Əməkdar elm xadimi, görkəmli maarifçi alim Nərmin Tahirzadənin (13 avqust 1921-17 yanvar 2012) doğum günüdür.
Milli Məclisin deputatı Etibar Əliyev bu barədə FB səhifəsində paylaşım edib.
Tahirzadə Nərmin Abdulla qızı 13 avqust 1921-ci ildə İstanbul şəhərində anadan olub. Atası - o zamankı Şəki qəzasının Xaçmaz kəndindən olan Tahirzadə Abdulla Mabud oğlu həmin vaxt İstanbul Universitetində təhsil alıb. Abdulla Tahirzadə 1923-cü ildə təhsilini bitirərək Bakıya dönüb. Üç yaşlı Nərmin isə Azərbaycana bir il sonra - 1924-cü ildə anası ilə birgə gəlib. İxtisasca müəllim olan valideynləri Bakının ali və orta məktəblərində dərs deyib. Atası 1978-ci, anası isə 1987-ci ildə vəfat edib. 1939-cu ildə orta məktəbi bitirən Nərmin Tahirzadə Azərbaycan Dövlət Universitetinin (indiki Məhəmmədəmin Rəsulzadə adına BDU) tarix fakültəsinə qəbul olunub və 1944-cü ildə oranı bitirərək aspiranturaya daxil olub. Elə həmin ildən ADU-nun "SSRİ xalqları tarixi" kafedrasında assistent və müəllim işləyib.
1949-cu ilin mayında atası Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilib. Artıq dissertasiyası müdafiəyə tam hazır olan Nərmin Tahirzadə və anası "xalq düşməninin ailə üzvü" kimi Rusiyanın şimalına - Tomsk vilayətinə sürgün edilib. Burada onlar Sovet həbs düşərgələrində yaşayıblar. 1955-ci ildə Bakıya qayıdan N. Tahirzadə AMEA-nın Tarix Muzeyində işə qəbul olunub. 1961-ci ildən 1987-ci ilədək muzeyin "XIV əsr - XX əsrin başlanğıcı tarixi ekspozisiyası" şöbəsinin müdiri işləyib. Muzeyin həmin dönəmə aid bütün ekspozisiya və sərgiləri onun hazırladığı mövzu- ekspozisiya planlarına əsasən təşkil edilib. 1963-cü ildən baş elmi işçi olan Nərmin Tahirzadəyə 1973-cü ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib.
Muzey işinə bütün enerjisini sərf edən N.Tahirzadə eyni zamanda XIX əsr - XX əsrin başlanğıcında Azərbaycanda xalq təhsilinin tarixi mövzusunda gərgin araşdırmalar aparıb. Bu məqsədlə o, başda Moskva və Leninqrad (indiki Sankt-Peterburq) olmaqla keçmiş SSRİ-nin Azərbaycanla bağlı sənədlərin saxlandığı, demək olar ki, bütün mərkəzi şəhərlərindəki dövlət arxivlərində çalışaraq olduqca zəngin material toplayıb. Bu materiallar əsasında o, XIX yüzildən üzübəri təxminən yüz illik dönəmdə Azərbaycanda yetişmiş, ancaq adları unudulmuş ziyalıların və mədəniyyət xadimlərinin bir çoxu haqqında ilk dəfə bilgi verən 50-dən artıq çox sanballı elmi məqalə nəşr etdirib və bu yazıların hər birini elmi ictimaiyyət yüksək dəyərləndirib.
"Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz" adlı möhtəşəm əsərin müəllifidir.