Modern.az

“Bir Elin Manifesti” - Əsa

“Bir Elin Manifesti” - Əsa

Aktual

18 Sentyabr 2025, 12:32

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:

***

Bu yayı dincəlmək üçün uzaq bir məkanı seçmək istədim. Xeyli çəkən tərəddüdləri, içimdə apardığım “daxili təhqiqatların” nəticələrini təhlil etdikdən sonra Çex Respublikasındakı Karlovı Varının üzərində dayandım və elə həmin gün də səfər hazırlığına başladım. Bu şəhərə çatan günü verdiyim qərarın düzgün olduğuna əmin oldum və bu əminlikdən daxili rahatlıq yaşadım. Bura sakit bir məkandır. Meşələr, hər səhər-axşam suyundan içdiyim, bura gələn günün sabahısı adını “Buzbulaq” qoyduğum bulaq, onun yaxınlığındakı çay sanki sakitliyin və onun gətirdiyi rahatlığın mahiyyətini ifadə edirdi. Yamyaşıl meşə massivi ilə örtülmüş dağın düz dibindən axan Buzbulağın suyu, onun özü ilə gətirdiyi, başına yığılan insanların  mənzərəsini müşahidə etməyim məni ötən illərə aparırdı. Yadıma Dərələyəzin bumbuz suları olan bulaqları düşürdü. Arpaçaydan üzü bəri durna qatarları kimi səf-səf düzülmüş cəviz ağacları elə bil o bulaqların suyuna bir az da sərinlik verirdi.  Bu sərinliyin içində, yüzillərin cəviz ağaclarının kölgəsində bəlkə də ancaq mənim görə bildiyim nazla, niyə ancaq mənim eşitdiyimi indi də anşırda bilmədiyim zümzümədə axan, suyu dərdlərə dərman hesab olunan Yastıbulaq yadıma düşdü. Gözlərim yaşardı və bunu ətrafımdakılara sezdirməmək üçün üzü otelə tərəf addımladım və günü bu günə qədər unuda bilməyəcəyim həmin anlarda yanımda heç kimin olmamasından toxtaqlıq tapdım. Belə vaxtlarda kimsənin mənə yol yoldaşı olmasını istəmirdim. Nə fərqi, onsuz da onu dinləyəcək halda olmuram və ümumiyyətlə, kimsəninsə təsəlli vermək cəhdlərindən qıcıqlanıram. Belə vaxtlarda tək olmaq, xəyalımla təkbətək qalmağın ovqatını yaşamaq hissini keçirənlər, öz dərdi ilə dərdləşənlər yaxşı bilirlər ki, bu, daha yaxşıdır. Ən önəmlisi isə odur ki, alışdığın, bir az da doğmalaşdığın dərdinlə birgə gəldiyin yol ilə keçmişə qayıtmaq fürsətin olur. Mənim ağlım kəsəndən belədir, zamanından asılı olmayaraq onunla xısın-xısın, asta-asta, heç kimin eşidə bilməyəcəyi şəkildə həmsöhbət olmaqdan, hətta müəyyən məqamlarda o söhbətlərdən rahatlıq tapmaqdan yaxşı heç bir vasitə təsəvvürümə gətirə bilmirəm. Bəlkə də buna görədir ki, çox zaman qaranlığın çökməsinin ən əziz adamımı gəzləyirmiş kimi intizarında oluram. Axşamın qaranlığında otağımdakı pəncərənin önündə dayanıb və sanki nəhayətsiz qaranlığın hüdudlarında nəsə görməliyəmmiş kimi gözlərim ona dikilir. Nəhayət, deyəsən, axtardığımı tapır, lap uzaqlarda nöqtə kimi görünən işığın sehrini və onun vəd etdiyi sehrli mənzərəni görməyə hazırlaşan adamlar kimi həmin işığa baxıram. Gözümü çəkə bilmədiyim o işığın  aydınlığında qəfil nə axtardığımı bildim və uşaqlıq, yeniyetməlik illərimin ən maraqlı məqamlarını, Dərələyəzə gedən yolların bu nöqtə boyda görünən işığın içindən çıxacağına sadəlöhv inamla pəncərənin önündən çəkilmək istəmədim. Bilmirəm, xəyalən idi, yoxsa doğrudan, amma qəfildən mənə elə gəldi ki, sanki işığın içindən çıxan yol böyüyür və mənə tərəf gəlirdi. Bir xeyli ümidləndim və o andaca ürəyimin çırpındığını hiss etdim,  birdən-birə işığın ilğım kimi nə vaxt gözlərimdən itdiyinin fərqində oldum. Bu andaca nə qədər yorğun olduğumu hiss etdim və sustalmış adamlar kimi çarpayıma tərəf getdim. Yerimə uzandım və nə baş verdiyini  təsəvvürümə gətirməyə çalışaraq o işıq haqqında fikirləşirdim.

Səhər obaşdan ayıldım və ilk ağlıma gələn dünənki işıq oldu, sanki həmin işığın cazibəsi ilə də yerimdən durdum, hazırlaşaraq səhər yeməyinə getdim. Yeməkxanada gəldiyim gündən gördüyüm canlanma ilə rastlaşmadım, təkəm-seyrək adamlar vardı və onlar da tələsmədən özlərinin seçdikləri təamları götürərək yerlərinə keçirdilər. Mən də səhər yeməyi üçün lazım bildiklərimdən götürüb stoluma qayıtdım. Amma bir-iki tikədən sonra səhər yeməyini yarımçıq qoyub həyətə düşdüm. Müalicəvi suların birindən içib, əlimdəki fincanı oynada-oynada şəhərin üzüyuxarı qalxan, nisbətən qədim yerlərinə doğru getdim. Heç getməyimin səbəbini bilmirdim, sadəcə olaraq Karlovı Varının qotik üslubda tikilmiş binalarını görmək istəyirdim, bu bir, ikincisi də, dünyada demək olar ki, hamının sirli hesab olunan müalicəvi sularından əlavə, bu şəhərdə diqqətəlayiq nələrisə görmək istəyimin ardınca gedirdim. Hələliklsə şəhər haqqında bildiyim, demək olar ki, bildiyim onun çexlərin bir az da nəvazişlə Boqemiya adlandırdıqları, Mərkəzi Avropada Çexiyanın qərb hissəsini tutan tarixi bölgədə yerləşməsi idi. Bir də təvazökar çexlərin bir az da qürurla xatırlatdıqları o haşiyədir ki, kelt tayfalarının məskunlaşdığı həmin torpaqlar indi onların mübahisəsiz əraziləridir. Hərçənd ki, mübahisələndirmə cəmi bir dəfə, XX-ci əsrin otuzuncu illərində olub, nəticəsini isə təkcə mən yox, dünyanın, məlumatlı adamlarının hamısı bilir. Bir də, ancaq Karlovı Varı sakinlərinin deyil, çex torpağında hamının bildiyi, doktor Fabian Zimmer tərəfindən salnaməyə alınan hadisədir. Əfsanəyə görə, 1370-ci illərdə bu yerlərdə ov iti isti mineral su hovuzuna düşən şikarı çıxarır və ovçular uğurlardan keçən 5-6 saat müddətində ovçular öz qəhrəmanlıqları barədə söhbətlərini davan etdirdiyi müddətdə ov itinin yiyəsi cəhənglərində dəri xəstəliyinin əlaməti olan itində o əlamətlərdən əsər qalmadığını görür. Söhbət o qədər maraqlı məcrada davam edir ki, onlardan biri bu tapıntı barədə səhhətinin pis olması ilə tanınan Müqəddəs Roma İmperatoru IV Karla məlumat verir. İmperator məsələdən agah olandan dərhal sonra həkilmlərlə birlikdə bulağın olduğu yerə gəlir. İmperator burada müalicəvi vannalar qəbul edir və az müddətdən sonra onun yaralı ayağı sağalır və bulağın yerində o, isti vannalardan ibarət adlı müalicə-kurortun salınması əmrini verir. Bu yer sonralar imperatorun şərəfinə Karlovı Varı adlandırılır və IV Karl 1370-ci il avqustun 14-də şəhərin yaradılmasını təsdiqləyir. Xəyalımda binəva imperatorun uzaqlarda belə bir müalicəvi əhəmiyyətli suyun mövcudluğu xəbərini eşidərkən hansı hisslər keçirməsindən doğan duyğularını təsəvvürümə gətirirəm və bir anlıq başımı qaldıranda tanış sözləri görürəm. Deyəsən iaşə obyektidir və təbii ki, bu yanaşı obyektlərin adları məndə təbii maraq oyadır. Beləcə, “Xəngəl” adlı restoranın qapısından içəri necə və na vaxt keçdiyimi də xatırlamıram. Xatırladığım isə o olur ki, həyatım boyu unuda bilməyəcəyim mənzərə ilə rastlaşıram: tipik Azərbaycan milli geyimində olan bir xanım erməni dilində “Sarı gəlin” mahnısını oxuyur.  Gördüyüm mənzərə o qədər həyasız, həyasız olduğu qədər də sırtıq bir səhnə idi ki, nə edəcəyimi də unutdum. Əsrlərdi insan taleyini, xoş günlərimizi, torpaqlarımızı oğurlayaraq mənimsəməyə çalışanlar burada da öz “sənət”lərindən əl çəkməmişdilər. Əlbəttə, burada, müxtəlif xalqların nümayəndələrinin oturduğu məkanda mənim nəsə deməyim də faydasız idi və dərhal oradan ayrıldım. Könülsüz-könülsüz oradan çıxaraq üzüaşağı qayıtdım. Elə bil ürəyim yorulmuşdu, yaxınlıqdakı skamyaların birində əyləşdim. Qonşu skamyada isə yaşlı bir kişi əyləşmişdi. Əvvəlcə baxmırdım, amma babamı xatırladım. Düşüncələr məni   elə xoş günlərə apardı ki.

Həmin günlərə ki, o günlərdə atam, anam, əmim, dayım, xalam, bibilərim başqa əzizlərim vardı. Birlikdə xoş günlər keçirirdik. Doğma yurdum- Dərələyəz, onun buz bulaqları, alabalıqlı Arpa çayı, yamyaşıl çölləri, laləli düzənləri sükutumla həmsöhbət oldular. Allah, Allah...! Bu sükutun səsi məni haralara aparır, çəkirdi. Yavaş-yavaş günəş yenə şəfəqlərini yamyaşıl dağların arxasına səpirdi. Gözlərim bir nöqtəyə zillənir, fikirlər məni uzaqlara aparırdı. Ayağa durdum, yolu asta-asta gedəndə sükutumun səsi elə bil mənə nəğmə oxuyur. Bu nəğməni dinləmək istədim, amma nədənsə gözüm qonşu skamyada oturan kişinin əlindəki əsaya sataşdı. Bəlkə də, əsaya gözəldir deməzlər, əsa sanki işıq saçırdı deyə, diqqətimi çəkdi.  Aralandım buradan. Özüm özümlə danışırkən haradansa bir az əvvəl gördüyüm əsa yadıma düşdü. Fikirlər içində yoluma davam etdim.

Axşam yeməyi istəmədiyim üçün otağıma yönəldim. Yazı masasına yaxınlaşdım, adəti üzrə qeydlər etməyə başladım. Əsa yadımdan çıxmırdı ki, çıxmırdı və maraqlı olansa o idi ki, nə əsaya, nə də onun yiyəsinə belə əməlli-başlı baxmamışdım. İki gün sonra böyük bacım oğlu ilə bura-sanatoriyaya gələcəkdi. Onun yolunu gözləyirdim. Yoxsa sən demə, bu vurğunu olduğum tənhalıqda sükutun səsi mənə güc gələ bilərmiş. Qeydlərimə əlavələr etdim. “Zəngəzur “ romanını bitirmək üzrə idim, xeyli oxudum. Kitabı örtüb müəlliflə- Əyyub müəllimlə xəyali söhbətə girişdim. Səhər sübhdən ayıldım ki, elə kresloda da yatıb qalmışam.

 Səhər yeməyindən sonra yenə üzüyuxarı getdim ki, həm bir az gəzim, həm də parkdakı skamyalarda oturmaq mənə çox xoş gəldiyi üçün dedim, bir az dincəlim. Elə bu vaxt qarşımda gedən yaşlı adamın əlində dünən diqqətimi cəlb edən əsanı gördüm. Düşündüm ki, skamyaların birində əyləşim, yəqin o qoca da yorulub gələr oturar, mən əsaya bir də diqqət yetirərəm, bu əsa mənə niyə belə maraqlı gəlirdi?! Bilmirəm, amma nədənsə qoca kişinin sanki məndən qaçdığını hiss edirdim.O, addımlarını yeyinlədərək neçə gün bundan əvvəl gördüyüm digər iaşə obyektinə, “Xaş” restoranına girdi. Xeyli oturdum, amma qoca qayıtmadı. Beləcə, sonrakı dalbadal iki-üç günü gələr, həmin skamyada oturub dincələr, arabir qocanı əlindəki əsanı düşünərdim. Bu axşam bacımgil gələcəkdilər deyə, otelə tələsdim.

Bacımın yoldan gəlməyinə, bəlkə də yorğun olmasına baxmayaraq xeyli söhbət etdik, iki daşın arasında, Humay xalanı soruşdum.

-Yaxşıdır bir az.

-Yenə xatirələrini danışırmı?

- Heç dayanır ki? O gün anama babasının əsasından danışırdı. Elə heyifsilənirdi ki, İlahi elə bil əsa Humay xala  üçün böyük bir varidat imiş, ancaq ondan danışır.

- Hansı əsa? İtirdiklərindən təkcə əsamı yadından çıxmır?! Eh... O boyda elini-obasını, yurd-yuvasını, daha nələr itirmədi ki Humay xala! Amma bir əsa üçünmü ağlayır bu adam?

Bacım da qəhərlənmiş halda: yox tam da elə deyil- deyə, əlavə etdi.

Ömrünün, yaşının bu çağında hər şeyini -yurd-yuvasını itirən adamın dərdi bir əsa dərdi olmaz axı.  Humay xalanın bəy babası Əmir ağanın Təbrizdə, Qalada- Şuşa şəhərində, Anadolunun bilmirəm hansısa bir şəhərində qızıl dükanları varmış. Həyat yoldaşı Nigar xanım xanım-xatun, əsilzadə imiş. Yaşlandığından yaxşı yeriyə bilmirmiş. Əmir ağaya atası Hacı Samdan qalan əsanı gətirib Nigar xanıma verir ki, bayır- bacaya çıxanda əziyyət çəkməsin. Hacı Sam da Şah İsmayılın törəmələrindən olur. Onun əsası da öz şah babalarına məxsus qiymətli ağacdan, baş hissəsi isə qızıldan olur.  Humay xala deyir ki, mən o əsanın qızılı üçün göynəmirəm, o, babama öz atasından qalmışdı. O da əsanı Təbrizdə məxsusi özünə düzəltdiribmiş. Üstündə farsca babamın atası Hacı Samın adı yazılmışdı. Babamın atasından qalan bu əsa həmişə qorunub yuxarı başda saxlanarmış, kimsə onu götürməyə cəsarət etməzmiş. Nigar nənə dünyasını dəyişəndən sonra hər dəfə o əsanı silər və yerinə qoyardıq, necə deyərlər, çox hörmətlə yanaşardıq bu yadigara.

Bir gün ayağım topuqdan sındı. Dağ yerdir də, toyuq-cücə, mal- heyvan, içəri-bayır işləri, olur belə şeylər. Gəlin bir gün əsanı gətirdi ki, Humay xala, götür bunu, rahat olsun sənə. Əvvəl-əvvəl almaq istəmədim, baba yadigarıdır, fikirləşdim ki, birdən ehtiyatsızlıqdan zədələyərəm, sözün açığı bir müddət elə yanımdaca qalmışdı, sonradan bilmirəm, nə cür oldusa öyrəşdim ona. Hə belə də oldu. Günlər keçirdi və günün birində ağır xəbərlər gəldi, əvvəl-əvvəl mən də hamı kimi inanmırdım. Necə yəni köç başlayıb? Necə yəni bu yerlər bizim babaların deyilmiş?  Biz bu məzarları necə qoyub gedə bilər, doğma od-ocağımızı nə cür tərk edə bilərdik? Fikirdən başım çatlayırdı, amma bizim kəndə heç kim gəlməmişdi və heç nə də deyilməmişdi. Narahatlıq içində vurnuxurdum. Dədə-babalarımız qanında qovrulmuş “saqqallı”lardan çox çəkmişdi və bizim uşaqlığımızın qorxulu nağılları indi həqiqətə çevrilirdi. Yaxşı- deyirdim, keçmişdə yaşanananlar olub keşib, indi, dünyanın düz vaxtında, Sovet hökumətinin qılıncının paslanmadığı vədələrdə o hadisələr necə baş verə bilərdi?- deyib, sual verir, elə, cavabı da özüm verirdim: “Yox olmaz!”-desəm də hər halda narahat idim.

Gecəni narahat oldum, odur ki, sübh açılar -açılmaz üzü Təkədonduran dağına oturub fikrə dalmışdım. Heç özümdə deyildim. Səhər açılmağına baxmayarq, qonşuların da səs-küyü gəlmirdi. Susqunluq vardı. Nə isə, “Allah xeyir eləsin!”- deyə, ümiddolu nəfəs aldım.

Bir az keçmişdi ki, qonşu Məcid kişi tələsik həyətə girdi.

- Humay bacı, tez olun, yığışın. Yenə “saqqallılıar” silahlı-filanlı kəndin ətrafındadırlar. Xırman yerinə tərəf gəlirlər, bizi kənddən çıxarmaqda qərarlıdırlar, tez olun!

Kişinin sözünü deməsi ilə tələsik, gəldiyi kimi, getməsi də bir oldu. Mən çaşbaş qalmışdım. Doğrudanmı, bu insanlar başlarını itiriblər, biz niyə köçməliyik?! Hara gedək bəs?! Qərinədən qərinəyə bunların artıq qanı niyə qaynayır görəsən?! Ayağa qalxdım, gəlini səslədim: Gülsüm, qızım, uşaqları geyindir, payızdır, üşüyərlər. Yır-yığış elə, tələs.

“Sən saydığını say”- deyiblər, gör fələk nə sayır. Biz əşyaları hazırlayınca  həyətə bir dəstə hökumət adamı, polis və mülki paltarlı şəxslər daxil oldu. Yoldaşımı illər öncə şərləyib tutmuşdular, odur ki, özüm qapıya çıxdım:

- Nə olub? Nə istəyirsiniz? 

Polislərdən biri irişə-irişə:

- Heç nə, çıxın gedin buralardan, bu yerlər bizimdir.

Doğrusu, silahlılardan çəkindim. Həm də oğul- uşaq da vardı axı. Oğlum da Bakıda işləyirdi, evdə yox idi. Ağlaya-ağlaya çıxdıq, nə çıxdıq e, süründük desəm yaxşıdır. İçimdən hayqırtılar gəlsə də, dilə gətirə bilmirdim, həyət dolu əli silahlılar vardı. Əsanı əlimə alıb qabağa düşdüm:

- Gəlin-dedim. Görək bu acgözlərin gözü doyurmu? Torpaq udsun bunları!

Deyinə-deyinə qabağa keçdim. Səsimi eşidən cavan bir hərbçi irəli yeridi, əsanı əlimdən aldı:

- Yürü, qoca, yürü!- deyib tüfəngin qundağı ilə məni itələdi.

Mən yıxıldım, dizim daşa dəydi, ağladım ki, əsamı verin ki, yeriyim. Nə qədər inad etsəm də mənə baxan olmadı, sanki tələsirdilər, dəfələrlə qışqıraraq “Tez olun, tez çıxın” -deyirdilər. Biz xırmana tərəf getdik. Hamını ora yığmışdılar. Qonşum Məcid kişiyə dedim ki, əsamı əlimdən aldılar, yeriyə bilmirəm. Qayıdım bəlkə istəyim?! Məni qoymadılar gedim və qonum-qonşuların bir səslə dediklərindən sonra, özüm də onların fikri ilə razılaşmalı oldum. Beləcə bizi “Zil” maşınlarının banına doldurub o soyuqda, şaxtada Naxçıvana göndərdilər. Tanımadığımız bir ailə bizi evinə apardı. Bir neçə ay keçdi. Biz Bakıya oğlumun yanına gəldik. Hər şeyi itirmişəm, amma babalarımın ruhu məni bağışlamayacaq, tək torpağımızı deyil, babama atasından əmanət qalan əsanı da orada qoyub gəlməyə məcbur oldum.

Bacım Humay xalanın necə göz yaşı tökdüyünü söylədi. Söhbət səhərəcən beləcə kədərli notlarla davam etdi. Bacım danışdıqca birdən-birə 3-4 gün əvvəl skamyada oturan qocanı xatırladım, onun əlindəki əsa yadıma düşdü.

Səhər bacımla müalicəvi sulardan içib şəhəri gəzdik. Yenə parkın içindəki skamyada əyləşdik, şəkil də çəkdirdik. Bacıma demirdim, amma gözüm əlində əsa olan qocanı axtarırdı. Ola bilər, kim nə bilir, bəlkə qoca kişinin ürəyinə damıb və o, beləcə yağlı əppəyə dönmüşdü.

İki gün müxtəlif vaxtlarda getdiyim o yerlərdə oldum, gözlərim qocanı axtardı. Yox idi, bəlkə də onun istirahət vaxtı bitmiş, qayıdıb öz ölkəsinə getmişdi. Fikrim əsada idi. Axşamüstü otelə qayıtdıq. Mən Humay xala haqqında yenə bir neçə sual verdim bacıma. Bacım gülümsünüb dedi ki, az qalıb, qayıdanda özün soruçarsan. Susdum.

Səhər-səhər çay kənarında dayanmaq mənə xoş gəlirdi, xüsusən axına qarşı tamaşa ləzzətli idi. Birdən qocanı əlində əsa çayyuxarı getdiyi gördüm. Bilmirəm sevindim, ya həyəcan məni basdı, nə isə, qoca gedən tərəfə yönəldim və bacımı da zorla çəkə- çəkə apardım.  Qoca müalicəvi suların birindən içdi və aramla gedib həmin skamyada bir qadının yanında oturdu. Mən də bacımla qonşu skamyada əyələşdim və diqqətim əsada idi. Bəli, xüsusi düzəldilmiş əsa idi, başlığı da qızıldan. Ürəyim sıxıldı, doluxsundum. Amma soruşacaqdım nə olur olsun. Gözlədim. Arabir bacımı da unutmur, söhbət edirdim. Nəhayət, qadın ayağa qalxdı. Mən bacımla qoca əyləşən skamyaya yaxınlaşdım, rus dilində oturmaq üçün icazə istədim. Qoca tərtəmiz Qarabağ ləhcəsi ilə Azərbaycan dilində əhvalımızı soruşdu. O, nə qədər təmiz danışsa da, erməni olduğunu bildim. Təəccübümü isə büruzə verməyərək soruşdum: nə gözəl əsanız var, deyəsən lap qədimdir ha! Cavab gəlmədi. Buraların təbiətindən, havasından danışdı. Mən sualımı bir də təkrar etdim. (bilirdim ki, bu sual çox yersiz sualdır) Qoca gözləmədiyim halda hönkürərək ağladı. Mən nə dedim ki?! Qoca kövrək səslə söhbətə davam etdi:

Mənim tək bir oğlum vardı, Abram. Hər şeyimiz vardı, o, əsgəri xidməti başa vurub evimizə qayıtmışdı. Pis yaşamırdıq. Günün birində oğlumu çağırdılar. Kim çağırdı? Niyə çağırdı? Bilmirəm, hardan biləydim? Amma həmin gündən oğlum susqun, fikirli idi. Bir neçə gün sonra dedi getməliyəm, ata! Hara, niyə getməli idi? Onu da bilmədim. Ara -sıra bəd xəbərlər eşitsəm də çox şeydən xəbərsiz idim. Oğlum getdi. Anası da mən də qorxu içində idik. Günün birində gecə oğlum gəldi. Xeyli zinət əşyaları, pul və bu əsa. Sonradan yenə getdi oğlum və qayıtmadı. Elə  bil, bu adda adam əvvəldən olmayıb, öldüsü-qaldısından da xəbər tuta bilmədik. Getmədiyim yer, döymədiyim qapı qalmadı. Heç meyitini də gətirmədilər. Bu günə qədər məzarı da məlum deyil. Anası dözmədi, dünyasını dəyişdi, mən də bax, beləcə tərki-vətən oldum. Elə bu şəhərə yaxın bir kənddə oluram.

Qoca susdu.

Mən əsanı ondan alıb diqqətlə baxdım, universitet illərində fars dilini öyrəndiyim üçün əsanın üstündəki yazını  çətinliklə də olsa oxudum. Orda “Hacı Sam - Əhmədin oğlu Hacı Sam” sözlərini oxudum. Əsanı qocaya qaytardım.         

Sağollaşmasız-filansız oradan uzaqlaşdım. Bacım arxamca məni səsləsə də, dayanmaq istəmirdim. İndi fikrim Humay xalaya yönəlmişdi, onunda danışırdım, amma bilmirdim ki, sevinim, ya kədərlənim.

Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!