Modern.az

Heydər Əliyev düşüncəsində milli ideologiya konsepti

Heydər Əliyev düşüncəsində milli ideologiya konsepti

Aktual

Bu gün, 15:20

Demokratik və bəşəri dəyərlər kontekstində

Doğumunun 103-cü ildönümünü böyük ehtiram və sevgi ilə qeyd etdiyimiz  Ümummilli Lider Heydər Əliyevin fiziki yoxluğundan bizi ayıran zaman onun şəxsiyyətinə olan qlobal marağı daha da artırmışdır. Ulu Öndərin siyasi dühasının ayrı-ayrı çalarlarını dərindən öyrənməklə bu qüdrətli şəxsiyyətin timsalında siyasi palitranın daha da zənginləşməsinə töhfə vermiş olarıq. 

Milli ideologiyanın əsas komponenti

Araşdırmamızda müstəqil Azərbaycanın milli ideologiyasının formalaşması kontekstində və tarixi ənənələr, bəşəri və demokratik dəyərlər fonunda Heydər Əliyevin irəli sürdüyü konsepti dəyərləndirəcəyik. Televiziyaya müsahibələrindən birində Heydər Əliyev milli ideologiya ilə bağlı məsələyə toxunarkən söyləmişdi: "Mən hesab etmirəm ki, biz kommunist ideologiyası kimi xüsusi bir ideologiya yaratmalıyıq. Əlbəttə, yox. Ancaq bizim xalqımızın, millətimizin hansısa ideoloji prinsipləri olmalıdır. Bu prinsiplər mütləq olmalıdır və formalaşmalıdır. Onların əsasını bizim Konstitusiya təşkil edir. Ancaq Konstitusiyada bu mənada çatışmayan cəhətlər var. Çünki bizim xalqımızın, millətimizin tarixi milli-mənəvi ənənələri var. Xalqımızın əxlaqi mentaliteti var. Onlardan biz heç vaxt uzaqlaşa bilmərik. Bunları unuda bilmərik. Əgər biz onları unutsaq, sırf demokratik dövlətin prinsipləri ki var, Avropada, Amerikada da var, biz əsas kimi bunları götürsək, Azərbaycanın milli xüsusiyyətlərini nəzərə almasaq, biz milli xüsusiyyətləri itirə bilərik. Ona görə milli mənəviyyatımızı, milli varlığımızı, milli mənliyimizi inkişaf etdirmək üçün, şübhəsiz ki, müasir tələblərə uyğun inkişaf etdirmək üçün, bizim xalqımızın, ölkəmizin milli ideologiyasının əsasları olmalıdır. Ona görə də mən buna fikir verirəm. Bu barədə mən ilk dəfə deyil, əvvəllər də öz fikirlərimi bildirmişdim. Ancaq Yeni Azərbaycan Partiyasının altıncı ildönümündə mən bu fikirləri bir az da konkretləşdirdim və formalaşdırdım. Hesab edirəm ki, biz gələcəkdə də bu məsələlərə diqqət yetirməliyik. Bu məsələlər bizim siyasi həyatımızda, ictimai həyatımızda, mənəvi həyatımızda görkəmli yer tutmalıdır". 

Qeyd etməliyik ki, Prezident İlham Əliyevin tez-tez vurğuladığı "qalib dövlət və qalib xalq" anlayışı Heydər Əliyevin yaratdığı milli ideoloji konseptin tərkib hissəsi və təkmil mərhələsidir. 

Heydər Əliyevin milli ideoloji konseptinin əsasını müstəqillik ideyası təşkil edir. Lakin bu, sırf nəzəri konsept deyil, elmi-nəzəri və praktik konseptdir. Buraya birinci növbədə müstəqil dövlət kimi mövcud olmaq aiddir. Eyni zamanda daxili və xarici siyasətdə, ictimai-siyasi, sosial-iqtisadi sahədə həyata keçirilən dövlət siyasətinin milli ideologiyanın üzərində qurulması əsas götürülür. 

Heydər Əliyev "milli ideologiya nədir" sualına cavab olaraq aşağıdakı tezisləri irəli sürür. Birinci, dövlətçilik ənənələrinin qorunması. Dövlətçilik şüuru ilə yaşamaq bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək kimi ideya və əməli fəaliyyətə əsaslanır. İrəli sürülmüş tezisə əsasən, dövlətçilik hər bir vətəndaşın qəlbində, şüurunda və düşüncəsində olmalıdır. Hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır, eyni zamanda siyasi platformalarda, bütün dövlət orqanlarında təbliğat Azərbaycanda dövlətçiliyin inkişaf etdirilməsinə yönəlməli, hər bir vətəndaş da milli vətənpərvərlik hisslərini yaşatmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, o, milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun. 

Heydər Əliyev nümunə kimi bizə milli-mənəvi dəyərlər və etnik baxımdan eyni soy-kökə malik Türkiyə dövlətini seçir, Türkiyədə insanlarda milli vətənpərvərlik, vətənə sədaqət hissinin çox yüksək olmasını əsas gətirir, Türkiyə dövlətini ayaqda saxlayan amillərdən biri kimi milli vətənpərvərlik, milli qürur hissinin yüksək olmasını göstərir. Heydər Əliyev hər bir fərdin bu mənada məsuliyyətini ayrıca qeyd edir. Hesab edir ki, hər bir vətəndaş öz vətəninə, millətinə, xalqına, ana dilinə görə milli qürur hissi keçirməli, azərbaycanlı olması ilə fəxr etməlidir. Məşhur "Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" ifadəsi də məhz bu ideoloji konsepsiyanın vacib komponenti olaraq söylənilmişdir. 

Heydər Əliyev milli dil amilini milli ideologiyanın əsas nüvəsi hesab edərək deyir: "Bəzən keçmişdə olduğu kimi, gedib deməsin ki, "mən rusdilli azərbaycanlıyam", yaxud da "tamam azərbaycanlı deyiləm". Belələri bizim sıramızdan çıxmalıdır. Hər bir azərbaycanlı rus dilini, ingilis dilini, başqa dilləri mükəmməl bilərək, onlardan istifadə edirsə, o öz doğma Azərbaycan dilinə diqqətini və hörmətini azaltmamalıdır. Əksinə, öz doğma dilini daha da mükəmməl bilməli və ona daim hörmət etməlidir". 

 Heydər Əliyevlə Müzəffər Ali Baş Komandan İlham Əliyev arasında paralellik aparsaq, eyni fikirlərlə rastlaşarıq. Prezident İlham Əliyev: "Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir".

Göründüyü kimi, Heydər Əliyev və İlham Əliyevi birləşdirən ideoloji düşüncə milli-mənəvi dəyərlərə söykənir. 

Milli-mənəvi dəyərlər milli kimlik rakursunda

Biz milli ideologiyanın daha bir konponenti olan milli vətənpərvərlik və milli qürur anlayışına diqqət edək. Heydər Əliyev hesab edirdi ki, milli vətənpərvərlik, milli qürur hissi bizim dövlətçiliyimizin yaşaması üçün ən mühüm amillərdən biridir. Dövlətçilik şüuru dövləti möhkəmləndirir, dövlət cəmiyyətə arxalanır, cəmiyyət insanlardan ibarətdir, insanların isə hər biri gərək əsl vətəndaş olsun, vətənpərvər olsun, milli qürur hissi ilə yaşasın. Onda o, dövlətçiliyi inkişaf etdirən vətəndaş olacaq. Dahi siyasətçi bildirirdi ki, bu, bizim milli ideologiyamızın əsas hissəsidir. 

Heydər Əliyev vurğulayırdı ki, milli ideologiyamızın ikinci vacib istiqaməti bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşmışdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. 
Ulu Öndər Heydər Əliyev hesab edirdi ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız "Qurani-Kərim"də öz əksini tapmışdır. Bu tezislə Ulu Öndər dini dəyərlərimizlə milli dəyərlərimizi özündə ehtiva edən mədəniyyətimizi birləşdirir. Eyni zamanda böyük tarixi keçmişə malik olan Azərbaycan xalqının özünəməxsus milli-mənəvi dəyərlərinin mövcudluğunu vurğulayır. İrəli sürülmüş tezisə görə, bu, adət-ənənələrimiz, milli əxlaqi mentalitetimiz, mənəvi dəyərlər toplumuzdur. 

Dahi siyasətçi qeyd edirdi ki, biz bunların hamısı ilə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimizin heç biri bizə ləkə salmır, bizi utandırmır. Heydər Əliyev məsələyə daha dərindən nüfuz edərək deyirdi: "Belə bir zamanda qəribə bir proses gedirdi. Bir tərəfdən, bizim bu milli-mənəvi dəyərlərimiz o qədər dərin köklərə malikdir ki, onlar yaşayırdı və heç kəs də onları laxlada bilmirdi. Amma eyni zamanda bəzi konyunktura xarakterli insanlar bizim öz milli-mənəvi dəyərlərimizə xor baxırdılar, özlərini onlardan ayırmaq istəyirdilər. Guya ki, "bu, geri qalmış bir şeydir, bizim keçmişdə olan adətlərimizdir, biz bundan deyilik, biz qabaqcılıq, nə bilim, mütərəqqiyik". 

Heydər Əliyev milli dil faktorunu ideoloji konseptin əsas nüvəsi hesab edərək milli-mənəvi dəyərlərimizi üç kateqoriyaya ayırırdı: 

 

  1. Ana dilimiz; 
  2. Dinimiz; 
  3. Milli adət-ənənələrimiz və mentalitetimiz. 

Dahi siyasətçinin irəli sürdüyü konsepsiyada ən mühüm amillərdən biri də din faktorudur. Heydər Əliyev din haqqında fikirlərini bildirərkən deyir: "Biz müstəqillik əldə edəndən sonra islam dinimizi özümüzə qaytardıq. Yəni bu din insanların qəlbində həmişə yaşayırdı, ancaq rəsmi deyildi. Bu, rəsmi qayıtdı, bərpa olundu. Şübhəsiz ki, müqəddəs kitabımızda, "Qurani-şərif"də böyük əxlaqi normalar əks olunubdur. Onlardan səmərəli istifadə etmək lazımdır və onları yaymaq, inkişaf etdirmək lazımdır. Amma eyni zamanda biz imkan verməməliyik ki, dini bəzi şəxsi məqsədlər üçün istismar etsinlər. Buna imkan verməməliyik. Dinin ondan öz şəxsi məqsədləri üçün istifadə etmək istəyən ayrı-ayrı adamların əlinə keçməsinə imkan verilməməlidir. Din həqiqi din xadimləri tərəfindən istifadə və tətbiq olunmalıdır. Burada da bizim görəcəyimiz işlər çoxdur və biz dini təbliğ edərkən, müqəddəs islam dininin əxlaq normalarını ölkəmizdə vətəndaşların arasında geniş yayarkən eyni zamanda fundamentalizmə, fanatizmə yol verməməliyik. Fundamentalizm, fanatizm heç də müqəddəs kitabımızın mənası deyil. Bu, sonradan yenə də dindən istifadə edib öz siyasi məqsədlərinə nail olmaq üçün, yaxud da ki, öz dövlət işlərini qurmaq üçün yaranmış ayrı-ayrı istiqamətlərdir. Biz Azərbaycanda bunlara yol verməməliyik". 
Heydər Əliyev əsl dini normalarla fanatizmi bir-birindən ayırmaqla dini öz şəxsi mənfətinə alət edən şəxslərdən ayırmağa çağırır. Budur əsil dövlətçilik təfəkkürü. 

Ulu Öndərin milli mənlik şüuru "milli kimlik" anlayışı ilə eyniləşir və tarixi şüura əsaslanır. Milli kimlik anlayışının struktural əsasları prizmasından yanaşdıqda aydın olur ki, Azərbaycan tarixində bu anlayışın dövlətçilik təfəkkürü səviyyəsində konseptuallaşdırılması məhz Səfəvilər dövründə baş vermişdir. Səfəvi siyasi idarəçiliyinin ideoloji nüvəsində formalaşmış milli kimlik siyasəti milli dövlətçilik düşüncəsi ilə üzvi şəkildə bağlı olmuş və bu baxımdan müasir Azərbaycan dövlətçiliyinin ideoloji təməlləri ilə səsləşmişdir. Məhz bu səbəbdən azərbaycanlı kimliyinin müasir tarixi başlanğıcını Səfəvi siyasi-fəlsəfi təfəkküründə axtarmaq elmi baxımdan əsaslıdır. 

Tarixi təcrübə milli inkişafın ideoloji dayağıdır

Bu kontekst müasir dövrdə müşahidə olunan məkrli anti-Səfəvi yanaşmaların da mahiyyətini aydınlaşdırır. Bu tip hücumların əsas məqsədi Səfəvilər irsindən daha çox həmin irsin daşıdığı tarixi milli kimlik potensialını zəiflətmək cəhdləri ilə bağlıdır. Çünki hər bir xalqın davamlı inkişafı onun tarixi-milli enerjini nə dərəcədə aktivləşdirə bilməsi ilə birbaşa əlaqəlidir və tarixi təcrübə milli inkişafın ideoloji dayaq nöqtəsini təşkil edir.

Heydər Əliyevin milli-tarixi irsə verdiyi xüsusi əhəmiyyət də məhz bu yanaşmadan qaynaqlanırdı. O, Səfəvilər dövlətini milli kimliyin dövlətçilik səviyyəsində gerçəkləşdirildiyi fundamental siyasi təcrübə kimi qiymətləndirirdi. Bu baxımdan Şah İsmayıl Xətainin Azərbaycan siyasi tarixində milli kimliyin simvolu kimi təqdim olunması və onun heykəlinin Prezident İlham Əliyev tərəfindən siyasi varislik kontekstində qoyulması ideoloji ardıcıllığın ifadəsidir.

Şah İsmayıl Xətainin tarixi missiyası yalnız dövlət quruculuğu ilə məhdudlaşmırdı. Onun ana dilində yaratdığı poeziya milli kimliyin ideoloji alətinə çevrilmiş, "milli dil - milli ədəbiyyat - milli dövlət" triadası səviyyəsində konseptual məna qazanmışdır. Bu yanaşma Azərbaycan insanının milli ruhunu oyadan və onu vahid siyasi iradə ətrafında birləşdirən ideoloji vasitə rolunu oynamışdır. 

Beləliklə, Azərbaycan Səfəvilər dövləti öz tarixi mahiyyəti etibarilə müasir azərbaycanlı kimliyinin ideoloji və siyasi potensialını formalaşdıran əsas mərhələ kimi çıxış edir. Heydər Əliyevin bu irsə yanaşması da məhz milli kimliyin tarixi davamlılığı və dövlətçilik təfəkkürünün strateji əsasları kontekstində olmuşdur. Bu yanaşma müasir "qalib xalq" və "müasir azərbaycanlı kimliyi" konsepsiyasının dərin tarixi köklərə söykəndiyini aydın şəkildə ortaya qoyur.

 Qlobal miqyasda müşahidə olunur ki, milli kimliyi dərindən anlayan və onu dövlət siyasətinin mərkəzində saxlayan dövlətlər iqtisadi, siyasi və mədəni baxımdan daha sürətlə inkişaf edir, beynəlxalq mövqelərini möhkəmləndirirlər. Bu reallıq müasir azərbaycanlı kimliyinin strateji əhəmiyyətini bir daha ortaya qoyur: milli kimliyi şüurlu şəkildə dərk edən və ona uyğun hərəkət edən vətəndaş yalnız dövlətin daxili sabitliyinə deyil, həm də onun beynəlxalq nüfuzuna, geosiyasi mövqeyinə və regional liderliyinə töhfə verir. Bu baxımdan müasir azərbaycanlı kimliyi həm də milli dövlətçilik strategiyasının aktiv iştirakçısı, qlobal çağırışlara cavab verən, dövlətin inkişafını təmin edən dinamik və strateji vətəndaş modeli kimi təqdim olunur. Milli kimliyi dərk etmək, onun tarixi, mədəni və siyasi əsaslarını qiymətləndirmək və müasir çağırışlarla uzlaşdırmaq Azərbaycanın davamlı inkişafı və güclü beynəlxalq mövqeyinin təmin olunması üçün zəruri şərtdir.

İrəli sürülmüş tezisə əsasən, butün bu milli dəyərlərlə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır. 

Heydər Əliyev məsələlərə tarixi kontekstdə qiymət verərək qeyd edirdi: "Azərbaycan xalqı müstəmləkəçilik zülmü altında nə qədər yaşayıbdır. Azərbaycan xalqı cürbəcür hökmdarların əlində olubdur, tarixboyu nə qədər əziyyətlər çəkibdir. Ancaq dilini də, dinini də, adət-ənənələrini də, öz mənəvi-əxlaqi mentalitetini də saxlayıbdır, bütün əxlaqi normalarını - hamısını saxlayıbdır. Bu, xalqımızın nə qədər dərin kökləri olduğunu göstərir. Bu, bizim milli ideologiyamızın bir istiqamətidir. Bizim borcumuz bu ideologiyanı təbliğ etmək, bu ideologiyanı genişləndirmək, bu ideologiyanı inkişaf etdirmək, insanlara başa salmaqdır". 

Mənəvi dəyərlər milli sərvətimizdir

Heydər Əliyev milli ideologiyanı ümumbəşəri dəyərlər kontekstində vurğulayaraq, özünü həm milli, həm də bəşəri dəyərlərin daşıyıcısı kimi qiymətləndirərək xalqımızın mənəvi-əxlaqi mentalitetini onun ən böyük amili, milli-mənəvi dəyərləri isə milli sərvəti hesab edirdi. O vurğulayırdı ki, öz mentalitetinə görə başqa millətlərdən fərqlənməyən xalq öz xarakterini göstərə bilməz. Hər xalqın öz mentaliteti, əxlaq qaydaları olmalıdır. Bizdə olan əxlaq dəyərlərini nəyəsə qurban vermək olmaz. 

Heydər Əliyev irəli sürdüyü elmi-nəzəri konsepsiyanı praktik materiallarla zənginləşdirərək Azərbaycan xalqının min illərdən gələn böyüyə hörmət, kiçiyə qayğı, övladın valideynlərinə hörməti, valideynlərin də öz övladlarına olan qayğısı və məhəbbətini xüsusi qiymətləndirirdi. Bu dəyərlərin bizdə milli qürur yaratmalı olduğunu vurğulayırdı. 

Dəyərlərin aşınmasına kəskin münasibət bildirən Heydər Əliyev söyləyirdi: "Ancaq bəziləri indi nəyi təbliğ edirlər: "Heç kəsi sayma, nə ağsaqqal var, nə böyük var, nə filan var, bəsməkan var. Burada mənəm və mən nə dedim - o da olmalıdır". Yox, bu ola bilməz. Mən bir dəfə demişəm, vaxtilə - 70-ci illərdə mən burada işləyəndə Moskvadan nümayəndələr gəlirdilər, gedib bizim şəhərləri, kəndləri gəzirdilər. Gəlib təəccüblə mənə deyirdilər ki, "biz getdik, filan yerdə 10-15 gənc oturmuşdu. Bizi görən kimi hamısı ayağa qalxdı. Biz təəccüb etdik. Necə oldu ki, bunlar ayağa qalxdılar? Bu niyə belədir?". Deyirəm ki, bu, təbii bir haldır. Deyir ki, "axı biz indi Rusiyada bir kəndə, şəhərə gedək - bizi görüb heç danışdırmayacaqlar, heç bizə fikir verməyəcəklər. Amma burada bunlar ayağa qalxdılar". Dedim ki, bu, bizim xalqımızın xüsusiyyətidir. Bu, xalqımızın mentalitetidir. Bu, kiçiyin böyüyə hörmətidir. Bu, ev sahibinin qonağa hörmətidir".

Biz milli və ailə dəyərləri məsələlərində də Heydər Əliyevlə İlham Əliyev mövqeləri arasında paralellik aparsaq, eyni düşüncəni müşahidə etmiş olarıq. Bu həm böyük siyasi xadimlər arasında olan fikir birliyinin, həm də siyasi varisin öz sələfinin düşüncəsini dərindən mənimsədiyinin təzahürüdür. 

Prezident İlham Əliyev vurğulayır: "Ailə dəyərləri bizim cəmiyyətimizin təməlidir. Azərbaycan xalqı hər zaman ailə dəyərlərinə, böyüyə hörmət, övlada qayğı prinsiplərinə sadiq olub və bu gün də bu ənənə qorunub saxlanılır".

Heydər Əliyev YAP-ın 6-cı ildönümündə milli ideologiya ilə bağlı fikirləri səsləndirməklə eyni zamanda bu məsələlərin alimlər, tədqiqatçılar tərəfindən dərindən araşdırılmasını tövsiyə etmişdir. Biz eyni tövsiyəyə Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışında rast gəlirik. 

Heydər Əliyev bu tezisləri irəli sürməklə eyni zamanda tarixi ənənələrə sadiq qalmağın vacibliyini vurğulayırdı. Həmçinin dahi siyasətçi irəli sürülmüş konsepsiyanın ehkam kimi qəbul edilməsini deyil, alimlər və tədqiqatçılar tərəfindən araşdırılmaya açıq olduğunu və təkmilləşdirilməsinin zərurətini vurğulayırdı. O bildirirdi ki, bizim alimlərimiz, tədqiqatçılarımız bu sahədə çox geniş iş görməlidirlər. Bizim milli-mənəvi dəyərlərimiz, bizim tarixi milli köklərimiz, bizim dilimiz və dinimiz - hamısı bizim milli ideologiyamızın böyük bir hissəsidir, böyük bir qoludur.
 
Milli ideologiya bəşəri dəyərlərə köklənir

Heydər Əliyevə görə milli ideologiyamızın əsas istiqamətlərindən biri də bəşəri dəyərlərdir. O hesab edirdi ki, bəşəri dəyərlər Azərbaycan xalqı tərəfindən artıq çox onillərdir, əsrlərdir ki, qavranıb, qəbul olunubdur. Bəşəri dəyərlər birinci növbədə bizim Konstitusiyanın əsasını təşkil edir. İrəli sürülmüş tezisə görə hüquqi, demokratik, dünyəvi dövlət dedikdə bəşəri dəyərlər toplusu nəzərdə tutulur. Eyni zamanda bəşəri dəyərlərlə bərabər, Azərbaycanın milli-mənəvi dəyərlərinin vəhdəti öz əksini tapır. 

Heydər Əliyev qeyd edirdi: "Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir. Bir də qeyd edirəm, biz tarixi köklərimizdən heç vaxt ayrıla bilmərik. Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik. Eyni zamanda öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq. Yenə də deyirəm, bunun içərisində həm demokratiya, həm hüquq normaları, həm dünyəvi dövlət, həm insan azadlığı, insan haqlarının qorunması, plüralizm, sərbəst ticarət, insan sərbəstliyi, sərbəst bazar ticarəti, sərbəst bazar iqtisadiyyatı var - bunlar hamısı ümumbəşəri dəyərlərin bizim milli-mənəvi dəyərlərlə vəhdətindən meydana gələn müddəalardır. Bunlar bizim milli ideologiyamızın böyük bir hissəsini təşkil edir".
Bəşəri dəyərlər kontekstində azərbaycanlı kimliyi tarixi baxımdan müxtəlif sivilizasiyaların kəsişməsində formalaşaraq çoxqatlı mədəni, dini və sosial məzmun qazanmışdır. Azərbaycanın yerləşdiyi geosiyasi məkan qədim dövrlərdən etibarən Şərq və Qərb arasında təbii körpü funksiyası daşımış, bu isə cəmiyyətin dünyagörüşündə açıqlıq, adaptasiya qabiliyyəti və mədəni sintez meyillərini gücləndirmişdir. 

Məhz bu tarixi-coğrafi reallıq azərbaycanlı kimliyinin monolit olmasa da, daxili bütövlüyə malik bir struktur kimi formalaşmasına zəmin yaratmışdır. Antik dövrdə Atropatena və Qafqaz Albaniyası kimi dövlətlərin mövcudluğu Azərbaycan ərazisində erkən siyasi təşkilatlanmanın və dövlətçilik təfəkkürünün möhkəm əsaslara söykəndiyini göstərir. Bu dövlətlər əraziyə bağlılıq, siyasi hakimiyyət anlayışı və kollektiv idarəçilik mədəniyyətinin ilkin formalarının yaranmasına xidmət etmişlər. Orta əsrlərdə Şirvanşahlar, Eldənizlər və Səfəvilər dövlətləri bu ənənələri davam etdirərək azərbaycanlı kimliyinin siyasi və mədəni konturlarını daha da dəqiqləşdirmişlər. Xüsusilə Səfəvilər dövründə Azərbaycan türkcəsinin dövlət dili səviyyəsinə yüksəldilməsi milli kimliyin dil, hakimiyyət və siyasi legitimliklə vəhdət təşkil etdiyini nümayiş etdirmişdir.

Şərq mənəvi dəyərləri ilə Qərb rasional düşüncə sisteminin tarixi sintezi də azərbaycanlı kimliyinə xüsusi ideoloji balans qazandırmışdır. İslam sivilizasiyasının etik və mənəvi prinsipləri ilə Avropa hüquqi və idarəçilik modellərinin qarşılıqlı təsiri cəmiyyətin inkişafında tolerantlıq, multikulturalizm və sosial harmoniyanı əsas davranış norması kimi formalaşdırmışdır. Müxtəlif dini və etnik icmaların tarixən birgəyaşayış təcrübəsi azərbaycanlı kimliyinin inklüziv və açıq xarakter daşıdığını təsdiqləyən fundamental göstərici kimi çıxış edir.
Heydər Əliyev milli ideologiya ilə bağlı ən dəyərli tarixi fikirlərini YAP-ın 6-cı ildönümündə səsləndirmişdir. Əlbəttə, bu, bizdə bir partiya üzvü kimi qürur hissi yaratmaqla eyni zamanda əsas hədəfin daha geniş milli maraqlar olduğunu göstərir. Heydər Əliyev bu tədbirdə Azərbaycan ictimaiyyətini həmrəyliyə və dialoqa çağırmışdır. Azərbaycan siyasi palitrasının bütün üzvlərinə, siyasi həyatda öz neytrallığını qoruyan tərəfsizlərə, geniş ictimaiyyətin bütün üzvlərinə müraciət edərək xalqın taleyüklü milli məsələləri ilə bağlı fikirlərini bölüşmüşdür. Əlbəttə, bu auditoriya təsadüfi seçilməmişdi. 

Heydər Əliyev özünün rəhbərlik etdiyi partiyanın bütün ideyalarının milli mənafedən yarandığını göstərmiş, xalqın mənafeyini müdafiə etməyi, öz milli mənafeyini şəxsi mənafedən uca tutmağı aşılamışdır: "Mən bu fikirlərimi bu gün izah edərkən hesab edirəm ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının siyasətində və əməli fəaliyyətində öz əksini tapacaqdır. Bu fikirlər Azərbaycan dövlətinin xarici və daxili siyasətində, əməli fəaliyyətində öz əksini tapır və bundan sonra da tapacaqdır". 

Bu vəzifələr cənab İlham Əliyevin prezidentliyi vaxtında da həm partiyadaşlarımız, həm də ümumi ictimaiyyət qarşısında daha güclü və kəskin formada qoyulmuşdur. 

Qloballaşma, informasiya axınlarının intensivləşməsi və beynəlxalq siyasi transformasiyaların dərinləşdiyi müasir dövrdə milli kimlik anlayışı yeni məzmun qazanır. Bu kontekstdə "müasir anlamda azərbaycanlı olmaq" anlayışı təkcə etnik mənsubiyyət, dil və mədəniyyət göstəriciləri ilə məhdudlaşmır. Eyni zamanda müstəqil dövlətçilik təfəkkürü, hüquqi və siyasi məsuliyyət, milli maraqlara sədaqət və qlobal dünyada rəqabətqabiliyyətli vətəndaş modeli ilə səciyyələnir.


Azərbaycanlı kimliyi bu gün tarixi yaddaş, çağdaş inkişaf strategiyası və gələcək vizyonun sintezindən formalaşan kompleks bir anlayış kimi çıxış edir. Budur Ümummilli Lider Heydər Əliyevin yaratdığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin inkişaf etdirdiyi azərbaycançılıq ideologiyası - Azərbaycanı işıqlı gələcəyə aparan ideologiya! 

 

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV