Amerika mətbuatı İranı ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfirinə sui-qəsd hazırlamaqda günahlandırır.
İddiaya görə, İran general Qasım Süleymaninin qətlinə cavab olaraq, amerikalı diplomat Lana Marksın aradan götürülməsi planında iştirak edir.
Modern.az xəbər verir ki, bu haqda məlumatı “Politico” qəzeti yayımlayıb.
Bir neçə mənbəyə əsaslanan mətbu orqanının müsahibləri səfirə qarşı hazırlanan sui-qəsd planından hələ yaz aylarından məlumatlı olduqlarını bildiriblər. Amma son həftələr bu məlumatlar daha da dəqiqləşib. Qəzetin yazdığına görə, bu sui-qəsddə İranın əli var və səfirə hücum Süleymaninin intiqamının alınması üçün nəzərdə tutulmuş variantlardan biridir.
Kəşfiyyat niyə məhz Marksın hədəf götürüldüyünü hələ müəyyən etməyib. Çox güman ki, bu seçimə səfirin ABŞ prezidenti Donald Trampla 20 illik şəxsi dostluğu təsir göstərib.
Hər iki ölkənin rəsmiləri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.