Modern.az

Mətbuatın böyük ustadının 96 yaşı tamam oldu

Mətbuatın böyük ustadının 96 yaşı tamam oldu

Media

17 Dekabr 2020, 14:28

Şirməmməd Hüseynov: “Ata-babalarımız bizə bu Vətəni – cənnət məkanı Azərbaycanı əmanət ediblər. Biz də onu göz bəbəyimiz kimi qoruyub gələcək nəsillərə əmanət etməliyik”.

 

Bu gün müasir Azərbaycan jurnalistikasının ustad nümayəndələrindən biri, görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar jurnalist, professor Şirməmməd Hüseynovun anadan olduğu gündür.



2019-cu il iyunun 24-də vəfat edən Şirməmməd müəllim yaşasaydı, 96 yaşını qeyd edəcəkdi. Amma ötən il dünyaya vida etsə də, xalqımızın ürəyində əbədi yaşayacaq. Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəki şəhərində anadan olub. 1940-cı ildə Şəki şəhəri Mirzə Fətəli Axundov adına 2 saylı orta məktəbi bitirmiş, 1940–1942-ci illərdə Şəki ikiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində oxuyub. O, 1945–1950-ci illərdə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində ali təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə başa vuran Şirməmməd Hüseynov Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universiteti Jurnalistika fakültəsinin aspiranturasına daxil olmuş, 1954-cü ildə təhsilini tamamlayıb dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.

 



1954-cü ildən indiki Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Jurnalistika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayan Şirməmməd Hüseynov həyatını universitetə bağlayaraq ömrünün sonunadək burada baş müəllim, dosent, 1962–1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1970–1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1976–1988-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri olmuş, 1988-ci ildən ömrünün sonunadək həmin kafedranın professoru vəzifəsində çalışıb.

Elmi fəaliyyətini, əsasən, Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, Cümhuriyyət qurucularının həyat və yaradıcılığını, keçdiyi şərəfli yolu sevə-sevə, platonik məhəbbətlə tədqiq və təbliğ edən böyük ziyalımız ömrünün son günlərinədək qələmi əlindən yerə qoymadı, saysız-hesabsız araşdırma yazıları hazırlayıb nəsillərimizə ərməğan etdi. Şirməmməd Hüseynov bir alim və pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında təqdirəlayiq xidmətlər göstərib. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti var. Böyük ziyalımız ona ayrılmış Prezident təqaüdünü yazdığı kitabların nəşrinə xərcləyirdi. Məhəmməd Əmin Rəsulzadə əsərləri (5 cild. Bakı, 1992-2018), Azərbaycan legionerləri (Bakı, 2003), Milli haqq və ədalət axtarışında (Bakı, 2004), Mənəvi irsimiz və gerçəklik (Bakı, 2004) kitabları onun yaradıcılığının bir hissəsini təşkil edir.

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı olan Şirməmməd müəllim ömrünün sonlarınadək Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru kimi fəaliyyət göstərib, ziyalılığın simvolu olaraq hər kəsin ürəyini fəth edib.
Şirməmməd Hüseynov Azərbaycan klassik publisistika məktəbi ənənələrini müstəqillik dövründə yeni bir məktəb səviyyəsinə yüksəltmişdir. Yüzlərlə jurnalistin ustadı kimi şöhrət qazanmış alimin elmi kadrların yetişdirilməsində də böyük əməyi olmuşdur. Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tərbiyə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir. Bu gün də onun tələbələri Bakı Dövlət Universitetində, eləcə də digər elm və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində öz müəllimlərinin yolunu uğurla davam etdirirlər.

Qeyd edək ki, Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasının inkişafında uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. O, ömrü boyu digər bir sıra mükafatlara, “Nizami təqaüdü”, “Qızıl qələm”, “Zərdabi”, Yusif Məmmədəliyev adına mükafat, M.Ə.Rəsulzadə adına mükafata layiq görülüb. 2014-cü ildə isə Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif olunub.
“Mən Cümhuriyyətin 100 illiyinə 50 ildir hazırlaşıram”, -deyən Şirməmməd müəllim bütün varlığı ilə sevdiyi Cümhuriyyətimizin bir əsrlik yaşını bayram etdi, yazdığı kitabları ilə 100 illiyi qeyd etdi. Amma təəssüf ki, Qarabağımızın düşməndən təmizləndiyi, Şuşamıza üçrəngli bayrağımızın sancılmasını görmək nəsibi olmadı. Amma yəqin indi onun da ruhu şaddır, bütün Qarabağ nisgili ilə dünyadan köç edən vətənpərvərlərimiz kimi..

 



Ömür-gün yoldaşı Ülkər xanım “Yeni Müsavat”a bildirdi ki, pandemiya dövrü olduğundan Şirməmməd müəllimin doğum günü geniş qeyd olunmayıb, yalnız ailə üzvləri və ayrı-ayı ziyalılar II Fəxri Xiyabanda uyuyan böyük alimin məzarını ziyarət ediblər.
AMEA-nın Ədəbiyyat İnstitutunda çalışan Ülkər xanım Şirməmməd müəllimin vəfatından sonra ona həsr etdiyi “Sizdən bir də olmayacaq. Əlvida” və “Cümhuriyyət adamı-olduğu kimi” adlı iki gözəl kitab üzərində işləyib və işlər yekunlaşmaq üzrədir. Ülkər xanım 60 illik ömür yoldaşı barədə düşüncələrini, avtobioqrafik məlumatları ikinci kitabda, “Uzun ömrün qısa anları” bölümündə çap etdirəcək.
Şirməmməd müəllimin məzarındakı mərmər sinə daşının üzərində ən çox sevdiyi fikirləri həkk olunub: “Ata-babalarımız bizə bu Vətəni – cənnət məkanı Azərbaycanı əmanət ediblər. Biz də onu göz bəbəyimiz kimi qoruyub gələcək nəsillərə əmanət etməliyik”.

 



Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün feysbuk səhifəsində Ustadı anıb və fikirlərini bölüşüb: “Onu təbrik etməyə getmişdim. Ona torpaqlarımızın işğaldan azad olunduğunu dedim. Bilirəm ki, bunu ən çox arzulayanlardan biri idi. Təbii, hər kəs arzulayırdı. Sadəcə o, illərlə apardığı elmi araşdırmaların, axtarışların nəticələrinə görə işğal tarixini hamımızdan daha yaxşı bilirdi və şübhəsiz ki, acısını da bizlərdən daha çox çəkirdi. Ad gününü də təbrik etdim Ali Ruhun – Şirməmməd Hüseynovun. Bu gün 96 yaşı tamam oldu yoxluğuna inanmadığım, inanmaq istəmədiyim bu böyük adamın, böyük elm fədaisinin, dəyərli müəllimin, ziyalının və sözün əsl mənasında böyük Jurnalistin”.

Qeyd edək ki, Tərəfsiz Jurnalistlər Birliyi (Parlament) ötən il elan etdiyi, 17 dekabrda təqdim olunması nəzərdə tutulan “Şirməmməd Hüseynov mükafatı”nın təqdimatını təxirə salıb. Mükafatın təqdimat mərasiminin Şirməmməd Hüseynovun doğum günündə - 17 dekabrda keçirilməsi nəzərdə tutulsa da, pandemiya səbəbindən qərarı reallaşdırmaq mümkün olmayıb.

Məlum olduğu kimi, mötəbər mükafatın ilk qalibi böyük araşdırmaçı, 1-ci dərəcəli müşavir-diplomat Ramiz Abutalıbovdur. Həm Ramiz müəllim, həm də Ülkər xanım mükafatın təqdimolunma mərasiminin pandemiya bitəndən sonra keçirilməsini məqsədəmüvafiq hesab ediblər. Qismət olsa, təqdimatın 2021-ci ilin may ayında keçirilməsi planlaşdırılır.

İnşallah Şirməmməd müəllimin ruhu bağışlayar...Allah böyük ustadımıza rəhmət eləsin! (Musavat.com)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü