Modern.az

Cəbrayıl gülməcələri (XIII)

Cəbrayıl gülməcələri (XIII)

31 İyul 2011, 10:14

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Cəbrayıllı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. 


Məktub yetişdi

Soltanlı Molla Mirzəli, Əfəndilər Mir Yusif Ağa və Mir Əzim Ağa bərk dost imişlər (hər üçünə Allah rəhmət eləsin!).
Molla Mirzəli tez-tez Əfəndilər kəndinə gedib Mir Yusif Ağaya, Mir Əzim Ağaya baş çəkərmiş. Aralarında şirin zarafatları da varmış.


Bir dəfə Mir Yusif Ağa yaylağa gedibmiş. Molla Mirzəli də Mir Əzim Ağa ilə söhbətində deyir ki, o da bir neçə günlük yaylağa gedəcək. Mir
Əzim Ağa bir məktub yazıb verir Molla Mirzəliyə, xahiş eləyir yaylaqda Mir Yusif Ağaya çatdırsın...


Molla Mirzəli yaylağa gedir, amma başı çəmənə-çiçəyə o qədər qarışır ki, məktubu Mir Yusif Ağaya verməyi tamam unudur.


Yay bitir, payız dönür, hamı yaylaqdan qayıdır. Kəndin ağsaqqalları Mir Yusif Ağanın yaylaq söhbətlərini dinləməyə gəlirlər. Molla Mirzəli də Əfəndilərə qonaq gəlir. Söhbətin şirin yerində Mir Yusif Ağa üzünü Molla Mirzəliyə tutur:


- Molla Mirzəli, sən gəlməzdən bir az qabaq Mir Əzim Ağa deyirdi mənə məktub yazıb sənə verib, çatdırasan. O məktubu neyləmisən?


Molla Mirzəlinin yadına məktub indi düşür, pərtlik yaranmasın deyə zarafata salır:


- Mir Yusif əfəndi, sən özün Mir Əzim əfəndinin xasiyyətinə yaxşı bələdsən. Bilirsən ki, o, şahidsiz heç kimə inanmır. Ona görə də bax bu məktubu saxladım ki, öz yanında sənə verim, sonra deməsin ki verməmişəm.


Hamı uğunub gedir.


O vaxtdan Cəbrayılda bir adam o birinə bir əmanət tapşıranda deyər: “Baax, Molla Mirzəli söhbəti olmasın ha!”

***

Əzrayıl erkəkdi, dişi?


Söz Molla Mirzəlidən düşmüşkən, bir əhvalatı da danışım, Mollanın hazırcavablığına şahid olun. Əvvəlcə bir məsələni deyim: bizim Cəbrayılda yas mərasimləri rəhmətə gedənin yaşından, dünyadan köçmə səbəbindən, vəfat eləyən adamın özünün vəsiyyətindən və ya onun övladlarının istəyindən asılı olaraq müxtəlif cür olur. Yasların ağırı da olur, fağırı da. Cavan, yaxud nakam adam rəhmətə gedəndə onu musiqi ilə götürürlər... Nəysə, belə şeylərdən danışıb qanınızı qaraltmaq istəmirəm, arzu eləyirəm hamınızın evində ancaq şadlıq olsun! Sözümün canı o idi ki, Cəbrayılda yaşı doxsandan keçmiş kişi xeylağı haqq dünyasına qovuşanda, adətən, yas yerinə gələn nabələd adam çaş-baş qala bilər, çünki şaxsey-vaxsey əvəzinə çox vaxt deyib-gülmək görər. Adətdir ki, camaat rəhmətə gedən adamın başına gələn, yaxud onun başqalarının başına gətirdiyi düzlu-məzəli əhvalatları danışıb gülüb, ölənə rəhmət oxuyarlar. Belə məclislərdə mollaların işi çox çətin olar və hər molla ürək eləyib belə məclisə gəlməz, çünki kimin ürəyindən nə sual keçsə, o sualı yağdıracaq mollanın başına, di gəl altından çıx görüm necə çıxırsan!. Özü də vacib deyil ki sual dindən-şəriətdən olsun.


Cəbrayılın Qurban Təpəsi məhəlləsində bu cür bir yas olur. Rəhmətə gedən (ruhu şad olsun) 100-ün dalına çoxdan yağlı bir təpik vurubmuş, o baximdan da məclis xeyli şən keçirmiş. Məclisi söz altında qalmağı xoşlamayan Molla Mirzəli aparırmış.


Aydan çaya, dağdan bağa, arandan yaylağa nə qədər sual  verirlər, Molla Mirzəli cavablandırır. Axırda növbə çatır rayonda atmacaları ilə məşhur olan Davud oğlu Vidadiyə.


- Molla Mirzəli, - Vidadi deyir, - görürəm astronomiyadan, fəlsəfədən tutmuş botanikaya kimi hər şeydən başın çıxır. Bax mənim bir sualıma cavab ver. De görüm Əzrayıl erkəkdi, dişi?


Məclisdəkilərin gözünə işıq gəlir, camaat pıqqıldaşıb hədsiz maraqla Molla Mirzəlinin cavabını gözləyir.  


Molla Mirzəli təsbehini bir neçə dəfə çevirib aramla deyir:


- Bu dünyada ölüm hamı üçün haqdı, yəni hamı ölür. Oğul, sən də bir gün dünyadan köçəcəksən. Yataqda uzanıb can verəndə Əzrayıl gəlib kəsdirəcək başının üstünü. Deginən “hə”.


Vidadi başını tərpədib “hə” deyir.


Molla Mirzəli sözünə davam eləyir:


- Bax o vaxt Əzrayılın əbasının ətəyini qaldırıb altdan yuxarı baxarsan, uzun bir şey görsən, bil ki erkəkdi, görməsən - dişi!


Cəbrayılda yas yerində hələ bu qədər qəhqəhə səsi eşidən olmamışdı! Camaat əhvalatın ləzzətini çıxartmaq üçün tez-tələsik Fatihə verib, bir ağızdan “Allah rəhmət eləsin!” deyib qalxıb çayxanalara cumurlar. 

***

Cəbrayıllı İqor Kio


Hazırda ölkədə rüşvətə qarşı kampaniya gedir. Tədbirlərin nə dərəcədə effektli olduğu haqda danışmaq istəmirəm, camaat görür. Sözüm belə bir kampaniyanın əvvəllər də aparılması haqdadı.


70-ci illərdə Cəbrayılda bir idarə müdiri vardı (rəhmətə gedib deyə, adını yazmıram, çünki sağlığında özü ilə söhbətləşib icazəsini almamışam. Əslində, dursaydı da güman ki, yazmayacaqdım – bir az incə məsələdi).


O müdirin qapısına kim gəlirdisə, işini düzüb-qoşurdu. Hər işin də öz qiyməti vardı. Bunu camaatın hamısı bilirdi. Elə bir qəliz iş olmazdı ki, o müdir həll eləyə bilməsin. Lazım olsaydı, Moskvaya da gedib adam tapıb işi aşırardı. Bir sözlə, çox fərasətli adam idi, di gəl ki, o vaxtın təbirincə desək, “kommunist ola-ola partiyanın adına layıq iş görmürdü”. Nəysə...


Dedi-qodu gedib Bakıya çatır. Müdiri ilişdirmək üçün üstündə Leninin kəlləsi olan işarələnmiş qırmızı onluq bağlamasını verirlər iki nəfər xüsusi şöbə əməkdaşına (“çekist”ə), göndərirlər Cəbrayıla. Yoxlama öyrədilmış bir adamın (belə adamlara “qaloş” deyirlər) əlinə işarələnmiş pulları veririb müdirin yanına göndərir. Yay vaxtı imiş. “Qaloş” gəlib müdirə yalvar-yaxar eləyir, oğluna bir iş istəyir, sonra da bağlamaya bükülü pulu onun stolunun üstünə qoyub çıxır. O çıxan kimi, üstündən heç iki dəqiqə keçmir, dalınça “çekist”lər girir. Özlərini təqdim eləyib hər yeri ələk-vələk eləyirlər. Nə qədər axtarırlar, nə otaqdan, nə də müdirin üst-başından pulu tapa bilmirlər... Əlacsız qalib akt yazıb gedirlər. Müdir aktın surətini cibinə qoyub ironiyali gülüşlə onları yola salır.


“Çekist”lər “qaloş”u sorğu-sual eləyirlər ki, bəlkə pulu verməmisən, o da and-aman eləyir ki, verib və söz verir ki, bu sirri öyrənəcək.


Sirri öyrənmək o qədər də çətin olmur, çünki müdir axşam dostlarını başına yığıb deyir:


- Bu gün yanıma iki qaz gəlmişdi, yoldum buraxdım. Bu da mənə verdikləri – onluq bağlamasını stolun üstünə atır, -  yeyək-içək. Qorxmayın, işarələri yox eləmişəm.


Sonra da müdir əhvalatı ətraflı danışır. Məlum olur ki, “çekist”lərin öyrətdiyi adam içəri girən kimi, müdir onun gəlişinin səbəbini göydə tutub, pulu alan kimi torbaya qoyub pəncərədən idarənin dal hətindəki zibilliyə tullayib, işdən çıxanda da gedib götürüb.


Söhbət gedib “çekist”lərə çatır. Başlarına qammaça vurub yeni plan hazırlayırlar.


Bu hadısədən altı ay sonra iki başqa “çekist” eynən həmin planı həyata keçirir, amma iki fərqlə - birincisi, sözsüz ki, “qaloş” ayrı adam olur, ikincisi – pəncərəni güdməyə xüsüsi adam ayırırlar...


İkinci plan da boşa gedir. “Çekist”lər yenə müdirin kabinetini alt-üst eləyirlər, pulu tapa bilmirlər. Akt yazıb gedirlər.


Müdir dostlarını yenə qonaqlığa çağırir, yenə əhvalatı danışıb gülürlər. Məlum olur ki, qış vaxtı olduğundan pəncərənin küləyə qarşı yapışdırılmış izolentlərini qopardıb açmaq vaxt almasın deyə, müdir pulu bizə keçirib stullardan birinin altina taxib. Müdirin bəxtindən, çekistlərinsə bəxsizliyindən, çekistlərin başbiləni həmin stulda əyləşibmiş.


Və yenə xəbər gedib "çekist"lərə çatır...


Altı aydan sonra təzə qrup gəlir. İsti yay günü imiş. Əvvəlki proseslərdən öyrənilmiş dərslər tətbiq olunmaqla bütün ehtiyat tədbirləri görülübmüş – pəncərəni busan, müdirin otağına girib-çıxanlara nəzarət eləyən... hər kəs, hərbçilər demişkən, müdafiə mövqeyini tutubmuş. Ayrı bir “qaloş” gəlir (bu dəfə “qaloş” zənən xeylağı olduğundan gərək onu ya “çust” adlandıraq, ya da “qaloşxanım”), ağlayıb-sıtqayır, qızına iş istəyir, pulu qoyub gedir. Nahar fasiləsi imiş, müdir qatıq doğramsını yeyə-yeyə arvadı dinləyir, pulu alıb cibinə qoyur, “qaloşxanım”a da tapşırır ki, bir həftədən sonra gəlsin.


“Qaloşxanım” çıxır, “çekistlər” girir. Müdirin kabinetinində salamat dəlmə-deşik qoymurlar. Döşəmənin parketlərini bircə-bircə tərpədib yoxlayırlar, divarlarda gizlin qutu olar deyib santimetrinə qədər döyəcləyə-döyəcləyə qulaq asırlar, stulların altını çevirib baxırlar... Pul tapılmır ki, tapılmır!


- P..xa düşmədik?! – “çekist”lərdən biri aşkar acıqla o birinə deyir, - pah atonnan, bir dəqiqənin içində o boyda pulu harasına soxa bilər?!


... – o biri çekist çiyinlərini çəkir, - lap İqor Kiodu bu kişi!!!


Başınızı ağrıtmayım. Çekistlər bir saata qədər axtarış aparandan sonra əllərini qaldırıb təslim olurlar.


- Yaxşı, yoldaş Filankəsov, - çekistlərdən biri müdirə deyir, - sən də bilirsən, biz də bilirik ki, pul bu otaqdadı, Sən canın, pulu hara soxmusan, de.


- Ay z..rt, - müdir baş barmağını başala barmağı ilə orta barmağının arasına keçirib çekistlərə göstərir, - akt yazın ki, tapmadınız, sonra deyim.


- Yazarıq, yazarıq, sən əvvəlcə yerini de.


- Keçəl suya gedən deyıl, - müdir gülümsəyir, - Ostap Benderin sözü olmasın, tezdən stullar, axşam pullar! Aktı yazın, arxayın olum.


- Aktı yazınca səbrim çatmayacaq, sənə kişi kimi söz verirəm, “bu ölsün!” yazacam, – çekistlərdən biri əlini sifətinə şappıldadıb and içir, - bu sirri bilməsəm bağrım çatlar!


- Budey! - müdir, qaşığı doğrama boşqabının içinə salıb qatığa bulaşmış pulları qaldırıb çekistlərə göstərir.


(Müdir pul bağlamasını doğrama boşqabının dibinə basıb üstünə də çörək döğrayıbmış).


Çekistlər pərt-pərt bir-birlərinə xeyli baxıb isterik gülüşlə qəhqəhə çəkirlər.


Və söz verdikləri kimi, akt yazıb heç nə tapmadıqlarını təsdiq eləyirlər...

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü