Modern.az

Gözlər yoldan yığılarmı... - XIII YAZI    

Gözlər yoldan yığılarmı... - XIII YAZI     

Aktual

7 Aprel 2019, 10:00

Nəzirməmməd Zöhrablı

Əvvəli burada

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...


“Ölümün qəddini əydi Xəqani”

Uzun bir yol qət edəndən sonra Bakının “Dədə Qorqud” yaşayış məskənində artıq sizlərə təqdim etdiyim Xəqaninin qardaşı Elçinin mənzilində onun oğlu Elvin Əkbərovu dinləyirəm.Yeri gəlmişkən, burda Telli xala və qəhrəmanımızın digər doğmaları ilə də görüşmüşdük. Növbəti yazılarda onların da xatirələrini, diləklərini sizlərə təqdim edəcəyəm. İndi isə Xəqaninin istəkli qardaşoğlusu Elvini dinləyək.


Xəqanidən ayrılarkən Elvinin 7 yaşı olub. O, indi 32 yaşında, iki uşaq atasıdır.Biz bir tərəfə çəkilib qəmgin baxışlar, qəmgin notlar içində söhbətləşirik onunla. Onun körpə - 3-4 yaşlı qızı, təbii bu miqyasda faciənin nə demək olduğunu hələ dərk etməyən Emiliya öz uşaq dəcəlliyi ilə səs-küy salır, arabir söhbətimizə mane olur. Ona acıqlanıb tamam sakitliyə məcbur etmək istəsələr də, buna razı olmuram. Qoy o öz dəcəl uşaqlıq dünyasının verdiyi asudəlik imkanlarından doyunca yararlansın. Onun da buna haqqı var, hələ üstəlik, uşağın bu şirin dilli topuq vuran sözlərinin, şıltaqlıqlarının sevincini yaşamaqda ata-ananın, nənə-babanın da. Axı hər birimiz işıqlı dünyaya göz açmağımızla öz balaca dünyamızın gözəlliklərindən zövq almaqla bərabər, bizi bu cahana bəxş etmiş ata-analara da bir qürur hissi yaşadırıq. Şairə Nəzakət xanım Məmmədovanın itkin-şəhid qəhrəmanımız Xəqaniyə həsr etdiyi “Adsız qəhrəman” poemasında Telli ananın analoji yaşantılarının bədii inikasını canlandıran bir parçanı sizlərə təqdim etmək keçdi ürəyimdən:


- Bir gün süd qoxulu körpə səsilə,
Qucağı sevindi Telli ananın.
Taleyi bələndi uşaq ətrinə,
Ocağı sevindi Telli ananın.


Övlad gəlişinə fərəhlənərək,
Gözü gülümsədi Telli ananın.
Dilində gül açan laylalarında
Sözü gülümsədi Telli ananın.
Sonbeşik övladdır bu şirin bala
Adını Xəqani qoyduğu oğul.
Hər gecə sevgiylə basıb bağrına,
Bu arzu ətriylə doyduğu oğul.


Hər gün buğda-buğda böyüyən oğul
Bir ana ömrünün dayağı oldu.
İxtiyar ananın qoca dünyada,
Ümid səsi oldu, sorağı oldu.


Sonra şairə oxucularının diqqətini Xəqaninin qəhrəmanlıq yoluna cəlb edir:


- Yurdun başı üstə qara bulud tək,
Qara niyyətini sərmişdi yağı.
Barıt tüstüsündə, mərmi odunda,
Hər gün boğulurdu vətən torpağı.


Yurdun harayına yetişsin deyə,
Qeyrəti zirehtək geydi Xəqani.
Ölümsüz adlanan bir yol başladı,
Ölümün qəddini əydi Xəqani.


Ona görə bu poemanı məhz bu məqamda xatırladıram ki, Xəqani elə qardaşı oğlu Elvinlə Bakının Sabunçu, Günəşli qəsəbələrində keçirdiyi çağlarda “qeyrəti zirehtək” əyninə geyərək birbaşa döyüşlərə, Qarabağı, yurdumuzu düşmənlərdən qorumağa yollanıb. Poemada Xəqaninin həyat yolunun başdan-başa tərənnümü, eləcə də qaranlıq məqamları və arxasınca buraxdığı tükürpədici izlər də öz əksini tapıb. Yeri gəldikcə, ondan bəzi məqamları sizlərə təqdim edəcəyəm, əziz oxucular! İndi isə Elvinin, digər doğmaların Xəqani ilə ilgili xatirələrini çözələyək.  




Lənətə gəlsin müharibə! Lənətə gəlsin torpaqlarımıza göz dikənlər!


Həmsöhbətim Elvin əmisini yaxşı xatırlayır. Səbəbi o zaman Bakıda zavodda atası Elçinlə birgə işləyən Xəqani ilə onların Sabunçu  qəsəbəsində olan mənzillərində subay əmi-bala mehriban bir yerdə yaşamaları, gecələr bir otaqda yatmaqlarıdır. Bir çox insanların həyatında belə maraqlı izlər olur. Əlbəttə, xoş təəssüratlar sonrakı xoşbəxt məqamlarda daha çox yada düşür, xatırlanılır. Elvinə isə hətta o zamankı unudulmaz dəqiqələrdən, birgə keçirdikləri xoş anlardan belə danışmaq çox çətindi. O, uzun müddət itkin düşmüş əmisinin maqnitofon lentinə yazılmış səs yazısını da qoruyub saxlayıb. Əlində başqa nə ola bilərdi ki… Xəqaninin itkin düşdüyü zamanlarda hələ nə internet vardı, nə də video çəkilişləri bu qədər intensiv xarakter almışdı. Həm bu avadanlıqlar yeni-yeni ölkəmizə ayaq açırdı, həm də müharibə, od-alov, hər gün şəhərlərimizə, kəndlərimizə gətirilən şəhid meyitlərini qarşılayan insanlar videoçəkiliş hayındaydılarmı?!.. Elvinin və onunla bərabər bütün doğmaların təsəlli yerlərindən biri də bax, bu lent yazısıdır. Onu mümkün qədər onsuz da ürəyi qübar bağlamış Telli xaladan uzaqda tutmağa çalışsalar da… Əmisini necə xatırladığını soruşuram Elvindən:


- Xəqani əmimi təkcə Sabunçu qəsəbəsindəki evimizdə bizimlə birgə yaşaması ilə yox, həmçinin Günəşlidəki evimizə köçəndə bu mənzilimizin bütün təmir işlərini özünün yerinə yetirməsi ilə də xatırlayıram. O, elektrik işlərini gözəl bacarırdı. Ümumiyyətlə, nəyi bacarmırdı ki… (kövrəlir).


- Xəqaninin görkəmini xatırlayırsanmı?


- Əlbəttə. Onu yaddan çıxarmaq olar?! Düzdü, onda mən elə də böyük deyildim, cəmisi yeddi yaşım var idi. Amma uşağın yaddaşı təmiz və güclü olur deyirlər. Həm də əmimlə birlikdə daha çox vaxt keçirdiyimizə görə, əmimin sifət cizgilərini yaxşı xatırlayıram. Elə bil indiki kimi gözlərim önündə canlanır bütün surəti. İşgüzarlığı, bacarığı da öz yerində. Günəşliyə köçəndən sonra biz Sabunçu qəsəbəsindəki evimizi satdıq. Ondan sonra Xəqani əmim, demək olar ki, həmişə bizimlə qalırdı. Hər gün səhər işə, dərsə gedəndə ondan ayrılıb, axşam yenidən görüşürdük. Onun özünü bizlərə daha çox, daha dərindən sevdirən mehriban xasiyyətini xatırlayıram. Bunları o zaman bir o qədər də dərindən dərk etməli yaşda olmamışam. Amma zaman keçdikcə əmimin həm gözəl insan, həm də çox bacarıqlı birisi olduğunun fərqinə varıram. Deməli, ermənilər təkcə bizim doğmamızı, əmimizi deyil, bütün xalqımıza gərəkli ola biləcək bir şəxsiyyəti sıradan çıxarıblar. Hətta əgər sağdırsa da, onun ölkəmizə, doğmalarımıza verə biləcəyi bütün töhfələrin, faydaların üstündən xətt çəkiblər. Lənətə gəlsin müharibə!Lənətə gəlsin ədavəti salanlar! Lənətə gəlsin tarixi torpaqlarımıza göz dikənlər, həyatımızı cəhənnəm əzabına çevirənlər!


- Onu Qala qəsəbəsindəki hərbi hissədən yola salanda atanla sən də getmisən…


- Düzü, bunu mənə sonradan dəfələrlə danışıblar, ancaq yəqin uşaq olmuşam deyə o məqamı, nədənsə, yaxşı xatırlaya bilmirəm. Amma özünün bütün çöhrəsini xatırlayıram. Evə gələn kimi vaxtının çoxunu mənimlə keçirirdi. Bir yerdə yemək yeyirdik, bir otaqda da yatırdıq. Onu necə unutmaq olar?! Uşaq yaddaşıma elə həkk olub ki, onun vücudu… Bir də onun axtarılmasını, hər gün təlaş içində yaşadığımız o illəri unuda bilmirəm. Getsin o günlər, gəlməsin!..


Simuzər bibi: “Axı mənə söz vermişdi!..”


Xaqaninin bibisi Simuzər, onun həyat yoldaşı Əsgər Qəniyevvə onların oğlu - məni müşayiət edib Bakının Biləcəri qəsəbəsindəki öz evində bu görüşü təşkil edən Mübariz, söhbətimizin gedişiatı zamanı evə təşrif  buyuran digər oğlanları –Ərşad, daha sonradan gələn qardaşlar  Zaur, Natiq, Şahinlə görüşüb-söhbətləşirik. Simuzər bibi məni bir ana nəvazişi ilə qarşılayır. Öyrənirəm ki, o özü də indi mənimlə üzbəüz əyləşən dörd Qarabağ döyüşçüsünün anasıdır.


“Dərdli danışan olar” deyiblər. Yazılarımız, axtarışlarımız haqda məlumatlı olan Simuzər bibi bura nə məqsədlə gəldiyimin səbəbini izah etməmişdən özü danışmağa başlayır:


- O itkin düşənlərin ikisi də nişanlı olublar, bala. Mənim qardaşım oğlu Xəqani də, onunla bir yerdə yoxa çıxan o birisi də. Qardaşımı Xaqanın dərdi, bu çətin düyün öldürdü. Elə bir dərd qismət oldu ki bizə, çəkməklə qurtarmaq olmur. Mənim uşaqlarımı da bax bu iş yerlərindən – DSK-4 deyirlər (keçmiş evtikmə kombinatını nəzərdə tutur – N.Z.), burdan apardılar Qarabağa. Bircə burdakılardan Mübariz qaldı. Onun da evi qazdan partlamışdı, ona görə aparmamışdılar, bala. Allah o günlərimizi heç kimə göstərməsin. Nələr çəkdik...


- Xəqanini sonuncu dəfə nə zaman görmüsüz Simuzər bibi?


- Günü bəlkə də dəqiq xatırlamıram. Bir payız axşamı idi, qışa doğru, dekabr ayının əvvəlləri idi ancaq. Təsadüfən yoldaşım Əsgərlə ikimiz getdik qardaşım Eyvazgilə. Gördük Xaqanın təzə qohumları da gəlib bunlara. Axı təzə nişanlanmışdı. Qinyazgil də, başqa uşaqlarımız da yığışdılar, yemək yedilər. Birdən Xaqan gəlib gülə-gülə hər iki üzümdən öpdü. Ağzında bir cüt qızıl dişi vardı, sol tərəfdə. İndi də gözlərimin qabağındadı. Allaha and olsun, deyərlər ki, “ölən inək südlü olar”, amma yox, Xaqan elə həqiqətən də qardaşımın bütün balalarına dəyən bala idi.


- Simuzər bibi, nədənsə hamı belə danışır Xəqani haqqında. Sizin gözlərinizin qabağında böyüyüb, ona görə daha yaxşı tanıyırsınız. Ancaq axtarışlarım, söhbətlərim zamanı bəlkə də ən yaxşı sözü bu mənada onun döyüş yoldaşı, cəmisi iki-üç aya yaxın müddətdə onu tanıyan Cəmaləddin söylədi. Təbii, insan həm dar gündə daha yaxşı tanınır, kimliyini ortaya qoyur, həm də kənar adamın müşahidələri daha cəlbedici, daha səmimi görünür. O dedi vallah, bunları onun öldüsü-qaldısı bilinmədiyinə görə söyləmirəm, Xəqani doğrudan da öz yerini, öz çəkisini bilən bir dost, yoldaş, azərbaycanlı balası idi...


- Hə, hə, hə... Elə biz də ona görə daha çox yanıb-tökülürük. Elə o son görüşümüzdə də məni qucaqladı o üzümdən, bu üzümdən öpəndən sonra mən özümü saxlaya bilməyib ağladım. Bir də boynumu qucaqladı, dedi bibi, sənə qurban olum, ağlama, darıxma, inşallah hər şey yaxşı olacaq. Sənin də oğlanların gələcəklər, mən də gələcəm, sən qəti narahat olma. Dedim Allah sənə də kömək olsun, elə hamınıza da, Allah baisin tifağın dağıtsın, bu od-alovu üstümüzdən götürsün, bizi peşiman eləməsin, bir də yığışarıq, görüşərik, qurbanlarımızı kəsib hamını sevindirərik. Elə bu şəkildə qohum-əqrəba, dediyim kimi, həm də onun təzə qohumları yığışıb oturmuşduq. Anası Telli də ona yola qoymaq üçün cücə (çolpa) yolurdu, başqa yeməklər hazırlayırdı. Qinyaz səhəri gün onu aparıb Ağdama ötürəsi idi. O gecə bir xeyli söhbətləşdik. Nişanlısının qardaşı arvadı da gəlmişdi. Qadınların da söhbəti uzun olur, bilirsiniz. Çoxlu danışdıq, oturduq həmin gecə onlarda. Sən demə, bu Xəqanini gördüyümüz sonuncu gecə imiş. İnanın ki, o gün, o söhbətlərimiz bir an da gözümün qənşərindən getmir. Elə bilirəm, Xəqani elə o yaşda, o boy-buxunda, o görkəmdə qalıb, elə o görkəmdə də nə vaxtsa gələcək (ağlayır).  Axı mənə söz vermişdi!..


Əsgər kişi qoşulur söhbətimizə:


- O günün səhərisi Xəqani çıxıb getdi. Elə hərbi hissəyə çatan kimi də ağır döyüşlər başlayıb, o da birbaşa girib döyüşə. Ağdamın Boyəhmədli, Güllücə, başqa kəndlərində.


Simuzər bibi:


- Hə, bala, elə gedən kimi o qızğın döyüşlərə girib. Sonra xəbəri gəldi ki, itkin düşüb. O vaxtdan 25 ildi nə ölməyi, nə əsir düşməyi, nə düşmən əlində olub-olmamağı bilinmir. Mənim oğlanlarımın da dördünü birdən aparmışdılar müharibəyə. Bax, Zaurum ayağında indi də güllə gəzdirir. 


Simuzər bibi bu sözləri danışandan sonra özünü saxlaya bilməyib bir-iki ağız dil deyib ağlayır. Onu sakitləşdiririk. Əsgər kişi “həyatdı da arvad, bəlkə də Allahın məsləhəti beləymiş, bəlkə də elə sağdı, kim nə deyə bilər, bəlkə də sağ-salamat qayıdar, Allahın köməkliyi ilə” söyləməklə arvadına bir qədər təskinlik verir. Təbii, onun bu təskinləşdirici fikirlərini biz də qüvvətləndiririk. Mən və stolun ətrafında əyləşmiş oğulları, keçmiş Qarabağ döyüşçüləri. Onlar döyüşdə yaralansalar da, şükür ki, sağ-salamat qayıdıblar. Yəni Xəqaninin bibisi Simuzəri sakitləşdirmək üçün o gecə dilə gətirdiyi dualar, diləklər qismən də olsa yerinə yetib. Ancaq özünün də tapılıb doğmalarına və adını uca tutub sevdiyi Vətən torpağına qovuşması onun istəklərinin başdan-başa yerinə yetməsi ilə sonuclana bilərdi. İstərdim ki, bunu da biz arzulayaq, istəkli oxucular! Axı yazılarımın əvvəlində bir nüansı xüsusi olaraq vurğulamışdım: Qoca tarix çox belə nümunələr göstərib. Görklər naminə!.. 


“F” hərfli parollar


Sonra Xəqani haqqında indiyədək mənim qələmə aldıqlarım ətrafında ümumi fikir mübadilələri aparırıq. Qinyaz müəllimin, Əhməd adlı keçmiş əsirin, komandiri Qasımın dedikləri və s. barədə. Elə bu ünvanlı yazılarımızdan media vasitəsilə xəbərdar olduğunu söyləyən Ərşad söhbətimizə də məhz o istiqamətdən körpü salmalı olur. Deyir, əvvəlki axtarışların da, bizim arayıb yazdıqlarımızın da nəticəsindən belə qənaətə gəlmək olur ki, Xəqanini yüz faiz Qırmızı Xaçın siyahısına salmayıb ermənilər:


- Səbəb nə ola bilər, sizin də qeyd etdiyiniz kimi, kəşfiyyatçılıq ola bilər, ya başqa səbəb var, burası məlum deyil. Amma bir qədər geniş mən sizi məlumatlandırım. Bilirsiniz ki, anamın da dediyi kimi, biz – dörd qardaş müharibə iştirakçısıyıq. Döyüşlərdə bilavasitə iştirak etmişik, yaralanmışıq, veteranıq, mən ümumiyyətlə Qarabağ əliliyəm. Xəqani isə bizdən də bir qədər əvvəl getmişdi cəbhəyə. Kəşfiyyatçılıq da bilirsiniz də nədi? Orda ad çəkmək olmaz. Ancaq əsasən şərti adlarla və nömrələrlə əlaqələnir bir-biri ilə kəşfiyyatçılar.


- Yəqin Xəqaninin komandirinin bizə müsahibəsində oxumusuz. Onların batalyonunda da bu vacib amil gözlənilirmiş...


- Oxumuşam. Elə mənim kiçik qardaşım Murovdağda vuruşanda onların da başına buna uyğun hadisələr gəlmişdi. Bu zaman parollar da tez-tez dəyişilir. Məsələn, ermənilərin deyə bilmədiyi hərflərdən çox istifadə olunurdu parollarda. Tutalım, onlar "F" hərfini deyə bilmədiyinə görə bizimkilər Fatma, Fatı kimi sözlərdən çox istifadə edirdilər parollara. Çünki bilirsiniz ki, ermənilər “F”-nı “P” kimi tələffüz edirlər deyə, soruşanda, anındaca bilinirdi ki, bu kənar adamdı, bizimkilərdən deyil.


- Xəqani itkin düşəndə siz də Qarabağda döyüşürdünüz artıq?


- Bəli, biz də döyüşlərdə idik o zaman. Xəqani Sabunçudan, biz isə Binəqədidən getmişdik. Qarışıq bir zaman idi. Özümüz də döyüş bölgəsində olduğumuzdan bir-birimizdən xəbərsiz idik. Mən yaralanıb hospitala gələndən sonra məni yoluxmağa gələn qohum-qardaşdan xəbər tutmuşam ki, bəs Xəqani itkin düşüb, şəhid olması və ya əsir aparılmasından da heç bir xəbər yoxdu. Hospitalda isə mənimlə bərabər digər qardaşım – Zaur da yaralı vəziyyətdə idi. Elə ikimiz bir yerdə yatıb müalicə alırdıq.


- Bəs siz hansı bölgədə vuruşurdunuz?


- Horadiz əməliyyatından qabaq Beyləqanda idik. Qoy bir az ətraflı danışım.


- Buyur.


- 1993-cü ilin oktyabr ayında mərhum dövlət başçısı Heydər Əliyev prezident seçildi. Noyabr ayında isə xalqa müraciət etdi ki, torpaqlarımızı azad etməliyik. Bax bu çağırışa cavab olaraq bu gördüyün məhəllədə (söhbət Bakının Biləcəri qəsəbəsində kompakt yaşayan, keçmiş DSK-4 – Evtikmə Kombinatının işçilərindən gedir. Kombinatla bu ərazinin ara məsafəsi çox yaxındır – N.Z.) yaşayan, DSK-4-ün işçilərinin əksəriyyəti, belə demək mümkünsə, elliklə cəbhəyə getdik. Kombinatın 1500 nəfər işçisi var idi, onların 500-ü cəbhəyə yollandı. Mən onda kadrlar idarəsinin rəisi işləyirdim. Mən də cəbhəyə getdim. Qardaşlarımla bərabər.  Noyabrın 16-da biz olduq Beyləqanda döyüş bölgəsində. Dekabrda artıq ermənilərlə üzbəüz döyüş mövqelərində idik. Dekabrın 10-da heç kimin gözləmədiyi vəziyyətdə ermənilər hücuma keçdi. Əvvəlcə bizə çətin gəldi birdən-birə döyüşə girmək. Amma sonradan hər şey adama adiləşir. Ölənləri, yaralıları görüb yerbəyer etməkdən, çığırtılara, bir sözlə, o vahiməli vəziyyətə öyrəşməkdən tutmuş böyür-başından “Qrad”ın keçməsinə qədər. Bax, bu gördüyün məhəllənin camaatı, üstəlik Abşeron batalyonu, Quba batalyonu erməniləri Beyləqana buraxmadı. Horadiz əməliyyatından sonra bizi göndərdilər Ağcabədinin Ovşar kəndinin yuxarısında yerləşən o vaxtkı Martuni, indiki Xocavəndə məxsus Kuropatkino kəndinin girəcəyinə. Mən ordakı döyüşdə yaralandım. Sonra gəldim, dediyim kimi, bir müddət hospitalda yatdım. Ardımca balaca qardaşım Zaur da yaralandı gətirildi ora. Hətta yer çatışmırdı, Zauru gətirib öz çarpayımda yatızdırdım, ikimiz bir yerdə yatası olduq. Cəbhədə də bizi bir yerdə vuruşmağa qoymurdular. Çünki Zəngilan rayonundan iki qardaşdan biri şəhid olmuşdu, o biri də onun meyitini qoyub gələ bilməmişdi deyə, onu da vurmuşdu ermənilər. Bu hadisədən sonra doğma qardaşları bir yerdə vuruşmağa qoymurdular, çünki istər-istəməz qan çəkəcək, onlar da bir-birini ya yaralı, ya da ölmüş halda qoyub gedə bilməyəcəkdilər. Bu, müharibənin qanunlarından hesab olunur ki, qardaşlar bir yerdə vuruşmasınlar qeyd etdiyimiz səbəblərdən. Bizi də bu minvalla bir-birimizdən ayırdılar orda, birimiz ön cəbhədə olanda, o birimizi bir az arxaya çəkirdilər və ya əksinə.  


- Aydındı. Bəs Xəqani ilə döyüş bölgəsində hər hansı əlaqəniz olmayıb deyirsiz...


- Xeyr. Amma Qarabağda olduğunu bilirdim.


(Ardı var)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok