İran Prezidenti Məsud Pezeşkian ölkədəki fikir ayrılıqlarının cəmiyyətdə dərin parçalanmaya səbəb olmasına imkan verməməyə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.
Məşhəddə şairlər, yazıçılar və ədəbiyyat nümayəndələri ilə görüşən Pezeşkian bildirib ki, düşmənlərin əsas ümidlərindən biri İran cəmiyyətində parçalanma yaratmaqdır.
Onun sözlərinə görə, bir nəfərin dediyi sözə digərinin sərt cavab verməsi, təhqir və xoşagəlməz davranışlar kiçik fikir ayrılıqlarını böyüdə bilər.
Pezeşkian vurğulayıb ki, belə fikir ayrılıqlarının böyük ictimai parçalanmaya çevrilməsinə imkan vermək olmaz. Çünki düşmənlər ölkəyə zərbə vurmaq üçün məhz bu çatlaqlardan istifadə etməyə çalışırlar.
Prezident cəmiyyətdə həmrəyliyin, qarşılıqlı mərhəmətin və birliyin qorunmasının vacibliyini qeyd edib.