Modern.az

Azərbaycanın taleyini dəyişən günün adı - 10 MAY

Aktual

Bu gün, 12:20

 

10 May Azərbaycanın taleyini dəyişən günün adıdır. Azərbaycan güclüdürsə, qalibdirsə, bütün bunlara görə 10 Maya borcluyuq.

Bu tarix bütöv bir xalqın gələcəyinə çevrilən əbədi bir ömrün başlanğıcıdır. Dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyevin dünyaya gəldiyi 10 May Azərbaycanın siyasi iradəsi, milli ruhu və dövlətçilik yolunun günüdür.

Heydər Əliyev haqqında çox yazılıb, çox danışılıb, çox araşdırılıb. Amma zaman keçdikcə anlayırıq ki, Heydər Əliyev haqaında yazılanlar, danışılanlar, araşdırılanlar onun şəxsiyyətini, kimliyini açmaq gücündə deyil. Heydər Əliyevin böyüklüyü siyasi liderliklə sərhədlənmir. Heydər Əliyev dövlətin genetik kodunu yazan tarixdir. O, xalqın yaddaş sistemidir. Azərbaycanın ruhudur, görünmədən bu xalqın taleyində yaşayır. O, gələcəyin memarıdır.

Heydər Əliyev Azərbaycanın tarixində ən böyük iz qoyan və gələcək nəsillərin yazacağı uğur salnamələrinə yol açan böyük şəxsiyyətdir. Bu xalqın ayaqda qalması üçün öz ömrünü sipər edən böyük bir məktəbdir. Azərbaycan torpağının alt qatlarında necə möhkəm Çinar Köklər varsa, dövlətçiliyimizin də kökü Heydər Əliyevdir. Hər bir uğurun başlanğıc nöqtəsində onun izi işıldayır. Güclü Azərbaycanın arxasında Heydər Əliyevin dövlət ağlı dayanır.

Heydər Əliyev hər yerdədir. Məktəbə gedən uşağın ümidində, xaricdə Azərbaycan bayrağını qaldıran gəncin qürurunda Heydər Əliyev boylanır. Şəhid anasının gözündəki vüqarda, igid əsgərimizin addımında olan inamda, beynəlxalq tribunada Azərbaycanın adını çəkən iradədə Heydər Əliyev baxır.

Heydər Əliyev Azərbaycandır. Azərbaycanın siyasi, iqtisdi, coğrafi sərhədləri xəritədə görünür, mənəvi sərhədləri isə Heydər Əliyevin ideyaları ilə ölçülür. O, bu xalqın ulusu, öndəridir. Heydər Əliyev Ulu Öndəridir.

Bu gün azad Şuşanın küçələrində dolaşan nəfəsdə Heydər Əliyev var. Kəlbəcərin əzəmətində onun ruhu görünür, Qarabağın dirçəlişində onun uzaqgörənliyi yaşayır. Azərbaycanın ərazi bütövlüyü Heydər Əliyev strategiyasının tarixi nəticəsidir. O, Azərbaycanı gələcəyə müharibələrə hazır olmaqla yanaşı, düşüncə ilə də hazırladı.

Heydər Əliyev qalib xalqın atasıdır. Qalibiyyət öncə düşüncədə yaranır. O, xalqına qalib olmağı öyrətdi.

Bir ailə var ki, bu xalq üçün özünü səssiz şəkildə fəda edir. Bu ailə dövlətin yaşaması üçün yaşayır.

Bu gün qalib sərkərdə kimi tarixə düşən Prezident İlham Əliyevin siyasi məktəbi də Heydər Əliyev məktəbidir. İlham Əliyev atasının yarımçıq qalan arzularını dövlət səviyyəsində tamamlayan liderdir. O, Heydər Əliyevin siyasi iradəsinin,  ideyalarının yaşayan davamıdır. Azərbaycanın dünyada söz sahibi olması, güclü dövlət kimi qəbul edilməsi illərlə qurulan böyük strategiyanın nəticəsidir. İlham Əliyev həmin strategiyanı yeni dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirdi. Azərbaycanın iqtisadi gücü, hərbi qüdrəti, diplomatik nüfuzu bu gün dünyanın hesablaşdığı reallığa çevrilib. Bu reallığın başlanğıcında Heydər Əliyev dayanır.

Mehriban Əliyeva Azərbaycan qadınının böyüklüyünü, gücünü, müdrikliyini, mərhəmətini və sədaqətini dövlət idarəçiliyində nümayiş etdirən nadir simadır. Azərbaycan insanının ağrısını ürəyində daşıyan böyük bir vicdandır. Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin qoruyucu nəfəsidir. Azərbaycanın humanitar simasının dünyaya təqdimatıdır.

Bu ailə, bu dəyərlər Heydər Əliyev mirasıdır. Səssiz çalışan, yorulmadan xidmət edən, xalqın ağrısını öz ağrısı bilən bir ocaq...

Heydər Əliyev ideyaları köhnəlmir, Azərbaycanı sabahlara daşıyır. Bu gün hər şey - texnologiya, dünya, siyasət dəyişir, amma Heydər Əliyevin dövlət fəlsəfəsi dəyişmir. Çünki o fəlsəfə xalqın ruhundan yaranıb.

Heydər Əliyev elə bir dühadır ki, bizim onu tam tanıya bilməmiz mümkün deyil. Zaman keçdikcə onu daha dərindən anlayacağıq. Çünki böyük şəxsiyyətlərin miqyası illərlə ölçülmür. Heydər Əliyevin böyüklüyü zaman keçdikcə daha aydın görünür. Bu xalqın adı adlar içində seçilirsə, bayrağı bayraqlar içində ucalırsa, dövləti dövlətlər içində hörmət qazanırsa, bunun arxasında Heydər Əliyevin həyatını millətinə fəda etməsi dayanır.

Heydər Əliyev dünyanın ən böyük azərbaycanlısıdır. O, Azərbaycanı mənəviyyat kimi qorudu. Xalqı parçalanmaqdan xilas etdi, Azərbaycançılığı dövlət ideologiyasına çevirdi. Xaricdə yaşayan milyonlarla azərbaycanlını bir amal ətrafında topladı. Dünyanın harasında bir azərbaycanlı uğur qazanırsa, orada Heydər Əliyevin görünməyən imzası var.

Bu gün Azərbaycan dünyaya öz sözünü deyirsə, bu, Heydər Əliyevin uzaqgörənliyinin nəticəsidir. O, Azərbaycanı kiçik düşüncələrdən çıxarıb böyük hədəflərə yönəltdi. Xalqına qalib yaşamağı öyrətdi. Odur ki, Azərbaycanın gələcəyi haqqında danışanda əslində Heydər Əliyevin qurduğu yol haqqında danışırıq.

Zaman böyük insanları daha da böyüdür. Heydər Əliyevi hər keçən zaman daha çox qiymətləndirir. İndi hər birimiz anlayırıq ki, Heydər Əliyev bir millətin taleyinə çevrilmiş böyük iradədir. Azərbaycanın dünəni də, bu günü də, sabahı da odur. Azərbaycanın ürəyi döyündükcə Heydər Əliyev yaşayacaq.

Heydər Əliyev zaman, məkan tanımayan fövqəl qüvvədir. Heydər Əliyev Azərbaycanın, Azərbaycan xalqının ruhudur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV