Modern.az

Pakistanlı media rəhbəri: İlham Əliyevlə dialoq böyük şərəf idi

Pakistanlı media rəhbəri: İlham Əliyevlə dialoq böyük şərəf idi

Media

Bu gün, 16:33

Şuşada iyulun 13-dən başlayan IV Qlobal Media Forumu panel sessiyalarla işini davam etdirir. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr edilən forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər və rəsmi şəxslər təmsil olunur.

Forum iştirakçılarından olan Pakistan TV-nin rəhbəri Adil Şahzeb Modern.az-a açıqlamasında Prezident İlham Əliyevlə birbaşa dialoq qurmağın onun üçün böyük şərəf olduğunu bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sualları açıq, əhatəli və ətraflı şəkildə cavablandırmağa hazır olması özünəinamın və şəffaflığın göstəricisidir:

"Bütün dünya Pakistanın ABŞ-İran arasında gərginliyin azaldılmasında oynadığı mühüm rolu qəbul edir. Prezident İlham Əliyevin son regional gərginliklər fonunda Pakistanın yenidən sülhün təmin olunmasına töhfə verə biləcəyinə inamını ifadə etməsi isə Pakistanın sülhə, diplomatiyaya və qlobal sabitliyə sadiqliyinin bariz göstəricisidir".

Adil Şahzeb bildirib ki, forum son dərəcə peşəkar səviyyədə təşkil olunub və dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini bir araya gətirib:

"Prezident İlham Əliyevin uzun sürən sual-cavab sessiyası onun açıq dialoqa hazır olduğunu və regional, eləcə də qlobal əhəmiyyətli məsələlərin müzakirəsinə böyük önəm verdiyini nümayiş etdirdi. Hesab edirəm ki, bu cür birbaşa ünsiyyət formatı şəffaflığın möhkəmlənməsinə, məlumatlı müzakirələrin təşviqinə və beynəlxalq media ilə konstruktiv əməkdaşlığın inkişafına mühüm töhfə verir".

Pakistanlı media rəhbəri Azərbaycanın sürətli inkişafını və tarixi irsə bağlılığını da yüksək qiymətləndirib:

"Azərbaycan həm sürətli inkişaf yolu keçən, həm də tarixi və zəngin mədəni irsinə sadiq qalan bir ölkədir. Mən burada hər zaman insanların səmimiyyəti və qonaqpərvərliyi sayəsində özümü evimdəki kimi hiss edirəm. Bundan əlavə, Şuşa Qlobal Media Forumu kimi təşəbbüslərin məsuliyyətli jurnalistika vasitəsilə beynəlxalq dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın inkişafına verdiyi töhfə də mənim üçün bu səfərin ən mühüm nəticələrindən biridir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə dollar rekord həddə çatdı - Azərbaycanı nə gözləyir