Modern.az

Muğam irsimizin fədakar tədqiqatçısı - Fəxri adı olmayan Gülhüseyn Kazımlı

Muğam irsimizin fədakar tədqiqatçısı - Fəxri adı olmayan Gülhüseyn Kazımlı

Mədəni̇yyət

4 Fevral 2021, 09:48

4 fevral tarixi tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlının doğum günüdür. O, 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitunun Filologiya fakültəsini, Bakı Ali Partiya Məktəbini, Moskvadakı İctimai Elmlər Akademiyasının Mədəniyyət tarixi və mədəniyət nəzəriyyəsi kafedrasını bitirib, filologiya üzrə fəlsəfə doktorudur.

Gülhüseyn Kazımlı 50 ildən çox yaradıcılıq fəaliyyəti ilə məşğuldur. Buraya publisistik əsərlər, şeirlər, ssenarilər daxildir.
 
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

"Vətən sevgisi" (1978), "Yollarda ömür" (1981), "Mənə inan" (1983), "İnsanın dərki" (1995), "Ümid yeri" (2003), "Heydər Əliyevin yadigarları" (2004) və "Seçilmiş əsərləri" (2010) kitablarının müəllifidir.

Sözlərinə dövrün böyük bəstəkarları Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Əfsər Cavanşirov, Nəriman Məmmədov mahnılar yazıb. Həmin mahnıları da Baba Mirzəyev, İlhamə Quliyeva, Flora Kərimova, Oqtay Ağayev kimi sənətkarlar ifa edib.

Tədqiqatçı-alim Gülhüseyn Kazımlı həm də görkəmli xanəndələr, ifaçılar haqqında oçerk, məqalə və kitabların müəllifidir.
Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Bülbülcan, unudulmaz qarmon ifaçısı Kor Əhəd haqqında kitablara imza atıb. Gülhüseyn Kazımlı görkəmli muğam ifaçıları haqqında radiooçerklərin müəllifi kimi də tanınır.

O, son illər Beynəlxalq Muğam Mərkəzində muğam sənətinin təbliği ilə əlaqədar çeşidli tədbirlər və müxtəlif layihələr həyata keçirir. 


Bu haqda muğam tədqiqatçısının özü Modern.az-a belə deyib:
 
“Mən son illər Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” və “Dəyirmi masa” kimi layihələrin koordinatoruyam.
“Unudulmayanlar” layihəsinin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovdur. Koordinasiya və təşkilat işlərinə isə mən aparıcılıq edirəm.

“Unudulumayanlar” layihəsi çərçivəsində Azərbaycan muğamının 10-dan çox korifeyinin həyat və yaradıcılığı mənim tərəfimdən yenidən tətqiq olunub, onların həyatı haqqında indiyə qədər məlum olmayan faktlar və sənədlər üzə çıxarılıb. Bu tədqiqatlar əsasında Beynəlxalq Muğam Mərkəzində onların xatirə gecələri keçirilib. Hər dəfə 400-dən çox muğamsevər bu gecədə iştirak edib və həmin gecələr Mədəniyyət kanalı vasitəsi ilə nümayiş etdirilərək, geniş dinləyici auditoriyası qazanıb.

Təkcə bir faktı qeyd etmək istəyərəm ki, 1929-cu ildə Azərbaycandan Türkiyəyə getmiş və sonralar geriyə dönməmiş, bizim məşhur muğam ifaçısı, büstü Beynəlxalq Muğam Mərkəzində ucaldılmış Məşədiməmməd Fərzəliyevin həyat və fəaliyyəti haqqında çox geniş məlumatlar əldə edilib. Məlum olub ki, Məşədiməmməd Fərzəliyev Türkiyədə böyük musiqi təşkilatçılığı fəaliyyəti həyata keçirmiş, orada “Azəri musiqisi” adlı musiqi təşkilatı yaratmış və ona rəhbərlik etmişdir.  

Təsəvvür edin ki, 1949-cu ildə Türkiyədə Məşədiməmməd Fərzəliyevin xanəndəlik fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş təntənəli yubiley keçirilmişdir.

Məşədiməmməd Fərzəliyevin bu günə qədər musiqi aləminə məlum olmayan dörd lent yazısı aşkar olunub. Bütün bunlar Məşədiməmməd Fərzəliyev 1962-ci ildə İstanbulda vəfat edəndən sonra məlum olan yeni faktlardır. Belə faktlar çoxdur.

Bizim musiqinin beşiyi başında duran Muğam Mərkəzinə daxil olarkən sağ tərəfdə büstü birinci ucaldılmış Əbdülbaqi Zülalovun, Bülbülcanın da həyat və fəaliyyəti mənim tərəfimdən tətqiq olunub. Bunun üçün Bakı və Tiflis arxivlərində axtarışlar aparmış, musiqi aləminə məlum olmayan fakt aşkar etmişəm. Bu faktlar əsasında həm “Bülbülcan” kitabı yazılıb, həm də onlardan Muğam Mərkəzi tərəfindən çəkilmiş “Bülbülcan” adlı filmin ssenarisində istifadə olunub. Qeyd etmək istəyirəm ki, ssenarinin müəllifləri mən və Hafiz İmamməzərlidir. Bu film üzərində iş hələlik davam edir”.


Gülhüseyn Kazımlı deyir ki, 50 illik yaradıcılıq fəaliyyəti dövründə 15-dən çox kitaba müəlliflik edib.

“Azərbaycan mədəniyyəti qarşısında müəyyən xidmətlərim var. Düzdür, həmin xidmətlərin hamınınkından çox olduğunu demərəm, amma bunlar heç də az deyil. Gürcüstan və Azərbaycan musiqi mədəniyyətlərinin inkişafında müəyyən xidmətlər göstərmişəm.

İki il bundan öncə Gürcüstanda Mirzə Fətəli Axundov adına mədəniyyət evində və Gürcüstan Dövlət Folklor İnstitunda onlarla birgə Azərbaycan-Gürcü mədəniyyətləri tarixi keçmiş, bugünki əlaqələr və elmi, nəzəri və musiqili konfrans keçrilmişdi. Həmin konfransda da tətqiqatçılarla birgə bizim Xalq artistimiz, “Şərəf” ordenli Mənsum İbrahimov və “Qarabağ” qrupunun üzvləri Elçin Həşimovla Elnur Əhmədov da iştirak etmişdi. Bu tədbir həm Azərbaycan, həm də Gürcüstan mətbuatında çox böyük rezonansa səbəb olmuşdu”.



Maraqlıdır ki, muğam irsimizin fədakar tədqiqatçısı Gülhüseyn kazımlının titulu və heç bir fəxri adı yoxdur. Özü bu haqda danışarkən bunları deyib:

“Keçən il fevralın 4-də mənim anadan olmağımın 70 illiyi tamam oldu. Bununla  əlaqədar mətbuatda geniş yazılar dərc olundu. Beynəlxal Muğam Mərkəzində İlqar Fəhminin aparıcılığı ilə yubiley tədbirim keçirildi. Azərbaycanın ən hörmətli Xalq artistlərindən olan 9 nəfər, ö cümlədən - Arif Babayev, Mənsum İbrahimov, Ağasəlim Abdullayev və digərləri o vaxt Mədəniyyət nazirinə mənim də hansısa fəxri adla təltif edilməyim üçün müraciət etdilər. Nazir həmin məktubu öz təqdimatının arasına daxil edərək, Prezident Administrasiyasına göndərmişdi. Lakin həmin müraciətinin nəticəsi olmadı. Əlbəttə, mən də istərdim ki, səhnəyə çıxanda adımın qarşısında hansısa titul səslənsin. Bu həm mənim yaşıma uyğundu, həm də göstərdiyim fəaliyyət növü imkan verir ki, Prezident tərəfindən təltif olunum. Bunu mən özümə ərəf hesab edərəm”.

Söhbət əsnasında müsahibimiz əslən Qarabağdan olduğunu da xüsusilə vurğulayıb:

“Bir nüansı da qeyd etmək istəyirəm ki, mən cəbrayıllıyam. Bütün cəbrayıllılar və Azərbaycan xalqı kimi Qarabağın ən gözəl güşələrindən biri olan Cəbrayılın düşmən tapdağından azad edilməsini özüm üçün ən ali mükafat sayıram. Buna görə də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə bir ziyalı kimi öz adımdan təşəkkür edirəm.

Mən istərdim ki, Cəbrayıla Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi kimi qayıdım. Mənim dövlətimizdən heç bir incikliyim yoxdur. Yəni mən onu bilirəm ki, o zamanki təqdimat sonralar mən bir daha müraciət edəndən sonra Mədəniyyət Nazirliyinə göndərildi. Və oradan da məlumat gəldi ki, biz sizə fəxri ad verilməsi haqqında müraciəti Prezident Aminstrasiyasına göndərmişik. Hesab edirəm ki, hansısa bir fəxri adın verilməsi mənim üçün də fəxr olardı. Bu adın verilməməsi faciə olar demirəm, amma, Prezident tərəfindən təqdim olunan fəxri ad böyük şərəfdir. İstərdim ki, bu şərəf mənim də 70 illik ömrümü bəzəsin”.


Fidan İlqarqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var