Bu yuxu deyilən şey var ha... lap məni bezdirib. Bir gecədə üç yuxunu dalbadal görürəm. Sanki serialdır. Hamısı da biri-birindən bərbad. Televiziyalarımızda gedən seriallara Teleradio Şurası (MTRŞ) yaxşı-pis nəzarət edir. Bir YuxuTRŞ da yaransaydı, heç olamasa bilərdim ki, hara şikayət edim. Heç olmasa şikayət edib, ürəyimi boşaldardım. Amma ki, əlacım kəsilir, hamama keçib kranı açıram, suya danışıram. Danışan kimi də aləm dəyir bir-birinə. Ötən dəfə gördüyüm yuxulardan sonra demək olar ki, ANS pis duruma düşüb. İndi gördüyüm yuxu isə lap dəhşətdir. Başınızı ağrıtmaramsa danışım:
Deməli yuxuda görürəm ki, AzTV-nin “Xəbərlər” proqramında işləyirəm. “Neft Daşları”na uçan vertolyotda jurnalistlər arasında mən də varam. Xülasə, çatırıq “Neft Daşları”na. Elə vertolyotdan düşməyimizi görürük. Bu ərazinin baş mühəndisi saçlarını yola-yola qaçır üstümüzə ki, bəs “qoymayın “Neft Daşları” əldən gedir. Allah bu Xəzər dənizini qurutsun. Allah başına meteorit salsın”. Tezcənə mikrofonlarımızı, diktafonlarımızı rahlayıb uzadırıq ona.
- Ay jurnalistlər, qoymayın Neft daşları dağılır. Artıq mərkəzi yolda çat əmələ gəlib.
- Səbəbkarları yəqin üzə çıxartmısınız. Hansı tikinti şirkətləri çalışıb burda? Keyfiyyətsiz beton hansı zavodda hazırlanıb? Tikintidə nə qədər armatur nəzərdə tutulub və bunun nə qədəri “spisat” olunub ciblərə gedib. Svaylar vurulubmu? Başqa...
- Ay jurnalistlər, siz nə danışırsınız? Nə şirkət? Nə beton? Nə armatur? Onlarda bir qram da təqsir yoxdur. Təqsir bizim Xəzər dənizindədir. Yanımda dayanan Ekologiya Nazirliyinin məsul işçisi də təsdiq edər ki, əvvəllər – “Neft Daşları” salınanda – bu ərazidə Xəzər dənizi-zad olmayıb. Sonradan burda su əmələ gəlib. İndi dalğaları şahə qalxaraq yolları yuyur, çatlar əmələ gətirir. Belə getsə, çoxmərtəbəli yaşayış evləri də uçulacaq.
- Filankəs müəllim, çıxış yollarını araşdırmısınızmı?
- Bəli. Bundan bir çıxış yolu var. Xəzər dənizinin Azərbaycan hissəsi qurudulmalıdır.
- Filankəs müəllim, siz nə danışırsınız? Bu ekoloji fəlakət deməkdir.
- Heç də yox. Ekoloqlar buna tərəfdardır ki, Xəzəri qurudaq. Bu haqda hörmətli ekoloqumuz özü sizə məlumat verəcək.
- Filankəs müəllim düz deyir. Xəzər qurudulmalıdır. Neynəyirik ki, day onu. Nefti quruyub, qazı azalıb, nərə balıqlarının tutulmasına da qadağa qoyulub. El diliylə desək, Xəzər qısırdır. Bizim kənddə də qısır gəlini boşayarlar. Ona görə də biz qərara gəlmişik ki, Xəzər dənizini boşayaq. Üzr istəyirəm, qurudaq, çıxıb getsin. Bununla həm də Neft daşlarını xilas etmiş olarıq.
- Ekoloq müəllim, nərə balıqlarının ovuna qadağa qoyulubsa, onda bazarlarda satılan, toylarda, restoranlarda yediyimiz asatrin, beluqa, qara kürü hardan çıxır, Çindən gətirilir?
- Ay oğul, mən tam məsuliyyətimlə deyirəm ki, Xəzərdən nərə balığı tutulmur. Siz qeyd etdiyiniz o balıqlar qonşunun badına gedənlərdir.
- Başa düşmədik.
- Necə yəni başa düşmədiniz? Burda başa düşülməyən nə var ki? Sizə bir sual verim. Sazan, kütüm və başqa balıqların tutulmasına qadağa varmı?
- Xeyr.
- Pəki. Balıqçı da toru atır dənizə. Əlində səsucaldıcıyla başlayır qışqırmağa ki, ay asatrin, bu tor səninçin deyil. Bütün xəbərdarlıqlara baxmayaraq, toru çəkəndə yenə asatrin balığına rast gəlinir. Tora düşən kimi də ürəkləri partlayır. Balıqçılar da dənizi zibilləməsinlər deyə, leşi suya atmırlar. Gətirib sahildə qabaqlarına çıxan, onları səbirsizliklə gözləyən kasıb-kusuba paylayırlar. Onlar da ailələrinə qıymırlar, çıxarırlar bazara. Satlrlar, evlərinə yaxşı bazarlıq edirlər.
- Ekoloq müəllim, sizcə nərə balıqları xəbərdarlıqları niyə qəlsəməardına vururlar?
- Tanınmış şair Ramiq Muxtarın rəhbərlik etdiyi bizim Ekologiya İnstitutu bu yöndə araşdırma aparıb. Məlum olub ki, Xəzər dənizi 5 dövlətin ərazisini yuyur. Ona görə də asatrin balıqları hansı ərazidə doğulublarsa, o dövlətin dilini bilirlər. Dənizdə də sərhəd olmadığından bilməyərəkdən biz tərəfə keçirlər. Əlbəttə ki, bu bizim problem deyil. Bu barədə Dövlət Sərhəd Xidmətinə müraciət etsəniz, daha dəqiq məlumat ala bilərsiniz.
- Bəs çıxış yolunu nədə görürsünüz bir ekoloq kimi.
- Ekologiya İnstitutunun təklifinə görə, hər balıqçı gəmisində maqnitafonlar quraşdırılacaq və asatrinlərə, beluqalara xəbərdarlıq həm də qazax, fars, rus və türkmən dillərində səsləndiriləcək.
- Ekoloq müəllim, bəs kanalizasiyanı hara tökəcəyik.
- Şəhər-rayon İcra hakimiyyətlərinin başçıları bu istiqamətdə dünya təcrübəsini öyrənirlər. Monqolustanda dəniz yoxdur, onlar kanalizasiyalarını hara qoşublar? Biz də ora qoşacağıq. Ən əsası isə Xəzər dənizinin qurudulması70 yaşına çatan, dünyada analoqu olmayan bir şəhəri dağılmaqdan xilas edəcək.
- Bəs Xəzərdəki heyvanların aqibəti necə olacaq?
- Ekologiya İnstitutu bununla bağlı xəbərdarlıq plakatları hazırlayıb. Sudabatmaz “poplovok”ların üzərinə quraşdırılıb, Xəzərin Azərbaycan hissəsinə buraxılacaq. Təqribən 100 min ədəddir. Əgər bu müddətdə canlılar qonşu ərazilərə keçməsə, onda bizdə...
Qan-tər içində yuxudan oyanıram. İndi bu yuxuya nə deyəsən? Yaxşı, yoxsa pis? Dəxli yoxdur. İstər pis olsun, istər yaxşı – yuxumu suya danışıram. Sonra da kompüteri açıram. Xata oldu da danışmağıma. Sumqayıt yolunda -Avtovağzalın yanında çat əmələ gəlib. “Neft Daşları” hara, Avtovağzal hara. Məəttəl qalıram. Neft daşlarında çat yaransaydı deyərdim ki, dənizin içindədir. Amma ki, bu ərazidə çatın əmələ gəlməsinə məəttəl qalıram. Bəs səbəb nədir? Tikinti şirkətinin məsuliyyətsizliyimi? İnşaat materiallarının keyfiyyətsiz olmasımı? Yaxud da ki, qırtmaq məsələsi?

Bu fikirlərdə ikən daha bir xəbər də yayılır ki, daha doğrusu Avtovağzalın baş mühəndisi müsahibə verir ki, bəs buna səbəb demə-demə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yol qırağında əkdiyi ağacları, yamacları hər gün suvartdırmasıdır. O saat “Ağacın qarğışı” adlı hekayəm yadıma düşdü. Sağlığımda klassik bir yazıçıya çevrilməyimə sevinirəm. Axı Avtovağzalın tikildiyi ərazi, ümumiyyətlə bütün yol boyu böyük alim, akademik, Heydər Əliyevin böyük qardaşı Həsən Əliyevin saldığı şam meşəliyi idi. İndi də qalıqları gözə dəyməkdədir. Avtovağzalı da tikəndə gör nə qədər ağac kəsibmişlər. Xaləddin İsgəndərovun da əkdiyi ağaclar soyqırıma məruz qalan qardaşlarının qanını bu yolla almağa başlayıblar. İstəyirlər ki, Avtovağzal çat verib uçulsun. Hekayəni mən yazsam da, amma qarğış-zad məsələsinə çox da inanmıram..
Sonra nəvəm yadıma düşdü. Lap körpə olanda, otağın ortasına batıranda, yəni ki ka-ka edəndə soruşurduq ki, bunu kim edib? O saat da utanmaz-utanmaz cavab verirdi ki, “babam”. Biz də gülüşürdük. Avtovağzal tərəfinin bu cür tələsik bəyanatı mənim yadıma nəvəmin batırmaq məsələsini saldı. Sənə sual verirlər, özündən danış da, ağacda, təpədə nə işin var axı? Hələ bu harasıdır. Yadıma Nəsibə Zeynalovanın yaratdığı qiybətçi, şayiəçi, araqatan Çəhrə arvad obrazı da düşür. Baş mühəndis tənbəllik eləmir, hələ bir Fövqəladə Hallar Nazirliyinə istinad da edir. Amma ifadəsinin əvvəlində Çəhrə arvad kimi “imanımı poza bilmərəm. Nə borcuma? Bir ayağım burda, bir ayağım da gorda” demir. Sadəcə “ola bilsin ki, dəqiq deyil. Amma, eşitmişəm ki, yol kənarında salınan təpəciklər yolun yatağınının yuyulmasına gətirib çıxara bilər” deməklə qənaətlənir. Lap mənim yuxumdakı “Neft Daşları”nın baş mühəndisi kimi.
Amma bu hadisənin qloballaşmasından lap qorxuya düşdüm. VSYO! İndi digər rayon icra başçıları da Xaləddin İsgəndərovun başına gələn bu qəziyyədən sonra suvarma məsələlərinə son qoyacaqlar. Axı ağac suvarmaq sürüşmə yaradır. İndi yaşıllıqlarda gül-gülü, bülbül-bülübülü çağırırsa, bir aydan sonra Bakının yaşılıq zolaqlarında alaq-alağı, qaşqaldaq-qaşqaldağı çağıracaq.
Yenə fikrə gedirəm. Əgər yolun qırağında, dərədə bu boyda həngamə tikilibsə, yerə svaylar vurulmalı, yolun səviyyəsindən də bir az hündür, betondan möhkəm istehkam divarları da qurulmalıydı. Və istehkamla yol arasındakı uçurum hissə doldurulub üstü betonlanmalıydı ki, ora nəinki suvarma suyu, heç bir gilə yağış da düşməsin.. Düzdür əraziyə nəzər yetirməmişəm. Yəqin ki, belə də olub. Yoxsa Xaləddin İsgəndərovu heç bir ekspertiza keçirilmədən, rəy verilmədən suçlandırmazdılar. Lap mənim nəvəm özü batırıb, məni günahlandıran kimi.
Yaddaşımı bir az da qurdalayıram. Yadıma düşür ki, Avtovağzalın yolunda nə vaxtsa çat yox, bundan da pis - çökmə olmuşdu. Təzədən armatur-zad quraşdırıb, yolu yenidən bərpa etdilər. O vaxt icra başçısı kim idi, deyə bilmərəm. Amma nə Xaləddin İsgəndərov vardı, nə də onun yaratdığı gözəlliklər. Çəhrə arvadlıq eləməyim. Yəni sözümdən belə çıxır ki, ali təhsilli baş mühəndisdən çox bilirəm?
İndi soruşacaqsınız ki, bəs “Xaləddin İsgəndərovun suçu nə?..”. Sən bu suala cavab ver ki, təqsiri var, ya yox? Baş-beynimizi boş-boş sözlərlə aparma. Əlbəttə ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısında təqsir var. Amma bunu sübut edə bilmirəm. Bəlkə yaranan komissiya indi qaldıracağım məsələyə ciddi yanaşsa, Xaləddin İsgəndərovun günahını üzə çıxara bilər. Məndə olan məlumata görə, Xaləddin müəllimin yaşıllıqlara böyük məhəbbətinin təcəssümüdür ki, ağacları “kakoyta” gölməçə, kran suyuyla suvarmır. Suyu birbaşa sisternalarla Qalaltıdan gətizdirir. Deyilənə görə, bu su ağaclara xeyirdir. Nəinki insanın böyrəyindəki daşı, hətta torpaqdakı daşı da əridir. Münbitləşdirir. Bu su da yavaş-yavaş axıb sızır Avtovağzalın betonuna. Başlayır onu aşılandırmağa. Biz görmüşük ki, su betona düşəndə onu daha da möhkənləndirər. Amma qalaltı suyu nəinki daşı, demə Avtovağzalın tikintisində istifadə olunan yüksək feyfiyyətli, dünya standarları səviyyəsinə cavab verən betonu da əridirmiş, hələ armaturu demirəm. Dağıl dünya. Biz tikintilərdə kağız üzərində istifadə olunmalı beton, armatur, sementin “əridilib, həzm rabiyyədən” keçirilməsini görmüşdük. Amma adi suyun bu cür təsirini yox. Necə deyərlər “ölmədik, bu günü də gördük”. Ən əsası isə mənim yuxum çin oldu.