Modern.az

Heydər Əliyev partiya sədrlərinin yaddaşında necə qalıb...

Heydər Əliyev partiya sədrlərinin yaddaşında necə qalıb...

Ölkə

Bu gün, 10:00

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Azərbaycan tarixində mühüm rol oynamış Heydər Əliyev müxtəlif siyasi düşərgələri təmsil edən şəxslərin yaddaşında təkcə dövlət başçısı kimi deyil, həm də fərqli xatirələrlə qalıb.

Modern.az saytı parlamentdə təmsil olunan siyasi partiya sədrlərinin Heydər Əliyevlə bağlı xatirələrini, onunla görüşüb-görüşmədiklərini və digər düşüncələrini öyrənib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin formalaşmasında rolu olan çox böyük şəxsiyyətdir. Azərbaycan dövlətçiliyiinin qorunub saxlanılmasında, möhkəmlənməsində və bugünkü qüdrətli ölkəyə çevrilməsində Heydər Əliyevin xidmətləri misilsizdir. Heydər Əliyevin Azərbaycana rəhbərliyi iki dövrə təsadüf edib: sovet dövrü (1969-1982) və müstəqillik dövrünə (1993-2003).
1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. Mübaliğəsiz demək olar ki, o, Azərbaycanı düşdüyü çox böyük bəlalardan xilas etmiş oldu. Onun qətiyyətli siyasəti o zamankı siyasi xaosun və vətəndaş müharibəsinin qarşısını aldı. Dövlət və hökumət strukturlarının möhkəmləndirilməsi, iqtisadi qüdrətimizin artırılması, ölkəmizin dünyada tanıdılması və balanslaşdırılmış xarici siyasətlə Azərbaycanın faktiki olaraq bugünkü qüdrətli dövrünə gəlib çıxmasında Heydər Əliyevin xidmətləri misilsizdir. Xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın iqtisadi potensialdan istifadə etməsində mühüm rol oynadı və onun beynəlxlaq təhlükəsiliyinin qarantı oldu.

 Heydər Əliyevlə mənim bir sıra xatirələrim var. Onu ilk dəfə 1981-ci ildə 16 yaşım olanda indiki Bakıxanov qəsəbəsinə gələndə görmüşdüm və fikirləri ilə tanış oldum. İkinci xatirəm isə 5 il sonraya -1986-cı ilə təsadüf edir. Belə ki, o vaxt ziyalıların övladlarının Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsinə sənəd verməsi qadağan edilmişdi. 5 il ərzində apardığımız mübarizəyə baxmayaraq, mənim də sənədlərim qəbul edilmədi. Həmin il Heydər Əliyevin Moskvadan Bakıya gəlişi xoş bir təsadüf oldu. Valideynlərimin onunla görüşündən sonra, bu qadağa aradan qaldırıldı. Bununla da təkcə mənim üçün deyil, həmin il Hüquq fakultəsinə qəbul olunmaq istəyən bir çox gənc üçün şərait yaradılmış oldu. Sənədlərin qəbulunda olan mane aradan qaldırıldı. Çox xoş xatirədir. Hər zaman bunu xatırlayıram. Heydər Əliyev çox böyük tarixi şəxsiyyətdir. Bir daha deyirəm ki, Azərbaycan dövlətinin bugünkü qüdrətinə çatmasında, formalaşmasında Heydər Əliyev misilsiz xidmətləri olub. Onun xatirəsi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq. Allah rəhmət etsin”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı: “Mən Heydər Əliyev haqda bir neçə dəqiqəlik xatirə danışa bilmərəm. Mən Heydər Əliyevlə bağlı xatirələrimi iri həcmli kitabda - “Ölüm son deyil”də yazmışam. Mən bütün xatirələrimi orada geniş şəkildə qeyd etmişəm”.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev: “Təəssüf ki, onunla görüşüm olmayıb. Səhv etmirəmsə 1992-ci il idi. İndiki 28 Mall-ın (o zaman hasarlanmış sahə idi) qarşısı idi və piyada gəzirdi, hamı başına toplaşmışdı. Mən də tələbə idim, təsadüfən oradan keçirdim. Yaxınlaşmaq istədim, amma camaat sıxışdırıb kənara atdı. İkinci dəfə, yenə tələbə idim, o, xalqı Prezident Administrasiyasının qsrşısına çağırdı və mən də getdim. Üçüncü dəfə isə Azadlıq meydanında mitinq oldu və Heydər Əliyev çıxış edərək Surət Hüseynovun xəyanəti haqqında danışırdı.
Mən isə o zaman Assosiated Press agentliyinə elə meydanda tərcümə edirdim. Doğrusunu deyim, çətinliklə, çünki o zaman birinci kurs tələbəsi idim və ingilis dilini mükəmməl bilmirdim. İndi şükür Allaha, az qala ana dili qədər bilirəm. Xatirimdə qalanlar bunlardır”.

Ana Vətən Partiyasının sədri Günay Ağamalı: “Mərhum atam Fəzail Ağamalı Ulu öndər Heydər Əliyevi dövlət anlayışının özü kimi təqdim edirdi. Deyirdi ki, Ümummilli lider Heydər Əliyev dövlətin taleyinə çevrilmiş şəxsiyyətdir. Atamın tez-tez xatırlatdığı bir fikir vardı: “Azərbaycanın ən ağır dövründə xalqımızın özünə inamını qaytaran tarixi şəxsiyyət Heydər Əliyev oldu”. Atam 90-cı illərin mürəkkəb və təhlükəli mərhələlərindən danışanda Ulu öndər Heydər Əliyevin qətiyyətini, siyasi iradəsini və xalqa olan sevgisini xüsusi vurğulayardı. Deyirdi ki, həmin dövrdə dövlətçilik Azərbaycanın var olub-olmamaq məsələsi idi.

Fəzail Ağamalı söhbətlərində Ulu öndər Heydər Əliyevin insanlarla münasibətindən də danışardı. Qeyd edirdi ki, böyük lider olmaq üçün güclü siyasətçi, xalqın psixologiyasını, ağrısını, gözləntisini hiss etmək lazımdır. O deyirdi ki, Ümummilli liderin ən böyük üstünlüklərindən biri xalqı dinləməyi və zamanı qabaqlayan qərarlar verməyi idi.

Atam üçün Heydər Əliyev məktəbi dövlətə sədaqət məktəbi idi. Fəzail Ağamalı hər zaman deyərdi ki, dövlət maraqları şəxsi maraqlardan üstün tutulmalıdır. Onun fikrincə, Azərbaycanın bu gün regionun güclü dövlətinə çevrilməsinin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi strateji yol dayanırdı.

Fəzail Ağamalının Ulu öndərimiz Heydər Əliyevlə bağlı söhbətləri, xatirələri göz önümüzdə canlanır. O, Heydər Əliyevi hər zaman xüsusi ehtiramla yad edərdi. Deyirdi ki, xalqımızın ən çətin, ən taleyüklü günlərində Azərbaycanın nicatına çevrilən məhz Heydər Əliyev oldu. Onun qətiyyəti, uzaqgörənliyi və dövlətə sonsuz sədaqəti Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, xalqımızın inamını qaytardı. Fəzail müəllim üçün Ulu öndər dövlətçilik iradəsinin, milli birliyin və xalq sevgisinin təcəssümü idi. Bu gün də Ulu öndərin müəyyən etdiyi yol Azərbaycanın inkişafında yaşayır, onun adı xalqımızın yaddaşında əbədiyaşar lider kimi hörmətlə anılır. 
Atam hər zaman xüsusi vurğulayardı ki, Ulu öndərin siyasi kursunun ən böyük davamçısı möhtərəm cənab İlham Əliyevdir. Onun fikrincə, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Heydər Əliyev ideyalarının müasir dövrdə daha da güclənməsi və yeni tarixi yuksəlişlərlə zənginləşməsidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Fəzail müəllim üçün ən böyük qürur mənbələrindən biri idi. O deyirdi ki, ata vəsiyyətini yerinə yetirən, xalqın milli qürurunu özünə qaytaran lider kimi dövlət başçımız cənab İlham Əliyev Azərbaycan tarixində xüsusi yerə sahibdir. Azərbaycan regionda və beynəlxalq müstəvidə güclü və söz sahibi olan dövlətə çevrilibsə, bunun əsasında Heydər Əliyev siyasi məktəbi və həmin siyasi xətti uğurla davam etdirən ölkə rəhbərimiz İlham Əliyevin qətiyyətli rəhbərliyi dayanır. Fəzail müəllim Qərbi Azərbaycan məsələsinə də xüsusi həssaslıqla yanaşardı. O deyərdi ki, bu mövzu tarixi yaddaş, milli kimlik və ədalət məsələsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə daha da gündəmə gətirilməsi, soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində aparılan ardıcıl siyasət milli iradənin və tarixi ədalətə söykənən mövqenin göstəricisidir. Atam söyləyərdi ki, Azərbaycan xalqının milli məsələlərdə göstərdiyi prinsipial mövqe gələcək nəsillər üçün də mühüm mənəvi dayağa çevriləcək”.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV