Rəsmi İrəvanın "Cənubi Qafqaz Dəmir Yolu"nun idarəetmə səlahiyyətlərindən imtina etmək istəyi ilə bağlı açıqlamaları qəribə görünür.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov jurnalistlərə bildirib.
O qeyd edib ki, Ermənistan dəmir yollarının Rusiya tərəfindən idarə olunması barədə müqavilə əlverişli şərtlərlə bağlanıb.
"İlkin hesablamalara görə, yeni sahiblər hüquqların Rusiyadan alınması və kompensasiya üçün ən azı 250 milyon dollar ödəməli olacaqlar. Xərclərə həmçinin ildə 40 milyon dollar əməliyyat xərcləri, zədələnmiş İcevan-Qazax dəmir yolunun bərpası üçün təxminən 400 milyon dollar, Vanadzor-Fioletovo hissəsi üçün təxminən 200 milyon dollar və Türkiyə və Naxçıvanla sərhəddəki hissələrin bərpası üçün təxminən 40 milyon dollar daxildir".
O, Ermənistan dəmir yolu şəbəkəsində yük daşımalarının həcminin təsdiqlənmədiyini və artım potensialının bəlli olmadığını da qeyd edib.
"Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması halında yük daşımalarının azalması dəqiqdir".
Xatırladaq ki, Ermənistan Rusiyanın ölkə dəmir yolları üzərindəki inhisarçı hüquqlarının ləğv edilərək başqa ölkəyə verilməsini təklif edib.