Bu gün Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Məhz bu səbəbdən Heydər Əliyevin dayısı qızı, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri, fizoterapevt Zərifə Quliyevanı redaksiyamıza qonaq edib, həmsöhbət olduq.
Zərifə xanımla müsahibəni təqdim edirik:
— Zərifə xanım, əvvəlcə sizi daha yaxından tanıyaq. Koreya Şərq Təbabəti Klinikasında çalışırdınız. Hazırda da həkim kimi çalışırsınız?
— 12 il Koreya Şərq Təbabəti Klinikasında baş həkim olmuşam. Mən hazırda yazıçı-publisist kimi fəaliyyət göstərirəm. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Uzun illərdir kitablar yazıram. İndiyə qədər səkkiz bədii kitabım çap olunub.
44 günlük Vətən müharibəsindən sonra düşündüm ki, bu tarixi hadisələri gələcək nəsillərə çatdırmaq lazımdır. Buna görə də Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab yazdım. Kitab həm Azərbaycanda, həm də xaricdə böyük maraqla qarşılandı.
Daha sonra Vətən müharibəsi və şəhidlərimiz haqqında kitablar yazdım. Şəhid ailələri və qazilərlə daim görüşür, onların yanında olmağa çalışıram.
Şəhid ailələrini Şuşaya, Ağdama və Xankəndiyə aparmışıq. Onlar övladlarının uğrunda can verdiyi torpaqları görəndə həm kövrəlirdilər, həm də qürur hissi keçirirdilər.
— Heydər Əliyevi yaxından tanıyan bir qohumu - dayısı qızı kimi necə xarakterizə edərdiniz?
— Heydər Əliyev Azərbaycanın qurucusu, memarı və xalqın qoruyucusudur. Belə bir dahi şəxsiyyəti Ulu Tanrı Azərbaycanın gələcəyi üçün yaratmışdı. Heydər Əliyev haqqında danışmaq hər bir insan üçün böyük şərəfdir. Çünki o, Azərbaycana sabitlik, inkişaf və gözəllik gətirib. Xalqımıza nəfəs, əmin-amanlıq və sakitlik bəxş edib.
Bu gün biz qürurla deyirik ki, suveren və müstəqil Azərbaycanda yaşayırıq. Amma bir zamanlar Azərbaycan çox ağır günlər yaşayırdı. Qardaş qırğını, faciələr və qarışıqlıq hökm sürürdü. 20 Yanvar faciəsi və Xocalı faciəsi xalqımızın başına mənfur qüvvələr tərəfindən gətirilmiş ağır müsibətlər idi. Biz həmin dövrlərin canlı şahidiyik, baş verənləri öz gözlərimizlə görmüşük.
20 Yanvar faciəsi zamanı xalq özünü dayaqsız və gücsüz hiss edirdi. Azərbaycan xalqı sanki atasız-anasız uşaq kimi idi. Məhz həmin vaxt Heydər Əliyevin çıxışı xalq üçün ümidə çevrildi. Məncə, bu sadəcə müsahibə deyildi, bir bəyanat idi. O, bütün dünyaya bəyan etdi ki, xalqının üstünə silahla gəliblər, torpaqlarımız işğal olunub, amma Azərbaycan xalqının heç kimin torpağında gözü yoxdur.
O dövrdə ordumuz zəif idi, ölkədə ciddi idarəetmə böhranı yaşanırdı. Təsadüfi rəhbərlər yalnız “kreslo davası” aparırdılar. Xalq başsız qalmışdı. Mən Yanvar faciəsində şəhidlərin dəfn mərasimlərinin canlı şahidi olmuşam. Heç bir rəhbər xalqın önünə çıxmırdı. Amma Heydər Əliyev səfirliyə gəlib o tarixi bəyanatı verdi və xalq hiss etdi ki, onun lideri, dayağı var.
— Heydər Əliyevlə hansı maraqlı xatirələriniz var?
— Ailəlikcə onlara tez-tez gedirdik. Heydər Əliyev işdən gec çıxırdı. Biz oraya ailə üzvü kimi gedirdik. Onunla daha çox atamın işi olurdu, çünki hərbçi idi və DTX-də çalışırdı. Onu deyə bilərəm ki, Heydər Əliyev olduqca zəhmli, dağ kimi bir adam idi. Ancaq onunla söhbət edəndə ürəyinin necə yumşaq olduğunu görmək olurdu. Onunla söhbət etdikdə sizinlə birlikdə gözü dola bilirdi.
Universiteti bitirəndə Zərifə Əliyeva çox istəyirdi ki, göz həkimi olum. Mən də “Yox, Zərifə xanım, mən göz həkimi kimi işləyə bilmərəm, əlimdən fəsadlar yaranar” dedim. O da “özün bilərsən, hansı istiqaməti istəyirsən seç” dedi. Bir gün görüşlərin birində söz düşdü, Heydər Əliyev dedi ki, bu qız gərək orqanda işləsin. Məhz bundan sonra tapşırdı, Nizami rayon partiya komitəsində şöbə müdiri təyin olundum. Bu gün də fəxr edirəm ki, Heydər Əliyev mənə belə yüksək qiymət verib.
Onu da deyim ki, 1969-cu ildə, hələ cənab Prezident İlham Əliyevin 8 yaşı olduğu bir dövrdə o, özünün ciddi xarakteri və çalışqanlığı ilə seçilirdi. Şıltaqlıq etmir, dərsləri ilə məşğul olurdu.

— Xalqın Heydər Əliyevi hakimiyyətə çağırdığı dövrə canlı şahidlik etmisiniz. O günləri bir də sizdən dinləmək istərdik…
— 1993-cü il hadisələri Azərbaycan üçün çox ağır və həlledici dövr idi. Ölkənin 20 faizi işğal altında idi, müharibə gedirdi. Bir tərəfdən “Sadval” hərəkatı, digər tərəfdən qondarma “Talış Respublikası”, digər tərəfdən isə müxtəlif silahlı qüvvələr ölkəni parçalamağa çalışırdı.
Belə bir vəziyyətdə xalq çox düzgün qərar verdi və Heydər Əliyevə üz tutdu. Çünki xalq anlayırdı ki, ölkəni bu ağır vəziyyətdən yalnız böyük təcrübəyə malik lider çıxara bilər.
Heydər Əliyev özü də deyirdi ki, ona vəzifə lazım deyil. O, xalqın çağırışı ilə Bakıya gəldi və ölkəni böyük təhlükədən xilas etdi. Heydər Əliyevdə ilahi bir varlıq vardı. Sanki o, bir peyğəmbər kimi Allah tərəfindən göndərilmişdi. Ən çətin anlarda o, Azərbaycan xalqının yanında olurdu.
— Heydər Əliyevin Sovet dövründəki fəaliyyəti haqqında nə deyə bilərsiniz?
— Heydər Əliyev bütün həyatı boyu Azərbaycan üçün çalışıb. Hələ Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin inkişafı üçün böyük işlər görüb. 1960-cı illərin sonlarında Azərbaycanın iqtisadi vəziyyəti çox ağır idi. İnsanlar çörək növbəsinə dayanırdı. Mən bunların hamısını öz gözlərimlə görmüşəm.
Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ölkədə böyük dəyişikliklər başladı. Sənaye inkişaf etdi, kənd təsərrüfatı dirçəldi, təhsil və səhiyyəyə xüsusi diqqət ayrıldı. O həmişə, hər yerdə azərbaycanlılara dəstək verirdi. O dövrdə kondisioner zavodu açılanda zavodun tamamilə Azərbaycanda fəaliyyət göstərməsinə nail oldu. Bu çox vacib bir məsələ idi. Beləliklə də, fayda bizə qalır, insanların iş imkanları artırdı.
O, hər zaman deyirdi: “Mən ömrümün sonuna qədər Azərbaycan xalqına xidmət edəcəyəm. Əgər mən bunu tamamlaya bilməsəm, mənim davamçılarım bu yolu davam etdirəcəklər.”
— Bəs Zərifə Əliyeva haqqında nə deyə bilərsiniz? Necə xatırlayırsınız?
— Zərifə xanım çox böyük alim və çox böyük insan idi. O, xalqın sağlamlığı üçün misilsiz xidmətlər göstərib. Bir zamanlar Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı və insanlar arasında korluğa səbəb olurdu. Zərifə xanım bu xəstəliyin aradan qaldırılması üçün böyük tədqiqatlar apardı, laboratoriyalar yaratdı və nəticədə bu xəstəlik demək olar ki, yox edildi.
O, Sovet İttifaqının ən nüfuzlu tibbi mükafatlarından biri olan Averbax mükafatına məhz buna görə layiq görülmüşdü. Zərifə Əliyeva təkcə alim deyildi, həm də çox qayğıkeş, humanist və yüksək mənəviyyata malik bir insan idi.
— Heydər Əliyevin ailə başçısı kimi xüsusiyyətləri barədə nə deyə bilərsiniz?
— Heydər Əliyev təkcə böyük dövlət xadimi deyil, həm də gözəl ailə başçısı idi. O, hər zaman ailəsinə bağlı insan olub. Deyirdi ki, onun ən böyük dayağı Zərifə xanımdır.
Bu gün biz həmin tərbiyənin nəticəsini İlham Əliyevin ailəsində də görürük. Ailə dəyərləri, milli-mənəvi prinsiplər qorunur və gələcək nəsillərə ötürülür.

— Azərbaycanın bu gününü necə qiymətləndirirsiniz?
— Bu gün Azərbaycanın müstəqil və güclü dövlət kimi inkişaf etməsinin əsasında Heydər Əliyevin siyasəti dayanır. Hazırda Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.
44 günlük Vətən müharibəsində əldə olunan Zəfər bunun ən böyük nümunəsidir. Prezident İlham Əliyev həm siyasi, həm də hərbi sahədə böyük qətiyyət nümayiş etdirdi. Xalq da dövlət başçısının ətrafında sıx birləşdi.
Hər bir kənd və şəhər azad olunanda xalq böyük sevinc yaşayırdı. Hamı səbirsizliklə Prezidentin çıxışlarını gözləyirdi. Bu Zəfər Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
Mehriban Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyada tanıdılması istiqamətində böyük işlər görür. Azərbaycanın mədəniyyətini, musiqisini və muğamını beynəlxalq səviyyədə təbliğ edir.
Leyla Əliyeva “Xocalıya ədalət” kampaniyası ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Arzu Əliyeva isə mədəniyyət və kino sahəsində mühüm layihələr həyata keçirir.
Bu ailə hər zaman dövlət və xalq üçün çalışıb.
— Sonda nə demək istərdiniz?
— Qızlarımıza məsləhtim odur ki, Zərifə xanım Əliyevanı özlərinə kumir götürsünlər. Zərifə Əliyeva elə bir şəxsiyyətdir ki, onun saysız-hesabsız müsbət xüsusiyyətləri var. O, ideal bir insan nümunəsidir. Mən öz həyatımda onu həmişə ideal seçmişəm. Çünki həm gördüyü işlər, həm insanlarla münasibəti, həm də mənəvi dünyası hər bir qadın üçün örnəkdir.
İstəyərdim ki, xanımlarımız Zərifə Əliyevaın həyat yolundan nümunə götürsünlər. Onun ailədəki mövqeyi, ictimai fəaliyyəti, insanlara münasibəti, xəstələrə göstərdiyi qayğı – bütün bunlar örnəkdir. Cəmiyyətimizin belə nümunələrə ehtiyacı var.
Mən özüm də uzun illər onu idealım hesab etmişəm. Son dövrlərdə isə Mehriban Əliyevanın fəaliyyəti qadınlarımız üçün böyük örnəkdir. O, qadınlara geniş imkanlar açır, onların ictimai həyatda daha fəal iştirakına dəstək verir. Azərbaycanın mədəniyyətini və milli-mənəvi dəyərlərini dünyada layiqincə təmsil edir. Bu fəaliyyətlər gənclərimiz və xanımlarımız üçün böyük motivasiyadır.
Heydər Əliyev isə hər bir sahədə böyük məktəbdir. Onun həyat yolu, düşüncələri və çıxışları bu gün də insanlara yol göstərir. Hər cümləsində dərin məna var. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri sadəcə bir cümlə deyil, böyük bir ideologiyadır. Bu çağırış insanları milli kimliyini sevməyə, ana dilini, milli-mənəvi dəyərlərini və Vətənini qorumağa səsləyir.
Vətən anlayışı bizim üçün müqəddəsdir. Ona görə də “ana Vətən”, “ana torpaq” deyirik. Çünki insan üçün ana necə əzizdirsə, torpaq da o qədər müqəddəsdir.
Heydər Əliyev ömrünün sonuna qədər Azərbaycan dövlətinə və xalqına xidmət etdi. Onun Azərbaycan haqqında söylədiyi fikirlər bu gün də xalqımızın yaddaşında yaşayır. O, Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün misilsiz xidmətlər göstərmiş böyük liderdir.