Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulması ilə bağlı məsələ yenidən gündəmdədir.
Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı gündəmə gəlib.
Bu məqsədlə təşkilatda “tərəfdaş ölkə” institutu yaradılması təklif olunub. Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiyası üzrə Komitəsinin sədri Leonid Kalaşnikov iddia edib ki, bu formata ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır.
Daha əvvəl Rusiya xarici işlər nazirini müavini Rudenko da Azərbaycanın KTMT-yə qoşulması məsələsini gündəmə gətirmişdi. O demişdi ki, Azərbaycanın KTMT-yə qoşulmasına mane ola biləcək yeganə məqam təşkilatın nizamnaməsinin bəzi bəndləridir:
“Həmin bəndlər təşkilat üzvü olan ölkələr arasında diplomatik münasibətləri ehtiva edir. Azərbaycanla Ermənistan arasında isə hazırda belə münasibətlər yoxdur. Həmin münasibətlər yaranan kimi bunun gec və ya tez baş verəcəyinə ümid edirik”.
Bəs Azərbaycan KTMT-yə qoşulmaqda maraqlıdırmı və bununla bağlı müraciət edibmi?
Siyasi ekspert İlyas Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın KTMT-yə üzv dövlət kimi qoşulması uzun müddətdir ki, gündəlikdədir:
“Kollektivlik Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsasını təşkil edən müqaviləyə əsasən, üzv ölkələr başqa ölkələrə güc tətbiq etməkdən və hədələməkdən çəkinməlidir. KTMT-yə üzv ölkələrin qarşısında belə bir öhdəlik var və bu, təşkilatın nizamnaməsində öz əksini tapıb. İlk olaraq buna əməl olunmalıdır. Azərbaycanın media seqmentinə bu cür məlumatlar ötürülür ki, ictimai rəy öyrənilsin. Yayılan məlumatlar ictimai nəbzi ölçmək, yoxlamaq üçün atılan bir addımdır. İşğal dövründə KTMT-yə üzv olmaq da münaqişənin tənzimlənməsi istiqmətində atılan bir addım kimi görünürdü. Bu, daha çox rəsmi Moskvanın həll variantı kimi irəli sürülmüşdü. Bu variant ətrafında da müxtəlif təzadlar var idi, fikirlər birmənalı deyildi. Digər cəhətdən, bu məsələ Ermənistanı da narahat edirdi. Ermənistan dəfələrlə çıxış etmişdi ki, Azərbaycanın təşkilata üzvlük məsələsi qalxarsa, Yerevan veto hüququndan istifadə edəcək. Lakin Azərbaycan tərəfi də KTMT-yə üzv olmaq üçün heç vaxt tələsməyib”.
Ekspert bildirib ki, Azərbaycanın torpaqlarını işğal altında saxlayan bir dövlət ilə hərbi əməkdaşlıq etmək yolverilməzdir:
“Azərbaycan həm də Qoşulmama Hərəkatının (QH) üzvüdür. Hazırkı durumda hərəkata sədrlik edirik. Qoşulmama Hərakatı ilə yüksək səviyyədə münasibətlər var, Azərbaycan bu hərakata öz töhfələrini verib və münasibətlərdən hər iki tərəf məmnundur. Bu təşkilata üzvlülük Azərbaycana hər bir hərbi təşkilata və bloklara qəbul olunmasını da istisna edir. Ona görə də, biz nə NATO-nun, nə KTMT-nin, nə də digər təşkilatların hər hansısa hərbi bloklarına üzv ola bilərik. Bu Qoşulmama Hərakatının həm də tələbləridir. Bizim regionda yürütdüyümüz balanslı siyasətdə bu təşkilata üzvlülüyümüz siyasi kursumuzu da müəyyən edir. Buna görə də, Azərbaycanın KTMT-yə üzvlüyü məhz bu səbəbdən mümkün deyil, digər tərəfdən Ermənistanın sərhədlərin tanınması məsələsinə müsbət və birmənalı yanaşmaları gözlənilir. Gözləməliyik ki, sərhədlərimiz tanınsın, Azərbaycan tərəfindən təklif edilən qaydalar qəbul olunsun. Lakin bu proseslər bitəndən sonra Azərbaycan yekun qərarını verə bilər. Heç kimin diktəsi ilə də Azərbaycan heç bir təşkilatın üzvü ola bilməz. Əsas məsələ milli maraqlar və ərazi bütövlüyü konteksində məsələlərə yanaşılmasıdır”.
Aysel Məhərrəm