Modern.az

32 ölkədən 350-yə yaxın jurnalist Alanyada TOPLAŞIR

32 ölkədən 350-yə yaxın jurnalist Alanyada TOPLAŞIR

Media

Bu gün, 13:17

2026-cı il noyabrın 6-dan 10-dək Türkiyənin Alanya şəhərində 32 ölkədən 350-yə yaxın jurnalistin iştirakı ilə VI Qlobal Media Görüşü keçiriləcək.

Modern.az xəbər verir ki, Qlobal Jurnalistlər Şurasının (KGK) təşkilatçılığı ilə keçiriləcək tədbir çərçivəsində şura toplantıları, seminarlar, media çalıştayı və zorakılığa qarşı mübarizəyə həsr olunmuş simpozium təşkil ediləcək.

MÜKAFATLAR

Hər il olduğu kimi, mükafatlandırma mərasimində yerli və xarici siyasət və dövlət xadimləri, idman, elm, incəsənət və mədəniyyət nümayəndələri, eləcə də media təmsilçiləri fəxri qonaq qismində iştirak edəcəklər. Ötən il ilk dəfə İsmail Qaspıralı Akademiyası Fondu ilə birgə təsis edilən İsmail Qaspıralı Xidmət Mükafatı mərasimdə iştirak edəcəyi təqdirdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza təqdim olunacaq. Türkiyə ilə münasibətlərin inkişafına verdiyi töhfələrə və ölkəsi adından həyata keçirdiyi fəaliyyətə görə Kosovonun sabiq prezidenti Vjosa Osmani Qlobal Diplomatiya Mükafatına layiq görüləcək. Qlobal Dostluq Mükafatı isə Kosovonun baş nazirinin müavini, türk əsilli Fikrim Damkaya təqdim ediləcək. Bu il Qlobal İdman Mükafatı isə Fatih Terimə veriləcək. Mükafat ona noyabrın 9-da “Lonicera World” otelində keçiriləcək mərasimdə təqdim olunacaq. Qəzzada İsrailin törətdiyi soyqırımını gündəmdə saxlayan yayımlarına görə Qlobal Jurnalistika Mükafatı “Gazzete” nəşrinin rəhbəri Hayrunnisa Çiçəyə təqdim ediləcək. Qlobal Brend Mükafatı “Corendon” aviaşirkəti adından Yıldıray Karaerə, Qlobal İnnovasiya Mükafatı isə Sabiha Gökçen Hava Limanında tətbiq etdiyi kapsul hotelçilik modelini Litva, Estoniya və Malayziyaya daşıyan “Keepler” şirkəti adından Ömer Alaeddinoğluna veriləcək. Qlobal Media Mükafatı “TRT AVAZ” adından Yücel Kılıçkayaya, Qlobal İncəsənət Mükafatı qırğızıstanlı sənətçi Roza Amanovaya, Qlobal Elm Mükafatı isə qazaxıstanlı alim Sultanhan Zhussipə təqdim olunacaq. Mərhum jurnalist Veli Altınkaya adına təsis edilmiş Xüsusi Mükafat jurnalist-yazıçı Yavuz Donata veriləcək. Bununla yanaşı, jurnalistikada 50 illik fəaliyyətini tamamlayan media nümayəndələri də peşə fəxri mükafatları ilə təltif ediləcəklər.

PROQRAM

Bu ilki Qlobal Media Görüşü “Tarix, Təbiət, Media, Dialoq” mövzusu altında “Eftelia Marin Resort” otelində keçiriləcək. Bu gün tədbir iştirakçılarına şəhərin tarixi və turizm imkanları ilə tanışlıq məqsədilə ekskursiya təşkil olunacaq. Gəzinti şəhərin İskele bölgəsində, Qızılqüllənin qarşısında başa çatacaq.

Noyabrın 8-də keçiriləcək Media Çalıştayına Qlobal Jurnalistlər Şurasının Məsləhət Şurasının sədri, professor Levent Eraslan rəhbərlik edəcək. Tədbirdə süni intellekt, rəqəmsal transformasiya, sosial media, SEO tətbiqləri, peşə hazırlığı, universal jurnalistika və media hüququ mövzularında təqdimatlar olacaq.

Noyabrın 9-da Zorakılıqla Mübarizə Fondu (HEGEM) ilə birgə simpozium keçiriləcək. “Zorakılığın qarşısının alınması modeli kimi sosial mediasiya və zorakılığın mediada işıqlandırılması” mövzusuna həsr olunan tədbirdə müvafiq məruzələr təqdim ediləcək.

Həmin gün sosial mediasiya layihəsi ictimaiyyətə təqdim olunacaq, eləcə də sosial mediasiya bölmələrinin açılışı keçiriləcək. Görüş həmin axşam təşkil ediləcək mükafatlandırma mərasimi və qala yeməyi ilə başa çatacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?