Özbəkistan hökuməti ölkənin ilk prezidentinin qızı, hazırda həbsdə yatan Gülnarə Kərimovanın 131 milyon dollarlıq əmlakının qaytarılması üçün İsveçrə ilə razılığa gəlib.
Modern.az xarici mətbuta istinadən xəbər verir ki, mənimsəmə və fırıldaqçılıq ittihamları ilə məhkum edilmiş Kərimovanın pulları 2012-ci ildən İsveçrə banklarında saxlanılır. Verilən məlumatlara görə, iki ölkə arasındakı razılaşma yaxın günlərdə rəsmiləşdiriləcək və bundan sonra sənəd artıq hüquqi qüvvəyə minəcək.
Aktivlər davamlı inkişaf və Özbəkistan vətəndaşlarının həyatının yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək layihələrə ivestisiya qoyuluşuna sərf ediləcək. İsveçrə hökuməti qeyd edib ki, bu maliyyə vəsaitlərinin xərclənməsi üzrə şəffaf monitorinq aparılacaq.
G.Kərimovanın 650 milyon isveçrə frankından çox (715 milyon dollar) pulu isə dondurulmuş olaraq qalır.
Bir neçə il əvvəl Özbəkistanda 48 yaşlı G. Kərimovaya qarşı iki cinayət işi açılıb. O, mənimsəmədə və vergilərdən yayınmada ittiham edilib.
Mart ayında Kərimova 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Hazırda o, Daşkənd yaxınlığında Zangiotin qadın həbsxanasında yatır.
G.Kərimova bir sıra ölkələrdə qaldırılmış cinayət işlərinin iştirakçısı sayılır. Bu cinayət işləri çərçivəsində onun təxminən on ölkədə mülkü və bank hesablarındakı yüz milyonlarla dolları dondurulub.