Modern.az

Müəllimlərin attestasiyası necə keçirilir? - Bütün suallara cavab verən REPORTAJ

Müəllimlərin attestasiyası necə keçirilir? - Bütün suallara cavab verən REPORTAJ

Reportaj

Bu gün, 15:13

Fevral ayından başlayan attestasiya imtahanlarının gedişini öyrənmək üçün Bakı Xoreoqrafiya Akademiyasına üz tuturuq. Saat 10:50... Akademiyanın həyətində bir-birinə ürək-dirək verən, imtahan həyəcanı ilə var-gəl edən müəllimlər və attestasiyanın təşkilatçıları ilə qarşılaşırıq. Təşkilatçı Yaşar Zeynalovla salamlaşır, heç kimə mane olmadan içəri daxil oluruq. 

Modern.az saytı musiqi müəllimlərinin Bakı Xoreoqrafiya Akademiyasında keçirilən attestasiya imtahanı ilə bağlı reportajı təqdim edir:



... İlkin olaraq kamera otağına keçirik, nəzarətçilər görüntü ilə yanaşı, paralel otaqdakı söhbətləri də dinləyirlər. Otağa daxil olan kimi gərgin ab-hava dərhal hiss olunur. Nəzarətçilər gözlərini ekrandan çəkmir, sanki içəri daxil olduğumuzu fərq etmirlər. Qarşılarında isə müxtəlif qeydlər, izləmə vərəqləri düzülüb. Bir qədər sonra buradan daha ətraflı məlumat almaq niyyətində idik. Amma otaqdakı səssizlik bizi çox saxlamır, dəhlizin o biri başından gələn piano və tar səsləri addımlarımızı özü ilə aparır.

Saat 11:06. Təşkilatçılar müəllimləri tələsdirmədən, sakit və sistemli şəkildə imtahan otaqlarına yönləndirirlər. Bu mənzərəni müşahidə edə-edə biz də piano və tar səslərinin gəldiyi otağa doğru irəliləyirik.

Çox keçmir ki, buranın müəllimlərin imtahandan əvvəl məşq etmələri üçün ayrıldığını öyrənirik. Otağa daxil olan kimi fərqli emosiyalar diqqət çəkir: bəziləri kifayət qədər nikbin görünür, bəzilərinin isə həyəcanı üzlərindən açıq-aydın hiss olunur.

“Haradan gəlmisiniz” sualıma cavab isə gecikmir: Bərdədən.

 

 

 

Bu zaman Yaşar müəllim söhbətə qoşulur və izah edir:

“Aprel ayı boyunca Qarabağ bölgəsindən olan müəllimlərin attestasiyası keçirilir. Bu bölgədə çalışan musiqi müəllimlərinin sayı çoxdur. Elə bölgələr var ki, 3 günə bütün proses yekunlaşır, amma Qarabağ üzrə bu mərhələ təxminən bir aya yaxın davam edəcək”.

Onlarla danışmaq istəsəm də, bəziləri həyəcanlarından söz tapa bilmir, bəziləri isə gülümsəyərək “qoy imtahanı yaxşı verim, sonra sənə əla müsahibə verəcəyəm” deyib yenidən pianonun arxasına keçir. Məşq zamanı eşitdiyimiz ifaların cəmi 15 dəqiqə sonra imtahan otaqlarından gələcəyini bilmək bu anın həyəcanını daha da artırır. Bu otaqda cəmi 5 dəqiqə keçiririk ki, imtahan təşkilatçılarından biri yaxınlaşıb bildirir: xanəndələrin attestasiya imtahanı artıq başlayıb. Biz də prosesi izləmək üçün yan otağa keçirik.

Saat 11:15. İçəri daxil olan kimi münsiflər arasında kifayət qədər tanış və peşəkar simalar diqqət çəkir: Bəyimxanım Vəliyeva, Mirələm Mirələmov... Bu adları görmək imtahanın ciddiliyini və məsuliyyətini hiss etdirir.
İfa başlayır. Xanəndələrin attestasiyası digər musiqi müəllimlərindən fərqli olaraq daha uzun çəkir. Muğamın tam ifası ilə yanaşı, münsiflərin müdaxiləsi ilə onun müxtəlif hissələri ayrıca yoxlanılır. Eyni zamanda nəzəri biliklər və müasirlər barədə suallar da səsləndirilir.



İfaçı xeyli həyəcanlı olsa da, münsiflərin münasibəti bu gərginliyi müəyyən qədər azaldır.
İlk imtahan verən şəxs, Bərdə rayonunun Kətərparaq kənd uşaq musiqi məktəbinin müəllimi Cəlal Hüseynov attestasiya imtahanını uğurla başa vurur. Biz də fürsəti qaçırmayıb onunla həmsöhbət oluruq:

“Attestasiya imtahanımız çox şəffaf və obyektiv şəkildə keçirildi. Müsahibə aparan şəxslərə də təşəkkür edirəm. Onlar müəllimi danışığından, davranışından, ümumi duruşundan yaxşı tanıyır və insanın daxilində nə olduğunu hiss edə bilirlər”.

1514065

Müsahibimiz çox həyəcanlı olduğunu da gizlətmir:

“Bir az həyəcanlı idim, buna baxmayaraq münsiflərimizin bunu anlayışla qarşıladığını gördüm. Suallara da, məncə, 99% düzgün cavab verdim”.

“Bu imtahanı təşkil etdiyinə görə Mədəniyyət Nazirliyinə də minnətdarlığımı bildirirəm. Belə imtahanlar müəllimlərin daha məsuliyyətli və işində daha ciddi olmasına kömək edir. Mən hər zaman milli musiqimizin qorunmasının tərəfdarı olmuşam. Həmkarlarıma da daim demişəm ki, öz musiqimizi qoruyaq, düzgün və keyfiyyətli musiqi ilə çalışaq. Azərbaycan musiqisi dünyada böyük rəğbət qazanıb. Dünya bizim musiqimizi yüksək qiymətləndirir, lakin bəzi müəllimlərin bunu anlamır, dərslərə ciddi yanaşmır”, - o sonda bildirdi.
 

1514063

Mikrofonumuzu münsiflər arasında olan Əməkdar artist Bəyimxanım Vəliyevaya uzadırıq. Onun münsif kimi attestasiya imtahanı ilə bağlı təssüratları da maraq doğurur:

“Attestasiya imtahanında maksimum dərəcədə çalışırıq ki, şəffaflıq təmin olunsun. Əlbəttə, attestantların həyəcanını da hər zaman nəzərə alırıq. Müəllimləri sakitləşdirməyə çalışır, su ilə təmin edir, hərtərəfli dəstək göstəririk ki, bu prosesi təmkinlə keçə bilsinlər. Ümumi fikrimiz budur ki, öz işinə və sənətinə məsuliyyətlə yanaşan bütün müəllim və pedaqoqlar bu mərhələdən alnıaçıq, üzüağ çıxacaqlar. Amma təəssüf ki, bəzən yalnız adı müəllim olan şəxslərlə qarşılaşırıq. Bir sıra hallarda proqramdan, hətta muğamdan belə məlumatı olmayan müəllimlərə rast gəlirik. Bu, əlbəttə, çox acınacaqlı və təəssüf doğuran haldır”.

Attestasiya müəllimlər üçün daha rahat və sakit bir formadır və bir növ sertifikasiyaya hazırlıq mərhələsi rolunu oynayır. Bu proses müəllimlərin öz çatışmazlıqlarını görüb üzərində işləməsinə imkan yaradır.

“Bütün attestantlara uğurlar arzulayıram. Uğur qazananları təbrik edirəm. Kəsilənlər də olur. Bəzən mənfi rəylər səslənir ki, guya proses çox çətin olub, suallar dolaşıq və ağır verilib. Amma inanın ki, bu prosesdə iştirak edən hər kəs şahiddir, biz əlimizdən gələni edirik ki, müəllimlərə dəstək olaq, müəyyən hallarda güzəştlərə də getmək olur. Çünki hamımız bu mərhələlərdən keçmişik və onların məsuliyyətini, stressini yaxşı başa düşürük. Lakin bizim dəstəyimiz müəyyən həddə qədərdir. Nəticədə, iştirakçılar ev tapşırıqlarına düzgün hazırlaşmalı, ixtisasları üzrə ən sadə və əsas suallara cavab verə bilməlidirlər ki, digər sualları da müəyyən səviyyədə cavablandıra bilsinlər. Biz isə öz növbəmizdə maksimum dəstək göstərməyə çalışırıq”, - Bəyimxanım Vəliyeva deyir.

“Kəsilənlərin demək olar ki, hamısı məhz ixtisası haqqında primitiv suallara cavab verə bilməyənlərdir. Heç kim öz zəifliyini etiraf etmir, heç kim açıq şəkildə demək istəmir ki, ixtisası üzrə ən sadə suala belə cavab verə bilməyib”, – o qeyd edir.

Xanəndələrimizlə hələlik sağollaşırıq...

Saat 11:30. Artıq iki otaqda piano üzrə müəllimlərin də imtahanı başlamışdı. Otağa girəndə ritmi düzgün bilmək üçün deyilən “bir və iki və bir və iki” sözlərini eşidirəm. Piano təhsili aldığım üçün buradakı terminlər mənə tanış gəldi. Yadımda qalan o idi ki, “bir, iki, üç, dörd” əsas vurğulardır, aradakı “və” isə yarım hissələri göstərir. Müəllimin həyəcanlı və tərəddüdlü səsindən ritmi necə böldüyünü eşitmək olmadı... Münsiflər həyəcanın keçməsi üçün ona su təklif etdilər, beləliklə əsas sual-cavab başladı.

Reportaj zamanı fortepiano ixtisası üzrə dərs deyən 5 müəllimin imtahanını izləmək imkanı əldə etdik. Onların arasında fərqli səviyyələr aydın şəkildə hiss olunurdu.

Bəziləri sadəcə imtahan materialını praktiki olaraq əzbərləmişdi, not oxumaqda çətinlik çəkir, hətta yaşayan bəstəkarlarımızı tanımadıqları da görünürdü. Elə hallar oldu ki, ifa etdikləri əsərin quruluşunu belə ümumi və qeyri-dəqiq ifadələrlə izah edirdilər.



Digər tərəfdən, nəzəri bilikləri yaxşı olan, lakin bunu praktikada tam göstərə bilməyən müəllimlər də vardı. Bu kimi uyğunsuzluqlar münsiflərdə əlavə suallar yaradır, onlar detallı şəkildə suallar verərək müəllimin səviyyəsini daha dərindən yoxlayırdılar.

Müşahidə etdiyimiz əsas məqamlardan biri səsvermələrdə münsiflərin maksimum detallı yanaşmaları idi. Münsiflərdə çox sualların yarandığı səsvermədəki tərəddüdlərindən hiss olunurdu..

Səsverməsini izlədiyimiz piano müəlliminin nəzəri baxımdan bilikləri yaxşı idi, ifaya gəldikdə isə qismən-yaxşı hesab edildi. Müəllimin çox həyəcanlı olduğu nəzərə alındı və onu çox gözlətmədən imtahandan keçdiyi açıqlandı. Və beləliklə sevinc gözyaşları..

1514074

Attestasiya imtahan mərkəzinin münsifi olan Aysel Zamanova uzun çəkən səsvermə prosesindən sonra saytımıza piano üzrə keçən sınaqlardan danışdı:

Attestasiyadan keçən müəllimlər də üzərlərində daim çalışmalıdır:

“Piano üzrə attestasiya imtahanına hazırlaşan müəllimlərin bu prosesi uğurla keçməsinə və layiqli qiymətlər almasına sevinirik. Digər iştirakçılara da uğurlar arzulayırıq. Onlar öz üzərlərində daha çox çalışmalıdırlar. Attestasiyadan keçən müəllimlər də daim özlərini inkişaf etdirməyə davam etməlidirlər.
Əlbəttə, imtahan zamanı müəyyən səhvlər ola bilər. Tövsiyəmiz odur ki, müəllimlər həyəcanlarını bir kənara qoyaraq ifaya diqqət yetirsinlər. Bildiyimiz kimi, imtahanda ifa, qamma, nəzəri biliklər və üzdən oxu kimi mərhələlər mövcuddur. Bu tələbləri layiqincə yerinə yetirən müəllimlər, təbii ki, imtahandan uğurla keçdilər”.

Müəllimlər əvvəlcədən verilən vaxtdan düzgün istifadə etməlidirlər:

“Müəllimlərə əvvəlcədən vaxt verilmişdi və biz istərdik ki, bunu düzgün dəyərləndirsinlər. Təəssüf ki, bəziləri bunu edə bilmədi. Qeyd etmək istəyirəm ki, bütün suallar proqram əsasında verildi, proqramdankənar heç bir sual olmadı. Eyni zamanda müəllimlərin metodik bilikləri də yoxlanıldı. Çünki musiqi məktəbində dərs deyən müəllimlər praktik olaraq bu suallara hazır olmalıdırlar və metodik baxımdan yetərli səviyyədə olmalıdırlar”.

Bəzi məqamlarda güzəştlər, bəzilərində isə tərəddüd edilmədən müəllimlərin kəsildiyini gördük. Bu cür nümunə qarmon və tar müəllimlərinin simasında diqqətimiz çəkdi.

Digər otağa keçməzdən əvvəl artıq bir neçə saatdır dəhlizdə müəllimləri yönləndirən nəzarətçi Zeynəb Zeynalova ilə həmsöhbət olduq. 

Onun sözlərinə görə, imtahanın gedişatı ümumilikdə çox şəffaf şəkildə təşkil olunur, dürüstlük və obyektivlik prinsiplərinə ciddi şəkildə riayət edilir.

Müsahibimiz qeyd etdi ki, imtahan zamanı müəllimlərdə təbii olaraq həyəcan müşahidə olunur. Lakin yaxşı hazırlaşan müəllimlər bu mərhələni uğurla keçə bilirlər.

“İmtahan prosesi ilə bağlı ümumi razılıq yüksəkdir. Əlbəttə, müəyyən narazılıqlar da olur, lakin bu hallar çox azlıq təşkil edir. Artıq neçə aydır bu prosesdə iştirak edirəm və tam əminliklə deyə bilərəm ki, attestasiya imtahanı şəffaf şəkildə keçirilir və obyektivlik təmin olunur”, – Zeynəb Zeynalova əlavə etdir.

Attestasiya imtahanı zamanı müşahidələrimizə əsasən demək olar ki, qarmon ixtisası üzrə imtahan götürən müəllimlər üçün bir qərara gəlmək daha çətin idi. Sual çox, cavablar fərqli, ifalar isə bir-birindən xeyli fərqli səviyyədə idi. Üstəlik, həyəcan da hər zamankı kimi öz sözünü deyirdi.

Maraqlı məqamlardan biri müəllimlərə verilən ən sadə sual idi: “Yanınıza uşaqlar gələndə onlara qarmonu, musiqini necə sevdirirsiniz?”

Cavablardan biri belə oldu:

“Qadan alım, nə yalan deyim, soruşuram ki, atan nə işlə məşğuldur? Deyir ki, traktor sürür. Soruşuram ki, əli, üst-başı necə olur? Sonra yenə soruşuram: bir də mənim əllərimə bax, üst-başıma bax, indi sən hansını seçərdin?”

Görünür, bu, münsiflərin ilk dəfə eşitdiyi belə cavab deyildi.

Diqqət çəkən digər məqam isə bəzi müəllimlərin dərs saatının kifayət qədər çox, 24 saatdan artıq olsa da, ifa etdikləri əsərləri hissələr üzrə təqdim etməkdə çətinlik çəkmələri idi. Bundan əlavə, bəzi iştirakçıların Azərbaycanın tanınmış qarmon ustalarını belə tanımaması da ciddi problem kimi ortaya çıxırdı.

Saat 12:10. Bir neçə otağı gəzib yenidən bu imtahana qayıdırıq. Bu dəfə ab-hava daha gərgin, münsiflərin üzündə isə yorğunluq və narahatlıq açıq hiss olunurdu. İlk baxışda bunu imtahanların uzun çəkməsi ilə əlaqələndirmək olardı. Amma məsələ təkcə bu deyil...

İçəri daxil olanda elə düşündük ki, ifa artıq başa çatıb. Lakin məlum oldu ki, uzun illərdir dərs deyən müəllim nə qamma, nə muğam ifa edə bilib, təqdim etdiyi əsəri də yarımçıq saxlayıb.

Arxa sırada əyləşib dinləyərkən aydın oldu ki, 20 ildən artıq pedaqoji fəaliyyəti olan bu müəllim cəmi 1 il təhsil alıb və onu da yarımçıq qoyub:

Münsiflərdən biri sakit səslə deyir:

“Yaxşı, müəllim, gəlin əvvəldən başlayaq. “Bayatı-Şiraz”ı yenidən ifa edin”.



Hər bir azərbaycanlının ilk notlardan tanıya biləcəyi bu muğam səslənsə də, eşitdiyim ifa mənə tanış gəlmir. Sanki bildiyimiz “Bayatı-Şiraz” deyil. O an otaqdakı gərginlik daha da artır.

Bir qədər sonra məlum olur ki, bu müəllim il ərzində 6 şagirdə qarmon üzrə dərs deyir.

Münsif növbəti sualı verir:

“‘Bayatı-İsfahan” ifa edə bilirsiniz?”

Cavab qısa olur: edə bilmir.

“Həyəcanlısınız” sualına isə tərəddüdsüz “Bəli” cavabı verilir.

Ardınca müəllim vəziyyəti izah etməyə çalışır:

“Mən il yarım oxudum, sonra əsgərliyə getdim, davam etdirə bilmədim. Kontuziya aldım, ona görə də təhsilimi davam etdirə bilmədim. Ona görə bunların heç biri yadımda qalmayıb”.

Münsiflər bu dəfə nəzəri suallara keçirlər:

“Bayaq “Bayatı-Kürd”dən danışdıq. Onu neçənci sinifdən tədris edirsiniz?”

“2-ci sinifdən”, - bu dəfə cavab gəlir.

Amma muğamın hissələrinin adlarını soruşanda cavab almaq mümkün olmur. Hətta muğamın son hissəsinin adını belə xatırlaya bilmir. Müəllim vəziyyətdən çıxmaq üçün yarızarafat, yarıciddi şəkildə deyir:

“Adı böyükdür, özü kiçik...”

Otaqda bir anlıq sükut yaranır…

Müəllimin "himnimizi kim yazıb" sualını düşünərək düz cavab verməsi çox böyük təşəkkür alır. Bu cür adi sualın cavabına belə böyük təşəkkür edilməsinin səbəbini yanında əyləşdiyimiz kordinatordan soruşuruq:

- Bu gün bu suala cavab verə bilməyən imtahan iştirakçıları oldu?

Cavab tez, amma bir o qədər də məyusedici idi: 

“Bəli, iki nəfər bu sualın cavabını verə bilmədi”...

Yenidən imtahan prosesini dinləyirik. Əslində daha çox təəccüblənəcəyimizi düşünmürdük. Amma..
Digər münsif soruşur ki, texniki dinləmə nə zaman olur, cavab verilir: “Çox dərinə getmirik”.
"Hansı dərs vəsaitlərindən istifadə edirsiniz" sualı da cavabsız qalır...



Digər münsif piano arxasındakı müəllimi sorğu-sual edir: “Elə bilin ki, mən şagirdəm, siz mənə dərs keçirsiniz”... Bu stiuasiyanı göstərmək həddindən artıq çətin oldu, hətta daha konkret desək mümkün olmadı. 

Səsvermə yekdilliklə müəllimin əleyhinədir, heç bir güzəşt yoxdur, münsiflər yekdilliklə həmin müəllimi imtahandan keçirmir, otaqdakı ab-hava tamam dəyişib. Münsiflər qarşılarındakı qeydlərə baxanda daha çox təəccüblənirlər. Həmin müəllim il ərzində necə olur ki, 6 şagirdə qarmondan dərs deyir?


İştirakçı yenidən içəri daxil olur. Bu dəfə ona sadəcə soruşulur:

“Müəllim, siz necə dərs keçirsiniz, nədən dərs deyirsiniz?” Bu suala da cavab gəlmir, "imtahandan kəsildiniz!"  sözünə isə “canınız sağ olsun” cavabı verilir.

Qarmon üzrə imtahan verən müəllimlər arasında eləsi ilə qarşılaşdıq ki, “pauza” anlayışının nə olduğunu bilmirdilər, hətta skripka açarını tanımayanlar belə var idi.

Bəziləri klassiklər haqqında suallara da özünəməxsus “klassik cavablar" verirdilər:

“Hamısını tanıyıram vallah, sadəcə yadımdan çıxıb... Tey-tey... Teymur Dəmirov var, məsələn...”

Münsiflər sakit şəkildə düzəliş edirlər: “Teyyub Dəmirov”.

Bu otaqda ən çox eşitdiyimiz ifadələrdən biri də bu oldu:

“Özünüzü çaşdırmayın...”

Qarmonu nəfəs aləti adlandıranlar da vardı, texniki dinləmələrin nə vaxt keçirildiyini bilməyənlər də. Bu mənzərə imtahanın yalnız ifa yox, eyni zamanda elementar musiqi savadını da ortaya çıxardığını açıq şəkildə göstərirdi.

Azərbaycan musiqi alətlərinin şahı - tar üzrə dərs deyən müəllimlərin attestasiya olunduğu otağa keçirik.

Akademiyaya daxil olarkən əlində tarla məşq edən həmin simanı bu dəfə artıq imtahan otağında görürük. İndi o, qiymətləndirmə qarşısındadır.

Burada da ilk diqqət çəkən məqamlardan biri münsiflərin yanaşması olur, suallar ardıcıl verilir, lakin cavablar hər zaman eyni aydınlıqda olmur. 316 nömrəli otaqda bəzən ifalar kifayət qədər yaxşı səslənsə də, attestasiya zamanı əsas çətinlik daha çox nəzəri biliklərdə özünü göstərir.

Piano üzrə imtahanda olduğu kimi, burada da ümumiyyətlə not savadı olmayan müəllimlərlə qarşılaşırıq. Bu isə münsifləri ən çətin vəziyyətdə qoyan məqamlardan biridir.



Səsvermə mərhələsinə gəldikdə isə ən çox müzakirələrin getdiyi otaqlardan birinin məhz bura olduğu aydın hiss olunur. Burada qərarlar asan verilmir, hər iştirakçıya görə ciddi tərəddüd və müzakirə yaranırdı.
Müəllimlərin bəziləri intervalların, akkordların adını saymaqda çətinlik çəkir, qammaları bilmirdi...

Səsvermədən sonra iştirakçı içəri daxil olur.

Çox uzatmadan münsiflərdən biri soruşur, – “İxtisas dərsi keçirsiniz?”
Heç bir nəzəri suala cavab verməyən müəllimin 24 saat dərs saatı var, hətta həftəsonları ansamblda 10 saat dərs də deyir. Ancaq müəllimin özünün ansambldan dərs deməsindən xəbəri yox idi...

Bəzi tar müəllimləri isə dərs vəsaiti kimi ancaq not dəftəri və gündəliyin adını çəkirdilər...



Səsvermə sırasında əsas tərəddüd təhsilini yeni bitirən və bir neçə illik pedaqoji fəaliyyəti olan müəllimlərlə bağlı idi.
Elə bu gərginliyi görüb, münsif kimi attestasiya imtahanında iştirak edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Ruslan Zərbəliyevlə həmsöhbət oluruq. 

Attestasiya prosesi ümumilikdə gərgin keçir:

"İmtahanda müxtəlif yaş qruplarından olan müəllimlər iştirak edir. Müəllimlər bir qədər məsuliyyətli olmalıdırlar. Hətta elə yaşlı müəllimlər var ki, məsuliyyət baxımından gənclərdən daha nümunəvi davranırlar”, - Ruslan Zərbəliyev vurğulayır. Deyir ki, nəticələr müxtəlifdir, yaxşı nəticə göstərənlər də var, orta səviyyədə olanlar da, zəif nəticə göstərənlər də.



O, müəllimlərə tövsiyə edir ki, daha çox çalışsınlar və öz üzərlərində işləsinlər:

“Çünki gələcəkdə sertifikasiya mərhələsi keçiriləcək və bu proses fərqli sistem əsasında təşkil olunacaq. Bu baxımdan hər kəs özünü inkişaf etdirməli və daha yaxşı nəticə göstərməyə çalışmalıdır”.

Saat 12:45. Son olaraq vokal üzrə attestasiya imtahanın keçirildiyi otaqdayıq. İfaların bəziləri bizi yaxşı mənada, bəzi nəzəri cavablar isə pis mənada təəccübləndirdi. Məsələn, vokalistlərdən biri görkəmli opera yazarlarımızı ümumiyyətlə tanımır:

“Fikrət Əmirovun əsərlərini saya bilərsiniz?”,- bu sualı eşidəndə düşündük ki, otağa yaxşı vaxtda gəlmişik.

“Fikrət Əmirov... yox. Bəlkə də əsərlərini tanıyıram, amma özünü yox”. Bir dəqiqə keçməmiş yanıldığımızı anlayırıq. Sonra münsif “Sevil” operasında Balaşın ariyasını oxuyur. Cavab: "Həəə, “Balaş operası”".

Münsiflər sırasında yer alan Xalq artisti Gülnaz İsmayılova müdaxilə edir: “Balaş yox, Sevil”... Notların oxumasını müşahidə edirik. Vokalist gözlərinin yaxşı görmədiyini dedikdə, Gülnaz İsmayılova eynəyini vokalistə verir, başlayır notları oxumağa. Kifayət qədər yaxşı nəticə verdiyi münsiflərin üzündə hiss olunur.

1514093

Lakin nəzəri suallara gəldikdə burada da müəyyən boşluqlar hiss olunur. İstər Mozart, istər Üzeyir Hacıbəyli haqqında suallara cavab auditoriyada çaşqınlıq yaradır. "Azərbaycanda ilk muğam operası hansıdır" sualına cavabın “Leyli və Məcnun” və  “Koroğlu” operası cavabını alan münsiflər “Koroğlu” haqqında suallar verməyə başlayırlar. Burada müəyyən suallara yaxşı, bəzilərinə isə tərəddüdlü cavablar münsiflərin gözündən qaçmır. 

Nəzəri suallara konkret cavab verilməməyinin səbəbi də izah olundu:

“Mənim dərslərim çox azdır, buna görə də öz üzərimdə çox da işləyə bilmirəm. Evdə də oturub bütün gün proqram əzbərləyə bilmərəm ki”.
Təbii ki, bu münsiflər üçün daha çox sual yaradır...

“Təsəvvür edin ki, mən şagirdəm. Mənə dərs deyin”. Bu stiuasiya tar və qarmon müəllimlərindən fərqli olaraq daha yaxşı nəticə verdi.

Sondakı nəzəri suallara yaxşı cavab da münsiflər üçün konkret fikir formalaşdırır. 

1514094
Fasilə zamanı xanəndələrlə ayaqüstü söhbət etmək imkanı yaranır. Məlum olur ki, imtahanda iştirak edən 5 nəfərdən 2-si attestasiya mərhələsini keçə bilməyib. Söhbət zamanı diqqət çəkən məqamlardan biri də heç bir xanəndəlik təhsili olmayan, lakin imtahanda iştirak edən bir xanımın söylədikləri idi. O, nəticəni belə “izah edir”:
“Mənim həyat yoldaşım icazə versəydi, təhsilimi davam etdirərdim, indi burada sizdən imtahanı mən götürərdim".

Digər tərəfdən isə xanəndələr arasında 64 yaşı olan, pensiya yaşına yaxınlaşan bir müəllimin attestasiyanı uğurla keçməsi də xüsusi qeyd olunur. Onun çox məsuliyyətli, işinə və sənətinə yanaşmasından ağızdolusu danışılır. Hətta bəzi uğurlu müəllimlərin attestasiya nəticələrinə sonda dərs saatlarının artırılmasının vacibliyi  kimi qeydlər də edilib.

1514096

Saat 13:07. Sonda yenidən kamera otağına keçirik. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov deyir ki, hazırda attestasiya prosesinin ikinci mərhələsi gedir. Birinci mərhələ 2025-ci ildə baş tutub və həmin mərhələdə 4000 müəllim attestasiyadan keçib.

Bu ilin fevral ayından etibarən isə 8000-dən artıq müəllimin attestasiyadan keçirilməsi planlaşdırılır. Attestasiyaya ilk olaraq Mərkəzi Aran bölgəsindən start verilib. Daha sonra Gəncə-Daşkəsən regionu üzrə mərhələ başa çatıb. Aprel ayının əvvəlindən isə Qarabağ regional ərazisinə daxil olan məktəblərin müəllimləri prosesə cəlb olunub. Burada həm musiqi, həm də incəsənət məktəblərinin müəllimləri iştirak edirlər.

Bu gün əsasən Bərdə rayonunun ərazisindən olan müəllimlər attestasiyada iştirak edir. Bunlar Çolay, Kətərburax və Divanlı kənd məktəbləri, eləcə də Bərdə şəhər 4 nömrəli məktəb, Füzuli şəhər 1 nömrəli məktəb və Şuşa şəhər Uşaq İncəsənət məktəbinin müəllimləridir.

Qarabağ bölgəsi üzrə ümumilikdə 2000-dən artıq müəllim var. Artıq bu region üzrə attestasiya prosesinin yarıdan çoxu tamamlanıb və aprelin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Bundan sonra növbəti mərhələdə digər regionlar – Qazax-Tovuz, Lənkəran-Astara, Şərqi Zəngəzur, Şəki-Zaqatala və Dağlıq Şirvan üzrə attestasiya keçiriləcək.

Qeyd olundu ki, attestasiya komissiyalar vasitəsilə həyata keçirilir. Hər komissiya 5 nəfərdən ibarət olur. Onlardan 4 nəfəri müvafiq ixtisas üzrə müəllim və professorlar, 1 nəfər isə Həmkarlar İttifaqının nümayəndəsidir.
Bütün otaqlar kamera və mikrofonlarla təchiz olunub, proses tam şəffaf şəkildə həyata keçirilir. Bununla yanaşı, ayrıca nəzarət otağı da fəaliyyət göstərir. Burada nəzarətçilər kameralar vasitəsilə prosesi izləyir və eyni zamanda dinləyirlər. Hər hansı narazılıq və ya problem yaranarsa, dərhal müdaxilə olunur.

1514097

Y. Zeynalov deyir ki, bu gün problem olmayıb. Amma ümumilikdə bu cür stiuasiyalar da yaşanır:

“Məsələn, komissiya üzvləri suallar verir və biz də prosesi izləyirik. Bəzən görürük ki, komissiya üzvləri müəllimi keçirmək istəyir, lakin ifası zəif olur. Bu zaman müdaxilə edib bildiririk ki, daha obyektiv yanaşma olsun.

Eyni zamanda, bəzi hallarda müəllimin təlimə göndərilməsi məsələsi də müzakirə olunur və nəticədə ümumi razılıq əldə edilir. Əgər komissiya öz qiymətini əsaslandıra bilirsə, buna imkan verilir. Subyektiv yanaşma ehtimalı da yoxlanılır və uyğun hesab edilərsə, qiymətləndirmə qəbul olunur. Digər tərəfdən, elə hallar da olur ki, müəllim ümumiyyətlə suallara cavab verə bilmir. Bəzən müxtəlif əlaqələrə istinad edənlər də olur. Belə hallarda dərhal araşdırma aparılır”.

“Problemlərə gəldikdə isə, bu gün fortepiano müəllimlərindən biri əlindən travma almışdı və bunu təsdiq edən arayış təqdim etməsə də, onun bir əli ilə ifa etməsi mümkün olmadığından, həmin müəllimə əlavə vaxt verilib və sağaldıqdan sonra attestasiyada iştirak edəcək”,- Y.Zeynalov əlavə edir.

1514098

Sonda yenidən dəhlizə çıxırıq. Bir tərəfdə imtahandan keçənlərin sevinc göz yaşları, digər tərəfdə isə susaraq otaqdan çıxan müəllimlər... Dəhlizdə hələ də tarın, pianonun səsləri eşidilir. Amma bu səslərin fonunda cavabsız qalan bir sual daha kəskindir: musiqini öyrədən müəllim özü bu musiqini nə qədər bilir?..

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!