Modern.az

Ortaq tarix və etnik birliyimiz TDT üçün bənzərsiz imkanlar yaradır 

Ortaq tarix və etnik birliyimiz TDT üçün bənzərsiz imkanlar yaradır 

Parlament

Bu gün, 14:40

Formalaşmaqda olan yeni dünya düzəni beynəlxalq münasibətlər sistemindəki boşluqları daha qabarıq şəkildə üzə çıxarır. Yeni çağırışlar açıq şəkildə göstərir ki, monolitliyi indiyədək şübhə doğurmayan hərbi-siyasi alyanslarda və aparıcı beynəlxalq təşkilatlarda belə, etimad krizi yaşanır. Bunun bir səbəbi böyük güclərin geosiyasi və geoiqtisadi maraqlarıdırsa, digər mühüm səbəb tərəfdaşlıq formatlarında “bərabərhüquqlu əməkdaşlıq” prinsipinin pozulması və qarşılıqlı etimad mühitinin zədələnməsi ilə bağlıdır.

Bəzi aktorların qlobal təhlükəsizliyi təhdid edən davranışları və beynəlxalq hüququn fundamental prinsiplərinə münasibətdə açıq-aşkar ayrı-seçkiliyə yol verməsi yaranmış vəziyyəti daha da ağırlaşdırır. Əksər beynəlxalq təsisatlar isə baş verənləri ya passiv şəkildə müşahidə edir, ya da qəbul etdikləri qərarlar, verdikləri bəyanatlar heç bir işə yaramır. Ən acınacaqlısı odur ki, bu qurumların bir çoxu qərar qəbul edərkən böyük aktorların maraq dairəsindən kənara çıxa bilmir və ayrı-seçkiliyə “yox” demək əvəzinə, özləri ikili standartlar siyasətinin faktiki icraçısına çevrilirlər. Avropa Parlamentinin və AŞPA-nın son 6 ildə durmadan Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələr toplusu bunun əyani sübutudur. Təkcə bu faktın özü göstərir ki, həmin təşkilatlar  beynəlxalq hüququn imperativliyini təmin etmək və onun icrasında selektiv yanaşmanı aradan qaldırmaq əvəzinə, aparıcı aktorların təsiri altında eyni mahiyyətli münaqişələrlə bağlı  bir-birinə zidd olan mövqe nümayiş etdirirlər.

Azərbaycana gəldikdə, qərəzin və əsassız iddiaların səbəbi cəmiyyətimizə artıq yaxşı məlumdur. Prezident İlham Əliyev mayın 10-da Zəngilanda etdiyi çıxışında onları növbəti dəfə açıq mətnlə ifadə etdi: “44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil-onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər”.

Son altı ildə Azərbaycana qarşı aparılan çirkin qarayaxma kampaniyasının kökündə elə bu acı reallıq və bəzi güc mərkəzlərinin siyasi riyakarlığı dayanır. Həmin mərkəzlərin maraq dairəsindən kənara çıxmağa cəsarət etməyən məlum təşkilatlar onu da yaxşı bilirlər ki, Azərbaycanın beynəlxalq hüququn və ədalətin bərpası ilə nəticələnən tarixi Zəfəri bütövlükdə Türk dünyasının güclənməsinə xidmət edir, Türk Dövlətləri Təşkilatının (TDT) təsirli geosiyasi faktora çevrilməsinə əsaslı zəmin yaradır. Prezident İlham Əliyev iki il əvvəl Milli Məclisdə keçirilən andiçmə mərasimində deyəndə ki, “Bizim ailəmiz Türk dünyasıdır” ,- həm də bu gerçəkliyi nəzərə alırdı. Cənab Prezidentin aprelin 2-də TDT-yə üzv dövlətlərin hökumət başçılarını/ Vitse-prezidentini qəbul edərkən səsləndirdiyi bəyanat da elə həmin reallığa söykənir: “Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq”.

Sirr deyil ki, bugünkü geosiyasi qarşıdurmanın kökündə dayanan əsas səbəblərdən biri də təbii resurslarla yanaşı, bağlantılara, nəqliyyat dəhlizlərinə çıxış və təsir imkanları ilə bağlıdır. Bu baxımdan, cənab Prezidentin bəyanatında coğrafi üstünlük məsələsinin vurğulanması əsla təsadüfi deyil. Tale belə gətirib ki, Orta Dəhliz, Trans-Xəzər və Şərq-Qərb dəhlizləri boyunca yerləşən ölkələrin əksəriyyəti TDT-yə üzv olan Türk dövlətləridir. O da danılmaz həqiqətdir ki,  Azərbaycan əldə etdiyi tarixi Zəfər nəticəsində Avrasiya məkanının strateji mərkəzlərindən birinə çevrilib və iki qitə arasında iqtisadi inteqrasiya prosesinin dərinləşməsi üçün Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu qlobal müstəvidə qəbul etdirə bilib. Ötən il avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi sənədlər həm də bu geosiyasi reallığın etirafı deməkdir.

Prezident İlham Əliyevin mayın 15-də Qazaxıstanda keçirilən TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı və Türküstan şəhərindən verdiyi mesajlar ölkəmizin hədəf və prioritetlərinin dəyişməz olduğuna dəlalət edir: “Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir... Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək”.

Türküstan Zirvə Görüşünün qlobal gündəliyin “Süni intellekt və rəqəmsal inkişaf” kimi aktual çağırışına həsr olunması ona dəlalət edir ki, təşkilatın geosiyasi faktora çevrilməsi istiqamətində birgə səylərlə əməli addımlar atılır. Çünki rəqəmsal transformasiya prosesində zamanla ayaqlaşa bilməyən ölkə və təşkilatların yaxın gələcəkdə daha böyük və təhlükəli çağırışlarla üzləşməsi ehtimalı olduqca yüksəkdir. Azərbaycan Prezidentinin “rəqəmsal suverenliyin” möhkəmləndirilməsi ilə bağlı çağırışı elə bu gerçəklikdən irəli gəlir. Çünki “süni intellekt” təkcə inkişafın göstəricisi deyil, o həm də indiki mürəkkəb  şəraitdə bəzi güclərin əlində hökmranlıq üçün diktə vasitəsidir. Müstəqilliyini əbədi etmək istəyən dövlətlərin və geosiyasi proseslərdə söz sahibinə çevrilmək arzusunda olan təşkilatların bu reallığı nəzərə alması olduqca vacibdir.

Ona görə də Prezident İlham Əliyevin Türküstan şəhərindən etdiyi bu çağırış təkcə siyasi bəyanat deyil, o, ilk növbədə, qlobal çağırışlara praqmatik və uzaqgörən Lider baxışıdır: “Əziz dostlar, ailəmiz olan Türk dünyası XXl əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək”.

Ülvi Quliyev,

Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?