Asılılıq nəyinsə pis yöndə inkişafı deməkdir. İstər ruhi, istərsə də fiziki asılılıq olsun. Birmənalı olaraq bu, pis vərdişdir. Ruhi asılılığa nələr daxildir: Günümüzün əsas mövzularından olan internet, bir insana (ata, ana, həyat yoldaşı, övlad, çox istədiyin dost və s.) olan asılılıq. Fiziki asılılıq isə özündə siqaret, spirtli içkilər və bu qəbildən olan digər vasitələri ehtiva edir. Mənsə nə ruhi, nə də fiziki asılılıqdan bəhs etmək niyyətində deyiləm. Məqsədim müraciət etdiyin, yaxud təsadüfi ya da daimi münasibətdə, ünsiyyətdə olduğun insanların sənə ondan asılı kimi yanaşmalarıdır. Uşağın məktəblidirsə, deməli, müəllimdən, xəstəsənsə həkimdən, işçisənsə müdirdən, arayış almaq istəyirsənsə məmurdan və s. asılısan. Bəlkə düz demirəm, buna asılılıq yox, yaltaqlıq da demək olar. Hansı ki, yaltaqlıq müəyyən bir anı, məqamı seçmək bacarığıdır. Sən də «ağıllısansa» həmin anı, məqamı seçir və istəyinə çatırsan, vəssalam. Mənim bildiyim budur ki, harada işləməyindən, hansı peşəni daşımağından asılı olmayaraq, insanlarla etik normalar çərçivəsində danışmalı, onları incitməməli, qarşındakını müti yerinə qoyub özündən asılı vəziyyətə salmamalısan. “Başına gələn başmaqçı olar”, - deyiblər. Yay məzuniyyətində uşağın müalicəsi üçün həkimlərə müraciət etməli oldum və gördüklərimdən dəhşətə gəldim. Aman Allah! Kobud rəftar, özündənrazı cavablar… Bəs nə etməli? Jurnalistliyini işəmi salmalı? Yox, ən yaxşısı sakitcə olanları seyr etməkdir. Məqamı deyil. Sən jurnalistsən, bəs yanındakı? Sən hüquqlarını müdafiə edib, qələmini işə sala bilərsən, bəs əlinə qələm ala bilməyənlər, adi, sadə vətəndaşlar? Öncə oradan başlayım ki, indi uşaqlarda (elə böyüklərdə də) qurd təmizləməyin başqa yolu tapılıb. Daha qurdlar dədə-baba qaydası ilə yox, müasir aparatlar vasitəsilə aradan qaldırılır. Öncə müayinə edirlər, kompyuter qurdların növünü müəyyən edir, sonra da ona uyğun olaraq başlayır təmizləməyə. (Bu ayrıca araşdırma mövzusudur) Qiymətləri də maşallah! Biz də müayinə olunduq və məlum oldu ki, qurdlar ancaq 6 seansa məhv ediləcək. Dediyi kim etdik. İnsan əlindən tərpənməyin mümkün olmadığı klinikaya 6 dəfə getdik və şahidi olduğum çoxsaylı olaylar sırasına müalicəyə gələnlərin bir-birindən «bilmirsiniz, bunun xeyr var?» sualı başçılıq etdi. Hələ bu harasıdır. Növbə də boş şeydir. İstəyir sonuncu ada mol, tibb bacısının göz kimi tutursa, onu dəvət edir. İrad tuturam. Gözlərini süzdürür. Az qalır üstümə hücum edib desin ki, «kəs səsini»». Mənsə kəsmirəm. Deyirəm, pulumu ödəmişəm, hamıdan tez gəlmişəm… Sən saydığını say, gör fələk nə sayır. Dinləmək istəmir. Qımqıması da öz yerində. Axı o belə öyrəşib. Bilir ki, mən daha bir neçə gün onlara müraciət etməliyəm, bunun üçün onun istənilən hərəkətləri qarşısında baş əyməliyəm ki, uşağımın qurdlarını daha yaxşı təmizləsinlər, mənə xoş üz göstərsinlər. Mənim kimisi də səsini qaldırıb, haqqını tələb edəndə olur pis, ənənəni pozmuş adam. Nə başınızı ağrıdım, tibb bacısı ilə ağız-göz olduğum gündən sonra oraya ayaq basdığım daha 5 gündə arzuolunmaz şəxs olduğumu hər saniyə hiss etdim. İnsanlar da bu münasibətləri görməsinlər deyə, həkimin, tibb bacısının, nə bilim hansısa məmurun, səlahiyyətlinin yeri gəldi-gəlmədi üzünə gülməyə və hərəkətlərinə haqq qazandırmağa başlayırlar. İşləri getsin, davaya düşməsinlər deyə...
Bəxtim onda gətirib ki, ünsiyyət qurduğum bircə qonşum var ki, o da eynilə mən xasiyyətlidir. Danışır ki, oğlunun oxuduğu sinifdə 30 uşaq və xarakterinə görə fərqlənən yeganə valideyn də odur. Müəllimlə ünsiyyətdə neqativ heç nəyə yol vermir, ancaq haqq-ədalət tələb edir.. və s. Elə bunun üçün də müəllimlərin nəzərində ən «demaqoq», ən pis valideyndir. Çünki heç nəyə baş əymir, bayırda başqa, sinifdə başqa söz danışmır, uşağının halal haqqını və qiymətini istəyir, sonda da məlum olur ki, övladı yolunda saçlarını ağartmış valideynin övladı, sən demə, sinfin ən pis oxuyanı imiş…
Yazını kompyuterin yaddaşına köçürə-köçürə yadıma başqa bir əhvalat da düşdü. Tanışlarımdan birinin uşağı musiqi məktəbində oxuyur. Piano öyrənir. Üstəlik, uşağı əlavə müəllim yanına da qoyublar ki, effekti daha yaxşı olsun. 7 yaşlı uşaq ona verilən bütün tapşırıqların öhdəsində gəlir, imtahan üçün 4 klassik əsər öyrənir. Sonda nə baş verir? İmtahan vaxtı uşağın boyunun balaca olması direktorun xoşuna gəlmir və ondan heç nə soruşmadan 3 yazır. Uşaq da başlayır ağlamağa. Valideyn isə haqq-ədalət tələb edir, səs-küy yaradır və məktəb kollektivinin «qara siyahısı»na yazılır…
Yazını bir türlü tamamlaya bilmirəm. Tanışlarımdan biri də danışır ki, bağça müəllimləri ilə «dil» tapa bilmədiklərinə görə tədbirlərin birində 25 uşağa paltar tapılır, bircə həmin valideynin uşağına yox. Tədbirdə hamı gülür, şənlənir, həmin uşaqsa kənardan bu mənzərələri tamaşa edir. Müəllimsə heç nə olmamış kimi davranır…
Nə isə mətləbdən çox uşaqlaşdım. Amma uzaqlaşmaq istəmədiyim bircə məqam var. Gəlin, hər birimiz haqq səsimizi ucaltmaqdan çəkinməyək. Axı, tək əldən heç vaxt səs çıxmır…