Modern.az

Paşinyan Brüsseldə “itirdiyini” Moskvada AXTARIR

Paşinyan Brüsseldə “itirdiyini” Moskvada AXTARIR

Aktual

20 Aprel 2022, 14:24

Son vaxtlar Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu deyir. İrəvan bu prosesə təkcə Rusiyanı deyil, eyni zamanda Avropa İttifaqını da vasitəçi kimi cəlb etməyə çalışır. 

 

Hazırda ATƏT-in Minsk Qrupu faktiki olaraq tamamilə fəaliyyətsizdir, bu səbəbdən Moskva Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan isə Azərbaycan və Rusiyanın tərk etdiyi Minsk Qrupunun arxivə göndərilməsini həzm edə bilmir. 

 

Hazırkı müşahidələr göstərir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan çətin vəziyyətdədir. O, Kremlə səfər etməzdən əvvəl həmvətənlərindən Qarabağın dırnaqarası statusu ilə bağlı “barıtı aşağı salmağı” xahiş edib.

 

Müharibə istəmirsinizsə, sülhə hazırlaşın!

 

Aprelin 19-da Ermənistanın baş nazirinin Moskvaya rəsmi səfəri başlayıb. Prezident Vladimir Putinlə görüşən Paşinyan ilk növbədə münasibətlərin yüksək səviyyədə olmasından ağız dolusu danışıb.

 

 "Sirr deyil ki, Rusiya regionumuzda sabitliyin və təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır. Mən 2020-ci ildə Qarabağda atəşkəs və hərbi əməliyyatlarda sizin müstəsna rolunuzu bir daha qeyd etməliyəm", - Paşinyan deyib.

 

Qeyd edək ki, bu səfər formal olaraq ölkələr arasında diplomatik münasibətlərin 30 illiyinə təsadüf edir. Paşinyan Putindən başqa, baş nazir Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşüb. Bundan əlavə, o, Nijni Novqoroda gedəcək. Amma əsas məqsəd Qarabağ ətrafındakı vəziyyəti müzakirə etməkdir.

 

 

Ukraynada xüsusi əməliyyatın başlamasından sonra Ermənistan Türkiyə və Azərbaycanın gücündən daha çox narahat olmağa başlayıb. Təkcə Paşinyan hakimiyyəti deyil, Qarabağdakı erməni separatçıları da ciddi narahatlıq keçirir. Real vəziyyətdən diqqəti yayındırmağa çalışan separatçılar Qarabağda ara-sıra təxribatlara əl atırlar. Lakin Rusiya sülhməramlıları həmişə olduğu kimi indi də təxribatlara səssiz qalır və problemləri operativ şəkildə həll edə bilmir. 

 

Digər tərəfdən qeyd edək ki, Fransa və ABŞ ATƏT-in Minsk qrupu platformasında Moskva ilə təmaslarını dayandırıb və çətin ki, bundan sonra rusiyalı həmkarları ilə birgə hərəkət etsinlər. İndiki şəraitdə vasitəçilər arasında yaşanan münaqişə danışıqlar prosesinə də təsir edir.

 

 

Martın sonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə səfərdə olub. O səfər zamanı media nümayəndələri qarşısına keçərək, Ankara ilə diplomatik təmasların bərpasından söz açıb. Nazir bildirib ki, İrəvan Ankara ilə diplomatik əlaqələr qurmağa çalışır və məqsədə doğru irəliləmək istəyir.

 

“Hesab edirəm ki, biz sürətlə dəyişən dünyada konkret addımlar atmaqdan çəkinməməliyik”, - deyə erməni nazir vurğulayıb. Bundan əlavə, rəsmi İrəvan Türkiyəyə diplomatik pasportu olan şəxslər üçün quru sərhədini açmağı təklif edib.

 

Türkiyə və Ermənistan arasında əlaqələrə indiyədək iki məsələ mane olub: Ermənistanın Türkiyə qarşı əsassız soyqırımı iddiası və Qarabağ münaqişəsi. İndi soyqırımın tanınması problemi arxa plana keçib və İrəvan "sülhməramlı" səylərini gücləndirib. 

 

Eyni zamanda bu ilin aprel ayının  əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə görüşüb. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyilə baş tutan görüşdə sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyanın yaradılması barədə müzakirələr aparılıb. Brüssel görüşü hər iki tərəfdən müsbət qiymətləndirilib və danışıqların sülh müqaviləsi bağlamaq üçün vacib olduğu diqqətə çatdırılıb.

 

 

Brüssel görüşü fonunda rəsmi Moskva Ermənistan və Azərbaycan arasında süh sazişinə dair danışıqları alqışladığını bəyan edib, lakin bunun Kremlin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara uyğun şəkildə aparılmalı olduğuna diqqət çəkib.

 

Söhbət 10 noyabr 2020-ci il tarixli razılaşmalardan və tərəflərin 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarından gedir.

 

Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin hesab edir ki, Prezident İlham Əliyevlə Paşinyan arasında Brüsseldə aparılan danışıqlar bəlkə də Avropa İttifaqının təşəbbüsü Rusiyadan ələ keçirmək cəhdidir. Lakin politoloq Aİ-də o qədər də potensial görmür. 

 

Birincisi, onun fikrincə, avropalıların postsovet məkanında münaqişələrin həllində uğurlu təcrübəsi yoxdur. Onlar nə Moldovada, nə də Ukraynada uğur qazana biliblər. İkincisi, Qarabağda əsas təminatçı ölkə Rusiyadır, çünki hazırda regionda onun sülhməramlıları var.

 

 

Yaxşı niyyətlər və onların nəticələri

 

Proseslər göstərir ki, Ermənistanın müttəfiqləri Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır və azərbaycanlıların Qarabağa qayıtmasını gözləyirlər. İrəvanın müttəfiqləri hesab edir ki, müharibədən əvvəl Qarabağın ətrafındakı 7 rayon qaytarıla bilərki, lakin vəziyyəti dəyişdirmək ümidi ilə bundan imtina edilib. Nəticədə minlərlə insan döyüş meydanında həyatını itirib.

 

İndi isə Paşinyan iddia edir ki, onun ölkəsinin heç vaxt Azərbaycana qarşı ərazi iddiaları olmayıb, əksinə Qarabağdakı ermənilərdən həmişə narahat olub. 

 

Erməni politoloq Arşaluys Mqdesyan hesab edir ki, çoxları Rusiya sülhməramlılarının himayəsi altında özünü qondarma rejimin müstəqil olacağına inanmaq istəyirdi. Amma indi Bakı və Ankara Qarabağ üçün həll yolunu tapıb.

 

Buna baxmayaraq, Paşinyanın sözlərinə görə, əsas parçalanma erməni cəmiyyətində deyil, İrəvan və Xankəndi arasında olub. Sülhməramlıların müvəqqəti nəzarətində olduğu ərazilərdə qalan separatçılar İrəvan hakimiyyətindən seçdiyi siyasi kursdan əl çəkməyi tələb edir və cavab olaraq Qarabağ ermənilərini “ayıltmağa” çağırır.

 

Proseslər həm də onu göstərir ki, Ermənistanda müxalifət Paşinyana təkcə vətənə deyil, həm də Rusiyanın satqınlığı damğası vurur. Müxalifətçi deputat Andranik Tevanyan bildirib ki, Ankara və Bakı ilə danışıqlar İrəvan və Moskva arasında müttəfiqliyə zərər verəcək:

 

“Əvvəlcə sülhməramlılar Qarabağdan çıxarılacaq, daha sonra Gümrüdəki Rusiya hərbi bazası ləğv ediləcək. Paşinyan bunu ancaq hökumət başçısı kürsüsündə oturmaq üçün edəcək”.

 

 

Sosialoji sorğuların nəticələrinə əsasən, İrəvan əhalisi əmindir ki, Qarabağ birdəfəlik unudula bilər və orada yaşayan ermənilər Ermənistana köçməlidir. 

 

Qaliblər və itirənlər

 

44 günlük Vətən müharibəsindən qalib çıxan Azərbaycan istənilən sahədə Ermənistanı üstələyir. Bunu Ermənistan rəsmiləri özləri də etiraf edirlər. Onlar müharibənin ağrı-acısının hələ unudulmayacağını düşünürlər. 

 

Bəli, bu gün Bakı indiyədək olmadığı qədər güclüdür və daha da güclənir, məğlub İrəvan isə zəifdir. İndiki durumda Ermənistanın yeganə çıxış yolu Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edib, sülhə razılaşmaqdır. Bir sözlə, ermənilər ya Azərbaycan və Türkiyə ilə normal münasibətlər quracaqlar, ya da daha pis vəziyyətə düşəcəklər.

 

Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Arsen Avakov Ermənistana Türkiyə və Azərbaycanla yaxınlaşmağı məsləhət görür. O, İrəvanı çətin kompromis əldə etməyə çağırıb. Avakov hesab edir ki, əks halda erməniləri milli faciə gözləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı