Modern.az

İTBAŞI (18-ci bölüm)

İTBAŞI (18-ci bölüm)

Ədəbi̇yyat

7 Mart 2021, 11:34

Mahir Qabiloğlunun romanı 

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 8-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 9-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 10-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 11-ci bölümünün LİNKİ) 
("İTBAŞI"nın 12-ci bölümünün LİNKİ)

 ("İTBAŞI"nın 13-cü bölümünün LİNKİ)

("İTBAŞI"nın 14-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 15-ci bölümünün LİNKİ) 

("İTBAŞI"nın 16-cı bölümünün LİNKİ) 

("İTBAŞI"nın 17-ci bölümünün LİNKİ)



Madərşah Karinenin otağı. Vəkil Aris hüzurundadır.

– Necəsən, Aris?

– Ömrünüz uzun olsun, madərşahım.

– Yeni mənsəbin xoşuna gəlirmi?

– Duaçıyam sizə həmişə.

– Yəqin Dürəng səni də, qardaşını da yanına çağırıb deyib ki, sizi zindandan o azad edib, sizi yeni mənsəblərə o irəli çəkib. Siz də inandız? – Aris başını aşağı salır, – Qələt eləyir. Mən belə məsləhət bilməsəydim, onun ixtiyarı çatardımı buna? Cavab ver!

– Xeyr, madərşahım. Hakimi-mütləq yalnız sizsiniz.

– Əsas mənsəblərdir vəkillik və vergi vəziri – kaminatlıdan olmalıdır. Göyverən təriqətini qəbul edənlərdəndir Dürəng. Müsəlmana çox da bel bağlamaq olmaz. Xalqın arasında çox ol. Bu dürəng-mürənglər hədlərini keçsə, xəbər ver. Bildin?

– Bəli, madərşahım.

– Get işlə. Ayıq-sayıq ol həmişə. Aylığını da demişəm – yüksək olacaq. Heç nəyi məndən gizlətmə. Bir də zindana düşsən, ordan sağ çıxmayacaqsan.

Aris otaqdan çıxır. Fikrə dalır: indi mən nə edim? Adamın neçə ağası olar? Dürəng deyir mənə tabesən. Səni zindandan mən qurtarmışam. Madərşah deyir mənə tabesən. Dürəng qələt eləyir. Qüdrət də o yandan hədələyir məni. Hamısı da ölümlə, nəslimi kəsməklə qorxuzur. Hər gün ölüm qorxusuyla yaşamaqdansa zindanda çürümək yaxşı idi. Tüpürüm o aylığa. Məvacib deyil e... tula payıdır. Yox, günah özümdədir. O vaxt Karine gələndə qaça-qaça qabağına çıxıb Kaminat Şahın ölümünə bais olmasaydım, indiki acınacaqlı duruma da düşməzdim. Xoşluqla gedə bilmirəm. Saraydan əyanın yalnız ölüsü çıxmalıdır. Ya əcəllə, ya da...

Bu an Dürəng Madərşah Karinenin otağına yaxınlaşır. Arisi görüb ayaq saxlayır.

– Narahat olma. Bilirəm nə deyib. Sən isə mən deyəni elə. Özün baş vəzir olmusan. Hər şeyi başqalarından yaxşı başa düşürsən, – deyib Dürəng qapını döyür.

Madərşah Karinenin otağı. Dürəng hüzurunda dayanıb.

– Dürəng, nə etdin? Camaatın narahatlığını yatıra bildinmi?

– Bəli, madərşahım. Dedim ki, hamısı Qüdrət Şahın işləridir.

– İnandılar?

– Bir-ikisi hoppanıb-düşdü ki, bəs bizi eşşək yerinə qoymusan? Cavabını verib oturtdum yerində.

– Maraqlıdır. Nə cavab verdin?

– Sadə bir cavab. Hərəyə yox, hər ailəyə bir qızıl payladım. Danışmayanlar da bunu görüb danışanları qınadılar. Sonra da kor-peşiman dağılışdılar.

– Deməli camaatı çörəklə sınağa çəkirsən?

– Əsla, madərşahım. Bu, doyub-qudurmaq əlamətidir. Kaminatlılara da cüzi yox, əsl vergi kəsmək lazımdır. Yoxsa dilləri uzanacaq.

– Yox, Dürəng. Özün də keçən dəfə dedin. Əgər yaxşı yaşasaydılar, sənin qızıl paylamağın müqabilində susmazdılar. Bunlar xristiandır, müsəlman deyil.

– Düzünü siz bilirsiniz, madərşahım.

– Gedə bilərsən.

Baş vəzir Dürəng gedir. Karine otağında təkdir. Darıxır: təkəm. Qul, hərəm olanda heç belə darıxmırdım. Onda məqsədim vardı. İndi isə arzuma çatmışam. Əvvəl şahənşah, indi isə madərşaham. Amma təkcə ad dəyişib. Vəssalam. İdarəetmə şahənşahlıq idarəetməsidir. Saray divarları üstümə gəlir. Hər şeyi Dürəngə tapşırıb dağlardakı qəsrimə də çəkilə bilmirəm. Madərşahlıq oturuşmayıb hələ. Qadınları irəli çəkməliydim, hamının soyadını nənələrinin adı ilə yazdırmalıydım. Kimin övladısan soruşulanda atanın yerinə ananın adı çəkilməliydi. Axı bizi analar doqquz ay qarnında gəzdirir, illərlə qayğımızı çəkir, böyüdür. Niyə də belə olmasın? Burda qeyri-adi şey var? Ataların bir atımlıq barıtı bundan irəlidir? Bəs onda belədirsə, onda öz anamı niyə saraydan qovdum? Qaytarmaq lazımdır onu. Düz eləməmişəm. Əslində düz eləmişəm. Amma madərşah kimi düzgün başa düşməz məni xalq. Öz anasına belə edir, sonra isə anaların, nənələrin adını soyad edir. Amma bu arzularımı həyata keçirə bilmirəm. Edərdim. Amma görürəm ki, mümkünsüzdür. Bu qadınların ağıllısı mənəm. Mən mənliyimlə çaşıb qalmışam. Mənsəblərə qoyduğum qadınlar təcrübə toplayana qədər madərşahlıq dağılıb gedər. Amma qartal artıq səmaya qalxıb. Piylənmiş siçovul, əfi ilan axtarışındadır. Bu sürünənlər isə qanadları olmasa da uçmağa, daha yüksəklərə qalxmağa can atırlar. Həsədlə baxırlar uçan quşlara. Amma yığdıqları qızıldan da əl çəkmək istəmirlər. Üstünə şığıyırsan ki, gəl səni caynaqlarıma alıb qaldırım səmaya, həmən gedib girirlər dərin, dar yuvalarına. Mənsəb verməklə şirnikləndirməliyəm onları ki, yuvalarından çıxsınlar. Caynağımda yüksəklərə qalxsınlar, quyruqlarını yellədib şellənsinlər. Sonra isə rahatlanaraq, qürrələnərək dəlmə-deşiklərdə gizlətdikləri var-dövlətlərini özləri üzə çıxartsınlar. Üstəlik başqa özükimiləri də şeytanlasınlar. Gəmidəki kimi – siçovulu siçovula boğdurmalıyam. Bəs sonra? Sonra sonranın işidir. Bəs kəpənəklər? Onlar da tırtıl kimi doğulurlar, sürünürlər. Sonda kəpənəyə çevrilib uçurlar. Uçmaqları isə çox az çəkir. Uçub ölürlər. Onlar da qarğa-quzğunumun çörəyi olsun. Bax bunu bacaracağam. Buna gün kimi əminəm. Necə yəni sürünmək üçün yarananlar uça bilməzlər? Təbib Məkrubə demişdi bunu. Qanadları yoxdur, ona görə? Amma əsas qanad deyil. Məkrubəni də yada salmıram heç. Təbibliyini edir. Görəsən necədir? Qadınları irəli çəkmək idisə fikrim, niyə ondan başlamıram? O ki, ağıllı, tədbirli qadındır. Baş kəsməyi də ki, öz yerində. Çox sınaqdan üzüağ çıxıb. Ağır günümdə mənə analıq edib. Niyə yanımda deyil? Onun üçün təbibxana açaram paytaxtda. Adamların arasında olar. Eşitdiklərini də gəlib mənə çatdırar. Hər şeydən xəbərdar olaram. Birdən bu da Qüdrətin adamı çıxsa? Yox, Karine. Söhbət Qüdrətdən getmir. Səndə müsəlmanlara qarşı bir inamsızlıq var. Dinin qaydalarına görə sən onları xristianlaşdırmalısan. Müsəlman şahlıqlarda kilsələr tikməlisən. Sənin dininə sitayiş edənlər üçün şərait yaratmalısan ki, müsəlmanlar da baxıb xristiana çevrilməyə üstünlük versinlər. Amma bunun əksi gedir. Kaminatlılar müsəlmanlaşırlar. Baxmayaraq ki, boğazlarından xaç asılıb. Qızılla, pulla ələ alır onları Dürəng. Sonra isə əllərindən ala-ala məhv edəcək. Bir tikə çörəyə şükür edəcəklər. Yox. Gərək Dürəngi döndərib xristian edəm. Adını da dəyişəm – dini qaydalara uyğun olaraq. Məsəlçün Mikola. Amma Göyverən belə etmədi. Bu qanunu heç hərəmxanaya da tətbiq etmədi. Bizim ali dəyərlərimizə hörmətlə yanaşdı. Yox. Göyverənin fikri dini yox, öz təriqətini yaymaq idi. Amma din başqa, təriqət başqa. Mənimçün din əsasdır. Özüm inanan olmasam da... Çünki din vasitədir – şahların əlində vasitə. Din avam xalq üçündür. Din yolundan şaşanları düz yola qaytarmaq üçündür. Mənim isə ağlım yerindədir. Mənimçün din yalnız vasitə ola bilər. Bəs Dürəng xristian olsa, onu şahlıqlarda qəbul edərlərmi? Elə bir oyun qurmalıyam ki, nəinki qəbul etsinlər, əksinə özləri də dinlərindən imtinada bulunsunlar. Özü də könüllü. Bax onda mənə heç bir ordu-zad lazım olmayacaq. Amma yenə də madərşahlıq deyil bu. Hər şeydən kəsib bir-birinə calaq edərək həftəbecər bir şey yaradıram. Yox, istədiyimə hökmən nail olacağam. Elə bir şey yaratmalıyam ki, dəqiq işləsin. Mən də rahat oturub həyatdan kam alım. Axı mən hər şeydən əvvəl insanam. Tələbatım var. Düzdür, artıq bakirə deyiləm. Sevən adam kimi yox, qul, hərəm kimi bakirəliyimi qurban vermişəm. Daha doğrusu, sevgimi məqsədimə qurban vermişəm. Uşağım da olub. Onu da məqsədimə qurban vermişəm. Atamı da, anamı da, qardaşlarımı da məqsədimə qurban vermişəm. Amma belə davam edə bilməz. Bəsdir qurban verə-verə yaşadığım. İndi qurbanlar qəbul etməliyəm. Çünki məqsədimə çatmışam. Sevsəm gəmidəki yırtıcı, hanibal siçovul kimi mən də adi həyatıma qayıdaram. Yox. İnanmıram. Daimi olmayacaq bu həyat. Mən sakitləşsəm də, kapitan dinc duran deyil. Məni məhv etmək üçün yeni yırtıcıları meydana buraxacaq ki, bu dəfə mənim məhvim qaçılmaz olsun. Onda belə çıxır ki, axıra qədər belə qalacağam? Axı insanam, qadınam hər şeydən əvvəl. Bütün kişilərə isə yalnız Qüdrətin adamları kimi baxıram. İçərilərində xaricən xoşuma gələnləri olmasına baxmayaraq. Bəlkə heç ərə getməyim? Sarayda kişixana açım. Əvvəllər belə şey olmayıb? Əvvəllər madərşahlıq da olmayıb. Yox. Şahların etdiklərini madərşaha uyğunlaşdırmaqdır bu. Bəlkə başqa cürə edim? Heç kim də bilməsin. Kişi fahişələr tapıb gətirsinlər mənimçün. Kefimi çəkib bezən kimi öldürtdürüm. Ölüsünü də ilim-ilim itirim. Yox, bu xəbəri gizlətmək mümkün olmayacaq. Bəs onda nə edim? Necə tapdırım istədiyim kişiləri? Səni necə tapıb hərəm etmişdilər, ay Karine? Qul bazarında. Az idimi orda qul kişilər? Özü də cazibədarları, cüssəliləri. Hər cür rəngdə: ağı, zəncisi... qaragözü, alagözü, qıyıqgözü... Qapımda mühafiz kimi durarlar. Lazım olan an isə... Vallah, hər şey düzəldi, qaldı bircə bu. Hələ oturuşdur hər şeyi, bu dediklərin asan məsələdir. Bəs kimə həvalə edəcəyəm bu işləri? Əlbəttə ki, Məkrubəyə. O qadındır. Özü də ki, duldur. Məni yaxşı başa düşər. Ona da pay düşər.

– Mühafiz! – deyə Karine səslənir.

– Əmrinizə müntəzirəm, madərşahım.

– Təbib Məkrubəni bura çağır.

– Başüstə, madərşahım.

 

* * *

 

Qüdrət Şahın sarayı. Qara niqablı bir nəfər hüzurunda dayanıb.

– Necədir vəziyyət, ey Kabus? Ey mənim gözəgörünməz qüvvəm?

– Ey bizim ağsaqqalımız, sayənizdə hər şey yaxşıdır.

– Üstünə gəlir, yoxsa üstündən gedir?

– Üstünə gəlir. Duaçıyıq sizə.

– Karine duyuq düşməyib ki, sizdən? Yəqin nəzərə almısan hər şeyi... ağıllı adamsan. Çünki Karine köhnə xəzinənin yerini soruşurdu.

– Xeyr, duyuq düşməyib. Xəzinə də etibarlı yerdədir. Amma axır vaxtlar Dürəng deşikləri iylətdirir.

– O qızıl iyinə həssasdır. Karinenin sizlərlə işi olmasa da, axır vaxtlar məni hərləyib-fırlayıb kəməndə salmaq istəyir.

– Əmrinizə müntəzirik. Nə məsləhət bilirsinizsə edək. Özünüz də gözəl bilirsiniz ki, Kaminat şahlığında lap əvvəldən hakimi-mütləq bizlərik. Kaminat Şah da bizimlə bacarmadı. Onu devirib, Qaflanı yerinə gətirdik. Hər şey də yaxşı idi. Amma bu qancıq onu qətlə yetirməklə bütün işlərimizi pozdu. Yaxşı ki, sizin kimi ağsaqqala rast gəldik. Bizə qol-qanad verdiniz. Qaflanın vaxtından qalan xəzinəmiz indi əvvəlkindən qat-qat çoxdur, adamlarımız da... Sizə borcluyuq buna görə. Düzdür, bir az itki verdik. Amma Karinenin təklənməsi üçün bu vacib idi. Ona görə dinmədik. Sakit oturmuşuq yerimizdə. Amma bizim ağsaqqalımıza bir təhlükə varsa, gecə yatağındaca başını kəsib gətirək. Ya da atası Kaminatın gününə salaq. Qorxusundan saraydakı otağından kənara çıxa bilməsin.

– Sən Karineni elə-belə bilmə. Çox məkrlidir. Həm də başkəsəndir. Fikirlərini tutmaq olmur. Hələlik heç nə etmə. Səni daxili çəkişməmizə qatmaq istəmirəm. Lazım olsa deyərəm. Əsas puldur. Sən xəzinəni artırmaqda davam et. Ola bilsin ki, şahlıqları da tam sənə həvalə etdim. Dürəngin baş vəzir qoyduğu öz adamlarım şıllaq atmağa başlayıblar mənə. Bacararsan yəqin.

– Siz əmr edin, ey bizim ağsaqqalımız.

– Xalq nə deyir?

– Camaat gözəgörünməz qüvvələrdən həmişə qorxub. Biz yerdəyik, o birisi göydə. Amma biz ondan da qorxuluyuq. Hərdən zühur etdiyimizə görə. Çünki qorxuzmuruq. Qəməni çıxarıb qarnına soxuruq. Ona görə də kimsə cürətlənib şikayət edə bilmir. Qoyduğumuz haqqı da vaxtında çatdırırlar.

– Ehtiyatlı ol. Karineyə deyə bilərlər. Çünki təzədir.

– Onu nəzərə almışıq. Kaminat Şaha, Qaflan Şaha şikayət edəndə saraydakılar həmən bizə o adamların adlarını ötürürdülər. Biz də başlarının üstünü alıb ailələri qarışıq qətlə yetirirdik. Bu da başqalarına görk olurdu. İndi də elə bilirlər ki, Karinenin xəbəri var. Ona görə quzu kimi sakitdirlər.

– Kasıblarla işiniz olmasın ha...

– Varlılardan aldığımızdan onlara da veririk. Zalımın zülmünü isə özünə qaytarırıq. Amma vergiçilərin qətli və Dürəngin son qızıl paylaması kasıbları yaman korlayıb. Qudururlar yavaş-yavaş. Bizləri görəndə ayağa durmaq istəmirlər. Çünki qara quruşa möhtac olanlar qızıl görüblər.

– Kasıbın qudurmağı yaman pis olur.

– Bilmirəm nə edim belələrinə qarşı.

– Onların üstünə Karinenin vergiçilərini göndər məşğul olsunlar. Siz də onlardan alınanın bir azını qaytarın özlərinə. Həmən şükürlü olacaqlar.

– Arisin qardaşı Taxisdir böyükləri. Həm də xəzinədardır. Yaxınlıq vermir hələ ki. Sizdən də acıqlıdır.

– Onun bircə yolu var. Yaxın dur. Divarların da qulağı var.

 

* * *

 

İki gün sonra. Gecə. Qüdrət Şahın otağı. Başına torba keçirilmiş bir nəfər əli-qolu bağlı Qüdrət Şahın qabağında diz çöküb. Qara niqablı adam onun başının üstündə dayanıb.

– Çıxart bunun başından torbanı, – deyə Qüdrət Şah əmr edir. Qara niqablı torbanı çıxarır. Arisin qardaşı Taxis özünü Qüdrət Şahın hüzurunda görüb rəngi qaçır. Canına əsməcə düşür, – Deməli, mənim əleyhimə gedirsən? Burda dinmirdim sənə, elə bilirdin ki, qorxuram? Səni azad etdim, elə fikirləşdin ki, Karinedən qorxuram? Allahına şükür etməkdən, üstəlik qudurdun da... O qədər qudurdun ki, mənim əmrimi heçə saydın? Mənim adamımı, gözəgörünməz qüvvəmi “Qüdrət Şahı da belə-belə edim, səni də...” deyib qapından qovdun? – Taxisin əsməcəsi bir az da artır, – Qorxma! Öldürməyəcəyəm səni. Amma bu son lütfümdür sənə. Qulağında sırğa elə. Bu gündən mənim də yox, bu qaraniqablının qulu sayılırsan. Adı Kabusdur. O nə desə, elə də olmalıdır. Çünki mən deyənləri edir gözəgörünməz qüvvəm. İstəsəm madərşahın istənilən adamını gecə yatağından oğurlatdırıb hüzurumda diz çökdürərəm. Elə Karinenin özünü də... Amma etmirəm. Əsəblərimi tarıma çəkməyin. Qardaşına da çatdır bunu. Birdən gedib özünüzü xəstəliyə vuraraq mənsəbdən imtina edərsiniz ha... Vallahi nəslinizi kəsərəm. Oturun yerinizdə və mən deyəni edin. Karine, Dürəng nə dedi “başüstə” cavabı verin. Sonra isə bu qulağınızdan aldığınız sözləri o biri qulağınızdan buraxın getsin. Qandın?

– Bəli, Qüdrət Şah!

– Qüdrət Şah yox. Bu gündən mənə “ağsaqqalım” deyə müraciət edəcəksən.

– Başüstə, ağsaqqalım.

– Elə yox. Ayağımı öpə-öpə deməlisən.

Qaraniqablı Taxisə arxadan təpik vurur. O, üzüqoylu taxtın qabağına uzanır. Qaraniqablı onun peysərindən tutub başını Qüdrət Şahın çəkməsinə yapışdırır.

 

* * *

 

Madərşah Karinenin paytaxta yaxın ərazidə yerləşən malikanəsi. Kökləri Kaminat kəndindən olduğu üçün ulu babaları burda paytaxtdakı saray boyda qəsr inşa etdirmişdilər. Kənd isə öz əvvəlki həyatını yaşamaqda davam etmişdi. Bu yerlər də Karinenin sevdiyi məkanlardandır. Həm də paytaxta yaxındır.

– Məkrubə, bura da xoşuna gəldimi?

– Bəli, madərşahım. Düzənlikdir. Biz tərəflərə çox oxşayır. Madərşahım, deyəsən hər şey yoluna düşür yavaş-yavaş.

– Hardan bildin?

– Rənginiz durulub. Üzünüz gülür. Həm də mən yadınıza düşmüşəm.

– Düz tapmısan. Amma hələ arxayınlaşmamışam. Tam oturuşmayıb madərşahlıq. Ona görə paytaxtdan uzaqlaşdım ki, bir az düşünəm. Səninlə də məsləhətləşəcəyim xüsuslar var.

– Siz əmr edin, madərşahım. Yolunuzda baş kəsməyə hazıram.

– Yox, bu dəfə məqsədim başqadır. Qulağını bəri gətir.

Karine təbib Məkrubənin qulağına nəsə pıçıldayıb gülümsəyir. Sonra verəcəyi cavabı səbirsizliklə gözləyərək gözlərini onun gözlərinə zilləyir.

– Madərşahım, vaxt verin mənə. Bunu elə etməliyəm ki, heç kim duyuq düşməsin.

– Fikirləş. Yaxşı fikirləş, Məkrubə. Axı sən müsəlmansan. Sizlərdə olan fitnə-fəsada heç kim çata bilməz. Mən də fikirləşdiyinə azacıq xristian ağlı qataram. Olar əla bir şey, – deyə Karine şaqqanaq çəkib gülür.

– Həmişə əmrinizə müntəzirəm, madərşahım. Yəqin bu fitnədən mənə də kiçicik pay düşər, – deyə Məkrubə qımışır.

– Düşər, düşər. Niyə düşməsin ki? Mən qadınam. Bütün qadınları da gözəl duyuram. Amma anlamadım. Sənin qarşını nə kəsir ki? Azad adamsan.

– Madərşahım, saray qəfəs kimi bir yerdir. Hamının üstündə göz var. Amma bu işi Dürəngin nəzərlərindən necə gizlədəcəyimi bilmirəm. Hər yerdə adamı var onun.

– Sən tədbir tök. Başqa məsələlər mənim boynuma. İndisə gedək kəndi dolaşaq. Yalnız ikimiz. Mühafizsiz-zadsız. Görək xalqım nə edir?

– Təhlükəli olmaz ki?

– Kənddə cəmi beş-on dənə ev var. Kiçik kənd olub həmişə. Elə adı da bu mənanı daşıyır. Kaminat, yəni ki, azacıq, kiçicik. Baş vəzirliyə yüksələn ulu babam sonralar taxt-tacı ələ keçirəndə şahlığının adını da elə burdan götürüb. Gedək kəndi gəzək. Bir az eynimiz açılsın.

Kəndin tozlu yolları. İki qadın Kaminatı dolaşır. İkisi də yaşmaqlanıb. Bir evin həndəvərindən keçəndə çil-çil toyuq qanad çalaraq hasarın üstünə qonur. Xoruza xas şəstlə boğazını irəli verib banlamağa başlayır. Bunu görən Məkrubə əsəbi halda hasarın o tərəfində torpağı belləyən kəndlinin üstünə qışqırır.

– Ay kişi, karsan? Eşitmirsən ki, toyuq banlayır?

– Eşidirəm, qızım, – deyib qoca kəndli əlindəki işi atıb tez qapıya çıxır, – Nə olub ki? Banlayır banlayır da... Ağzını bağlayaq?

– Bilmirsən ki, toyuq banlayanda bədbəxtçilik gətirir? Qorxmursan?

– Yox, ay qızım. Yaşmağından belə başa düşdüm ki, müsəlmansan. O, sizlərdə pis əlamətdir. Biz xristianlar belə boş şeylərə inanmarıq. Düzdür, pis əlamətdir. Amma başqa tərəfdən.

– Hansı tərəfdən? – Madərşah Karine dilləndi.

– Qızım, toyuq banlayanda bu o deməkdir ki, yumurtlamır. On-on beş gün gözləyirik. Eləsi var ki, yenidən toyuqluğuna qayıdır. Qayıtmayanda isə kəsib yeyirik. Niyə saxlayaq ki, yumurtlamayan toyuğu? Artıq yem gedir. Amma dəxli yoxdur. İstəyir yumurtlasın, istəyir banlasın. Bir-iki il ömrü var. Əvvəl-axır hamısını kəsəcəyəm, – bunu deyib kəndli yaşına uyğun olmayan cəldliklə hasarın üstündə oturub banlamağını kəsməyən toyuğun ayaqlarından yapışdı. Toyuğun qaqqıltısı aləmi götürdü, – Amma ki, qızım, belə narahatsansa indi də kəsə bilərəm. Arvad da yaxşı toyuq bozbaşı bişirər sizinçün. Nahar vaxtıdır.

– Yox, qoca, tələsirik. De görüm işlər necədir? Necə dolanırsınız? – deyə Karine soruşdu.

– Bir təhər dolanırıq da... Əvvəllər necə, indi də elə.

– Axı əvvəlkindən yaxşı olmalıdır. Madərşah ildə iki dəfə hərəyə bir qızıl hədiyyə edir. Kaminatlılardan isə vergi yığılmır.

– Eşitməmişik. Qızılın üzünü də görməmişik. O ki, qaldı vergi yığmamağa... bazara gedəndə satdığımızın bir hissəsini onsuz da əlimizdən alırlar – əvvəllər olduğu kimi.

– Ola bilməz.

– Ay qızım, – deyə kəndli Karinenin düz gözünün içinə baxdı, – banlayan toyuqdan yumurta gözləmə heç vaxt. Ola bilsin ki, madərşah nə vaxtsa, hardasa bir ağız banlayıb. Sədası da gözəl olub. Amma bu səda kəndlərə gəlib çatmayıb. Əvvəl-axır onu da devirib öldürəcəklər. Mən bu banlayan toyuğu kəsənkimi, – deyib kəndli qəməsini çıxartdı və toyuğun başını üzüb həyətə buraxdı. Başsız toyuq qanı axa-axa qaçmağa başladı. Sonra sanki taqətdən düşüb yıxıldı. Karineylə Məkrubə bu mənzərədən üşəndi, – Arvaddan şah olmaz, qızım. Məmləkətə bədbəxtçilik gətirər. Arvadın arvad yeri var, kişinin də kişi, – deyib qoca həyətinə girdi. Torpağı belləməyə başladı.

Məkrubə madərşaha baxdı. O, fikrə getmişdi. Beləcə bir an donub qaldı. Sonra yoluna davam etdi.

– Madərşahım, bəlkə mühafizlərdən birini göndərək qocanın dərsini versin? Yaman artıq-əskik danışdı.

– Yox, Məkrubə. Onda başqaları da qorxub danışmayacaq. Mənə isə həqiqət lazımdır. Acı olsa da...

– Düzünü siz bilirsiniz, madərşahım.

Beləcə, Madərşah Karineylə Məkrubə kəndi dolaşıb əkin sahələrinə gəlib çıxdılar. Bir yaşlı kəndçinin kotana öküz qoşub torpağı şumlamağa hazırlaşdığını gördülər.

– Salam, cütçü. İşin irəli. Yorulmayasan, – deyə Məkrubə kişiyə səsləndi.

– Sağ ol, qızım.

– Sahən böyükdür. Bir öküzlə necə şumlayırsan bu boyda torpağı?

– Yox, qızım, elə demə. Öküz tək deyil.

– Yəqin biri də yoldadır.

– Yox, qızım. Hamısı burdadır. Diqqətlə baxsan görərsən.

Məkrubə gözlərini qıyıb diqqətlə əraziyə baxdı. Cütçüylə öküzdən başqa heç kimi görmədi.

– Görmürsən deyəsən. Yaxın gəl, göstərim, – Məkrubə Karinedən izn alıb cütçüyə yaxınlaşdı, – Ay qızım, öküzün üstündəki milçəkləri görürsənmi? Gah qulağına, gah gözünə girirlər öküzün. Gah da orasına-burasına. Hələ gözlə görünməyən bit-birəni demirəm. Kömək etməkləri başlarına dəysin. Öküzdən qidalanmaları bir yana, o yandan mane də olurlar.

– Bunu gördüm. Deyirsən ki, mane olurlar. Bunun öküzün şum vurmasına nə dəxli?

– Ay qızım, tövlədə də bu öküzdən əl çəkmirlər, onunla yaşayırlar. Səhər də birlikdə tarlaya gəlirlər. Axşam da bir yerdə qayıdacaqlar tövləyə. Bax onda bu milçəklərin, bit-birənin, qurd-quşun arvad-uşağı soruşanda ki, ay kişi, ay ata, hardaydın bütün günü – bilirsənmi nə cavab verəcəklər?

– Nə?

– Deyəcəklər ki, yaman yorulmuşuq. Bütün günü qızmar Günəşin altında torpaq şumlamışıq.

– Ay kişi, yenə başa düşmədim. Sən mənimlə qarğa dilində danışma. Sadə dildə de.

– Bundan da sadə? Soruşdun ki, öküz təkdir, necə çatdırırsan? Mən nə cavab verəydim? Deyəydim ki, öküz tək deyil, Madərşah Karine də onun üstündə oturub, fərraşları da, əyanları da, yaxın ətrafı da? Özü də ki, səhərdən axşamacan torpaq şumlayırlar, becərirlər, sulayırlar, məhsul yığırlar?

– Cütçü, həddini bil. Sən nə karəsən ki, madərşahı təhqir edirsən?

– Ay bala dedin ki, aydın danış danışdım. İndi isə acığın tutur. Sən Allah çıx get. Məni xataya salma. Onsuz da öz dərdim mənə bəsdir. Yaşmağınızdan müsəlman olduğunuzu zənn etdim – ona görə ürək qızdırıb danışdım.

– Nədir ki, dərdin, cütçü baba? – deyə bu dəfə madərşah dilləndi.

– Günün altında şum vururam, toxum səpirəm, sulayıram, becərirəm. Vədəsi yetişəndə məhsulu yığıram. O da ki, ildə bir dəfə. Bir çətən də külfətim var. Aparıram ki, satam – kənardan yüz adam şərik çıxır. Hamısı da madərşahın adamları.

– Nə istəyirlər?

– Biri su pulu istəyir, o biri arabanı qala qapısından buraxmaq üçün pul istəyir, daha birisi bazarda yerpulu alır, o yandan da biri gəlir ki, qazanmısan saraya vergi verməlisən... Birdirmi, ikidirmi, qızım? Hansını deyim? Gəlib qapıdan almaq istəyənlər isə qiyməti çox ucuz deyirlər. Hamı deyir ki, ver. Axı nə vaxtacan bir nəfər işləyəcək, yüz nəfər yeyəcək? Axı nə verir bunun müqabilində saray mənə? Hə? Çox sağ ol desinlər ki, mən heç nə istəmirəm. Özümü, ailəmi dolandırıram. Göyverənin vaxtında bundan qat-qat yaxşı yaşayırdıq. Sonra onu devirdilər. Dedilər ki, arvadı şah qoyublar. Hər şey yaxşı olacaq. Amma əksinə, hər şey pisləşib. Yaxşı ki, başımızın üstündə kabus var. O olmasaydı tamam batardıq.

– Kabus nədir, cütçü?

– Heç bilirik ki, kabus nədir, yaxud da kimdir? Çətin məqamda həmişə köməyimizə çatır. Gözə də görünmür. Ona görə adını kabus çağırırıq.

– Nə edir o kabus?

– Ağır vaxtımızda bacadan ruzu atır bizə.

– Cütçü baba, axı bir şeyi də başa düşməlisən ki, saray ordu saxlayır, onlar da səni qoruyur. Hələ fərraşı, mühafizi, əyanları, hakimləri demirəm. Bunlar hamısı siz xalqa qulluq edir. Üstəlik ildə iki dəfə madərşah yığılan vergidən bir qızıl paylayır rəiyyətinə. Vergidən də azad edib kaminatlıları.

– Ay-hay, – deyib cütçü əllərini yellədi, – Xəbərim yoxmuş. Gör mənim nə qədər qulluqçum varmiş? – deyə başını bulayıb üzünü çevirir. Kotanı qoşmağa başlayır. Madərşahla Məkrubə isə qəsrə doğru yol alırlar.

Yolboyu Karine dinmirdi. Fikri başqa yerdəydi: burdan-bura qulağımın dibində Dürəng aldadır məni. Əgər qızıldan bütün kaminatlılara çatmayıbsa, onda görəsən təbəə şahlıqlarda vəziyyət necədir? Bunu heç fikirləşməyə dəyməz. Hər şey aydındır. Mən özümü qartal sayırdım. “Yüksəklikdə uçub hər şeyi görürəm, tənzimləyirəm, qartalın erkəyi-dişisi olmaz” deyirdim. Demə, Dürəng məni xalqın gözündə toyuğa çeviribmiş. Özü də ki, xoruz kimi banlayan və yumurtlamayan toyuğa. Hələ öküzün hesabına dolanan bit-birəyə, milçəyə oxşamağımı demirəm. Yaxşı, Dürəng, sənə göstərərəm. Ən pisi də odur ki, mənim kəndlilərim, doğma xalqım ürəyini müsəlmana açır. Bu çox təhlükəlidir. Belə çıxır ki, sabah lazım olsa Qüdrət Şahla birləşib məni devirməyə də qalxarlar. İndi mən nə etməliyəm? Madərşahlıq böyük, mən isə tək. Bir ayağım küçələrdə qalmalıdır? Nə əmr verdimsə, o an da icrasını yoxlamağa getməliyəm? Yox. Bu, dövlət idarəçiliyi deyil. Bu, heç mümkün də deyil. Yaxşı yerdə axşamladım. Qüdrət qorxusuna üstəlik Dürəng inamsızlığı da əlavə olundu. Qorxu? Mən madərşah qorxuram? Qətllərinə fərman ver, bununla da öldür qorxu hissini. Yox. Dürəngin başını əksəm təzə-təzə deşikdən çıxmaq istəyən siçovullar yenidən qaçıb girəcəklər yuvalarına. Ən pisi, ən təhlükəlisi isə yenə gedib sığınacaqlar köhnə sahibləri Qüdrətə. Bəlkə lələyə qulaq asım? Nə yolla olursa-olsun Qüdrəti baş vəzir olmağa razı salım? Yox. Onda da madərşahlıq yox, Göyverənin şahənşahlığı kimi bir şeyə çevriləcək məmləkət. Qüdrət ancaq buna qadirdir. Yaxşı, bəs qızıl hərisinə çevrilməyim şahənşahlara xas xüsusiyyət deyilmi? Hər şey onsuz da sənindir. Yerin altındakılar da, üstündəkilər də... Hökmən gərək xəzinəndə cəmləşsin? Qızıl sevənlərə siçovul, ilan deyirsən. Bəs onda özünə nə ad qoymalısan? Bəlkə başını buraxasan qızılın? İş gör, yeni nəsə yarat. Qoy qızıl özü xəzinənə axsın. Eh, ürəyim doludur. Amma bölüşməyə kimsə yox. Lap olsaydı da... hökmdarlar hislərini bölüşməzlər. Bəs Məkrubəyə dediklərin? Ona bir təbib kimi ürəyimi açdım. Bədənim tələb edir axı. Bu hər bir qadına, ümumiyyətlə canlıya məxsus təbii haldır. Elədirsə ərə get. Yenidən uşaq doğ. Uşaq öz yerində, vəliəhd doğ. Yox. Barəngahın müsibətindən sonra çətin ki, ana adını üstümə götürüm. Övlad qatilindən bir daha ana olmaz. Anam görəsən hardadır? Qardaşlarım nə edir?

– Madərşahım, çox da ürəyinizi qısmayın. Kəndçi adamdılar. Ağızlarına gələni danışırlar, – deyə təbib Məkrubə madərşahı fikrindən ayırdı.

– Yox, Məkrubə, əksinə. Xoşum gəldi onların belə açıq danışmağından. Bəzi fikirlərim qətiləşdi – həyata keçirməyim lazım. Sən də bu yolda mənə kömək etməlisən.

– Əmr edərsiniz, madərşahım.

– Bu kənddəki qəsri verəcəyəm sənə. Kaminat şahlığını kənd-kənd, oba-oba gəzəcəksən. Ən gözəl, ən ağıllı qızları yığacaqsan bura. Sayı nə qədər olur-olsun. Az da ola bilər, çox da... Onlara müəllimlər tutacaqsan, elm-bilik öyrədəcəksən.

– Bəs madərşahımın kişi qullarla bağlı söylədikləri necə olsun?

– Hələlik onu saxla. Bu daha vacib məsələdir. Bir daha təkrar edirəm – gözəl və ağıllı Kaminat qızlarını yığırsan bura. Hamısı bakirə olsun. Yəqin təbib kimi çətin olmaz onları bir-bir yoxlamaq. Hamısını kənar gözdən uzaq saxlayırsan.

– Bəs yaşları neçə olsun?

– On beş, on altı, on yeddi. Lələdən də xahiş edəcəyəm ki, onları məni öyrədən kimi öyrətsin. Onlara at minmək, silahla davranmaq dərsi keçsin. Mühafizləri də bazarda satılan döyüşçü qullardan yığarsan. Nə onlar kimisə tanısın, nə də onlara kimsə yaxın gələ bilsin. Yaxın gələni vurub öldürsünlər. Bircə səni və lələni görsünlər, tabe olsunlar. Heç məni də tanımasınlar. Digər xidmətçiləri də seçmə qullardan qoyarsan. Onları qızların qaldığı yerdən kənarda yerləşdirərsən. Amma nəzərin üzərilərində olmaq şərtiylə. Qadın qullar da olsun. Yoxsa qızların bakirəliyini qorumaq müşkül məsələyə çevriləcək. Bundan həm də məqam kimi istifadə edərik. Olar sənə verdiyim birinci tapşırığın icrası, – deyə Karine qımışdı.

– Başüstə, madərşahım. Bir sual verə bilərəm?

– Ver.

– Bilmirəm madərşahım nə fikirləşib. Yəqin ki, şahzadə Göyverənlərə bənzəməyəcəklər bizim qızlar.

– Başa düşdüm eyhamını. Şahənşah Göyverən kişiləri kişilikdən çıxararaq ram etməyi, öz gününə salmağı qarşısına məqsəd qoymuşdu. Ancaq mən tamam başqa şey fikirləşmişəm. Bizim qızlar... – Karine sözünə ara verdi, – Məkrubə, qızlar ömürlük burda qalmayacaqlar. Bütün işlər üçün sənə iki-üç il vaxt verirəm. Bu zaman ərzində onlar elm və biliklərə yiyələnməli, ərə getməyə hazır olmalıdırlar. Əsas dərsi isə özün verəcəksən onlara.

– Hansı dərsi, madərşahım?

– Kişiləri ram edib muma döndərmək və bu mumdan istədiyi adamı yenidən yapmaq dərsini.

– Madərşahım, bütün dövrlərdə müsəlman şahların hərəmxanası digər xalqların, dinlərin nümayəndələri olub. Bu dərs onların qanındadır. Mənim öyrətməyimə nə lüzum?

– O başqa məsələdir. Yüz hərəmdən biri ağıllı olub, ya yox. Göyverənin sarayında iki nəfər ağıllı hərəm var idi ki, biri mən idim. O biri ağıllını – Yaninanı isə ikimiz birləşib aradan götürdük. Yəqin yadından çıxmayıb. Özü də şahlar hərəmlərinə arvad kimi yox, qul kimi baxırlar, kəbin kəsdirmirlər. Mən qul hərəmlərdən danışmıram. Bunlar bakirə, təmiz qızlar olmalıdır. Onları öyrətmək, başa salmaq lazımdır ki, gələcək ərləriylə necə davransınlar. Onların hamısı ağıllı, tədbirli, məkrli olmalıdır. Lazım olsa baş kəsməyi də bacarmalıdırlar.

– Adları necə olsun onların?

– Mənim şahzadələrim sayılacaq hamısı, soyadları da Madərşah. Adları isə öz adları qalsın. Valideynlərinə də belə de. Kim könüllü razılaşmasa, qaçırt. O yüz nəfərdən ən ağıllısını isə... Xülasə, incəlikləri qəsrdə başa salaram sənə. Amma gözəl gün oldu mənimçün. Çox maraqlıydı xalqımın haqqımda düşündükləri. Cavabımı aldım. Bu cavab isə məni ayıltdı. Yoxsa qartal həqiqətən də toyuğa çevrilib banlamağa başlayacaqdı.

 

* * *

 

Qəsr. Karine eyvandan təbiəti seyr edir: amma yenə də mənimçün maraqlıdır. Görəsən Qüdrət niyə məndən güclüdür? Yəni şah olmaq, hətta madərşaha meydan oxumaq üçün hökmən baş vəzir olmaq lazımdır? Yəqin ki, elədir. Belə olmasaydı bir vaxtlar baş vəzir olmuş ulu babam da taxta çıxa bilməzdi. O cümlədən Qaflan da atamı devirməzdi. İki nümunə göz qabağındadır. Onda mən Qüdrətlə niyə haqq-hesabı çürütmürəm? Üstəlik bir vaxtlar onun adamı olmuş Dürəngi gətirib baş vəzir qoymuşam. Guya ki, düşmənimin düşməni etmişəm onu. Sonra da “düşmənimin düşməni mənim dostumdur” deyərək taxtımın lap yaxınına buraxmışam. Birdən sabah düşmənim öldü? Lap elə əcəliylə... Onda düşmənimin düşməni mənim düşmənimə çevrilməzmi? Axı bütün baş vəzirlər şah olmaq arzusuyla yaşayırlar. Qüdrət uzaqdadır, Dürəng isə yaxında. Bəlkə elə oyun oynayırlar? Yox. İnanmıram.

 

* * *

 

Qüdrət Şahın sarayı. Baş vəzir Hətəm hüzurundadır.

– Yaman sakitçilikdir, şahım.

– Düz deyirsən. Elə mən də bundan qorxuram. Tufandan, qasırğadan əvvəl həmişə sakitçilik olur. Sayıqlığı itirmək olmaz.

– Bütün adamlarım ayaq üstdədir. Hər deşiyi iyləyirlər.

– Hər deşiyi iyləyirlərsə, onda mənə de görüm Karine nə edir?

– Heç bir xəbər yoxdur.

– Heç nəyə yaramırlar sənin casus dediklərin. Lələnin gəlməyini də yəqin başqa kimsə xəbər vermişdi onlara. Ola bilməz ki, Karine sakit otursun yerində. Nəsə iş çevirir arxamda.

– Vallah, ayıq-sayıqdırlar mənim adamlarım.

– Ayıq-sayıq olsaydılar Dürəng onları çoxdan məhv etmişdi. Əl dəymirsə, deməli nəsə sərf edir ona.

– Bunu bilmirəm, şahım. Aləm qarışıb bir-birinə. Bilinmir ki, hansı zəmanədə yaşayırıq. Nə şahlıqdır, nə şahənşahlıqdır, nə də madərşahlıq. Bilinmir də ki, kim böyükdür. Sən, Karine, yoxsa Dürəng? Hələ bu mən tanıdıqlarımdır. Mən bilmədiklərim də var yəqin.

– Var, Hətəm, var. Yaxşı ki, tanımırsan onları. Şahlıqları həmişə gözəgörünməyən qüvvələr idarə edib, edir də... Bütün məsuliyyət, qarğış, nifrət, söyüş isə bizlərin adına yazılır. Amma indi özüm də çaş-baş qalmışam. Bu məmləkətdə neçə şah var? Dürəngin baş vəzir olması isə bütün yazılan və yazılmayan qanunları alt-üst etdi. O, suyu üfürə-üfürə içən adamdır. Heç vaxt da öz ağlıyla hərəkət etməyib. Niyə razılaşdı bu mənsəbə? Bilmirəm. Heç məndən də məsləhət almadı.

– Belə çıxır ki, Dürəng dəvədən böyük fil tapıb?

– Düz deyirsən, Hətəm.

– Amma mən bildiyim qədər o boyda fil balaca bir siçandan qorxur.

– Bilirəm, Hətəm. Niyə qorxur? Nəyindən qorxur? Bax bunu bilən yoxdur. Bəs biz fil saydıqlarımız nədən qorxur? Bax bunu bilsəydim bütün dünyanı idarə edərdim. O fillərdən biri olardım.

– Şahım, siçandan çox-çox kiçik balaca bir milçək də filin qulağına girib onu rahat qoymur. Bəzən öldürür də...

– Hətəm, vallah gələcəkdə səndən yaxşı baş vəzir olacaq.

– Nə dedim ki, ay Qüdrət?

– Sən elə bir şey dedin ki... buna deyirlər dəlidən doğru xəbər. İndi isə get çaparı göndər yanıma.

 

* * *

 

Gecədir. Qüdrət Şahın otağı.

– Kabus, gələndə heç kim görmədi ki, səni?

– Ey bizim ağsaqqalımız, adıma layiq kabusam. Bir siz görə bilərsiniz məni. Buyurun əmrinizə müntəzirəm.

– Karinedən nə xəbər?

– Sakitçilikdir. Amma ata-baba yurdu olan Kaminat kəndinə yol bağlanıb. Xüsusi qorunur oralar. Öyrənə bilmirəm orda nə baş verdiyini.

– Niyə?

– Bütün mühafizlər bazardan alınan döyüşçü qullardır. Heç birinə yaxın düşmək olmur. Başçıları isə Biniyamin lələdir. O da belə əmr edib ki, kim qəsrin həndəvərinə yaxınlaşsa xəbərdarlıqsız öldürün. Kəndi də boşaldıblar. Qəsrin ətrafına qala divarları çəkirlər.

Qüdrət susdu. Bir anlıq fikrə getdi: deməli, Karine Göyverənin yolunu gedir. Oğlanları bir yerə yığır. Özü də döyüşçü qulları. Vaxtı yoxdur çox gözləməyə. Tələsir yəqin. Sınaqdan çıxmış yol seçib. Üstümə şahzadə Karinelər göndərəcəyini düşünür. Amma bilmir ki, mən ikinci dəfə səhvə yol vermərəm. Ay-hay. Onun fikirlərini elə alt-üst edim ki...

– Kabus, səni bilirsənmi niyə çağırmışam?

– Əmrinizə müntəzirəm.

– Elbrus elindəki kabuslarla əlaqən var?

– Əlbəttə var.

– Onların vasitəsilə belə bir şayiə yay ki, bəs Madərşah Karine yavaş-yavaş sərhədin o tayına boylanır. Tacir adıyla casuslar göndərir. Nəsə marağı var.

– Başüstə, ey bizim ağsaqqalımız. Başqa nə qulluğunuz?

– Get bunu elə hələlik. Bir də... indiki xəzinənin ağzını qapat. Üçüncüsünü yaratmağa başla. Əsasən də kaminatlıların hesabına.

– Başüstə, ey bizim ağsaqqalımız.

Kabus gedir. Qüdrət taxtına yayxanır: yaxşı, Karine. Deməli, sən özünün “şahzadə Göyverənlər” ordunu yaradırsan. O biri tərəfdən də ən yaxın adamımı öz tərəfinə çəkib mənimlə düşmən etdin. Düşməninin düşməni isə ən etibarlı dost sayılır. Sənin silahınla oynayacağam. Görək kim udacaq?

 

* * *

 

Madərşah Karinenin otağı. Baş vəzir Dürəng hüzurunda dayanıb. Karine əsəbidir.

– Madərşahım, əmriniz tam yerinə yetirilib həmişə. Paytaxtlarda bunu özüm icra etmişəm. Kənarlara da adamlarım vasitəsilə göndərmişəm. Bir əmma olsaydı həmən xəbər verərdilər.

– Deyirsən ki, hamıya bir qızıl çatıb?

– Bəli, madərşahım.

– Mən də deyirəm ki, çatmayıb. Bunu araşdır.

– Başüstə, madərşahım. Günü bu gün başlayaram. Kəndin adı necə oldu?

– Kaminat kəndini köçürtmüşəm. Başqa məqsədçün istifadə olunacaq. Sən digər yerləri araşdır.

– Xəbərim yox idi. Üzr istəyirəm.

– Xəbərin olmasa yaxşıdır. Burnunu soxma oralara. Yoxsa baş vəzirsiz qalaram. Mühafizlərə əmr verilib ki, ərazidə kim peyda olsa xəbərdarlıqsız vurub öldürsünlər. Get dediyimi araşdır. Bir də “kabus” adı çəkdi kəndlilərdən biri. Gör o kimdir, nədir?

– Başüstə, madərşahım.

Dürəng gedir. Gizli qapını kimsə tıqqıldadır. Karine “gəl!” deyə səslənir.

– Tanımadım səni, Məkrubə. Lap qarğalara oxşayırsan. Qapının yerini sənə deməsəydim fikirləşəcəkdim ki, yəqin məni öldürməyə gəliblər.

– Təğyiri-libas olmasaydım Dürəngin adamları məni tanıyardılar. Son günlərdə onun neçə adamını qətlə yetiriblər qəsrin həndəvərində.

– Bu gün tapşırmışam ki, burnunu soxmasın oralara. Qulaq asmaz, özündən küssün. Sən gördüyün işlərdən danış.

– Siz dediyiniz qaydada, madərşahım, kəndin ətrafında qala divarları tikilir. Döyüşçü qullardan ibarət mühafizəni isə qurmaq üzrəyik. Hamısını bir-bir özüm seçib almışam.

– Aldanmamısan ki?

– Siz nə danışırsınız, madərşahım. Lüt-madəryan soyundurub hər bir nöqtəsini yoxlayıram. Xüsusilə də...

Məkrubə gülür. Madərşah da qımışır.

– Sınaqdan necə, çıxartmamısan ki?

– Elə ona görə gəldim. Bəlkə bu gecə birini yoxlayasınız? Hamamı hazırlamışam. Kisəçinin yolunu gözləyir.

– Kisəçi kimdir?

– Madərşahım, bəs demədiniz ki, məni kimsə tanımamalıdır?

– Hə. Düz deyirsən. Lap yadımdan çıxmışdı. Bəs lələ? O duyuq düşsə...

– Əsla, madərşahım. Onu və mühafiz qulları sarayın kənarındakı evdə yerləşdirmişəm. Növbə ilə keşiyə çıxıb üzük qaşı kimi mühasirəyə alırlar qəsri. Lələnin də gecə qəsrə yaxınlaşmağı yasaqdır. Sarayda yalnız zənən xeylaqları olacaq – siz deyən kimi. Dediyim qul isə bu gecə qızlar qalacaq sarayın hamamının qapısında keşik çəkəcək. O içəri girəndə özüm əvəz edəcəyəm ki, lələ birdən kənardan yoxlamağa gələndə yeri boş görməsin. Ayağımın da altına kətil qoyacağam ki, boyum hündür görsənsin.

– Qullar razıdırlar? Qaçmazlar ki?

– Onlar üçün elə şərait yaratmışam ki... heç vətənlərində belə şey görməyiblər.

– Bəs bu gecə yoxladığımız sonra gedib dostlarına danışmaz ki?

– Madərşahım, sizi tanıyır ki, hələ bir danışsın da... Deyəcəyəm ki, kisəçi qız səni görüb aşiq olub. Onu da çimmək bəhanəsiylə salacağam ora. Hər şeyi fikirləşmişəm. Əksinə, qoy danışsın. Başqaları gələndə artıq hazır vəziyyətdə olacaqlar, – deyə Məkrubə gülür.

– Onda gedək.

– Bu paltarı geyinin, madərşahım. Xüsusi geyimdir. Mühafizlər yalnız belə geyinənlərə toxunmurlar.

– Nədir özəlliyi?

– Sinəsində, belində qartal şəkli var. Papağı isə qartalın başı şəklindədir. Axı siz qartalı sevirsiz.

– Əla tapmısan. Afərin.

– Mənə isə qarğa dediniz, – deyə Məkrubə gülür, – Axı neyləyim ki, Allah boy verməyib?

– Əvəzində ağıl verib. Bəs qızları nə vaxt axtarmağa gedəcəksən?

– Birinci yeri-yurdu hazırlayım, sonra. Madərşahım, icazə verin özüməoxşarlardan da seçim. Fikir cəlb eləməyənlər, lazım olanda daha çox işə yarıyırlar.

– Düz fikirləşirsən, Məkrubə. Bəs xacə məsələsini necə edəcəksən? Birdən ibnələrdən gətirərsən ha saraya?

– Siz nə danışırsınız, madərşahım? – deyə Məkrubə gülür, – Xacə haqqında heç fikirləşmirəm də... Bəs özümkimilər deyəndə, mən elə o xacəkimiləri nəzərdə tuturdum da... Qızlara da ciddi nəzarət lazımdır. Qapını bağlayacaqsan, pəncərədən qaçacaqlar qullar yaşayan tərəfə. Axı pəncərələrdən onların məşqləri aydın görünür. Hamısı da pəhləvan cüssəli. Özüm baxanda ağzımın suyu axır. Hər şeyi əvvəlcədən nəzərə almışam, madərşahım.

– Yaxşı, yaxşı. Çox tərifləmə. Gedək baxım sənin zövqünə. Sonra qiymətləndirim, – Karine qapıda duran mühafizi səsləyərək, – Mühafiz, səhərəcən heç kim məni narahat etməsin. Lap dünya dağılsa da, – tapşırığı verdi. Hər ehtimala qapını içəridən cəftəylə bağladı. Sonra oğlan libasını geyinməyə başladı. Gizli qapıdan qala ətrafına çıxaraq, atlara minib qaranlıqda gözdən itdilər.

 

* * *

 

Qüdrət Şahın sarayı. Kabus hüzurundadır.

– Nə oldu, Kabus? Dediyimi edə bildin?

– Üzr istəyirəm, ey bizim ağsaqqalımız. Alınmadı.

– Niyə?

– Getdim kabus dostlarımın yanına. Siz dediyinizi çatdırdım. Razılaşmadılar. Dedilər ki, məsləhət deyil.

– Onu mən bilərəm nə məsləhətdir, nə məsləhət deyil. Get mən deyəni elə! – deyə Qüdrət qeyzlənir.

– Dedilər ki, eləyə bilərik. Onda bizim sıralarımız dağıla bilər. Bu hörümçək toru kimi bir şeydir. Hər şey incəliklərinə qədər nəzərə alınıb. İmperator madərşahlığa müdaxilə etsə bu zəncir qırılacaq. Çünki Elbrus eli bu cür şeyləri bağışlamır. Cəzası da çox amansızdır – hər şeyi kökündən dağıdıb, insanları quru yurdda qoymaq.

– Bundan sənə nə?

– Quru yurda çevrilən bir məmləkətdə kimdən pul qazanacaqsan ki? Bizim gücümüz varlıları vahimədə qoyaraq onlardan yığdığımız pullardadır. Xəzinə isə təkcə mənə aid deyil. Bizlərdə varislik qaydası yoxdur. Bu bütün dünya kabuslarının puludur. Əgər sabah hansısa səhvi buraxsam məni həmən qətlə yetirərlər. Yerimə isə başqası keçəcək. O da sizi tanıyacaq, hörmətlə yanaşacaq. Çünki vaxtilə bizə kömək etdiyinizə, yol göstərdiyinizə görə mənim dostlarım sizi tanıyır, bu yaxşılığınızı unutmur, hörmətlə yanaşır, “ağsaqqal” deyə müraciət edirlər. Nə desəniz edərlər. Hətta Karinenin də başını kəsərlər. Amma bir dövlətin, özü də Elbrus kimi imperatorluğun müdaxiləsini düzgün saymırlar. Bunun sonu pis olar.

– Mən də elə bilirdim ki, xəzinələr həm də mənimdir.

– Ey bizim ağsaqqalımız, o vaxt siz Kaminat şahlığını təbəəyə çevirəndə, qoşunla Karinenin sizə nişan verdiyi xəzinənin yerini üzük qaşı kimi mühasirəyə alanda cürət edib sizə yaxınlaşdım. O an məni də, adamlarımı da qətlə yetirib xəzinəni öz şahlığınıza daşıtdıra bilərdiniz. Siz isə dünyagörmüş adam kimi arxasız qalan məni başa düşdünüz. Qaflanın da xəyanətkar olmadığını, sadəcə Kaminat Şahın bizə qarşı müharibə başladığını, Qaflana yox, bizə məğlub olduğunu öyrəndiniz. Xəzinəyə dəymədiyinizə görə, Kaminat Şahla barışdırdığınıza görə, bizlərə hörmətlə yanaşıb şəxsən öz qanadınızın altına aldığınıza görə sizi ağsaqqalımız seçdik. Digər şahlıqlarda da az-maz hərəkətə başladıq. Yalnız sizin sayənizdə. Karine nə istəyir düşünsün, madərşahlıqda bu gün də hakimi-mütləq sizsiniz və sonacan da belə olacaq. Madərşahlıqda nəyi həyata keçirmək istəsəniz, birinci yardımçınız biz qanundankənarlar – kabuslardır. Xəzinəyə qaldıqda isə hər şey sizə qurbandır – əgər Allah eləməmiş ehtiyacınız varsa. Amma bizi siyasətə qarışdırmayın. Ayaq altda qalarıq. Bu məsələdə sizə kömək etməkdə acizəm. Biz siyasətə yalnız və yalnız məhv olmaq təhlükəsiylə üz-üzə qalanda qarışırıq və qarşımıza nə keçirsə silirik. Kaminat Şah da bizi məhv etmək sövdasının qurbanı oldu. Bizim öz qanunlarımız var. Lazımdırsa Karinenin başını gətirək sizə. Bilirsiniz ki, onun yataq otağına gedən gizli yolu Kaminatın vaxtından yaxşı tanıyıram. O isə qızını xəbərdar edə bilmədi bizimlə bağlı. Sonra isə şahənşahımız siz olun – bunu dostlarım da dəstəkləyəcəklərini dedilər. Amma şayiə buraxmağa razı olmadılar. Şayiə buraxmağa nəinki razı olmadılar, bunu sizə də məsləhət bilmədilər. Onlar öz hökmdarlarını çox yaxşı tanıyırlar. Mənə gələndə isə... mən böyük bir kabus zəncirinin həlqəsiyəm. Bu həlqənin yox olmasını – zəncirin qırılmasını istəmədilər dostlar.

Qüdrət Şah taxtına yayxandı. Fikrə getdi: bir tərəfdən düz deyirlər. O vaxt mən də nəqqaş Təbərxanın Elbrus eliylə əlaqə yaratdığına görə torbasını tikmişdim. Bəs onda fikirləşdiyim oyun necə olsun? Eybi yox. Başqasını fikirləşərəm. Amma Karine arxada nəsə qarışdırır. Göyverən də o vaxt belə elədi. Əvvəl sakitçilik idi, heç qızıl-zad da maraqlandırmırdı onu. Amma birdən şahzadə Göyverənlər peyda oldu. Sonda isə hər şeyimiz əldən getdi. İndi Karine də nəsə qarışdırır. Yox, İtbaşı imkan verməz onun artıq-əskik hərəkətinə. Birdən bu yaxşı addım oldu və təpik yalnız mənə dəydi. Onda necə olsun? İtbaşı məni qoruyandır? Məni şah edəndə Karine İtbaşıdan icazə aldı ki? Özümü yalnız mən özüm düşünməliyəm. İndiki zəmanədə nəsə qazanmaq yox, qazandıqlarını qoruyub saxlamaq özü bir qəhrəmanlıqdır. Bir qolumu Karine kəsdi. Dürəngdən məhrum oldum. Birdən razılaşmasam? Şayiəni başqa yolla yaysam? Onda da Kabusu itirə bilərəm. Öz gizli xəzinələrimin yerini öyrənmək isə heç də çətin deyil. Qulağımın kökünə qəmə dirəsələr bülbül kimi ötəcəyəm. Can şirin şeydir. Hələ ki, mühafizlərimin qorxusundan bir adam yaxına gələ bilmir. Birdən Kabus Dürəngin qanadının altına keçsə nə edərəm? Yox, eləməz. Onların yazılmayan qanunları bizim yazılan qanunlardan qat-qat üstün, qat-qat möhkəmdir. Mənə arxa çevirsə Kabusun özünü qətlə yetirərlər. Ya da mən xəyanət etməliyəm ki, qanadı dəyişsinlər. Mənim isə kabuslara indi daha çox ehtiyacım var. Səhv eləməyə isə haqqım yoxdur.

– Kabus, razıyam sənin dostlarının fikriylə. Siz pis məsləhət verməzsiz. Atdım bu sövdanı başımdan. Mənimçün əsas sənsən. Sənin kimi dostu itirə bilmərəm. Amma ayıq ol. Karine nəsə qarışdırır. Bunu hiss edirəm. Ayıq ol ki, sonra gec olmasın.

– Hər şeyi tənzimləyirik. Nə kasıb verilən bir qızılla varlana bilir, nə də varlı qudurur. Hamısı nəzarətimizdədir. Düzdür, Dürəng “bir qızıl”larla bağlı künc-bucağı qurdalamağa başlayıb. Amma inanmıram kimsə çaşıb bizim adımızı çəksin. Çünki xəbərçiliyə görə neçəsinin ailəsini qılıncdan keçirmişik camaatın gözü qabağında.

– Yenə də ayıq ol. Ehtiyat igidin yaraşığıdır. Mən də daim arxanızdayam.

– Allah ömrünüzü uzun eləsin, ey bizim ağsaqqalımız. Lap yadımdan çıxmışdı. Dostlarım dedi ki, əgər Qüdrət Şah imperatorumuzun fikrini cəlb etmək istəyirsə, bunun başqa yolu var.

– Hansı yoldur?

– İmperator hansı dövlətə hücum edirsə, xəzinəyə çox da önəm vermir. Əsasən kitabxanalarını müsadirə edir.

– Belə de. Deməli, imperatorun zəif yeri qızıl yox, kitabdır?

– İmperatorun yox. Bu bir qanundur. Dedilər ki, imperatorluq yaranandan bütün müharibələrin sonunda saraya qızıldan çox kitab daşınıb. Xüsusilə də qədim elmi kitablar. Elbrus elinin paytaxtında İmperator kitabxanası yerləşir.

– Qəribə şakərdir. Müharibə et, qan tök, torpaq al, sonra da kitab daşıtdır. Mənim isə yadımdan çıxıb sonuncu dəfə saray kitabxanasının qapısını nə vaxt açmağım. Heç Həqqini də, Qurbanı da görməmişdim kitab oxuyan. O vaxt nəqqaş Təbərxanı da Göyverən Şaha kitab gətirdiyinə, gözünü açmaq istədiyinə görə qətlə yetirdim. Anladım, Kabus. Sağ olun məsləhətinizə görə. Get, ayıq-sayıq ol.

Kabus gedir. Qüdrət Şah otağında tək qalır. Eyvana çıxır. Xəyala dalır: Kabus deyir ki, siyasətə qarışmırıq. Bəs onda niyə o vaxt Kaminatı yıxıb Qaflanı taxta otuzdurdunuz? Bu siyasətə qarışmaq deyilmi? İtbaşı hara baxırdı onda? Niyə Kaminat Şahı, vəliəhd Karineni hifz etmirdi? Yəqin Qaflan Kabus-Kaminat qarşıdurmasından istifadə edib. Əgər kabuslar siyasətə qarışan olsaydılar elə özləri oturardılar da taxtda. Qaflanın da şah kimi çox qalmaması o deməkdir ki, İtbaşının xeyir-duasını almamışdı. Nə olsun ki, xalqı ondan yerlə-göy qədər razıydı. Zaman isə yenidən hər şeyi öz yerinə qoydu. Bunun baiskarı isə özüm oldum. Karineni casus kimi mən göndərdim dəvətimə “yox” cavabı verən Qaflanı aradan götürməyə. Artıq gecdir bu şeyləri danışmaq. İrəli baxmaq lazımdır. Karinenin məqsədi var. Məni aradan götürməkdir məqsədi. Lələ bunu üzümə dedi. Bəs mənim məqsədim nədir? Karineni aradan götürməkmi? Şahənşah olmaqmı? Karineni aradan götürmək istəsəydim artıq Kabus etmişdi bunu. Şahənşah olmaq da deyil istəyim. Bunun üçün mənim yox, İtbaşının istəyi olmalıdır. Bəs onda bu nə oyunlardır qururam? Karine qorxusu yox, artıq Karine vahiməsi basır məni. O, nə üstümə qoşun göndərir, nə də sakit durur. Mən də söz danışdım da... Bütün madərşahlıqda əyanlar, valilər, hətta şahlar mənim adamlarımdır. Hamı deyir ki, madərşahlığı Qüdrət Şah idarə edir. Lələgiryanların da şahı mənəm. Kabuslar da məni özlərinə ağsaqqal bilir. Madərşah Karine məni güc bilib qorxusundan əsir, aradan götürməyə çalışır. Mən isə ondan qorxduğumu, xofunun məni basdığını, adı gələndə belə, vahimələndiyimi etiraf edirəm. Lap şahzadə Karinelər ordusu düzəltsin. Sənə nə, ay Qüdrət? O madərşahdır, belə istəyir. O da bir iş görməlidir, ya yox? Belə görür dövlətinin gələcəyini. Ürəyi nə istəsə edə bilər. Bircə İtbaşı cızan xətti keçməsin. Bəs bu cızıq hansıdır? Yəqin ki, Karine bunu məndən yaxşı bilir. İtbaşını nəsillikcə tanıyanlardandır. Qoy nə edir etsin. Hansı yaxşıdır? Heç nəyə başçılıq edə bilməyən, amma adı madərşah çağrılan o, yoxsa hər şeyə nəzarət edən, amma madərşah olmayan sən? Əsas hakimiyyətdir ki, o da sənin əlindədir. Yox. Gedəcəyəm İtbaşının yanına. Görüm o nə deyəcək mənə? Heç nə itirmirəm. Uzağı söyüb qovacaq. Amma inanmıram. Əvvəlcə qulaq asar sözlərimə. Bəlkə təhlükəli nəsə var? Lap gülməli söz danışdım. Qorxumdan sarayın eyvanına da mühafizlə çıxıram. Paytaxta qara tülün arxasından baxıram ki, birdən oxatanların nişangahına tuş olaram. İndi mən bu boyda yolu tək necə gedim ora? Bəlkə adam göndərim? Yox, alınmayacaq. Ürək qızdırmayacaq İtbaşı ona. Yaxud da ordan keçən karvanlardan birinin saribanı vasitəsilə namə çatdırım. Yox. Saribanların çoxu casus, xəfiyyə olur. Aparıb naməni Karineyə verərlər. Üstəlik ənam da qazanarlar. Aslan görəsən hardadır? Bu qədər adamını zəhərləyib öldürdülər, yenə üzə çıxmır. Mədrəsəsini də təbiblərə ərməğan edib. Yox, mənə bu da azdır. Göyverən kimi şahənşahın qədrini bilmədim. Onun dövründə hara istəyirdimsə gedirdim. Nə istəyirdimsə edirdim. Heç Aslan da mənə gözün üstə qaşın var demirdi. İstiqaməti mən göstərirdim, şahzadə Göyverənlər isə gedib oranı viran qoyurdular. Göyverən mən təyin etdiyim adamların birinə də etiraz etmirdi. Amma hardan biləydi ki, İtbaşının ən yaxın adamı Aslan düz taxtının yanında yuva qurub? Nə isə. Olan oldu, keçən keçdi. İndi isə şaham. Taxta üzərində hərəkətsiz qalan, tərpənəndə isə yalnız bir addım atan şətrənc daşına çevrilmişəm. Ürək qızdıracağım bir əyan da yoxdur ki, iş tapşıram. Dürəng idi, o da xain çıxdı. Bəlkə də oyun oynayır. Amma gedişləri mənə bəlli deyil. Ən böyük xəzinələrimdən biri də onda itib-batıb. Eybi yox, Kabus vasitəsilə onu da geri qaytaracağam. Geci-tezi var.

 

* * *

 

Divan. Vəkil Aris və qardaşı – vergi vəziri Taxis baş vəzir Dürəngin hüzurundadırlar.

– Xəbəriniz var yəqin. Kaminat kəndliləri madərşaha deyiblər ki, bəs onun hədiyyə etdiyi qızıldan xəbərləri yoxdur. Necə kasıb yaşayırdılarsa, elə də yaşayırlar. Heyf ki, kəndi boşaldıblar. Yoxsa məhşər ayağına çəkib bitdə-bitdə öyrənərdim hamısını. Digər kaminatlılar isə hər şeydən razılıq edirlər. Amma kənardan aydın görünür ki, həyatları dəyişməyib. Madərşahın əmriylə mən baş vəzir Dürəng ordan-burdan qızıl yığıb gətirib kaminatlılara paylayıram. Amma hansısa gözəgörünməz qüvvə onu camaatın əlindən alır. Aris, bəlkə sən biləsən – kim edir bunu?

– Xeyr, baş vəzir həzrətləri. Bilmirəm. Bilsəydim həmən gəlib deyərdim.

– Ey vergi vəzirimiz, bu işlərə cavabdeh olan başbilənimiz, sən də bilmirsən?

– Bilmirəm, baş vəzir həzrətləri.

– İndi deyəcəksən ki, Kabusu da tanımırsan!

Dürəng bunu demişdi ki, vergi vəzirinin rəngi qaçdı. Bədəninə sanki əsməcə düşdü. Dürəng bunu görüb taxtından durdu. Onu yerə yıxıb sinəsinə çökdü. Qəməsini çıxarıb qulağının kökünə dirədi.

– Sən deyəsən nəyisə gizlədirsən məndən, Taxis? Kabusun da nə olduğunu bilirsən. Yoxsa əsməcə düşməzdi canına.

– Heç nə gizlətmirəm, baş vəzir həzrətləri. Kabusu da tanımıram. Bilsəydim deyərdim, – deyə vergi vəziri imdad dolu gözlərini qardaşına dikdi.

– Deməli, Kabus adam adıdır? Mən “nə” demişdim.

– Qıymayın, baş vəzirim. Qardaşım sədaqətli...

Vəkil Aris sözünü sona çatdıra bilmədi. Dürəng qəməylə vergi vəzirinin qulağını kəsib onun üstünə tulladı. Vəkil özündən getdi. Dürəng Taxisin o biri qulağından yapışıb qanlı qəməni kökünə dirədi.

– Yox, mən heç vaxt səhv etmərəm. Sən Kabusun nə, daha doğrusu kim olduğunu bilirsən. Üstəlik də ondan qorxursan. Qorxmasaydın adı gələndə belə əsməzdin. Səni tikə-tikə doğrayacağam. Ta ki, bildiklərini deyənəcən. Yoxsa madərşah məni qətlə yetirəcək – sizlərin günahı ucbatından onun əmrini yerinə yetirmədiyimə görə. Danış!

Dürəng bu dəfə cavab gözləmədi. Vəzirin digər qulağını kəsib onun ağzına soxdu. Taxisin bağırtısı aləmi götürmüşdü. Dürəngin gözü necə qızmışdısa otağa girən mühafizləri belə sezmirdi. Vergi vəziri isə bağırırdı. Beləcə bağırıb huşunu itirdi. Bu zaman Divanın qapısı açıldı. Dürəng Madərşah Karineni görüb ayağa qalxdı. Təzim etdi. Madərşah heç nə demədi. Çevrilib getdi. Dürəng qəməsinin qanını silib qınına saldı. Vergi vəzirinin kəmərindən asılan açarları götürdü. Taxta oturub fikrə daldı: tam əminəm ki, bilir. Görəsən belə qorxulu şeydir ki, kabus? İki qulağını kəsdim, dinmədi. Bəlkə həqiqətən bilmir? Əsas odur ki, kələfin ucunu tapmışam. Kabus adamdır. Bunu dəqiqləşdirdim. Madərşah da işgəncə verməyimə heç nə demədi.

– Mühafiz, çağırın bura vergi vəzirinin yaxın ətrafını.

Divan. Baş vəzir Dürəng taxtda oturub. Vəkil Aris özünə gəlib. Vergi vəziri başı qanına bulaşmış şəkildə huşsuz uzanıb. Onun yaxın ətrafının isə bu mənzərədən rəngləri ağarıb. Dürəng ayağa durub onların qarşısında o yan-bu yana var-gəl etməyə başlayır.

– Deməli, kaminatlılardan vergi yığırsınız. Bilə-bilə ki, madərşah cüzi vergi qoyub, amma siz onların dərisini soyursunuz. Belə qudurmusunuz? Yox, yəqin ki, sizi qudurdan var. Özbaşına belə hərəkət etməzsiniz. Kimə arxalanırsız? Kim sizə belə bir əmr verib?

Vergiyığanlar susaraq, barmaqlarıyla hələ də huşsuz olan Taxisi göstərirlər.

– Bəs yığılanları neyləmisiniz? Kimə vermisiniz?

Vergiyığanlar yenə danışmadılar. Sanki dilləri tutulmuşdu. Yenə işarət barmaqlarını vergi vəzirinə tuşladılar.

– Mühafizlər, atın bunları zindana. Vergi vəzirini isə cəllada tapşırın. Gözü üstündə olsun. Ona bir şey olsa başıyla cavabdehdir.

Mühafizlər əmri yerinə yetirirlər. Vəkil Aris özünə gəlsə də ayağa dura bilmir. Mühafizlər qoluna girib onu Divandan çıxarırlar.

Madərşah Karinenin otağı. Baş vəzir Dürəng hüzurundadır.

– Nə aydınlaşdırdın, Dürəng? Yəqin qulaq kəsməyinin bir xeyri oldu.

– Madərşahım, vergi vəziri durubmuş bu işlərin başında.

– Anlamadım. O necə cürət edib? Qorxmur? Yox, Dürəng, o bu işləri özbaşına edə bilməz.

– Düz buyurursunuz, madərşahım. Siz verdiyiniz qızılları vergi adıyla geri yığırmış.

– Yaxşı, bəs camaat səsini niyə çıxarmayıb? Kimdən qorxub? Qızıllar hanı?

– Mən də onu aydınlaşdırıram. Xəzinədə şahlıqlardan gələn vergilərdir. Kaminat şahlığına ayrılan otaqda vergilər cüzi olduğundan heç qızıl da yoxdur.

– Camaat nə deyir?

– Heç nə. Sizin canınıza dua oxuyurlar. Heç kimə də vergi-zad ödəmədiklərini söyləyirlər.

– Yox, burda nəsə başqa əmma var. Kabus nə məsələydi?

– Hələ bilmirəm kimdir. Amma bu məsələlərin bir ucu gedib ona çıxacaq. Vergi vəziri özünə gələn kimi öyrənəcəyəm.

– Öyrən, Dürəng, öyrən. Mənimçün çox maraqlıdır. Şahlıqlarda vəziyyət necədir?

– Hamısında yaxşıdır. Vergilər vaxtlı-vaxtında yığılır.

– Qızıl maraqlı deyil mənimçün. Camaatın güzəranını soruşuram.

– Yaxşıdır camaat, madərşahım. Sayənizdə dolanırlar.

– Bəs Qüdrət nə edir?

– Yenə nəsə qarışdırır arxanızda. Mühafizənizi gücləndirməm lazım.

– Gücləndir. Onu da mən deməliyəm sənə?

– Başüstə, madərşahım.

Baş vəzir Dürəng gedir. Madərşah Karine tək qalır: hə, bir az rahatlandım. Doğrudan da Məkrubə düz deyirmiş. Dəyər. Bu qız olmasaydı nə edərdim? Əsl baş vəzirliyə layiq qadındır. Bütün sarayı qabağına qatıb otarar. Lazım olsa baş da kəsər. Məni də çox istəyir. Bunu indi yox, mən adi hərəm olanda sübut edib. Amma lələ heç açmadı məni. Qalada qızlara təlim keçmək təklifimi deyən kimi razılaşdı. Soruşanda ki, saraya qayıtmaq istəmirsən, bəs ora niyə həmən razı oldun? Nə cavab versə yaxşıdır? Dedi ki, “yeganə yaxın adamın mənəm. Hər addımımı da Dürəngin adamları izləyir. Əvvəl-axır öldürəcəklər məni. Orda həm təhlükəsizliyimi təmin edərəm, həm də sənin üçün nəsə xeyir bir iş görərəm”. Soruşuram ki, yəni Dürəngdən belə qorxursan? Cavab verir ki, “yox. Əmr elə Dürəngi yalın əllə parça-parça edim. O, çox da təhlükəli deyil. Azdan-çoxdan nəsə edir. Amma əvəzini sonra artıqlamasıyla çıxacaq. Mən sənin həyatın üçün qorxuram. Ora getməklə bəlkə öldürülməyini gecikdirə bildim. Çünki çoxlarını gözüyaşlı qoymusan, amma oğlan övladlarını öldürməmisən. Qan düşmənçiliyinin qabağında isə nə ordu dayana bilər, nə də mən lələ”. Düzdür, bu dərsi mənə keçmişdi. O cümlədən qardaşlarıma da... Amma mən çox da ciddiyə almamışdım. Görəsən, həqiqətən də belədir? Onda düşmənlərimin sayı nə qədərdir? İtbaşıya oğulluq edən Aslan, iki qardaşım, vergiyığanların, qoluzorluların, mühafizlərin, Qüdrətin adamlarının uşaqları... Yox, inanmıram. Əgər lələ deyən düzdürsə, çoxdan o dünyalıq olmalıydım. Bir də ki, guya atam Kaminat, şah babalarım adam-zad öldürməyiblər? Öldürüblər. Amma... Əmr onların ağzından çıxıb – şifahi. Amma qərarı hakim verib, cəllad isə icra edib. Bəlkə qadınam, ona görə toxunmurlar? Çaşbaş qalıblar. Axı kişi kişiylə qovğa aparar. Mən isə qadınam. Üzümdən də məsumluq yağır.

– Mühafiz, baş vəzir Dürəngi çağır bura.

Karine yenə də xəyallarında uçunur: heç qan-qadanın yeridir? Mən bunları yaddan çıxartmaq istəyirəm. Yeni həyatıma başlamaq istəyirəm. Çox gözəl oğlan idi. Həm mələksima idi, həm də pəhləvan cüssəli. Görəsən o birilər də belədir? Belə çıxır ki, bir gülləylə iki dovşan vururam. İki niyə? Elə üç. Həm yüz şahzadəm meydana çıxacaq, həm bizim tariximizi, xəyanətlərimizi bilməyən, yalnız mənə tabe olan ordu meydana gələcək, üstəlik də mən... Məkrubəni lap unutdum. O hər gün onların yanındadır.

Qapı döyülür. Dürəng içəri girir.

– Nə oldu, Dürəng, dilini aça bildin?

– Hələ ki, danışmır, madərşahım. Amma danışacaq. Əlinin doqquz barmağı hələ ki, yerindədir.

– Nahaq iş tutmursan ki? Bəlkə həqiqətən bilmir?

– Bilir, madərşahım, bilir. Amma bu Kabus kimdirsə, çox qorxulu adamdır. Vergi vəziri ağrılara dözür, amma demir.

– Sənə bir əmrim də olacaq. Hələlik Taxisi rahat burax. Qardaşlarımı tap, gətir saraya.

– Başüstə, madərşahım.

– Gedə bilərsən.

Dürəng gedir. Karine yenə təkdir: yaman əzazilmiş bu Dürəng. Amma Kabusdur-nədir bilmirəm, üzə çıxarmalıyam. Yəqin ki, təkcə kaminatlılara deyil, digər şahlıqlara da sirayət edir. Bu necə gücdür ki, onun adını da çəkməyə qorxurlar? Amma mən madərşahın adı dillərində əzbərdir. Özü də yaxşılığa yox, pisliyə. Ancaq onlara verdiyim qızılları əllərindən alırlar, özü də mənim adamlarımın əliylə alırlar, heç kim cınqırını çıxartmır. Bu nə sirdir? Hansı sirdir ki, biz hökmdarlar bunu bilmirik? Birdən bilsək necə? Ona görə dinmədim Dürəngə. Qoy nə qədər istəyir kəsib doğrasın. Heç qızıllar da maraqlandırmır məni. Bircə sirri bilsəydim...

Qapı döyülür. Baş vəzir Dürəng içəri girir.

– Nə tez qayıtdın, Dürəng? Bir şey öyrənə bildin?

– Hələ ki, yox, madərşahım. Şahlıqlardan gələn qızılı xəzinəyə yatırdım. Açarlar da məndədir. Vergi vəziri və xəzinədar Taxisdən götürmüşəm. Kimi məsləhət bilsəniz qoyardım ora.

– Bəlkə vergi vəzirinin günahı yoxdur?

– Günahı olmasa da qulağı çətin ki, eşidə. Yazmağı da bacarmayacaq. Bundan nə vəzir? Günahını isə sübuta yetirmişəm. Kaminatlılardan qızılı vergi adıyla bunun adamları yığıblar. Onlar da zindandadırlar. Bəs bu kimə verib? Sadəcə Kabusun kimliyi və qızılların harda olması sirri-xudadır.

– Qızıllar heç. Əsas Kabusun kimliyini öyrən. Əlləri-qolları bağlı hüzuruma gətir. Xəzinədar da kimi istəyirsən qoy. Amma kaminatlı olsun.

– Başüstə, madərşahım.

Dürəng otaqdan çıxır. Madərşah Karine taxtına yayxanır: gərək onlardan bir-ikisini gətirib qapımda saxlayım. Hər belə əsəbi halımda salım yatağıma ki, ruhum təzələnsin. Yoxsa bu Dürəng hər yanıma girib çıxandan sonra qəsrdə yaşadıqlarımı heç edir. Amma düz edir. Artıq mən qartal siçovul, ilan axtarmıram. Onlar keçmişdir mənimçün. Mənə Kabus lazımdır. Bu boyda madərşahlığı barmağına dolayan Kabus. Mən isə Qüdrətdən ehtiyat edirəm, yeni İtbaşının peyda olmasından qorxuram. Demə onlardan da güclü qüvvə varmış. Biz hökmdarlar özümüzü Allahın yerdəki kölgəsi adlandırırıq. Əslində xalqın gördüyü yeganə Allah da elə biz özümüzük. Çünki bizi görürlər. Bəs kimdir bu gözəgörünməz Kabus ki, Allahı da üstələyir? Ondan qorxub adını belə dilə gətirmirlər. Amma bazara, meydana get – hamı məndən danışır, mənə ağıl öyrətmək həddində olduqlarını dilə gətirməkdən qorxmurlar: “Madərşahın yerində olsaydım elə edərdim, madərşahın yerində olsaydım belə edərdim”. Elə bilirlər asandır hökmdar olmaq. İndi yəqin deyirlər ki, madərşah qızılı özü payladır, özü də yığdırır. Deyirlər, deyirlər. Əminəm buna. Bir tərəfdən düz də deyirlər. Mən də rəiyyət olsaydım elə düşünərdim. Yaxşı ki, bu pis təsəvvürlərin yanında qul döyüşçülərin mənə verdiyi cismani işgəncələrin, dişlərinin bədənimdə iz saldığı qançırların giziltisi var. Gözünü yum, Karine. Gözünü yum. Sən burda deyilsən.

 

* * *

 

Ertəsi gün. Baş vəzir Dürəng başıalovlu Madərşah Karinenin otağına girir.

– Nə olub, nə baş verib, Dürəng?

– Dəhşət, madərşahım. Səhər bu bağlamanı sarayın qapısına atıb qaçıblar.

– Nədir bağlamadakı?

– İki dənə qulaq və əlin baş barmağı. İçində məktub da var.

– Nə yazıblar?

– Yazıblar ki, vergi vəzirindən əl çək. Yoxsa oğlun Göyverəni hissə-hissə göndərərik sənə.

– Necə yəni? Hardan xəbər tutublar? Bu necə saraydır? Belə çıxır ki, sarayın içindən xəbər çatdıran var?

– İndi mən nə edim, madərşahım?

– İnanmıram ki, Kabus tək hərəkət edir. Onun adamlarından kimisə tut sal zindana. Hökmən üzə çıxacaq. Bəlkə oğlunun öldürüləcəyindən qorxursan?

– Belə şeyləri əvvəlcədən nəzərə almışam. Ailəm yaxşı qorunur. Yaxın gələ bilməzlər. Oğluma gəldikdə isə, bütün ailəm qurban olsun sizə. Mən madərşahlığın maraqlarını şəxsi həyatımdan üstün tutmuşam həmişə.

– Amma Qüdrətə xəyanət etdin.

– Düzünü siz bilirsiniz, madərşahım. Amma Qüdrətdən yüksək mənsəbə qoyulmaq xəyanət sayılmır. Çünki madərşahım belə məsləhət bilib, mən də boyun əymişəm. Madərşahım, başqa bəd xəbər də var.

– De!

– Ananızla qardaşlarınızı sonuncu dəfə Yolaverənlər şahlığının paytaxtında görüblər.

– Ola bilməz. Bunu kim dedi sənə?

– O vaxt baş vəzir Aris güddürüb onları. Sonra izi itirib.

– Mənə isə deməyib.

– Bəli, madərşahım, deməyib. Niyə deməyib, bilmirəm.

– Hardadır o?

– Evində. Qardaşının qulağını üstünə atandan sonra elə qorxub ki, hələ də özünə gələ bilmir.

Madərşah Karine taxtına yayxanır: yox, nə xətər gəlir mənə elə bu Kaminat əhlindən gəlir. Kabus da yəqin kaminatlıdır. Anam və qardaşlarım da yəqin düşmənə sığınıblar. Allahım, bu qədər xəyanət olar? Hələ bu mənim bildiklərimdir. İndi-indi üzə çıxır. Hələ nə qədər bilmədiklərim var. Bu gün bildim ki, sarayın içində də casus var. Özü də Kabusun casusları. İki ilim tamam olmayıb, nə qədər öldürürəm, yandırıram, qızıl paylayıram, yenə də xəyanətlərin, badalaqların kökünü kəsə bilmirəm. Nə edim? Hamını ucdantutma qırıb-çatım? Bəs onda kimin madərşahı olacağam? Bəlkə paytaxtı başqa şahlığa köçürüm? Ya da gedib oturum Kaminat kəndindəki qəsrimdə. Keyf edim özümçün. Yox. Nə iş gördüm ki, hələ bir əl-ayağımı uzadıb rahatlanım da... Beynimdə qorxu yox, artıq vahimədir. Vahimə isə hamını düşmən cildində görməkdir. Bu isə artıq yaşamaq deyil. Hər addımda ölümünlə üz-üzə gəlməkdir. Bu, öldürdüklərinin ruhu ilə yatağa girməkdir. Yuxuda onlarla əlbəyaxa olmaqdır. Gözünü açanda isə bu xoflar yox olur. Əvəzində Qüdrət, İtbaşı qorxusu çökür canıma. Hələ Aslanı demirəm. Bax yenə də özüm-özümdən xoflanıram. Axı Aslan hardan bilməlidir ki, İtbaşını kim öldürtdürüb? Dürəngdən də qorxuram. Baxmayaraq ki, o məndən qorxmalıdır, qorxur da... Allahlığıma şəkk gətirən Kabus da bu yandan zühur etdi.  Möhkəm ol, Karine. Sənə toxunsaydılar, çoxdan toxunmuşdular. Deməli, nəsə kəsir qabaqlarını. Nəsə işarə gözləyirlər. Yəqin o işarə də gəlmir. Bəlkə vaxtında ağıllı tərpənib İtbaşını öldürməyimdir məni hifz edən? Yenisi isə peyda olmur. Bəlkə qadınlığıma görə dinmirlər? Ya da günaha girmək istəmirlər. Düşünürlər ki, təcrübəsizliyim onsuz da sonumu gətirəcək. Bəlkə də sərf edir mənim madərşahlığım hamıya. Məni gücsüz bilib istədiklərini edirlər. Qazancları da öz yerində. Sülaləm də ki, yox. Yox, bu qədər fikirləşmək olmaz. Dəli olaram. Axşam gedəcəyəm qəsrə. Mənim təbibim Məkrubədir, bütün dərdlərimə də yalnız o əlac qıla bilər. Birdən..? Bu yandan mühafizəmi gücləndirirəm, o yandan isə gecələr səfərə çıxıram. Yaxın yer olsa da... Gecəylə aradan götürsələr heç meyitim də tapılmayacaq. Yaxşısı budur vaxt itirməyim. Təğyiri-libas olum. Məkrubə indilərdə gəlməlidir.

 

* * *

 

Gecənin qaranlığında kişi paltarı geyinmiş iki atlı Kaminat qəsrinə tərəf çapırlar.

– Məkrubə, zövqün gözəl imiş. Mənimkiylə üst-üstə düşür.

– Hələ bu harasıdır? Ondan da yaxşılarını alıb gətirəcəyəm qəsrə.

– Amma bir şeyi unutma. Qul döyüşçülər yerli və təbəə şahlıqlardan olmamalıdır. Çalış yunan, fars, italyan olsun. Onlar daha çox belə qullar yetişdirirlər. Düzdür, ordakı quldarlar onları döyüşdürüb pul qazanırlar. Əsasən də döyüşdə biri sağ qalır. Burda isə ölüm qorxuları yoxdur. Bunu başa sal onlara. Qadın qulları da nəzərə al indidən. Yoxsa bunlar da göyverənləşməyə başlayarlar. Qızların məsələsini yubatma. Əsas məqsədimiz odur.

– Mühafizə məsələlərini bitirən kimi başlayacağam axtarmağa. Müəllimləri tapmışam. Onlar da qərib ellərdəndir. İki-üç il qəsrdən kənara çıxa bilməyəcəklərini əvvəlcədən demişəm. Razılaşıblar.

– Hər şey tam hazır olandan sonra özün də kənara çıxma. Yemək-içməyi mütəmadi gətirib qala qapısının ağzında qoyarlar.

– Başüstə, madərşahım.

– Hamam hazırdır?

– Bəli, madərşahım.

– Elə isə tələsək.

 

ARDI VAR

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü