14Avqust | Ana Səhifə - Yazılar - Hansı Qabil? Paravoz?!
Hansı Qabil? Paravoz?!

Avqustun 12-si çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Xalq Şairi Qabilin doğum günüdür. 

Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsində ali təhsil alıb. O, 1954-1956-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub. 

Əmək fəaliyyətinə 1949-1951-ci illərdə Yardımlı rayonunda və Bakı şəhərində orta məktəb müəllimi, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda laborant kimi başlayan Qabil 1951-1953-cü illərdə "Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, 1954-cü ildə "Kommunist” qəzetinin redaksiyasında tərcüməçi-redaktor, 1957-1958-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə "Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə "Azərbaycan” jurnalının redaksiyasında ədəbi işçi və baş redaktorun müavini vəzifələrində çalışıb. 

"Gəl, baharım” adlı ilk şeiri 1944-cü ildə "Ədəbiyyat” qəzetində çap olunan Qabilin 1950-ci ildə "Səhər açılır” adlı kitabı işıq üzü görüb. Onun "Mənim mavi Xəzərim” (1959), "Küləkli havalarda” (1964), "Qoy danışsın təbiət” (1966), "Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb. 

Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən "Səhv düşəndə yerimiz”, "Bakılı”, "Qarışdırma”, "Çörək”, "Təmizlik”, "Gülləbaran eylədilər”, "Nəsimi bazarında”, "Beşiyimdir - məzarımdır o mənim”, "Dağlar”, "Azərbaycan torpağı” kimi qeyri-adı şeirləri və "Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb. 

Qabilin yaradıcılığı müasir Azərbaycan ədəbiyyatını zənginləşdirməklə onun parlaq səhifələrindən birini təşkil edir.

Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə xalqına vicdanla xidmət edib. 

Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı "Şəhid anası”, "Qeyrət, a vətəndaşlar”, "Oldu”, "Xəcalət”, "Birini elə, birini belə”, Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib. 

Uzun illər Azərbaycan Yazıçılar Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - "Şöhrət” və "İstiqlal” ordenlərinə layiq görülüb. 

Xalq Şairi Qabil 2007-ci il aprelin 4-də vəfat edib. Xalq şairinin yolunu oğlu Mahir Qabiloğlu davam etdirir.

Qabilin səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir. 

Modern.az saytı Xalq şairi ilə bağlı maraqlı xatirələri təqdim edir. Əhvalatların çoxunu Mahir Qabiloğlu qələmə alıb.

 

Qabildir - öz “yeraz”ımızdır!

1995-ci ilin deputat seçkiləriydi. Atam da namizədliyini Nəsimi rayonundan  irəli sürmüşdü. Namizədliyinin qeydə alınması üçünsə o ərazidə mənzil qeydiyyatında olan 2000 nəfərin imzası bir də 140 min manat rüsum, o vaxtın diliylə desək 14 şirvan tələb olunurdu.

Əlbəttə ki, bu işdə əsas yük mənim üzərimə düşmüşdü. Qapı-qapı düşüb imza toplayırdım. Kimisi gülərüzlə qarşılayırdı, kimisi qapıdan qovurdu, eləsi də olurdu ki, heç qapını  açmırdı. Hamıya da özümü namizədin vəkili kimi təqdim edirdim. 6 günə artıq 1500 imza toplamışdım.

Növbəti günlərdən birində daha bir mənzilin qapısını döydüm. Bir kişi açdı. Onları narahat elədiyim üçün üzr istədim, bir az da utandım, qızardım. Əlbəttə ki, işimin xatirinə. Dedi ki, kiminçün imza toplayırsan? Dedim ki, Qabilçün. Bu dəfə şair sözünü əlavə etmək yadımdan çıxdı. Soruşdu ki, nəyisən? Çaşdım düzünü dedim: Oğlu. Bah, burada kişinin üzü güldü. Məni içəri dəvət etdi. Arvada çay gətizdirdi. Ailədə 6 nəfər idi. Hamısı da pasportlu vətəndaş, yəni ki, seçici. Altı dənə pasportu mənə verdi ki, bəs qardaş yaz. Qabil bizim canımız-ciyərimiz. Arvadı bir az da irəli getdi: “Qabilə imzamızı, səsimizi verməyəcəyiksə onda bizə haram olar. Mən gedim qonşulara hay vurum, onları da bu işə cəlb edim”. Beləcə çay içə-içə qonşular da öz ayaqları ilə gəlib pasportlarını verdilər, mən də yazdım.

Necə deyərlər bir güllə ilə 30 imza vurdum. Razılığımı bildirdim. Ayağa durdum. Sağollaşdım. Evin xanımı sağollaşanda dedi ki, salam de Qabil müəllimə, eloğlumuzdur. Qabildir e - öz “yeraz”ımızdır.   Çaşıb qaldım. Dedim ki, axı atam  bakılıdır, indi ki, Siz də onu özünüzkü sayırsınız mənimçün çox xoş oldu. Arvadın rəngi dəyişdi: “Ə, necə yəni bakılıdır, Qabil Hüseynli Ermənistanlıdır, öz yerlimızdır”.

Onda başa düşdüm ki, qadın səhərdən bu canfəşanlığı həmkəndliləri, o vaxt prezident Heydər Əliyevin müşaviri işləyən Qabil Hüseynlinin xatirinə edirmiş. Heç nə demədim. Tezcə oradan uzaqlaşdım.
   
Qabil heç vaxt rüşvət almayıb

1969-cu il Azərbaycan Kommunist Partiyasının məşhur plenumunda respublikada  rüşvətxorluğa qarşı  mübarizə başlayır. Əmək kollektivlərində də bu qərar müzakirəyə çıxarılır. Növbə Azərbaycan Yazıçılar İttifaqından da yan keçmir. Yazıçılar da bu qərarı dəstəklədiklərini bəyan edirlər. Qabil də bu əsnada söz alır. Öz kommunist mövqeyini nümayiş etdirir.  Azərbaycanda təmiz adamların da çox olduğunu bildirir. Çıxışını belə başa vurur: “Elə biri mən. 43 yaşına çatmışam, ömrümdə bir qəpik də rüşvət almamışam”. Bu sözü eşitcək xalq yazıçısı Əli Vəliyev yerindən səslənir: “Qabil, verməyiblər almamısan, versəydilər alardın!”   

Bunu yazım?

Ölümünə 2 ay qalmışdı. Ayağı burxulmuşdu. Ayaq barmağında qaralma başlamışdı. Qanqrenadan şübhələnirdik. Əsayla gəzirdi. Evə kimsə zəng elədi ki, bəs Qabil müəllim, Nəsir İmanquliyev haqqında xatirə kitabı buraxırıq, Siz də onun müasiri kimi yadınızda qalanları yazın.

- Mənim Nəsir müəllim haqqında xatirəm-filan yoxdur. Sağ ol!

Dəstəyi yerə qoydu. Mən elə bildim ki, canı ağrıdığına görə belə deyir. Dedim ki, yaza bilmirsən, diktə elə mən kağıza köçürüm. Dedi ki, yox.  Siyasi düşüncələrim baxımından əl çəkmədim. Bildim ki, başqa cürə başa düşə bilərlər. Axı telefonda görmürlər ki,  xəstədir. Gördü ki, çox narahatam.  Başladı məni başa salmağa ki, nəyə görə yazmır.

- Mahir 10-da oxuyurdun. Pirşağı sahillərində çimirdik, yadındadır?

- Hə!

- Bir mavi QAZ-24 dayandı yanımızda, “Pravitelstvennı” nömrəylə. Yadındadı?

- Hə!

- İçindən bir yaşlı? Ağayana kişi düşdü. Əlində də 2 butulka arağ. Qucaqlaşdı, öpüşdü mənimlə. Biz də dayınla  bir butulkanı boşaltmışdıq. Onunla da iki arağın axırına çıxdıq. Şəhərəcən də rulu sən tutmusan, maşını da allah sürüb. Yadındadır?

- Hə!

- Bəs o kişi Nəsir İmanquliyev idi də. Yeganə xatirəm də budur. İndi mən bunu yazım?

“Anamın cığırı”

“Ədəbiyyat və incəsənət” qəzetində işləyəndə həftədə bir dəfə növbətçi qalırmış. Ta qəzet çapa hazır olmayanadək mətbəədən tərpənmirmiş. Çünki texniki işçilər ruslar idi  və iş vaxtı əsasən dəm olduqları üçün onlara xüsusi diqqət yetirmək lazım imiş.

Təsadüfən  qəzetin növbəti nömrəsində  çap olunacaq bir şeir atamın diqqətini çəkir. Tez  həmin şeirin müəllifinə - M. Ə.-yə zəng edir:

- Sən sabah mənə qonaqlıq verməlisən!

- Xeyir ola?

- Çünki mən indi mətbəədə “dejurnuyam”. Sənin də şeirin çapa gedir.

- Ay Qabil, qəzetdə yüz dənə yazı gedir. Mənimki də onlardan biri. Axı  niyə qonaqlığı məhz mən verməliyəm?

- Çünki sənin şeirinin adı çox xatalıdır: “Anamın cığırı”

- Burda xatalı nə var ki? “Anamın cığırı” – normal addır da?

- Necə yəni? Sən bax qəzetdə işləmisən də? Bilirsən də burada şriftləri yığan ruslardır. İndi Kolya da dəmdir, Tolya da. İndi də işə başlayacaqlar. Allah eləməsin sənin “Anamın cığırı” şerində “cığır” sözündəki “ğ” və “r” hərflərini səhv salsınlar. Mən düzdü töhmət alacağam, amma sən aləmdə biabır olacaqsan.

… həm də seyiddir!

Qabil ictimai həyatı yaxından izləyirdi. O cümlədən  Milli Məclisdə gedən hadisələri. Xüsusilə də ANS-in efirindən. Orada cərəyan edən hadisələri çılpaqlığı ilə verirdilər. Daha doğrusu söyüşmələri, əlbəyaxaları və sairə. Günlərin bir günü də 2-3 nəfər  deputat başqa bir deputatın, daha dəqiq desək müxalifətçi millət vəkilinin üstünə düşürlər. Biri ona meymun deyir, o birisi keçi, bu birisi keçisaqqal. Atam tənqidin tərəfdarıydı. Amma bu cür  təhqirlərdən hiddətlənmişdi. Tədbirlərin birində Milli Məclisdə təmsil olunan şair, yazıçı, ziyalı millət vəkillərindən bəzilərini bir yerdə “yaxalayır”:

- Sizdən heç gözləməzdim. Taqsırı var, nəyi var, müxalifətçidir, kimdir – bu öz yerində. Qoy tənqid eləsinlər. Bunlar o boyda Milli Məclisdə onu təhqir etmirlər e, söyürlər. Siz də xalqımın ziyalı övladları ağzınıza su alıb müşahidə edirsiniz. Bir araya girin, dillənin. Belə olmaz axı.  O da deputatdır. Bir elin ağsaqqalıdır. Ailəsi var. Özü də ki bu köppəyoğlu həm də seyiddir!


Gəncliyində tutulan şair-tədqiqatçı Gülhüseyn Hüseynoğlu həbsxanadan çıxanda qələm dostları ona yaxınlaşmağa, onunla oturub-durmağa ehtiyat edirmişlər. Qabilsə... Küçədə ilk rastlaşanda gedib boynunu qucaqlayıb, üzündən öpüb, güzəranı ilə maraqlanıb və "Azərbaycan” jurnalından aldığı 300 manat qonorarı son qəpiyinəcən onun cibinə qoyur.   

 

Çiyninizdə gedim

Atam dayılarımla yeyib-içəndə elə hey deyirdi: “Çiyninizdə gedim”. Onlar da cavablarında həmən deyirdilər: “Allah eləməsin, ay Qabil. Sən nə danışırsan? Hər yüz-yüz vurduqca bu sözləri deyir, onlar da bu cavabı təkrar edirdilər. Axırda dözmürdü: “Ay balam, mən demirəm ki, çiyninizdə o dünyaya gedim. Mən ölməyə hazırlaşmıram. Deyirəm ki, yəni o qədər yeyib içim ki, ayaq üstündə dayana bilməyim. Məni evə aparasınız”.

Hinduşka quş deyil?

Bir gün Qabilin həyat yoldaşı Bəyim xanım işdən qayıdanda görür ki, evdə hay-haray var, dəhliz suyun içindədir, elə divarlar da. Heç nə başa düşmür. Otaqlara, mətbəxə baxır və səs gələn yerə gedir. Qapını açanda görür ki, Qabil qolsuz köynək və qısa tumanda su ilə əlləşir, oğlu balaca Mahir də yanında. Dayanıb baxır. Vanna su ilə dolu idi. Qabil Şamaxıdan oğluna pay göndərilən iri hinduşkanı suya basırdı. Yazıq quş isə çırpınıb çıxır, qanadlarını gərib ətrafı suya qərq edir, bərkdən qışqırıb Qabilin əlindən qurtarmağa çalışırdı. Qabil isə onu təzədən suya basmaq istəyirdi. Bəyim xanım ərinin bu hərəkətinə təəccüblənir:
- Qabil, nə edirsən?
- Hinduşkanın necə üzdüyünü Mahirə göstərmək istəyirəm.
- A kişi, heç hinduşka da üzər?
- Nöş üzmür? Bəs ördək, qaz niyə üzür, bu da üzsün də, bu da quş deyil?

Beş min manata maşın...

Neçə gün idi Qabil çalışırdı ki, şair Məmməd Rahimlə rastlaşmasın. Onu görəndə gizlənirdi. Bunusa səbəbi vardı.

Məmməd Rahim yaşlı yazıçıların hamısından pullu idi. Özü də ona-buna borc pul verməkdən xoşu gəlirdi. Dostları deyirdilər ki, onun bir dəftərçəsi var, kimə borc pul versə adını ora yazır. Ona xəsis demək olmazdı. Amma pul yığmaqdan yaman xoşu gəlirdi. Elə buna görə onunla zarafatlar da edirdilər. Ən çox da Süleyman Rüstəm. Bir dəfə hələ müharibədən əvvəl, Moskvada olanda, Süleyman Rüstəm ondan min manat borc alır. Dava qurtarır, pul dəyişilir, Süleyman Rüstəm borcunu qaytarmır. Xruşovun vaxtında pullar ikinci dəfə dəyişəndən sonra Rahimə on manat verir. Rahim təəccüblənir.
- Bu nədi?
- Borcumdu, qaytarıram.
- Axı, sən məndən min manat almışdın?
- O vaxtdan bəri iki dəfə pul reforması olub. Düz hesablamışam. Pulunu al, adımı dəftərindən sil.

Məmməd Rahimin tərifdən yaman xoşu gəlirdi. Bunu bilən cavanlar tez-tez onun başına toplaşır, şeirlərindən əzbər deyir və şairi o ki var, tərifləyirdilər. Rahim də onları restorana aparıb əməlli-başlı qonaqlıq edirdi. Uşaqlar ona “dədə” deyirdilər. Elə vaxtlar olurdu Rahim müəllim özü cavanları toplayıb danlayırdı. “Ə, a qırışmallar bə dədənizi niyə yoxlamırsınız, yoxsa elə bilirsiniz pulum qurtarıb? “

Qabil də Rahimə “Dədə” deyənlərdən idi.

Bir axşam Qabil Rahim müəllimin qapısını döyür. Kişi özü qabağına çıxır. Onun qolundan tutub içəri aparır, hal-əhval tutur, qabağına mürəbbəli çay qoyur. Amma görür ki, qonağı dalğındır.
- Qabil kefin niyə yoxdur, nə olub?
- Maşın almaq istəyirəm.
- Al da neyləyək.
- Bilirsiniz Rahim müəllim pulum çatmır. Gəlmişəm ki, üstünü düzəldəsiniz.
Kişi ciddiləşib azacıq fikrə gedir.
- Nə qədər pulun var?
- Beş min.
- Nə qədər?
- Beş min.
Rahim müəllim təəccüblə Qabilin üzünə baxır. Bilmir zarafat edir, yoxsa ciddi danışır.
- Doğru sözündü?
- Həri!
- Deynən, mənə maşın al da!
- Alanda nolar, dədəm deyilsən?
Rahim müəllim Qabilin pulunun üstünə iyirmi min manat da qoyur və beləliklə maşın alınır...

Çox zə
if yazmısınız, də!

Məmməd Rahimin “Azərbaycan” jurnalında “Xəzər sularında” adlı poeması çıxmışdı. Şair əsəri haqqında fikir bilmək istəyirdi. Gözü onun-bunun üzündəydi. Əsəri Qabil də oxumuşdu. Amma nədənsə Məmməd Rahimlə görüşüb fikrini söyləməkdən qaçırdı.

Bir gün “Azərnəşr”in foyesində uşaqlar “dədələri”nin başında toplaşmışdılar. Kişiyə xoş sözlər deyirdilər. Birdən hardansa Qabil peyda oldu. Əvvəlcə cin yığnağının üstünə çıxmış kimi hürkdü, sonra yan keçmək istədi. Amma Məmməd Rahimin gözü onu aldı.
- Qabil, niyə yan ötürsən, salam-kalamın hanı?
O, diksindi. Bir neçə saniyə yerində qaldı. Deyəsən nə cavab verəcəyini fikirləşirdi və birdən uşaqları yararaq “dədəsi” ilə üz-üzə dayandı.
- Rahim müəllim, sizə iyirmi min manat borcum var. Maşın alanda mənə əl tutmusunuz, çox sağ olun. Özü də, bu pulu iki-üç ilə bəlkə də beş ilə ancaq qaytararam. Amma bunların mətləbə dəxli yoxdur. Poemanızı oxumuşam. Xoşuma gəlməyib, çox zəif yazmısınız, adınıza layiq əsər deyil.

Sözünü qurtaran kimi də çıxıb getdi.

Qabilin maşınında getdim...

Cəfər Cabbarlının ildönümü idi. Yazıçıları İttifaqında qərarlaşdırılmışdı ki, dəstə ilə qəbir üstünə gedilsin. Avtobuslar ayrılmışdı. Bundan başqa fərdi yüngül maşınlar da ayrılmışdı. Qabil də öz “Moskviç”i ilə dayanmışdı.  İsmayıl Şıxlı görür ki, heç kim onun maşınına minmək istəmir. Kimə təklif edirdisə, gülüb uzaqlaşırdı. Yaman əsəbləşmişdi. Yaxınlaşır.
- Qabil, məni apararsanmı?
- Lap sənə quzu da kəsərəm, əyləş!
İsmayıl Şıxlı əyləşir. Qabil sevincindən yerə-göyə sığmırdı.
- Səhərdən kimi çağırıramsa qaçırlar. Qorxurlar ki, maşını sürə bilmərəm. Bircə sən mənə inandın, ürəkli çıxdın. Hara istəsən, aparacam. Lap “Volçi-vorot”dan enib Lökbatana gedərik. Onda görərsən mən necə maşın sürürəm.

Elə bu vaxt İsa Hüseynov onların yanından keçir. İsmayıl Şıxlı qapını açıb onu səsləyir.

- İsa, evə xəbər ver ki, mən Qabilin maşınında getdim. Başımız bir iş gəlsə, narahat olmasınlar.

Ostorojno

Bir gün dostlar dəstə ilə Zaqatalaya, Sabir Rüstəmxanlının toyuna gedirlərmiş. Maşın karvanının sarbanı Qabil imiş. Özü qabağa düşübmüş ki, qaçaqaç, qovhaqov olmasın. Dərələr, təpələr aşırlar, çaylar, körpülər keçirlər, kəndlərdən, şəhərlərdən ötürlər və birdən yolun ən geniş, ən düz və meşə ilə əhatə olunmuş səfalı yerində Qabil, gözlənilmədən əyləci basıb maşını saxlayır. Yoldaşları tökülüşüb yanına gəlirlər.
- Nə olub, Qabil, niyə dayandın?
- Görmürsünüz, qabaqda nə yazılıb?
- Nə yazılıb?
- Yazılıb ki, “Ostorojno, Qabil”.
Yoldaşları yazını diqqətlə oxuyurlar
- “Ostorojno, Kabel”
- Hə, Kabel? Onda getdik.


Qabil və yol polisi 

Qabil maşından düşür, pivə köşkünə yaxınlaşır, bir butulka pivə alıb başına çəkir. Bunu görən yol milisi ona yaxınlaşır:

 - Sükan arxasında pivə içirsiniz!

 - Kim deyir? – Qabil əlinin üstüylə ağzının köpüyünü silib deyir – Mən üç-dörd saat gəzəcəm, pivənin təsiri tamam gedəndən sonra maşına oturacam.

 Və gəzməyə başlayır. Yol polisi ona beş-on dəqiqə tamaşa edib çıxıb gedir.

 
Şairin səhvi
 

Qabil səhər tezdən həyətə düşüb təzə aldığı "Jiquli” maşınını min-bir əziyyətlə yuyur. Birdən qonşu eyvana çıxıb gülümsünür:

 - Qabil müəllim, sabahınız xeyir. Çox sağ olun, maşınımı yaxşı yumusunuz, amma maraqlıdır, niyə özünüzün yox, mənim maşınımı yumusunuz?

 Qabil həyəcanla çevrilib yuduğu maşının yanında dayanan eyni rəngli "Jiquli”isinə baxır... O səhv salıbmış... Nömrəyə baxmaq ağlına gəlməyibmiş.

 

A! Bu sizin ayağınızdır?


Hansısa iclasda Qabil əyilib yanında oturan adamın ayağını qaşıyır. Bir dəfə... İki dəfə... Üç dəfə... Adam dözmür:

 - Qabil müəllim, mənim ayağımı niyə qaşıyırsınız?

 Qabil:

 - A! Bu sizin ayağınızdır? Mən də deyirəm qaşımaqdan niyə ləzzət ala bilmirəm!


***

70 illiyinə həsr olunmuş tədbirin sonunda Qabilə söz verirlər. Salonda oturanların yorulduğunu hiss edən şair "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” şeirini yarımçıq oxusa da tamaşaçılar sürəkli əl çalır. Alqış bitəndə Qabil deyir:

 - Bilsəydim bu qədər əl çalacaqsınız, şeirin hamısını oxuyardım.

 
***

 
75 illik yubileyində tribunaya çıxıb deyir:

 

- Hə, elə bilirdiniz 70 yaşımı keçirdib mənimlə üzülüşdünüz?! Görürsünüz, 75 də oldu.

 
***

Qabil şair Musa Yaqubgilə qonaq gedir. Çıxıb çayın qırağında, meşənin ətəyində gəzişirlər. Çayın şırıltısı, meşənin xışıltısı ruhlarına sakitlik verir. Di gəl, onlarla birlikdə gəzən başqa bir adam çox danışırmış. Qabil dayana bilməyib deyir:

 - A kişi, sus, qoy təbiət danışsın, bir az da ona qulaq asaq!

 
***


Xalq şairi Qabil


-  Salam.
-  Salam.
-  Mən Qabilin oğluyam.
-  Şair Qabil?
-  Bəli.
-  Buyurun

Heydər Əliyevin dostu 


-  Salam.
-  Salam
-  Mən Qabilin oğluyam
-  Heydər Əliyevin dostu?
-  Bəli.
-  Buyurun

“Səhv düşəndə yerimiz”


- Salam.
- Salam
- Mən Qabilin oğluyam
- Qeyrətsiz oluruq biz
   Səhv düşəndə yerimiz?
- Bəli 
- Buyurun


“Nəsimi” poeması

 

- Salam
- Salam
- Mən Qabilin oğluyam.
- “Nəsimi” poemasını yazan?
- Bəli.
- Buyurun.

Rübai


- Salam.
-  Salam.
-  Mən Qabiin oğluyam
-  Kişi adam vurar, adam dolamaz
    Kişi təslim olar, quyruq bulamaz
    Arvad qabağında boşqab sındırıb
    Kişi qabağında boşqab yalamaz.
-  Bəli.
-  Buyurun.


“İstiqlal” ordenli

-  Salam
-  Salam
-  Mən Qabilin oğluyam
-  İlham Əliyev “İstiqlal” ordeni verən Qabilin.
-  Bəli.
-  Buyurun

“Paravoz Qabil”


- Salam, müstəntiq Bahadır.
- Salam.
- Mən Qabilin oğluyam.
- Hansı? “Paravoz” Qabilin.
- Bəli.
- Buyurun.


Mahirin atası


- Salam.
- Salam
- Mən Qabilin oğluyam.
- Hansı. O dünyadan  məktublar yazan Mahirin atasını deyirsən.
- Bəli.
- Maraqlıdır. Bir qulluğunuz.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Litva səfiri Ekologiya Nazirliyində olub 15 Oktyabr 2019, 12:54 Paşinyan Minsk Qrupunun həmsdərləri ilə görüşdü 15 Oktyabr 2019, 12:54 Piyadanı vurub qaçan sürücü tutulub 15 Oktyabr 2019, 12:50 Sabah 28 dərəcə isti olacaq - PROQNOZ 15 Oktyabr 2019, 12:44 Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir - YENİLƏNİB 15 Oktyabr 2019, 12:40 BŞTİ müdiri qızıl və gümüş medal alanların sayını açıqladı  15 Oktyabr 2019, 12:35 Komitə sədri: “Azərbaycan Ermənistana imkan verməyəcək” 15 Oktyabr 2019, 12:35 Deputatdan Qarabağ icması ilə bağlı TƏKLİF 15 Oktyabr 2019, 12:29 Metronun Xocəsəndə tikilən yeni deposu nə vaxt AÇILACAQ? 15 Oktyabr 2019, 12:27 Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub 15 Oktyabr 2019, 12:21 Suriyanın şimalında kim hara nəzarət edir? - XƏRİTƏ 15 Oktyabr 2019, 12:17 Övladını digər məktəbə dəyişmək istəyən valideyn nə etməli? 15 Oktyabr 2019, 12:17 Rusiyada həbs olunan Orxan Zeynalovun atası NARAZIDIR 15 Oktyabr 2019, 12:15 Ermənistan Suriyaya qoşun göndərdi – TƏCİLİ 15 Oktyabr 2019, 12:09 Rövşən Lənkəranskidən bəhs edən “Böyük qardaş” kitabı satışa çxarıldı 15 Oktyabr 2019, 12:05 Təhsil idarəsinin müdiri paytaxt məktəblərində süni şagird sıxlığından DANIŞDI 15 Oktyabr 2019, 12:04 İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı  verib 15 Oktyabr 2019, 12:03 Ermənilər tanınmaz hala saldıqları Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR 15 Oktyabr 2019, 11:55 Nazirlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna gəldilər - FOTOLAR 15 Oktyabr 2019, 11:48 Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər 15 Oktyabr 2019, 11:45 Kataloniyada etirazlar: 78 nəfər yaralandı 15 Oktyabr 2019, 11:44 Həbsdəki müğənni Fədayə Laçından yeni XƏBƏR VAR 15 Oktyabr 2019, 11:41 Vəsiqəsini girov qoyan eks-deputatın SENSASİON SƏS YAZISI: “Rafael işdən çıxıb, indi türməyə gedir” 15 Oktyabr 2019, 11:34 Etibar Məmmədov nəhayət ki, siyasətə qayıtmağından danışdı: “Şərhə hazıram” 15 Oktyabr 2019, 11:32 KapitalBank-ın Satış inzibatçısı: “Məqsədimiz sahibkarların yaxın dostu olmaqdır” 15 Oktyabr 2019, 11:27 Bakıda 10 məktəb direktoru işdən çıxarıldı 15 Oktyabr 2019, 11:26 Havanı çirkləndirən metaləritmə sexinə 3000 manat CƏRİMƏ 15 Oktyabr 2019, 11:20 Rəsmi Moskva: “Suriya və Türkiyə ordusunun toqquşmayacağına ümid edirik” 15 Oktyabr 2019, 11:12 Erməni yaraqlıları Türkiyəyə qarşı vuruşmaq üçün kürdlərə qoşulur 15 Oktyabr 2019, 11:06 Rektor: “Azərbaycanda hər il 400-dək insan öz həyatına son qoyur” 15 Oktyabr 2019, 11:02 Bitkilər necə mühafizə olunmalıdı? - AQTA MAARİFLƏNDİRİR 15 Oktyabr 2019, 10:40 “Bala Tofiq” ləqəbli leş ət satan daha bir dələduz ifşa edildi - FOTOLAR 15 Oktyabr 2019, 10:40 “İtirilmiş  torpaqlarımız...” silsiləsindən V YAZI - (Qazax rayonu) 15 Oktyabr 2019, 10:34 Vaşinqtonla Ankara arasında qalmaqal - ABŞ türk nazirləri “qara siyahı”ya saldı 15 Oktyabr 2019, 10:33 İşdən qanunsuz çıxarılan 82 nəfər əvvəlki işlərinə bərpa edilib 15 Oktyabr 2019, 10:31