Modern.az

Cənubi Qafqazda Rusiya-ABŞ savaşı başlaya bilər

Cənubi Qafqazda Rusiya-ABŞ savaşı başlaya bilər

Aktual

5 Noyabr 2015, 10:27

Rusiyanın Suriyada “İslam dövləti” (İŞİD) qaşı irimiqyaslı addımları Qərbin ciddi narahatlığına səbəb olub.

Bu narahatlıq, üstəgəl Qərb və Rusiya üçün strateji əhəmiyyətli Ukrayna uğrunda aparılan gah diplomatik, gah da məxfi hərbi mübarizə fonunda Dağlıq Qarabağ problemi bir növ arxa plana keçmiş kimi görünür.   Bu günə qədər dünyanı idarə edən güclərin Qarabağ “pası”nın açılmasına “yönələn” tədbirləri (Əslində fəaliyyətsizlikləri - red) heç bir nəticə vermir.   Və bütün olanlara rəğmən 20 illik intizardan sonra yaxın perspektivdə də Dağlıq Qarabağ ətrafında status-kvonun ədalətli şəkildə yenidən şəkillənməsi gözlənilən deyil.  

Ona görə yox ki, Azərbaycanla Ermənistan arasındakı münaqişə supergüclərin təsir dairəsindən və ya xatirindən silinib.   Ona görə ki, indi Moskva ilə Vaşinqton, üçün daha vacib qlobal əhəmiyətli məsələlər var.   Bu isə Qarabağ konfliktini supergüclərin maraq dairəsində ikinci dərəcəli məsələyə çevirir.  

Amma bu heç də o demək deyil ki, Dağlıq Qarabağ münaqişəsi və onun həll edilməsi məsələsi tamamilə unudulub.  

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri göstərdi ki, Amerika, Rusiya və Fransa hələ də Cənubi Qafqazın əsas münaqişə ocağının alovlanmasının qarşısını almaq üçün “oda” “su” tökmək istəyir.  

Həmsədlərin Ermənistan prezidenti və bunun ardınca Azərbaycan prezidenti ilə görüşündə həmişəki ənənəvi diplomatik davranış sərgiləndi: Quru bəyanatlar, konfliktin həllində dönüş nöqtəsi yarada bilməyən addımlar yenə də həmsədrlər üçün xarakterik oldu.   Buna baxmayaraq Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması ilə bağlı işlər aparıldığını dedi.  

Bu tipli açıqlamalar, düyünə düşmüş Qarabağ münaqişəsinin nizamlanması istiqamətində həmsədrlərin görüntü yaratma kimi mənasız fəaliyyətləri müəyyən qədər də olsa ümid işartıları yaradır.   Düzdür, Ermənistanın danışıqların bütün raundlarında sərgilədiyi qeyri-konstruktivlik, Dağlıq Qarabağın statusu və orada yaşayan erməni əhali ilə bağlı ortaya qoyduğu mövqe bu vaxta qədər nəticəni sıfır edib.  

Üstəgəl, prezidentlərin görüşünün gözlənildiyi bir vaxtda Rusiyanın rəhbərliyi ilə yaradılan hərbi təyinatlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Dağlıq Qarabağa qoşun yeridəcəyi məsələsi yenidən aktuallaşıb.  

Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb ki, KTMT-ın baş katibinin müavini Valeri Semerikovun “Bizim təşkilat yalnız KTMT-a üzv ölkələrin ərazisində deyil, ondan kənarda da sülhməramlı missiya gerçəkləşdirə bilər” açıqlaması bu fikrə yol açır. 

Nəzərə alaq ki, Ermənistan özü KTMT-nın üzvüdür. Heç şübhəsiz ki, pultu Kremlin diplomatik divarları arasında olan Ermənistan hökuməti üçün belə bir şey göydəndüşmə olardı.  

Yəni, müharibə başlayacağı təqdirdə Ermənistanın arxasını dayayacaq əsas istinad nöqtəsi Rusiyadır.   Sözsüz ki, KTMT qoşunlarının Dağlıq Qarabağa yerləşdirilməsi ssenarisi barədə Rusiya siyasi çevrələri zaman-zaman informasiyaları mətbuat səhifələrinə daşıyır.  

Belə bir istək, Rusiyanın özünün iradəsini ortaya qoyur.   Amma ortada Azərbaycan amilini unutmaq diletant düşüncədən başqa bir şey deyil: Rəsmi Bakının yürütdüyü xarici siyasət, verilən bəyanatlar onu göstərir ki, Dağlıq Qarabağa üçüncü qüvvənin qoşun yeridəcəyinə imkan verilməyəcək.

Müşahidəçilər hesab edir ki, beynəlxalq hüquq normalarına görə Rusiyanın Dağlıq Qarabağa qoşun yeritməsi qəbuledilməzdir. 

Çünki Ermənistan tərəfindən işğal faktı olsa da, heç bir dövləti Dağlıq Qarabağdakı separatçı rejimi müstəqil tərəf kimi tanımır. 

Belə bir məqamda neçənci dərəcəli olmasından asılı olmayaraq Rusiya ilə Qərb arasında Qarabağ problemi ətrafında yarıgizli, yarıaçıq mübarizə metodunun sərgilənməsi müşahidə olunur.  


Əslində, KTMT qüvvələrinin Dağlıq Qarabağa hərbi kontingent yeridəcəyi ilə bağlı məlumatlar gündəmə gəldikdən sonra NATO-nun Moskvaya mesaj  formasında adekvat cavab verməsi hardasa gözlənilən idi.  

NATO-nun Cənubi Qafqazla əlaqələr üzrə rəsmi nümayəndəsi Uilyam Laxyu təmsil olunduğu hərbi təşkilatın Qarabağa qoşun yeritmək planının olmadığını desə də belə bir arzuda olduqlarını da gizlətməyib.  

Onun sözlərinə görə əgər Ermənistanla Azərbaycanın razılığı olarsa, NATO belə bir məsələni müzakirə etməyə hazırdır.   Unutmaq olmaz ki, bu vaxta qədər Ermənistana Rusiya ilə yanaşı, Qərb də dəstək verir, rəsmi Yeravanı Dağlıq Qarabağ məsələsində qeyri-konstruktivlik nümayiş etdirməyə təhrik edir. Ona görə ki, Qarabağ ətrafındakı hazırkı vəziyyət istər Rusiya, istərsə də ABŞ üçün sərfəlidir.  

Nəticə etibarı ilə, görünən odur ki, Cənubi Qafqaz, o cümlədən bu regionun konflktə cəlb olunmuş əsas zonası Dağlıq Qarabağ ətraflnda Rusiya ilə Qərbin apardığı savaş keyfiyyət və kəmiyyətcə yeni mərhələyə qədəm qoyur.  

Aqşin KƏRİMOV  


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı