölkənə qarşı düşmən münasibət olsa belə, milli maraqları qorumaq üçün praqmatik və diplomatik olmaq lazımdır”.