Modern.az

Avrasiya İttifaqının “yığma oyunu”

Avrasiya İttifaqının “yığma oyunu”

Aktual

14 İyun 2014, 21:56

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Hazırda Braziliyada futbol üzrə 20-ci dünya çempionatının start götürdüyü bir vaxtda Belarus və Qazaxıstan prezidentləri Aleksandr Lukaşenko ilə Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqına düşmək üçün hələ ki “yığma oyun” keçirirlər.

Azərbaycan prezidenti İlham Əliyev hələ Davosdakı çıxışı zamanı, Qərbə doğru inteqrasiya kursu götürmüş ölkəmizin həm Avropa Birliyi, həm də Avrasiya İqtisadi İttifaqına üzv olmaq istəyən ölkələr ilə ayrı-ayrılıqda iqtisadi-siyasi əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulamışdı. O, Azərbaycanı heç bir təşkilatdan asılı olmayan ölkə adlandıraraq, hər iki quruma üzvlüyə lüzum görmədiyini açıq-aşkar bəyan etsə də, bizi Avrasiya İttifaqının “oyunçusu” olmağa rəsmən çağrırlar.

Belə ki, 5min.by portalı və digər informasiya qaynaqlarından yayılan xəbərə görə, Belarus prezidenti A.Lukaşenko iyunun 9-da Serb jurnalistlərlə görüşündə Avrasiya İqtisadi İttifaqının dünyada yeni “güc mərkəzi”inə çevriləcəyini deyərək, Çin, Vyetnam və Hindistanın da artıq yeni təsis olunmuş qurumda təmasa girməyə hazır olduğunu bildirib.

Ukrayna barədə isə, Belarus liderinin - “bu ölkə Avrasiya İttifaqı ilə əməkdaşlıqdan heç yana qaça bilməcəyək” deməsi, görünür onun Rusiyanın axır-əvvəl Ukraynanı hərbi təhdidlərlə sıxışdıraraq, bu birliyə məcburən qoşacağına inamından irəli gəlir.

Bu məlumatlarda vurğulanır ki, gələcəkdə Avrasiya İttifaqına Ermənistanla Qırğızıstan da üzv olmağa hazırlaşır və eyni zamanda İttifaqa daxil olmaq üçün Azərbaycana da rəsmi səviyyədə dəvət göndərilib. Qeyd edək ki, Azərbaycanın Avrasiya İttifaqına daxil olması üçün Rusiyadan rəsmi dəvət alması barədə epochtimes.ru portalı da xəbər verib.

Amma məlumdur ki, Azərbaycanın suverenliyini şübhə altına ala biləcək SSRİ qoxulu bu İttifaqa rəsmi Bakı üzv olmaq niyyətində olmadığını müxtəlif səviyyələrdə bir neçə dəfə bildirib. Sonuncu dəfə bu məsələ Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Bakıya səfəri zamanı gündəmə gəlmişdi.

Son günlər təmas xəttində atəşkəs rejiminin əvvəlki günlərə nisbətən daha tez-tez pozulması və Naxçıvan-Ermənistan sərhədlərindəki hərbi gərginliyin yaradılmasının səbəbini Azərbaycanın məhz bu ittifaqın “yığma oyunu”na qoşulması üçün hesablanmış amil olduğunu güman etmək olar.

Heç şübhə yoxdur ki, ittifaqa “yığma” məsələsi Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya iyunun 17-də gözlənilən səfərində və daha sonra Rusiya baş nazirinin müavini Dmitri Roqozinin gəlişində əsas müzakirə mövzusu olacaq.

Belarus prezidenti Lukaşenkonun “qarşıda bizi bu ittifaq çərçivəsində siyasi və hərbi inteqrasiya gözləyir” deməsi, zənnimcə bu artq onun SSRİ abreviaturasını məzmunca eyni, amma formaca fərqli şəkildə açmasından xəbər verir. Lukaşenko qeyd edir ki, “bir halda ki, Avrasiya İttifaqının əsasında iqtisadiyyat durur, o zaman bu iqtisadi maraqların müdafiəsi də təşkil olunmalıdır. Fikrimcə, biz tezliklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Avrasiya İttifaqının tərkib hissəsi olması barədə qərar verəcəyik. Bu bizim hərbi təşkilatımız olacaq”.

İndi baxın, həm siyasi kursu, həm iqtisadiyyatı ortaq, həm də hərbi gücü vahid olan ittifaq keçmiş SSRİ-dən hansı özəlliyinə görə fərqlənə bilir? Bu arada qeyd edək ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında 1993-cü ildən 1999-cu ilədək üzv olub. Amma işğalçı ölkə ilə, eləcə də bu işğalçıya dəstək verənlərlə eyni hərbi qurumda təmsil olunmasını qəbul etməyib. Və növbəti daha beş il üçün bu hərbi qurumun tərkibində qalmaqdan haqlı olaraq imtina edib, müvafiq  sazişi imzalamayıb.

Avrasiya İqtisadi İttifaqının təsisçilərin digər bir üzvi Qazaxıstan prezidenti N.Nazarbayev bizə qardaş ölkə olan Türkiyəni bu ittifaqa qoşulmağa dəvət edib. Belə ki, N.Nazarbayev Bodrumda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin IV zirvə toplantısı zamanı Türkiyəni Avrasiya İqtisadi İttifaqına üzv olmağa çağırıb. Nazarbayev toplantı zamanı Türkiyə üçün quruma üzvlük yolunun açıq olduğunu söyləyərək, “Türkiyə və digər ölkələr gələcəkdə bu İttifaqa üzv ola bilər” deyib.

Amma məlum məsələdir ki, Türkiyənin bu mənada əsas hədəfi ilk növbədə Avropa Birliyinə qəbul olmaqdır. Odur ki, Nazarbayevin dəvətindən istifadə edərək Türkiyə ona Avropa Birliyinə qəbul olmağa mane olan bəzi Avropa ölkələrini düşünməyə məcbur edə bilər.

Bu arada Nazarbayevin çıxışından sonra Türkiyə baş nazirinin müavini Bülənt Arınc Varşavada təşkil olunan “Qlobal sınanmalar qarşısında Avropa Birliyi və Türkiyə” konfransında Ankaranın Avropa Birliyi ilə münasibətlərindən söz açıb. O, Türkiyənin Avropa Birliyi üzvlüyü prosesində, “Fransa ilə bu məsələdə bəzi problemlər yaşadıq və Fransa hər zaman bizim üzvlüyümüzü blok etdi” deyib. Arınca görə, Türkiyənin Avropa Birliyinə inteqrasiyanın baş tutmayacağı təqdirdə Avrasiyaya üz tutacaqlarını deməsini isə Avropanı bir növ hədələməsi kimi də qiymətləndirmək olar. Əslində Türkiyənin bir NATO dövləti kimi SSRİ ruhunda və ya libasında meydana gələn Avrasiya İttifaqına qoşulması hec cür ağılabatan deyil.

Avrasiya İqtisadi İttifaqının “yığma oyunu”na münasibət bildirən digər bir türkdilli dövlətin lideri İslam Kərimov Avrasiya İqtisadi İttifabu qurumun ümumiyyətlə yaradılmasını tənqid edib. Özbəkistan prezidentinin “Avrasiya İqtisadi İttifaqına üzv olmaq siyasi asılılığa gətirib çıxara bilər” deməsi ilə zənnimcə, bu mənada o, ən doğru mövqe nümayiş etdirib.
Avrasiyaya inteqrasiya Kremldə hazırlanmış layihənin bir parçasıdır” - deyən Özbəkistan prezidenti “özünün bəyliyini” yəni, dövlətinin müstəqilliyini heç kimə verməyəcəyini açıqcasına qeyd edir. O, çox haqlı olaraq, “onlar deyirlər ki, iqtisadi bazar yaradırlar. Burada hansısa ölkənin müstəqilliyini və suverenliyini itirməkdən söhbət gedə bilməz. Mənə deyə bilərsinizmi ki, azad iqtisadi siyasət yürütməyən ölkə öz maraqlarına xidmət edən siyasət yürüdə bilərmi?” - sualını ortaya qoymaqla rəsmi Daşkənd sonradan daş atıb başını tutmasın deyə, bu ittifaq “oyununa” qoşulmağa açıqcasına qarşı çıxır.

Ölmüş SSRİ-yə Avrasiya İqtisadi İttifaqı adlı ruh “geyindirməklə” keçmiş Sovet ölkələrini ətrafına toplamağa cəhd etməyə çalışan Rusiyanın təbii ki, öz dövlət mənafeyinə uyğun olan məqsədi var. Çox güman ki, Kreml tərəfindən ortaya atılmış “Avrasiya İttifaqı oyunu” daim hamıya ambisiyalı olan bu ölkənin Qərbin iqtisadi sanksiyalarının qarşısında duruş gətirmək və ona qarşı olan təzyiqləri dəf edərək əks tərəfə yönəldilməsinə nail olmaqdır. Eləcə də bütün dünyaya postsovet məkanında yalnız onun söz sahibi olduğunu göstərməyə hesablanmış bir siyasətdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı