12 sentyabr - Ümumdünya İlk Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd olunur. 2000-ci ildən etibarən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrinin təşəbbüsü ilə hər il sentyabr ayının ikinci şənbəsi bu gün kimi keçirilir. Əsas məqsəd baş verən müxtəlif hadisələrdə insanların həyatını xilas etmək üçün həkimə qədər mülki şəxslərin necə yardım göstərməsini öyrətməkdir.
Düzdür, bu sahədə tibb işçiləri yardım göstərilər, lakin polis əməkdaşları və xilasedicilər də onlara kömək etməlidirlər. Lakin həyat göstərir ki, təcili tibbi yardıma əksər hallarda qəflətən ehtiyac yaranır. Bəzən vaxt qıtlığı səbəbindən bu yardımın tibbi təhsili olmayanlar tərəfindən yerinə yetirilməsi lazım gəlir. Ona görə də vaxtın hər anının dəyərli olduğu məqamlarda tez və qətiyyətli hərəkət etmək lazımdır.
Dünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən hər il dünyada baş verən yol qəzaları, yanıqlar, hündürlükdən düşmələr, boğulma kimi hadisələrin 10 faizi ölüm, 15 faizi isə əlilliklə nəticələnir. Həmin hadisələr zamanı dünyasını dəyişənlərin əksəriyyətini 15-45 yaş arasında olanlar təşkil edir.
İlkin tibbi yardımla bağlı maarifləndirmə işində Azərbaycan Qızıl Aypara Cəmiyyəti də aktiv iştirak edir. Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Fövqəladə Hallar Nazirliyi arasında 2006-cı ildə bağlanmış Anlaşma Memorandumuna əsasən, tərəflər respublikamızda fövqəladə hallar zamanı baş verə biləcək fəsadların, zərərin aradan qaldırılmasında, zərərçəkmişlərə vaxtında ilk yardım göstərilməsində, əhali arasında fəal iştirak edir.
Q.Əsgərzadənin sözlərinə görə, dünyanın 190 ölkəsində “İlk Yardım günü” qəzalar və ani xəstəliklər zamanı tibbi yardım gələnə qədər zərərçəkmişlərə edilə biləcək ilk yardım tətbiqləri haqqında cəmiyyətin maarifləndirməsi üçün tədbirlər həyata keçirilir. AzQAC hər il bu günü müxtəlif təhsil ocaqlarında, hərbi hissələrdə, sərhəd bölgələrində və eləcə də, insanların toplaşdığı parklarda ilk yardım vərdişlərini aşılamaq məqsədilə silsilə tədbirlər həyata keçirir. Bu il pandemiya ucbatından bu günü praktiki məşğələlər keçirilməsi mümkün olmasa da, insanlara bu barədə məlumatlar çatdırılıb.
Dünyada ilkin tibbi yardım xidməti hələ 19-cu əsrin sonlarında yaranıb. Azərbaycanda isə bu xidmətin tarixi hələ ötən əsrin 20-ci illərinə təsadüf edir. Bakı şəhər Təcili Tibbi Yardım stansiyası baş həkiminin müalicə işləri üzrə müavini İradə Əliyeva deyir ki, ilk tibbi yardım Nobel qardaşlarının neft buruqlarında təşkil olunub:
FƏHLƏLƏRƏ AT ARABASI İLƏ YARDIMA GƏLİBLƏR
“O vaxtlar fəhlələrə ilkin yardım üçün bu xidmət təşkil olunub. Quyularda boğulan, travma alan fəhlələrə ilkin tibbi yadım göstərilməsi üçün at arabaları ilə ora gedirlərmiş. 20-ci əsrin əvvəllərində Bakıda Ağ şəhər, Ramana, Qara şəhər və Bibi Heybətdə tibbi yardım göstərilib. Sonralar Sabunçu ərazisində bir həkim və iki akuşerin çalışdığı tibbi yardım xidməti fəaliyyət göstərib. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə təcili tibbi yardım xidmətinin inkişafına böyük diqqət göstərilməyə başlanılıb”.
Ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə təcili tibbi yardım xidmətinin inkişafına böyük diqqət göstərilməyə başlanılıb. Xüsusilə də son illər təcili tibbi yardım avtomobilləri parkı yenilənir, müasir tibbi avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələri əhaliyə xidmət üçün növbəyə buraxılır. Eyni zamanda, dərman təchizatı da ildən-ilə yaxşılaşdırılır, çeşid genişləndirilir, tibbi heyət müasir uniforma ilə təchiz edilir, həkim və orta tibb işçilərinin peşəkarlığı daha da artırılır.
Lakin buna baxmayaraq, təcili yardım xidməti həmişə hadisə yerinə vaxtında yetişə bilmir. Ona görə də xilasedicilər gələnə qədər zərərçəkənə ilkin tibbi yardım göstərilməsi həlledici rol oynaya bilər. Onu da başa düşmək lazımdır ki, heç kəs bədbəxt hadisədən sığortalanmayıb və hər birimiz zərərçəkən yerində ola bilərik.
FASİLƏSİZ XİDMƏT . İ.Əliyeva bildirir ki, Təcili və təxirəsalınmaz tibbi yardım gecə və gündüz, bayram və istirahət günləri bilmədən sutkanın 24 saatını fasiləsiz olaraq əhalinin xidmətindədir.
“Son aylar pandemiya ilə əlaqədar olaraq müraciətlərin sayı bir qədər azalmışdı. Çünki həmin dövrdə daha çox müraciətlər virusla yoluxanlarla görə idi. Əvvəllər gündəlik çağırışlarımız 2 mini keçirdi. İndi isə 2 minə yaxındır. İndi əhalinin yenidən şəhərə qayıtması, tədris ilinin başlaması ilə əlaqədar yenə çağırışlarımızın sayı artıb. Digər tərəfdən, mövsümlə əlaqədar olaraq yuxarı tənəffüs yollarını infeksiyaları da yaz-payız aylarından artır. Ona görə də çağırışların sayı artmaqdadır. Gündəlik reyslərə 138 təcili yardım briqadaları çıxarılır”.
Statistikaya əsasən, Azərbaycanda 79 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir və ötən il ərzində həmin müəssisələrdə 1 milyon 725 mindən çox xəstəyə ilkin tibbi yardım göstərilib. Ötən il kənd yerlərində 1775 tibb məntəqəsinə 2 milyon 586 mindən çox müraciət daxil olub.
Rəsmi məlumata əsasən, pandemiyanın ilk dövrlərində 103 xidmətinin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayının artması səbəbindən gündəlik növbəyə çıxan təcili yardım briqadalarının sayı artırılıb. Həmçinin, gündəlik xəttə çıxan sanitar avtomobillərin sayı 170-ə çatdırılıb. Hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 21 bölməsində ümumiyyətlə 2370 nəfərə yaxın həkim və orta tibb heyəti çalışır.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra edilən “Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.