1904-1906-cı illərdə Şuşa qəzasının paytaxtı Şuşa şəhərində və ətraf kəndlərində (Kosalar, Xəlifəli, Kərkicahan, Quşçular, Nəbilər, Malıbəyli...) hay kilsəsinin təşkilatçılığı ilə hay-daşnak quldurları tərəfindən yerli müsəlman-türk əhalisinə qarşı törədilmiş soyqırımı və amansız qətliam faciələrindən qurtulan ailələrdən biri - Məşədi Muxtarın (1842-1934) ailəsi Bakı şəhərinin Bülbülə kəndində məskunlaşmışdı. Bir müddətdən sonra oğlu Əlişi (1868-1918) şuşalı qohumu Seyid Səkinə (1896-1918) ilə evləndirən Məşədi Muxtar gəlinini Şuşa şəhərindən Bülbülə kəndinə, “Qarabağlılar məhəlləsi”nə köçürmüşdü.
Ancaq taleyin və qəzavü-qədərin acı payı, faciəvi qisməti şuşalı ailəyə bu kənddə də nəsib olur.
Belə ki, 1918-ci ilin mart ayının ortasında qonşu Əmircan kəndində işə gedən Əliş Muxtar oğlu yolda bir erməni fəhləsi ilə rastlaşır, aralarında yaranan mübahisəyə Əlişin vurduğu bir şillə son qoyur. Amma, daşnak haya bir şillə təsir edərdimi? Həmin daşnak izə düşür, Əlişin yaşadığı evi gözaltına alır və erməni quldur dəstəsilə bir gecə ora hücum edir. Bütün ailə üzvləri olmaqla evdəkiləri amansızlıqla qətlə yetirirlər, sonra da qarət edirlər. Nəticədə, Əliş, Seyid Səkinə, uşaqları Qudrət, Həcər, Dostu, Mina, Rəsul faciəvi halda Şəhid olurlar.
Onları “Qarabağlılar məhəlləsi”nin arxasındakı qəbirstanlıqda dəfn ediblər.
İkimərtəbəli evin qaranlıq küncündə gizlənərək sağ qalan kiçik yaşlı Mobil Əliş oğlu ailənin erməni qətliamından qurtulan yeganə üzvü olur. Ancaq o da 1941-1945-ci il müharibəsindən geri qayıtmayıb.
1960-cı illərin əvvəllərində həmin qəbirstanlıq indiki yerə (“Qədir bağı” ilə Bülbülə gölünün arasına) köçürüləndə Məşədi Muxtarın, qohumları Ənvər və Zümrüdün da nəşi başqa yerdən gətirilərək burada dəfn edilib.
İndi Suraxanı rayonu Bülbülə qəsəbəsinin qəbiristanlığında bu Şəhid ailənin məzarı üstündə ucaldılan mərmər abidə o qanlı illərin unudulmayan xatirəsinə müqəddəs bir nişanədir.
(Yazının hazırlanmasında Əliş Muxtar oğlunun qardaşı oğlu Qəhrəman Cəfər oğlu Əliyevin (1946) məlumatından istifadə edilib.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
(050-372-60-08)