Almaniyanın Afrikadakı keçmiş koloniyaları soyqırımına görə təzminat tələb edirlər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Namibiya XX əsrin əvvəllərində alman müstəmləkəçiləri tərəfindən törədilən soyqırımına görə herero və nama qəbilələrinə kompensasiyanın verilməsi üçün Almaniya ilə danışıqları intensivləşdirmək istəyir. Bu yöndə danışıqlar beş il davam etsə də, heç bir nəticə əldə edilməyib. Üstəlik indi daha iki Afrika respublikası – Burundi və Tanzaniya da analoji tələblə çıxış edirlər. Ölkələr ümumilikdə on milyardlarla avro tələb edirlər.
Almaniya mətbuatı məsələnin son dövrdə yenidən aktuallaşmasını ABŞ-da afroamerikalının polislər tərəfindən öldürülməsindən sonra bir sıra ölkələri bürümüş “Black Lives Matter” (“qaraların həyatı mühümdü”) etiraz dalğası ilə əlaqələndirir.
Almaniyanın müstəmləkəçilik tarixi uzunmüddətli olmasa da, indiyədək ölkənin həyatına təsir edir. Almaniya İmperiyası 1885-1919-cu illərdə Afrikanın üç ən böyük koloniyasına sahiblik edirdi. Bunlar Almaniya Cənub- Qərbi Afrika (hazırda Namibiya), Almaniya Şərqi Afrika (Zanzibar adası istisna olmaqla Burundi, Ruanda və Tanzaniya) və hazırda Toqo, Hana və Kamerunu əhatə edən ərazilər idi.
Berlin öz koloniyalarını I Dünya müharibəsindəki məğlubiyyətindən sonra, Versal Sülh Müqaviləsinin şərtləri əsasında itirib.
Almaniya bu koloniyaları istila etdiyi zaman yerli sakinlərin müqaviməti ilə qarşılaşırdı. Toqquşmalar zamanı Şərqi Afrikada Məci-Məci üsyanı zamanı 300 min nəfər (1905-1907), Cənub-Qərbi Afrikada herero və nama yerli qəbilələrinin üsyanı zamanı isə 80 min insan (1904-1908) həlak olub.
1986-cı ildə BMT-nin məruzəsində bu hadisələr soyqırım olaraq qəbul edilib. 2004-cü ildə isə AFR-i özü də Namibiyadakı soyqırımı tanıyıb.