Modern.az

Nitq mədəniyyəti barədə - IV yazı

Nitq mədəniyyəti barədə - IV yazı

Ədəbi̇yyat

26 Sentyabr 2015, 15:48

filologiya üzrə elmlər doktoru, professor

Səsi ilə insanların qəlbini ovlayan, Azərbaycan dilini sevdirən diktorlar olub və olacaqdır. Məsələn, Aydın Qaradağlı səsinin aydınlığı və məftunedici diksiyası ilə dinləyicilərin qəlbini ovlamışdır. Aydın Qaradağlının oğlu Vüqar Qaradağlı atası ilə bağlı verdiyi müsahibələrin birində deyirdi: “O, sənətinin vurğunu, peşəkarı olub. Fəaliyyətə başladığı ildən (1946-cı ildə radioda fəaliyyətə başlayıb – B.X.) ömrünün sonuna kimi o, radioda həmişə bir səslə – aydın danışıb. Onun danışdığı səs isə radio üçün lazımlı bir səs idi. Bu səs tempini atam özü tapmışdı, yəni səsinin tonunu özü müəyyənləşdirmişdi. Düşünürəm ki, on yeddi yaşında bir gəncin özünü təqdim etməyi bacarması yalnız və yalnız onun daxili zənginliyindən xəbər verə bilər”. (bax: Xatirələrdə yaşayan yaxşılar – Aydın Qaradağlı kimi. – “Kaspi” qəzeti, 29 yanvar 2015, 017 (3328), s.8) İndi sənətinin vurğunu olanlara, aydın danışanlara (söhbət diktorlardan gedir) ehtiyac var. Bəzi diktorlar və aparıcılar aydın danışığa, səsə yox, daha çox ölçü-biçidən kənara çıxan artıq-əksik hərəkətlərə yol verirlər. Artıq-əksik əl hərəkətləri, heç bir ölçüyə gəlməyən duruşları, baxışları ilə tamaşaçını yoranlar çoxalıb. Onlar nitq mədəniyyətindən tamamilə uzaqdırlar. Nitqi aydın, səlis, məntiqli qurmaq bacarığından məhrumdurlar. Sadəcə olaraq yorucu səs tonu ilə boğazdanyuxarı, pafosla danışmaqla tamaşaçı ilə süni yolla ünsiyyət qurmaq istəyirlər. Tələbkar tamaşaçı ilə onlar bu ünsiyyəti qura bilmirlər, zahiri parıltıya aludə olanları müvəqqəti olaraq ələ alırlar. Yenə də Vüqar Qaradağlının atası Aydın Qaradağlı ilə bağlı verdiyi msahibədən bir məqamı xatırlamalı oluruq: “O, pafosu sevməzdi, həyatda olduğu kimi işinə də səmimi yanaşırdı. Radioda dinləyicinin istəyini hiss edib onlara xitabən veriliş aparmaq çətin məsələ idi. Üzünü görmədən dinləyicilərin istəyini yerinə yetirmək özü ustalıq tələb edirdi. Aydın müəllim bunu çox gözəl bacarırdı. Səsi ilə, aydın və məftunedici diksiyası ilə. Bu da ondan irəli gəlirdi ki, o, sənətinin peşəkarı idi”. (bax: Xatirələrdə yaşayan yaxşılar – Aydın Qaradağlı kimi. – “Kaspi” qəzeti, 29 yanvar 2015, 017 (3328), s.8)

Radio elə bir sahədir ki, o, televiziyadan fərqli olaraq daha çox səsə, aydın diksiyaya ehtiyac hiss edir. Burada diktorun, aparıcının digər jestləri görünmür. Yalnız onun səsi və diksiyası eşidilir. Burada pafosa yox, dinləyicinin səmimiyyətə ehtiyacı var. Onu da gərək dinləyiciyə məqamında, yerində çatdıra biləsən. Ancaq nədəndirsə, indi diktorların, aparıcıların bir qismi dinləyici və tamaşaçılar arasında səmimiyyət yaratmağı öz səslərində, diksiyalarında, məntiqli, aydın nitqlərində yox, pafoslu (ancaq bu pafosda əksər vaxt aydın fikir, məntiq olmur) sözlərində, dinləyicidə, tamaşaçıda ikrah yaradan əttökən jestlərində (yerli-yersiz söz işlətməkdə, mental və milli xüsusiyyətləri nəzərə almamaqda və s. - də) axtarırlar.

Nitq mədəniyyətinin formalaşmasında kitabın rolu, daha doğrusu, bədii ədəbiyyat mütaliəsi aparıcı rol oynayır. Dünyada gedən dəyişikliklər, təbii ki, kitab oxumaq mədəniyyətinə də mənfi təsirini göstərir. Keçmiş Sovetlər İttifaqında uşaqların və böyüklərin oxuyacaqları kitabların çeşidləri hər bir kəsə aydın idi. Nəyi oxumaq lazımdır, nə üçün oxumaq lazımdır suallarına hər bir kəs cavab tapa bilirdi. Bu da nəticə etibarilə uşaqlıqdan başlayaraq hər bir kəsin lüğət ehtiyatının formalaşmasına müsbət təsir göstərirdi. Bədii əsər oxumaq uşağı da, böyüyü də qürrələndirirdi və onların hər birinin iftixar yerinə çevrilirdi. İndi isə nəyi oxumaq, niyə oxumaq, sualına cavab axtaranlar azalıbdır. Həm də oxunanların oxucuya nə verəcəyini düşünənlər yenə də azalıbdır. Uşaqlar da, böyüklərin əksəriyyəti də bədii kitab oxumaqdan daha çox romantika və macəra axtarırlar. Halbuki keçmişdə bədii əsərlərin oxunması yolu ilə bu romantika və macəralara olan boşluq aradan qaldırılırdı, oxucunun təfəkkürü, təxəyyülü inkişaf edirdi. Oxucu təkcə oxuduğu əsərin məzmunu ilə kifayətlənmir, həm də oxuduğu əsərin dil mühiti ilə əlaqəyə girir, ünsiyyət qururdu. Oxunan hər bir bədii əsər oxucunu zəngin və möcüzəli dil mühitində yetişdirirdi. Hər bir bədii əsərin dili məhz dildən qurulan çələngdir. Beləliklə, oxucu nə qədər bədii əsər oxuyurdusa, bir o qədər çələnglər mühitində olurdu. Təəssüflər olsun ki, belə bir mühitə bu gün ehtiyac hiss etməyən oxucular az deyildir.

Dili öyrənməyin, məhz doğma ana dilini öyrənməyin yollarından biri də bədii əsərləri oxumaqdır. Ancaq indi bədii əsərləri oxumaq işinə həvəs azalıbdır. Bədii əsərlərin oxunmasına oxucu tərəfindən həvəsin azalması bir sıra səbəblərlə bağlıdır. Əgər bir tərəfdən yazarların oxucu auditoriyasını ələ almağı bacarmaması ilə bağlıdırsa, digər tərəfdən oxucu zövqünün korşalması ilə bağlıdır. Əgər yazar yaxşı yaza bilmirsə, deməli, o, həyatla ayaqlaşa bilmir, onun bədii təfəkkürü və təxəyyülü həyatdan geridə qalır. İndi real həyat hadisələrini əks etdirən bədii əsərlər çox azdır. Müqayisə üçün qeyd edək ki, Sovet dövründəki bədii əsərlər həyat hadisələrini daha dolğun əks etdirirdi. O dövrdə həyatın özündən gələn saysız-hesabsız mövzularda bədii əsərlər yaranırdı. Həyatdan götürülmüş, həyatın özündən doğulmuş mövzular həm də yazıçı üçün real həyat hadisəsidir. Yazıçının real həyat hadisələrini bir mənbəyə çevirməsi dedikdə təkcə onu nəzərdə tutmuruq ki, yazıçı yalnız oxucunu düşünsün. Yazıçının yalnız oxucunu düşünməsi ədəbiyyatın inkişafını geridə də qoya bilər. Ona görə ki, hələ oxucunun hansı mövzudan xoşu gəldiyi, hansı mövzudan xoşu gəlmədiyi barədə olan mövqeyi etalon deyildir. Yazıçı bəzən zövqü olmayan oxucu istəyinin arxasına düşüb getməklə ədəbiyyatın səviyyəsini aşağı sala bilər. Yazıçının özünün intellektual səviyyəsi, zövqü, dünyagörüşü olmalıdır. Yazıçı bəzən dəbə çevrilmiş üslub və forma arxasına düşüb getməməlidir. Məsələn, bəziləri detektiv yazmağa can atırlar ki, müasir oxucunu ələ ala bilsinlər. Yaxud bəziləri sərbəst vəzndə şeirlər yazırlar ki, özlərini müasir təqdim etsinlər. Bəziləri isə modernist və posmodernist olmaq iddiasına düşürlər ki, bu da “oxucu auditoriyası” toplamaqdan başqa bir şey deyildir. Əslində bu, hay-küy qaldırmaqdan, oxucuya süni şəkildə yol tapmaqdan başqa nədir?

Bədii keyfiyyət olan yerdə ədəbiyyatda modernistlik, postmodernistlik axtarmaq əbəsdir. Bunun arxasına düşüb qaçmaq ədəbiyyata heç nə vermir. Bədii ədəbiyyat müəyyən fəlsəfi ideyaların daşıyıcısı kimi həm ədəbiyyata, həm də bu ədəbiyyatı oxuyan oxucunun intellektual səviyyəsinə xidmət edir. Əsl ədəbiyyat belə yaranıb və belə yaranır. Əsl ədəbiyyat dəbdə olan üslubların arxasına düşüb getməklə yaranmır. Əsl ədəbiyyat öz üslubuna sadiq olanların yüksək zövqlə, intellektual səviyyə ilə yaratdıqları ədəbiyyatdır. Əgər yazıçının zövqü, intellektual səviyyəsi yoxdursa, o, nə qədər maraqlı olan mövzuya müraciət etsə də, yaxşı əsər yaza bilməyəcəkdir. İntellektual səviyyəyə müraciət olunan mövzu ilə bağlı dərin bilgi, məlumat, müşahidə və bir də ki bunları qaydaya salan yüksək bədii təfəkkür, bədii təxəyyül daxildir. Bunlar olmasa, yazıçı ən maraqlı mövzunu bədii cəhətdən, sənətkarlıq baxımından korlaya bilər. Eyni mövzuda yazanlar, eyni mövzuya müraciət edənlər içərisində bir neçəsi ona görə seçilir ki, onlarda intellektuallıq başqalarından öz yüksək səviyyəsi ilə fərqlənir. Məsələn, Azərbaycan ədəbiyyatında sanballı dramlar olub və olacaqdır. Ancaq bu istiqamətdə M.F.Axundovun, N.Vəzirovun yaradıcılığı öz intellektuallığı ilə fərqlənib və fərqlənəcəkdir. Azərbaycan ədəbiyyatının təcrübəsindən çıxış edərək onu da qeyd edək ki, yazıçı istedadını, qabiliyyətini, sənətkarlığını, intellektual səviyyəsini hər bir oxucunun anlaya biləcəyi bir üslubda təqdim etməyi bacarmalıdır. Belə ki, oxucu auditoriyasının tərkibi və səviyyəsi müxtəlifdir. Onların hər birini anlatmaq artıq yazıçının qabiliyyətidir. Cəlil Məmmədquluzadəni, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni hamı sevir. Ona görə ki, onlar müxtəlif zövqlü oxucuların hər birini anlada bilir, hər birinin zövqünü oxşaya bilirlər. Burada onların intellektual səviyyəsi mühüm rol oynayır. Oxucunun sevimlisi olan hər bir şair və yazıçı müraciət etdiyi mövzunu intellektuallığının səviyyəsi ilə yaxşı mənada bəzəyir, cəlbedici bir formaya salır. Yəni təkcə mövzu ilə, təkcə intellektuallıqla heç nəyi əldə etmək olmaz. Bunların hər ikisinin vəhdəti ədəbiyyatın inkişafı deməkdir. Biz məhəbbət mövzusu deyəndə Məhəmməd Füzulini yada salırıq. Ona görə ki, onun yaradıcılığında məhəbbət mövzusu ilə intellektual səviyyə vəhdətdədir. Təbiət mövzusu deyəndə Hüseyn Arifi, Zəlimxan Yaqubu, Musa Yaqubu və digərlərini yada salırıq. Burada da vəziyyət eynidir. Detektiv mövzu deyəndə Çingiz Abdullayevi, Elxan Elatlını yada salırıq və s.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü