Modern.az

Azərbaycan sülh gündəliyinə sadiqdir

Azərbaycan sülh gündəliyinə sadiqdir

Ölkə

Bu gün, 18:07

“Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirildi. Dövlətimizin başçısı İlham Əliyevin tədbirdə videobağlantı formatında çıxışı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Prezident İlham Əliyevin bir il öncə Tiranaya səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına dəstəyi, tarazlı yanaşmanın saxlanılması üçün növbəti tədbirlərdən birinin Azərbaycanda keçirilməsi təklifi və bunun qəbul edilməsi regionda dayanıqlı sülhün, təhlükəsizliyin diplomatik addımlarla möhkəmləndiyini bir daha təsdiqləyir. Ermənistan da “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın sülh təcrübəsini bütün platformalardan dünyaya çatdırır: “Azərbaycan 44 günlük şanlı Qələbəmizdən sonra regionda dayanıqlı inkişafın, sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifini etdi və onun reallığa çevrilməsi istiqamətində səylərini artırdı. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzaladılar. ABŞ Prezidenti Donald Tramp şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Sülhün əldə olunması əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bu statistik rəqəmlərə diqqəti yönəltdi ki, indiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan, hətta, əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib”.

Malik Həsənov vurğulayıb ki, sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı Naxçıvanla birləşdirəcək: “Ermənistan və Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürünü bildirən cənab İlham Əliyev bu reallığı da xüsusi qeyd etdi ki, əfsuslar olsun heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır.

Reallıq budur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfərindən, birgünlük antiterror əməliyyatları nəticəsində suverenliyini tam bərpa etdikdən sonra ayrı-ayrı dövlətlər, bəzi qurumlar tərəfindən tənqid və təzyiqlərə məruz qaldı. Ölkəmizin şanlı Qələbəsini həzm edə bilməyənlər Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başladılar. Anti-Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilən Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinə qarşı təzyiqlərə başladı. Bəzi siyasi dairələr bu yolla ölkəmizlə diktə dilində danışa biləcəklərini düşünürdülər. Amma rəsmi Bakı ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti ilə bunun mümkünsüzlüyünü bir daha göstərdi. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bu qərəzli qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırdı. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında Azərbaycanın 2001-ci ilin yanvarından Avropa Şurasının üzvü olduğunu önə çəkərək bildirdi ki, nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”.

Millət vəkili qeyd edib ki, Avropa Parlamentinə gəldikdə isə bu qurum sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur: “İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. “Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi” söyləyən cənab İlham Əliyev bildirdi ki, Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatçılığa son qoyması və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb etməsidir. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib”.

Malik Həsənov bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiqliyini hər bir addımında təsdiqləyir. Ölkəmizin dayanıqlı sülhə və təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq səviyyədə dəstəklənir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta tədbir iştirakçılarına və videokonfrans vasitəsilə toplantıya qoşulan Prezident İlham Əliyevə təşəkkürünü bildirərək qeyd edib ki, bu toplantı tarixi səciyyə daşıyır, çünki onun keçirilməsi Ermənistan və Azərbaycan arasında razılaşma sayəsində mümkün olub. Bu razılaşma Avropada bir sülh hekayəsidir, eskalasiyanın və müharibənin hökmranlıq etdiyi bir dünyada alqışlanmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV