"Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində müstəsna yeri və xidmətləri olan, zamanın axarını əlverişsiz bir şəraitdə öz xalqının xeyrinə dəyişməyi bacaran, tarix yaradan nəhəng tarixi şəxsiyyətdir.
Bütün xalqların tarixində və taleyində mühüm rol oynayan, onların inkişafını təmin edən liderlər olub və həmişə də olacaq. Amma bəşər tarixində öz xalqının manefeyi naminə tarixin, nəhəng ictimai-siyasi proseslərin axarını dəyişən, tarix yaradan şəxsiyyətlərin sayı çox azdır. Belə şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir".
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərkmli deyib.
Millət vəkili bildirib ki, Ümummilli Liderin ilk dəfə siyasi hakimiyyətə gəlişindən sonra, qeyri-rəsmi olaraq SSRİ-nin “ucqar əyalət-respublikası” statusunun daşıyıcısı olan, ittifaq daxilindəki siyasi və mədəni proseslərdən kənarda saxlanılmış Azərbaycanda milli inkişaf mərhələsinin əsası qoyulub:
"Heydər Əliyevin 1969-cu ilin iyulun 14-dən başlayaraq atdığı bütün addımları, qəbul etdiyi bütün qərarları sıralasaq, dərin qatlarda onların bir-biri ilə bağlı olduğunu və vahid bir strategiyaya söykəndiyini müəyyənləşdirə bilərik.
Müstəqilliyinin ilk illərində isə, bütün mövcud idarəçilik mexanizmləri sıradan çıxarılmış, xaosa, qütbləşməyə yuvarlanmış, müqavimət hissi tükənmiş, enerjisini uğursuz, təsadüfi siyasətçilərin bəsit qarşıdurmalarına sərf edərək taqətdən düşən, reallıqda məhvə məhkum edilmiş bir ölkəni, cəmiyyəti yenidən xilas edərək ayağa qaldıran, birləşdirən, dirçəldən bu dühanın, tarixi şəxsiyyətin dərin zəkası, qətiyyəti, cəsarəti, idarəçilik məharəti ilə yanaşı, onun öz xalqına, Vətəninə olan sonsuz sevgisinə də heyran qalmamaq olmur. Bəlkə də Ulu Öndərin canından artıq sevdiyi doğma yurdunu, Vətənini özü qədər inandığı övladına əmanət etməsinin sirrini də elə burada, sonsuz, nəhayətsiz sevgidə axtarmaq lazımdır".

Deputat vurğulayıb ki, bu gün Azərbaycan, həm də Heydər Əliyevin doğru seçimi, inamı, etimadı, uzaqgörənliyi nəticəsində bütövləşib, suverenliyi bərpa olunub:
"Bu baxımdan, Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı ən böyük tarixi xidmətlərindən biri də Ulu Öndərin ölkəni, onun ərazi bütövlüyünü, suverenliyini bərpa edə bilən, bütün maneələri məharətlə dəf edən, güclü, qətiyyətli, prinispial siyasi liderə əmanət etməsidir.
Bu gün Azərbaycanın əldə etdiyi bütün uğurlarda Ulu Öndərin izi görünür. Azərbaycan xalqı və dövləti var olduqca Heydər Əliyevin nəhəng tarixi xidmətləri unudulmayacaq".