Azərbaycan və Ermənistan parlamentləri arasında əməkdaşlıq genişlənir.
Modern.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq bildirib.
Baş katib bildirib ki, regionda gedən sülh prosesi çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişaf etdirilməsində Parlamentlərarası İttifaq olaraq məmnundurlar.
“Prezident İlham Əliyevin sülh prosesinə şəxsi bağlılığını və Qarabağın azad edilmiş ərazilərinin inkişafına yönəlmiş səylərini yüksək qiymətləndirdim. Həmin bölgədə baş verən inkişafdan çox razıyam. Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşmağa çox yaxındır, iki ölkə arasında ticarətin və digər əməkdaşlığın bərpası baş verir”.
Martin Çunqonq budəfəki səfərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Vəzifədən ayrılarkən bilirəm ki, təşkilatımız sülh və qonşular arasında dinc yanaşı yaşamaq ideallarına sadiqdir. Münaqişələrlə dolu bir regionda Azərbaycan və Ermənistan arasında baş verənləri istisna hal kimi görürük və bunu təşviq etməliyik. Çünki regionun digər ölkələri daha dərin münaqişələrə doğru gedərkən, bu iki ölkə münaqişədən çıxır”,- o bildirib.
“Bu səfər mənim üçün təşəkkürümü bildirmək imkanı oldu. Həmçinin qeyd etmək istəyirəm ki, dünən Milli Məclisdə möhtərəm Sahibə Qafarova və həmkarları ilə çox səmərəli görüşlər keçirdim. Biz Parlamentlərarası İttifaq ilə Milli Məclis arasında əməkdaşlığı müzakirə etdik və razılaşdıq ki, bu əməkdaşlıq sabit şəkildə davam edir. Biz müxtəlif sahələrdə bu əməkdaşlığı davam etdirmək və möhkəmləndirmək öhdəliyimizi təsdiqlədik. O cümlədən, qeyd etdiyim kimi, Azərbaycan ilə Ermənistan Respublikası arasında körpülərin qurulması istiqamətində çalışmalıyıq ki, bu iki ölkənin xalqları harmoniyada yaşaya bilsinlər”, - o sonda vurğulayıb.