Modern.az

Azərbaycan idmanının güc qaynağı - Qələbənin arxasındakı sistem

Azərbaycan idmanının güc qaynağı - Qələbənin arxasındakı sistem

İdman

Bu gün, 00:40

Azərbaycan idmanının son uğurları – özəlliklə güləş üzrə Avropa çempionatında komanda hesabında birincilik – qətiyyən təsadüfi nəticə deyil. Bu, uzun illərdir formalaşan sistemin, ardıcıl dövlət siyasətinin və milli ruhun sintezi, təntənəsidir.

Mövzu bu yazının müəllifi üçün bir köynək yaxın mövzudur. 1996–2000-ci illərdə Gənclər və İdman Nazirliyində çalışmış, sonradan Dünya Alpaqut Federasiyasının İdarə heyətinin üzvü olmuş, övladları idmanla məşğul olub yarışlarda birinciliklər qazanmış bir vətəndaş olaraq deyə bilərəm: idman bizdə sadəcə maraq sahəsi olmaqdan çoxdan çıxıb – o, bir həyat tərzidir.
Bəli, idman həm də siyasətdir – amma sağlam siyasət!

Aprelin 30-da Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş üzrə medal qazanmış idmançıları, onların məşqçilərini qəbul edib.
Prezident İlham Əliyevin güləşçilərlə görüşündə səsləndirdiyi fikirlər bir həqiqəti təzədən təsdiqlədi: Azərbaycanda idman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Avropa çempionatında komanda hesabında birincilik qazanmaq – əlbəttə, bu, düzgün qurulmuş seleksiya, peşəkar məşq sistemi və idmançıya göstərilən davamlı qayğının parlaq nəticəsidir.
Azərbaycan idmançısı qalib gəlirsə, onun arxasında fərdi istedadla yanaşı, güclü dövlət mexanizmi dayanır.
Bəli, nəsillər dəyişir, qələbə ənənəsi isə qalır.
Azərbaycan idmanının ən güclü tərəfi onun davamlılığıdır. Bir vaxtlar yarış meydanında ölkəni təmsil edən idmançılar bu gün məşqçi kimi yeni nəsil yetişdirir.
Bax, bu, sadəcə kadr dəyişimi kimi dəyərləndirilməməli – bir məktəb kimi xarakterizə edilməlidir.
Ənənə qorunur, təcrübə ötürülür və budur, nəticədə hər yeni nəsil öncəkindən daha hazırlıqlı şəkildə meydana çıxır.

Qələbə – milli ruhun təzahürüdür!
İdman meydanında qaldırılan bayraq milyonların qürur anıdır. Bu qələbələr gənclərdə vətəncanlılıq hissini gücləndirir, cəmiyyətə inam verir. Qalib Azərbaycan idmançılarına qızıl-gümüş medallar tarlaya dolmuş sarı sünbül kimi, xəncərə çəkilmiş gümüş kimi yaraşır!
Bu gün Azərbaycan idmançısının uğuru şəxsi nailiyyət olmaqdan daha irəli – milli kimliyin ifadəsidir.

Bu yerdə başqa bir məqama da vurğu edək: əlbəttə, ədalət yoxdursa, ləyaqət olmalıdır.
Beynəlxalq yarışlarda bəzən ədalətsizliklərlə qarşılaşmaq mümkündür. Bu, özəlliklə Avropa yarışlarında daha çox hiss olunur. Biz buna təəssüf etməklə öz işimizi bitmiş saymırıq. Ayrıca, əsas məsələ nəticədən çox davranışdır. Azərbaycan idmançısı həm xalça üzərində, həm də ondan qıraqda qızıl ləyaqət nümayiş etdirməlidir. Biz bizə yaraşanı yaxşı bilirik.
Bu, idmanı sadəcə yarış yox, həm də mənəvi məktəbə çevirir.

Bəli, Azərbaycan idmanında əldə olunan uğurları təsadüfi saymamaqda haqlıyıq. – Bu nəticələr planlı siyasətin, güclü təşkilatlanmanın və milli ruhun məhsuludur.

Günümüzün gerçəkliyi, əslində, çox sadədir: Azərbaycan siyasi və hərbi sahədə də, idmanda da qalib ölkədir: 
“Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.” – Ölkə prezidentinin, Müzəffər Ali Baş Komandanın sözləridir.

Qələbənin sosial semantikası vardır.
Biz idman meydanında qaldırılan bayrağı sadəcə simvol olaraq qəbul etmir, onu həm də kollektiv emosiyanın zirvəsi sayırıq.
Qələbə anında xalqın yaşadığı sevinc, əslində, milli identikliyin yenidən təsdiqidir. Bu anlamda idman bir növ “sosial enerji generatoru” kimi çıxış edir.

Gənclərin vətəncanlı ruhda tərbiyəsində idmanın rolu isə ayrıca vurğulanmalıdır; çünki gənc üçün qəhrəman obrazı abstrakt deyil – o, canlıdır, gerçəkdir, xalça üzərində mübarizə aparan idmançıdır...
Qələbələrin arxasında dayanan ən önəmli amil sistemli inkişafdır.
İdman bu modeldə fiziki performans (ifa) olmaqdan irəli – mədəni kodların daşıyıcısıdır.
Bax, örnək deyək, güləş – təsadüfi olaraq milli simvola çevrilməyib.
O, Türk dünyasının qədim döyüş, güc və şərəf kodeksinin çağdaş formasıdır.
Xalça üzərində gedən mübarizə, əslində, tarixlə bu günün dialoqudur...

BAYRAĞIMIZ HƏMİŞƏ UCA OLSUN!

Əkbər QOŞALI

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu